Azərbaycan
Cümhuriyyətinin Tehrandakı səfirliyi
İRAN-AZƏRBAYCAN
MÜNASİBƏTLƏRİNİN GÖRÜNMƏYƏN
TƏRƏFLƏRİ VƏ AZƏRBAYCAN DİPLOMATİYASININ
ŞƏRƏF MƏSƏLƏSİ
(Əvvəli 23 iyul sayımızda)
Təpədən dırnağa qədər zadəgan,
Qacarlar Şah sülaləsinə mənsub olan, maddi rifah və
nemətlər üçündə böyümüş
kübar Adil xan Ziyadxan, sinfilik nəzəriyyəsini əsas
tutaraq onu Vətəndən didərgin salmış və
müflis etmiş bir rejimdən - Kommunist idarəçiliyindən
bəhs edərkən özünün sırf demokrat
mövqeyi ilə böyük bir sarsıntı yaradır.
İtirilmiş azadlığı geri qaytardıqdan və
"xalqa təhvil verdikdən" sonra onun ilk olaraq diqqət
yetirdiyi məqam: "O zaman xalq öz iradəsini sərbəst
ifadə etmək imkanı əldə edəcək və Xalqın
iradəsinə tabe olmaq bizim borcumuzdur". Bu cümlə qətiyyən
gəlişixoş sözlər deyildir, çünki Adil xan
bu fikrin davamında yazır: "Əgər bizim azad
xalqımız öz düşüncəsinə görə,
kənar təzyiq olmadan, məs., kommunist idarə üsulunu
özü üçün daha məqbul idarəçilik
forması hesab edərsə, mən birinci olaraq azad xalqın
azad qərarı qarşısında baş əyərəm
və sevinərəm ki, bizim türk xalqı o qədər
inkişaf edib ki, seçdiyi demokratik respublika forması ona dar
gəlir və o, dəyişilməyə məhkumdur".
Doğrudur, burada Adil xan "kommunizm" deyərkən bu
termini "hazırda xalqımıza tətbiq olunan mənada"
deyil, "sözün ideal saf mənasında" qəbul
etdiyini vurğulayır.
Təbii ki, Adil xan Ziyadxan, artıq yuxarıda deyildiyi
kimi, Aprel işğalından sonra Sovet Azərbaycanından
İrana mühacirət edən yüzlər və minlərlə
soydaşları vasitəsilə ölkədəki kommunist
rejiminin geniş xalq kütlələrinin yeni ad altında
zorakılığa və əsarətə məruz
qoyduğundan yaxşı xəbərdar idi. Bununla belə,
ümidini itirmir, "Şərait bizim üçün nə
qədər pis olsa da, mən hesab edirəm ki, nəticədə
biz yenə də qalib olmalıyıq. Bir vaxtlar azad dövlət
həyatı yaşamış xalq onu tamamilə itirə bilməz
və nə vaxtsa, bu və ya digər şəkildə, nəyin
bahasına olursa olsun onu özünə geri
qaytarmalıdır!"
Hazırda "öz həyatının bütün məzmununu
təşkil edən məhz bu xəyalla
yaşadığını" vurğulayan Adil xan
özünün və Əlimərdan bəyin "xalqın
maraqlarına xidmət etməkdən ibarət olan"
keçmiş həyatlarını, Sankt-Peterburqda artıq
tarixə dönmüş bürokratik hakimiyyətə Xalq
adından Müraciət hazırladıqları dövrü
xatırlayır, "təbii ki, sizin və İsmayıl
xanın məndən çox xidmətləri var, belə ki,
siz həbsxanalarda yatdınız, təlatümlü yollardan
keçərək xalqımıza azadlıq
qazandınız..."
