Vətən ilhamlı, yurd sevdalı...

 

Unudulmaz şair Hüseyn Razinin 100 illik yubileyinə

 

Muxtariyyətimizlə eyni ildə dünyaya gələn, Naxçıvanımızın 70 ildən bir az artıq zaman kəsiyindəki dövrünün şahidi, qələmə aldığı şeirlərlə saf sevgini, təmiz hissləri və vurğunu olduğu məmləkətin ecazkar təbiətini tərənnüm edən şair ömründən söhbət açırıq sizə - 100 yaşlı qocaman poeziya çinarı Hüseyn Razinin ömründən...

Lətif şeirlər və poemalar müəllifi, dəyərli qələm sahibi, peşəkar jurnalist Hüseyn Razi ötən əsrin ikinci yarısından etibarən təkcə muxtar respublikamızda yox, bütün ölkə səviyyəsində sevilib tanındı.

1924-cü ilin payızında, ziyalılar diyarı kimi tanınan Ordubad rayonunun Dəstə kəndində doğulmuşdu Hüseyn Razi. O, 1985-ci ildə yazdığı "Dəstə kəndi" şeirində doğulduğu, boya-başa çatdığı kəndi belə təsvir edirdi:

 

Xan Araz asılıb ətəklərindən,

Arxası söykənib Kəmki dağına.

Heyrətlə baxıram sübh çağında mən,

Bu kəndin yuxudan oyanmağına.

 

Sadə ömür sürən, zəhmətkeş bir ailədə böyüyən Hüseyn Razi yaxşı təhsil ala bilmiş, hələ gənc ikən ədəbi məclislərdə iştirak etmiş, ziyalılar arasında böyük nüfuz qazanmışdı. O, ali təhsili başa vurduqdan sonra uzun illər müəllim kimi işləmiş, muxtar diyarımızın kəndlərində pedaqoji fəaliyyət göstərmişdi. Lakin İkinci Dünya müharibəsi gəncliyi o illərə təsadüf edən bir çoxları kimi, Hüseyn Razinin də həyatına təsir göstərmiş və o, cəbhəyə - sovet ordusu sıralarında xidmət etməyə yollanmışdı. Şair həmin illəri xatırlayaraq yazırdı: "Ordubad şəhərindəki pedaqoji məktəbi qurtarıb ibtidai məktəb müəllimi kimi Naxçıvan vilayətinin ucqar bir kəndinə təyinat almışdım. Qəlbimizdə arzuların işığında doğan qanadlı duyğular pöhrələmişdi. Xəyallarım ayların, illərin üstündən fərəhlə adlayıb gəncliyin sevdalı çağlarına boylanırdı. Lakin evə dönəndə kəndimizin girəcəyindəki alaqapının üstünə bərkidilmiş radiodan Səməd Vurğunun misrasını eşitdim: Bilsin ana torpaq, eşitsin vətən... Beləliklə, gəncliyin sevdalı çağlarının həsrətinə büründük, döyüşlərə yollanan əsgərə döndük".

Müharibədən qayıtdıqdan sonra Hüseyn Razinin yazıya aldığı bu fikirlər, hesab edirəm ki, həmin illərin dəhşətini bütün reallığı ilə oxucuya, daha dəqiq desək, gələcək nəsillərə çatdıran dəyərli xatirələrdir. Şair keçdiyi döyüş yolunu xatırlayarkən yazırdı: "Uşaqlıq illərinin cəbhə yollarında keçən odlu gəncliyin xatirələri ilə düşündükcə həyəcanlar təzələnir, qulağımda döyüşlərdən qayıtmayan yaşıdlarımın səsi gəlir. Həmin anları dönə-dönə aşkarlayıb misralara düzmək istəyirəm. Yazılarımda İkinci Dünya müharibəsindən gələn səslərin illər keçdikcə gurlaşması ürəkdəki kövrək xatirələrin əks-sədasından doğur. Bu mövzuda bir çox yazılarım oxuculara tanışdır. "Koroğlunun Karpat səfəri" poemasında deyildiyi kimi:

 

Qeyrət məktəbidir o illər mənə

Səngərdə qalmışam bahar, qış, payız...

O vaxt Avropanı alıb çiyninə,

Oddan keçirirdi oğullarımız.

 

1945-ci ildə ordudan tərxis olunan Hüseyn Razi, elə böyük qələbə gününü də həmin müddətdə Avropada - Litvanın Şaulyay şəhərində qarşılayır. Müharibədən qayıtdıqdan sonra o, döyüşlərdə göstərdiyi igidliyə, qəhrəmanlığa görə orden və medallarla təltif edilir.

Vətənə qayıqdıqdan sonra əvvəlcə Ordubadda səkkizillik məktəbdə müəllim işləyir, sonra doğma kəndində - Dəstədə klub müdiri vəzifəsində çalışır. 1947-ci ildə Naxçıvan şəhərinə köçən Hüseyn Razi "Şərq qapısı" qəzeti redaksiyasına dəvət alır. Naxçıvan Radio Verilişləri redaksiyasında redaktor, sonra yenə "Şərq qapısı" qəzetində ədəbi işçi, Azərbaycan Teleqraf Agentliyinin Naxçıvan Muxtar Respublikası üzrə xüsusi müxbiri vəzifəsində çalışır. Hüseyn Razi 1962-ci ildən təxminən 30 ildən artıq bir müddətdə "Şərq qapısı" qəzetinin ədəbiyyat və incəsənət şöbəsinin müdiri işləyir.

