Onun rənglər dünyası

 

Rəssamların yaratdıqları əsərlər yalnız özləri üçün deyil, bütün bəşəriyyət üçündür və bu əsərlər heç bir sərhəd tanımır. Məşhur rəssam Leonardo da Vinçi deyirdi: "Rəsm çox geniş köklü mədəniyyət və metod üzərində inkişaf etməlidir. Elmsiz və praktika üsulu ilə rəsm çəkəcəklərini zənn edənlər kompassız, sükansız gəminin sakinlərinə bənzəyirlər ki, onlar hara getdiklərini qəti olaraq bilməzlər".

Bəli, rəssamlıq ciddi təxəyyül, istedad, əmək, səbir və mütaliə tələb edən sənətdir. Biz də yazımızda bu sənətin peşəkarı olan, rənglərin diliylə danışan insandan biri - Adil Əsədlidən bəhs etməyə qərar verdik.

O, 1954-cü ildə Lənkəran şəhərində anadan olub. 1980-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1986-cı ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Bədii qrafika fakültəsini bitirib. Uzun müddət Lənkəran şəhər Uşaq rəssamlıq məktəbinin direktoru işləyib.

İlk sərgisini 1983-cü ildə tələbə ikən açan rəssam, on il sonra Lənkəranda fərdi sərgisini keçirib. 1996-cı ildə isə o, doğma şəhərində ikinci fərdi sərgisini tamaşaçılara təqdim edib. İki il sonra rəssamın Lənkəran Dövlət Universitetində yeni fərdi sərgisi təşkil edilib.

2012-ci ildə Bakıda "LN Art" rəsm qalereyasında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Lənkəran şəhər Uşaq rəssamlıq məktəbinin müəllim və şagirdlərinin əl işlərindən ibarət sərgidə A.Əsədlinin 15-ə yaxın əsəri sənətsevərlərə təqdim edilib. Həmin il Lənkəran şəhər Uşaq rəssamlıq məktəbi Mədəniyyət Nazirliyinin fəxri fərmanına layiq görülüb.

Azərbaycan Rəssamlar İttifaqının üzvü olan A.Əsədlinin 50 ilə yaxın pedaqoji stajı, müəllim kimi təqdir olunası fəaliyyəti var. Onun çoxlu sayda şagirdi yerli və beynəlxalq sərgilərdə iştirak edərək fəxri fərman, diplom və medal qazanıblar.

2014-cü ildə A.Əsədlinin "Rəngkarlıq və qrafika" adlı kitabı çapdan çıxıb. "Rəsmin tədrisi metodikası" adlı digər bir kitabı Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz tərəfindən dərs vəsaiti kimi çap olunub.

O, həm rəngkar, həm də qrafik kimi tanınır. Rəngkarlıq və qrafik əsərləri Türkiyə, İran, Rusiya, İngiltərə, Fransa, Polşa, Gürcüstan, Yaponiya, Çin, İsrail, Ukrayna, Özbəkistanda şəxsi kolleksiyalarda saxlanılır. 2013-cü ildə Lənkəranda səfərdə olan Yaponiya səfiri Şu Suki Vatanabeyə şəhər icra hakimiyyətinin başçısı tərəfindən A.Əsədlinin "Lənkəranda xan evi" əsəri hədiyyə olunub. ABŞ-ın Kentucki ştatından olan George Rusell isə Lənkəranda olarkən rəssamın bir neçə tablosunu alaraq vətəninə aparıb.

2014-cü ildə A.Əsədlinin V.Səmədova adına sərgi salonunda, 2015-ci ildə isə Lənkəran Dövlət Dram Teatrının foyesində fərdi yaradıcılıq sərgiləri açılıb.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Ziyadxan Əliyevin fikrincə, Adil Əsədli Lənkəranda yaşayıb-yaratmasına baxmayaraq, sənət uğurları çoxdan respublikamızın sərhədləriniaşıb: "Adil mənim tələbəm olub. Sonra bu tələbə-müəllim münasibəti dostluğumuza çevrilib. Onun əsərlərini rəssamlığa böyük bir töhfə kimi qəbul etmək olar. Adilin indiyədək üç fərdi sərgisi təşkil olunub, müxtəlif beynəlxalq və respublika miqyaslı sərgilərdə iştirak edib, dəfələrlə mükafatlara layiq görülüb. Rəssamın bir çox əsərləri Türkiyə, İran, Rusiya, ABŞ, İngiltərə, Fransa, Polşa, Gürcüstan və sair ölkələrin vətəndaşlarına məxsus nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır".