Despotik rejimin qızğın çağında
xalqı üçün kifayət qədər əziyyət
çəkən, işgəncəyə məruz qalan
insanların bu xidmətləri qarşısında
"xalqımızın yeni himayədarları" tərəfindən
"mürtəce" adlandırılmalarını Adil xan
"taleyin acı istehzası" kimi qəbul edir və bu,
onu qəlbən ağrıdır. Lakin əlləri
günahsız qardaş qanına bulananların nə vaxtsa
Allahın və xalq məhkəməsinin sərt hökmü
ilə cəzalanacağına olan inamı onu "Əziz Vətənimiz
naminə, onun səadətinin bərqərar olacağı
ümidi bütün mənəvi əzablara səbirlə
dözməyə" səfərbər edir: "Axı nə
vaxtsa Vətənimizə günəş doğmalı,
yorğun qəlblərimizi isitməlidir!!!"
lll
Adil Xan Ziyadxanın və Əlimərdan bəy
Topçubaşovun bu məktublarını oxumaq və
yazılanların mahiyyətinə varmaq bir çox
qarışıq hisslər - maraq, təəccüb,
qürur, heyrət, təəssüf, kədər, fərəh
- doğurur. Bu hisslərin ən ağırı
yuxarıdakı son sətirlərin yazıldığı
1923-cü ildən sonrakı onilliklərdə Azərbaycanın
keçdiyi tarixi mərhələləri bilməkdən gəlir:
Vətəninin və xalqının azadlığı
uğrunda mübarizə aparmış, bu azadlığa
qazanmış, müstəqil Azərbaycan dövlətçiliyini
qurmuş, daha sonra onun işğal və süqutunun
bütün acılarını yaşamış insanların
"Vətənə bir daha Günəş
doğacağına" və onların da "yorğun qəlblərini
isidəcəyi"nə olan ümidlərinin öz
sağlıqlarında doğrulmadığı həqiqətən
böyük təəssüf və kədər doğurur.
Hərçənd, son olaraq Azadlıq Günəşinin
Vətən üzərində həqiqətən
doğacağı inamı onları aldatmamışdı.
Böyük məhəbbət və məsuliyyətlə
adını çəkdikləri və qısa müddətə
də olsa "azad həyat yaşatdıqları" Xalq həmin
"azadlıq ləzzətini" sonrakı nəsillərə
ötürdü. Vətəndən uzaqlarda
qaldırdıqları və şərəfini qoruduqları
"Azərbaycan Cümhuriyyətinin bayrağı"
meydanlara gəldi və yüzlərlə paytaxtlarda
açılan səfirlik binalarının üzərindən
dalğalandırıldı. Qarşısında bu qədər
məsuliyyət duyduqları "Gələcək
tarixçilər" də özlərinə qarşı hədsiz
sərt və tələbkar olan Cümhuriyyət nəslinin Vətən,
Millət və Tarix qarşısında xidmətlərini hərtərəfli
araşdırdı və layiqincə qiymətləndirdi. Bu nəslin
uzun illər yasaq sayılan adları açıqlandı,
ömür yolları öyrənildi, zəngin yazılı
irsləri dəfələrlə nəşr olunaraq gənc nəsillərə
çatdırıldı. Və bu işlər indi də davam
edir və təbii ki, hələ bundan sonra da edəcək.
Odur ki, burada Cümhuriyyət tarixinin yalnız bir səhifəsinə
- gənc respublikanın İranda səfirliyinin
açılmasına və iki qonşu-qohum dövlət
arasında diplomatik münasibətlərin qurulmasına həsr
olunmuş bu məqaləni, onun əsas qəhrəmanlarının
- yalnız tarixin gedişi ilə deyil, taleyin də
hökmü ilə dramatik hadisələr yaşamağa vadar
edilmiş insanların - sonrakı həyat hekayətinə
dair ən qısa məlumatlarla bitirək.