Hüseyn Razi haqqında qələmə alınmış xatirələrdən oxuyuruq ki, o, ədəbi mühitə 1947-ci ildə "Şərq qapısı" qəzetində çap olunan "Moskva" adlı şeiri ilə qədəm qoyub. Mərkəzi ədəbi mətbuata gəlişi isə "İnqilab və mədəniyyət" jurnalında işıq üzü görmüş "Naxçıvan" şeiri ilə başlayır.

Ötən əsrin ikinci yarısından başlayaraq Hüseyn Razinin yaradıcılığında ciddi dönüşlər yarandı. Şairin qələmə aldığı şeirlər qısa zaman ərzində mərkəzi mətbuat orqanlarında yayımlanmağa və ölkə ziyalılarının diqqətini cəlb etməyə başladı. Hüseyn Razinin mətbuatda maraqlı oçerkləri, məqalələri, felyetonları özünə geniş oxucu auditoriyası topladı. Mətbuata olan marağı onu bu istiqamətdə ali təhsil almağa sövq etdi və şair 1959-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qiyabi şöbəsini bitirdi. O, bu illər ərzində bədii yaradıcılıqla məşğul olduğu qədər, həm də bədii tərcümə işinə ciddi yanaşmağa başladı. Şairin arxivində onun rus, tatar, türk, fars, gürcü, özbək və digər xalqların ədəbiyyatından etdiyi çoxlu tərcümələr indi də saxlanılır.

Hüseyn Razinin həyat və yaradıcılığından danışarkən, onun "Şərq qapısı" qəzetində işlədiyi dövrlərdə muxtar respublika mətbuatına verdiyi töhfələri xüsusilə qeyd etmək lazımdır. Əsərlərində xeyirxahlığı, humanizmi, nəcib insani duyğuları yüksək sənətkarlıqla tərənnüm edən Hüseyn Razi qələmə aldığı yaradıcılıq nümunələrində gələcək nəsillərə örnək oldu. Gələcək nəsillərə örnək olan ziyalı dedikdə yanılmırıq. O, bir çox şair və yazıçının, jurnalistin üzə çıxarılması, istiqamətləndirilməsi və ədəbi mühitdə parlamasında mühüm rol oynadı. Onun belə geniş fəaliyyətini akademik İsa Həbibbəyli çox yüksək dəyərləndirir: "O, "Şərq qapısı"nda geniş mənada ədəbiyyata, xüsusən də şeirə böyük qapı açmışdı. İstedadlı şairlərimizdən çoxları həmin mətbuat qapısından keçərək ədəbiyyata gəlmişlər. Naxçıvanda yaşayıb-yaradan yazıçı və şairlər "Şərq qapısı" qəzetində və Hüseyn Razi ədəbi məktəbində yetişib formalaşmışlar". "Hüseyn Razi "Şərq qapısı" şeir məktəbinin yaradıcısıdır" ifadəsi də İsa Həbibbəylinin qənaəti olmaqla bərabər, həm də şairin mətbuata verdiyi töhfələrə ən düzgün qiymətdir...

Əməkdar incəsənət xadimi, şair, publisist, dramaturq Hüseyn Razi yaradıcılığına bir-birindən zəngin və maraqlı şeirlərlə, poemalarla yanaşı, bir neçə dram əsərləri də daxildir. Onun "Odlu diyar", "Tarla gözəli", "Günəş", "Arxalı dağlar", "Haray səsi", "Şirinliyin acısı" pyesləri teatrlarda tamaşaya qoyulub. Bununla yanaşı, şair "Buludlar arasında", "Həyəcanlı gecə" nəsr əsərlərinin, yüzlərlə publisistik məqalə və oçerklərin, teatr resenziyalarının, "İrəvan ədəbi mühiti" adlı irihəcmli tədqiqat işinin müəllifidir.

Hüseyn Razinin həyatı və yaradıcılığı ilə tanış olarkən, yalnız ömrünü şeirə sözə həsr edən ziyalı şəxsiyyəti canlanmır gözlərimiz qarşısında. Onun, demək olar ki, bütün qələm təcrübələrində müdrik ağsaqqalın, həyatın hər üzünü görmüş insanın dünyagörüşü, insanlara yanaşması və fərqli duyumu aydın hiss olunur. Ədibin şeirləri bütün müsbət ovqatı, axıcılığı, rəvanlığı ilə oxucuda böyük zövq yaradır, ona dinclik bəxş edir. "İnsan yaşadığı yerlə bütünləşir" ifadəsinin bütün məziyyəti Hüseyn Razi yaradıcılığında öz əksini tapır. Bütün bu gözəlliklərin, nəcib duyğuların fonunda şairin yaşadığı həyat həqiqətləri də özünü bariz şəkildə göstərir. Şeirlə, sözlə parlayan xatirələr Hüseyn Raziyə onun özündə danışır, öz həyatından söhbət açır:

 

Deyirəm darıxma, döz çətinliyə,

Dözürəm dözümlə, təmkinlə inan.