İstedadlı rəssamın 2016-cı ilin fevral ayında "ATV Qalereya"da keçirilən fərdi sərgisini də onun yaradıcılığında mühüm mərhələ kimi dəyərləndirmək olar.

Tanınmış jurnalist, teletənqidçi Qulu Məhərrəmli təşkil olunan həmin sərginin formatının çox gözəl olduğunu bildirib: "Adil Əsədli tanıdığım, işlərini izlədiyim rəssamlardandır. Birincisi, bu rəssamın işləmə texnikası mənə maraqlıdır, rənglərlə çox gözəl işləyir. Hərdən bunun bir ciddi fırtınası olur, yəni məsələn, cizgiləri elə maraqlı formada işləyir ki, dərhal baxan adamı cəlb edir. Mövzunu gözəl rənglərlə çatdıra bilir. Rəssam üçün çox önəmlidir ki, əsərinə baxanda biləsən ki, burada nə baş verir. Adil Əsədlinin sərgisinin önəmi odur ki, biz burada Azərbaycanın, torpağın rənglərini, çalarları görə bilirik. Bir də ki, bu əsərlərin mifoloji sujetləri var, bu isə istər-istəməz bizi nağıllar aləminə, folklora, mifologiyaya aparır. Bu, çox vacibdir".

Teatrşünas alim Vidadi Qafarovun rəssam barəsində dediklərindən: "Adil Əsədli bölgədə yaşamasına baxmayaraq, onun bir çox əsərləri Azərbaycan hüdudlarından kənarda da sərgilənir. Bu rəssamın rəng dünyası çox maraqlıdır, çoxçalarlı rənglərdən istifadə edir, üslub cəhətdən, dərinliyi cəhətdən çox fərqlənir. Adil müəllim həm də yaradıcı insan kimi çox intellektual və mütaliəyə meyillidir. Daima axtarışdadır, sənətkar üçün isə bu, çox vacibdir. Bu xüsusiyyət onun əsərlərində də özünü büruzə verir. Əsərlərinin heç biri digərini təkrarlamır. Məsələn, iki tabloda eyni rənglərdən istifadə edə bilir, amma bir-birindən çox fərqlidir. Rənglərdən gözəl istifadə etməyi bacarır. Adil müəllimin həqiqətən də alqışa layiq əsərləri var".

Xalq rəssamı Arif Hüseynovun da Adil Əsədlinin yaradıcılığı haqqında dəyərli fikirləri var: "Bizim üçün çox maraqlıdır ki, bölgələrdə çalışan rəssamlar çox vaxt əyalətlilik təsiri altında olurlar. İnformasiyası, rəssamlığı bəzən az olur. Adil müəllimin əsərləri çox yüksək, hətta Avropa, dünya səviyyəsindədir. Mən bir qrafik kimi, onun qrafik əsərlərini çox yüksək qiymətləndirirəm. İlk mənim təşəbbüsüm olub ki, Lənkərandan olan belə bir rəssamı bütün Azərbaycana tanıdaq, bu, çox vacibdir. Adilin işlərində qrafikaya baxırsan, elə bilirsən Fransa, Almaniya, Avropa qrafikinin əsərləridir. Düşünürəm ki, "ATV Qalereya" onun üçün çox düşərli olacaq və buradan da dünyaya açılacaq. Lənkəranda onun əsərlərindən ibarət sərgi açdıq. Sonra dedim Adil, sən, irəliləməlisən".

Onu da bildirək ki, 2017-ci ilin noyabrında Dədə Qorqud Milli Fondu tərəfindən Adil Əsədliyə "Dədə Qorqud" Milli Mükafatı təqdim olunub. Rəssam mükafatı alarkən sevincini belə ifadə edib: "20 ilə yaxındır ki, "Dədə Qorqud" mövzusunda rəsm və rəngkarlıq əsərləri yaradıram. Bu əsərlərimin külliyyatı "Dədə Qorqud" mükafatını verən fond tərəfindən müsbət qarşılandığına görə qürur hissi duyuram".

İyulun 21-də 70 yaşı tamam olan Adil Əsədli hazırda əmək fəaliyyətini Lənkəran Dövlət Universitetində davam etdirir. Gənc tələbələrə öz sənətinin sirlərini həvəslə aşılayan, yeni-yeni əsərləri ilə xalqımızın mənəvi dünyasını zənginləşdirməkdən yorulmayan sənətkara uzun ömür, yeni yaradıcılıq uğurları diləyirik.

 

 

Ağaddin BABAYEV

Lənkəran

525-ci qəzet .- 2024.- 25 iyul,№(130).-S.13.