Adil xan Ziyadxan - Azərbaycanın tanınmış
ictimai, siyasi və dövlət xadimi, diplomat. Azərbaycan
xarici işlər nazirinin müavini, Azərbaycan Cümhuriyyətinin
İranda səfiri
Azərbaycan Cümhuriyyətinin İrandakı
nümayəndəliyinin ilk və son başçısı
Adil xan Ziyadxan səfirliklə bağlı bütün məsələlərə
son qoyulduqdan sonra bir müddət İranda qalmış, bu
ölkənin təbəəliyini qəbul etmiş, müxtəlif
illərdə Tehran Bələdiyyə idarəsində, İranın
Sosial Təminat Nazirliyinin kənd təsərrüfatı
şöbəsində, Təbriz Dəmiryol və gəmiçilik
idarəsində çalışmışdır. 1934-cü
ildə İstanbula köçərək ömrünün
qalan hissəsini Türkiyədə yaşamış,
İstanbul Universitetində dərs demiş, 1957-ci ildə 80
yaşında bu şəhərdə vəfat etmişdir. Adil
xan Ziyadxan həm də qələm sahibi olmuş, "Səyahətnamə.
Avropada üç aylıq bir səyahətim" (1909-cu il),
"Azərbaycan haqqında tarixi, ədəbi və siyasi məlumat"
(1919-cu il), "Qələmin uçuşu" (1931-ci il)
adlı kitabları istər sağlığında, istərsə
sonralar dəfələrlə nəşr edilmişdir. "Qələmin
uçuşu" əsərində İranda işlədiyi
və yaşadığı dövr haqqında bəhs
etmiş, lakin İrandakı səfirliklə bağlı bu məqalədən
kənar hər hansı yeni məlumatlar gətirməmiş,
ümumiyyətlə bu mövzuya demək olar ki, toxunmamışdır.
Lakin Əlimərdan bəy Topçubaşovla 1920-1924 və
1927-1932-ci illəri əhatə edən məktublarında Adil
xan Ziyadxanın İranda yaşadığı dövrdə
özünə və bu ölkədəki Azərbaycan
mühacirlərinə aid xeyli məlumatlar, onun
düşüncələrini ehtiva edən məqamlar
vardır ki, yəqin ki, kitab halında ayrıca nəşr
olunacaq.
Əlimərdan bəy Topçubaşov - Azərbaycan
dövlətinin fövqəladə səfiri, Azərbaycan
hökumətinin naziri, Paris Sülh konfransında Azərbaycan
nümayəndə heyətinin başçısı
Cümhuriyyətin İrandakı səfirinin müavini
kimi nümayəndəliyin ikinci siması sayılan, Azərbaycan
diplomatiyası sahəsində ilk uğurlarına və verdiyi
böyük ümidlərə rəğmən, adı bu
tarixə tamamilə başqa bir hadisə ilə bağlı
düşmüş Əkbər ağa Sadıqovun sonrakı
taleyi isə daha acı bir sonluqla bitmişdir. Artıq
yuxarıda qeyd edildiyi kimi, 1920-ci il Aprel çevrilişindən
sonra, hadisələrin hələ hansı məcrada davam edəcəyi
məlum olmasa da, İrandakı iş yerinə qayıtmayan,
xüsusilə səfirlik üçün Cümhuriyyət
hökumətindən aldığı küllü miqdarda pul
vəsaitini belə onu səbirsizliklə gözləyən
Missiyaya çatdırmaq üçün hər hansı
addımlar atmayan Əkbər ağa Sadıqov əlindəki
pulları, özünün iddia etdiyi kimi, hansısa
"dekretə" görə "yeni hökumətə təhvil
verəndən" sonra nədənsə vətəndə də
qalmır, Gürcüstana çıxa bilir və 1921-ci ildə
artıq İtaliyada olan ailəsinə qovuşur. Yuxarıda gətirilən
sənədlərdən aydın olduğu kimi, 1923-cü il
üçün o, artıq İtaliyanın Peruca şəhərində
yaşayırdı və burada yenidən ali təhsil
alırdı. Əkbər ağanın sonrakı illər həyatına
gəldikdə isə təəssüf ki, yalnız çox
kiçik bir məlumatla kifayətlənməli oluruq. Xaricdəki
siyasi mühacirətin ilk tədqiqatçılarından olan,
görkəmli diplomat və ictimai xadim, tədqiqatçı
yazar Ramiz Abutalıbovun kitablarının birində "xaricdə
təhsilini başa vurmuş, lakin Azərbaycana
qayıtmamış tələbələrdən bəhs edərkən
onlardan ikisinin taleyinin çox dramatik şəkildə,
intiharla bitdiyini yazır. Bu iki nəfərdən biri kimi
Laperuze (İtaliya) Kənd Təsərrüfatı
İnstitutunun məzunu Əkbər Sadıqın 1928-ci ildə
öz həyatına son qoyduğu göstərilir. Bu bir
cümlədən ehtimal etmək olar ki, Ramiz Abutalıbov
Əkbər Sadıqın (Sadıqovun) əvvəlki tərcümeyi-halından
xəbərsiz imiş və mümkündür ki, onu
Cümhuriyyətin göndərdiyi 100 tələbədən
biri kimi qəbul edirmiş.