Ancaq bilirəm ki, təvəkkül deyə,

Atam da, babam da köçüb dünyadan.

 

...İkinci Dünya müharibəsinin dəhşətlərini görmüş, o illərin vurduğu yaraların izlərini xatirələrində, canında daşıyan şairin qəlbini qanadan ağrı-acılardan biri də Qarabağ həsrəti idi. Ötən əsrin sonlarından etibarən başlayan və 44 günlük Vətən müharibəsi ilə başa çatan Qarabağ münaqişəsi istər günümüzdə, istərsə də ötən illər ərzində bir çox şair və yazıçılarımızın yaradıcılığında öz əksini tapmış, soydaşlarımızda milli təəssübkeşlik hissinin formalaşmasında mühüm rol oynamışdı. Qarabağ mövzusunun, daha doğrusu, Qarabağ həqiqətlərinin xalqımızın milli şüurunda kök salmasında tarixi reallıqlarla bərabər, bütün həqiqətləri misralarda yaşadan şeirlərin gücü də əvəzsiz olmuşdu. Sözsüz ki, bu şeir nümunələrinin ən çox yazıldığı dövr məhz Qarabağın işğal edildiyi illərə - 1992-1993-cü illərə təsadüf etmiş və ədəbiyyatımızda, belə söyləmək mümkündürsə, böyük Qarabağ səhifəsi açılmışdı. O illərdə qələmini süngüyə çevirən, ədəbi müstəvidə döyüşən şairlərdən biri kimi Hüseyn Razi yaradıcılığında da Qarabağ nisgili öz sözünü demişdi:

 

Məğrur babaların dağ yaddaşları,

Nakam nənələrin məzar daşları.

Mələk gözəllərin gül baxışları,

Ruhu müqəddəslər Qarabağdadır.

 

Yaradıcılığını sətir-sətir, misra-misra gəzdikcə, qələmə aldığı poemaları, şeirləri, dram əsərlərini oxuduqca Hüseyn Razi dünyasının bütün mübhəm guşələri gözlərimiz qarşısında canlanır. Bu dünya qədim diyarımız Ordubadın saf havasını, müəllim ömrünün zəhmətini, cəfasını, jurnalist əməyinin ucalığını, sanbalını bizlərə tanıdır. Sanki oxucuların əllərindən tutaraq qarış-qarış gəzdirir və Hüseyn Razi imzası ilə ətrafımızla tanış edir bizi. Bu yaradıcılıq ümmanı ilə tanış olduqca ideyası gözəllik olan sətirlərin, misraların, beytlərin cazibəsinə düşür, aşiqin daxili gözəlliyinin, məşuqun həqiqi eşq yolundakı fədakarlığının, nakam duyğuların fərqinə varırıq:

 

Yaman şişdir ürəkdəki dumanlıq,

Ömür boyu unudulmur yamanlıq.

Heç olmasa o dünyada bir anlıq

Həqiqətin səcdəsinə gələrsən.

 

Görkəmli şair haqqında dövrünün bir çox adlı-sanlı ziyalıları, yazıçı və şairləri gözəl fikirlər bildirmiş, Hüseyn Razi yaradıcılığına və onun 73 illik ömrünə layiq olan şəkildə qiymət vermişlər. Xalq yazıçımız Mirzə İbrahimov şairin 60 illik yubileyi münasibətilə dərc etdirdiyi məqaləsində yazırdı: "Hüseyn Razi nəcib insan duyğularını tərənnüm edir. Elə fikirləri və hissləri ifadə edir ki, onlar harada yaşadığından asılı olmayaraq bütün qabaqcıl adamlar üçün səviyyəvidir. Şair çalışır ki, insanların ürəyində gözəllik və həqiqət duyğularını gücləndirsin. Buna görə də o, insanın tərəqqi və səadətinin əsasını insanın mənəvi gözəlliyini təşkil edən əməyi, xeyirxahlığı, vətənpərvərliyi və humanizmi tərənnüm edir".

 

1998-ci ildə, 74 yaşında dünyaya gözlərinə yuman şair Hüseyn Razi yaratdığı məktəblə Naxçıvan ədəbi mühitinə töhfələr verib. İllər bir-birini əvəzləsə də, zaman sürətlə gəlib keçsə də, Hüseyn Razi yaradıcılığı hər zaman onun yaradıcılığını sevənlərin, qələm yoldaşlarının xatirəsində xoş duyğularla anılacaq.

Ömrünüzün gənclik illərini həsr etdiyiniz doğma "Şərq qapısı" qəzetinin kollektivi, eləcə də muxtar diyarımızın ziyalıları adından Sizə rəhmət, Ruhunuza hörmət və ehtiram, unudulmaz Şair!..

 

Məcid RƏŞADƏTOĞLU

525-ci qəzet .- 2024.- 25 iyul,№(130).-S.14.