Əkbər ağa Sadıqov - Azərbaycan Cümhuriyyətinin
İrandakı səfirinin müavini
Bu intiharların səbəbini dözülməz həyat
şəraiti ilə izah edən müəlliflə
razılaşmaq olar. Belə ki, həmin dövr xaricdəki Azərbaycan
mühacirətinin böyük əksəriyyətinin
ağır maddi durumu və ehtiyac içində
yaşadıqları məlumdur. Lakin bu, heç də
sırf mühacirət amili ilə bağlı deyildi. 20-ci illərin
ikinci yarısından Qərb dünyasında dərin iqtisadi
böhran güc toplamağa başlamışdı və
gün-gündən artan işsizlik, pulsuzluq, ehtiyac,
ümidsizlik artıq milyonlarla insanı əhatə edərək
güclü depressiya xəstəliyi və bu psixoloji halın
nəticəsi kimi intihar hallarının sayını xeyli
artırmışdı. Əldə hər hansı sənədlər
olmadan, 36 yaşlı Əkbər Ağa Sadıqovu
özünü öldürməyə vadar edən digər səbəblər
haqqında hər hansı ehtimallar irəli sürmək isə
yəqin ki, düzgün olmazdı.
Səfirliyin taleyi ilə bağlı hadisələrlə
məlumatlandırılmış və Əkbər ağa
Sadıqov məsələsinin aydınlaşmasında müəyyən
rol oynamış üçüncü şəxsə, Azərbaycanın
görkəmli siyasi, ictimai, dövlət xadimi Əlimərdan
bəy Topçubaşova gəldikdə isə, onun
bioqrafiyası geniş məlumdur. Odur ki, burada onunla kifayətlənək
ki, Cümhuriyyət Parlamentinin sədri və Paris Sülh
Konfransında Azərbaycan nümayəndə heyətinin
başçısı 20-ci illərin ikinci yarısında
İrandakı Azərbaycan mühacirətinin
tanınmış simaları, əsasən iş adamları və
Adil xan Ziyadxanın özü ilə
yazışmalarını bərpa etmiş, bu məktublarda
Sovet Azərbaycanında baş verən hadisələr,
xüsusilə kollektivləşmə nəticəsində
İrana böyük mühacirət axını məsələləri
geniş müzakirə olunmuşdur. Əlimərdan bəy
Topçubaşov 1934-cü ilin noyabrın 5-də Parisdə vəfat
etmiş, lakin həyatının son illərini çox
ağır maddi sıxıntı içərisində
keçirdiyinə baxmayaraq, Paris Nümayəndəliyinin
arxivini və dünyanın müxtəlif ölkələrinə
səpələnmiş Azərbaycan mühacirətinin
üzvləri ilə yazışmalarını qoruyub
saxlamış, bununla da daim haqqında
düşündüyü "gələcək tarixçiyə"
zəngin və misilsiz bir irs qoyub getmişdir.
SON
Solmaz Rüstəmova-TOHİDİ
Tarix elmləri doktoru, professor
525-ci qəzet .- 2024.- 25 iyul,№(130).-S.12;13.