Ömrün şəfəq çağı

 Şəfəq Əlibəyli-75

 

Şəfəq Əlibəyli 1949-cu ildə Bakı şəhərində şair Ənvər Əlibəylinin ailəsində anadan olub. BDU-nin Şərqşünaslıq fakültəsinin fars dili şöbəsində ali təhsil alıb. 1971-1973-cü illərdə Əfqanıstanda Kabil Politexnik İnstitutunda tərcüməçi işləyib. 1973-cü ildən AMEA Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində elmi fəaliyyətə başlayıb. 1985-ci ildə Gürcüstan Dövlət Universitetində "Fars dilində antonimlərin struktur-semantik təsnifatı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Şəfəq Əlibəyli elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub, 1992-2007-ci illərdə Bakı İslam Universitetində fars dili və ədəbiyyatı müəllimi işləyib. 2004-cü ildən Ş.Əlibəyli həm də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Komparativistika və bədii tərcümə" şöbəsinə rəhbərlik edir. O, hərbi-tərcüməçi ixtisası üzrə ehtiyatda olan zabitdir. 1985-ci ildə filologya elmləri namizədi (PhD), 2010-cu ildə filologiya elmləri doktoru elmi dərəcəsi alıb. Dilçilik üslubiyyatı, leksikologiya və leksikoqrafiya sahəsində farsdilli mənbələr əsasında apardığı tədqiqatları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. İki monoqrafiya və bir lüğət müəllifidir, iki yüzə qədər elmi məqaləsi var. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının  filologiya üzrə Ekspert Şurasının üzvü, "Türkoloyiya" jurnalında Şərq ölkələri üzrə sahə redaktorudur.

Cəmiyyətdə elə şəxslər var ki, vaxtilə valideynləri tərəfindən onlara verilən ad, sözün əsl mənasında onların sonrakı taleyini müəyyən edir. Sanki bu adlar onların xarakterini öncədən göstərib. Valideynləri bunu öncədən hiss edərək övladlarına məhz həmin adı verir. Bu adlar bir şəxsiyyət kimi onların özləri arasında vəhdət yaradır, körpü rolunu oynayır.

Bu yazımda bir ad və bir şəxsiyyət haqqında söz açmaq, qısaca da olsa onun keçdiyi şərəfli, mənalı, zəngin həyat yoluna nəzər salmaq istəyirəm. "Şəfəq" ərəb mənşəli söz olub, parıltı, bərq, şölə mənalarını bildirir. Yazımın qəhrəmanı da məhz "Şəfəq" adını daşıyır: Şəfəq Əlibəyli.

Bəli, Şəfəq Əlibəylinin həyat yoluna nəzər salanda, onun zəngin ədəbi irsini ictimai fəaliyyətini, şölələnən alova bənzətmək olar. O, bütün varlığı ilə Azərbaycan elminə, ədəbiyyatına, dilçiliyinə sözün əsl mənasında şəfəq saçıb.

Əgər onun həyat yoluna və yaradıcı fəaliyyətinə nəzər salsaq, dediklərimin şahidi olursan.

Şəfəq xanımla ilk tanışlığım keçən əsrin 90-ci illərinə təsadüf edir. O zaman Azərbaycan Televiziyasının ədəbi-dram verilişləri baş redaksiyasında çalışır, portret verilişlər hazırlayırdım. Günlərin birində mərhum baş redaktor, ustadım Mailə Muradxanlı AzTV-nin sədri olmuş, tanınmış şair, ictimai xadim Ənvər Əlibəyli haqqında veriliş hazırlanmasını mənə həvalə etdi

Nəhayət, müəyyən hazırlıqdan sonra çəkiliş qrupu ilə Ənvər Əlibəylinin vaxtilə yaşadığı mənzilə pənah gətirdik. Bizi şairin həyat yoldaşı Şövkət xanım və digərləri qarşıladı. Aralarında televiziyadan tanıdığım Şəlalə xanım və əlbəttə ki, yazımın qəhrəmanı Şəfəq xanım vardı. Demək olar ki, şair haqqında ən dolğun, ən geniş müsahibəni də məhz Şəfəq xanım Əlibəyli verdi. Müsahibə zaman hiss etdim ki, Şəfəq xanım mükəmməl ədəbi dilə, gözəl, səlis nitqə, diksiyaya malikdir. Başqa sözlə, onun qələm əhli alim, ədəbiyyatçı olması ilk cümləsindən bəlli oldu. O gündən başlanan tanışlıq bu günə qədər davam etdi. Sonralar, müxtəlif telekanallarda Ənvər Əlibəyliyə həsr olunmuş verilişlərdə Şəfəq xanımla birgə çıxışlar etdik, müxtəlif səpkili ədəbi-bədii tədbirlərdə iştirak etdik.

Tez-tez ədəbiyyatla, sənətlə bağlı fikir mübadiləsi apardıq.

Hər dəfə onunla söhbət edəndə, yazılarını oxuyanda, yaradıcılığına baş vuranda əmin oldum ki, o, bir şölədir, parıldayır, ətrafa şəfəq saçır. Başqa sözlə, valideynlərin verdiyi adı doğruldub, onu həyatda təsdiq etməyə müvəffəq olub.

Şəfəq Əlibəyli çox gözəl qəlbli, nəcib, ziyalı bir xanımdır. O, yüksək mədəniyyət və mərifət sahibi olmaqla, dərin intelektə, zəkaya malikdir. Sadəliyi, səmimiliyi, mehribanlığı ilə fərqlənir.

Aydın, səlis, təmiz nitqi, ürəyə yatan diksiyası, həlim səsi ilə daim diqqət çəkib. Mən, onu həm də bir ədəbiyyat tənqidçisi kimi də yüksək dəyərləndirirəm. O, daim ətrafındakılara, gənc alimlərə humanist, doğma münasibət göstərir, diqqət və qayğısını heç bir zaman əsirgəmir.

Kübarlıq, nəciblik isə ona qandan, gendən, ailə tərbiyəsindən keçib. Çünki o, əsl bəyzadədir, bəy nəslindəndir. Babası Ağamirzə bəy Bakının, Türkanın məşhur bəylərindən olub. Bu keyfiyyətlər isə Şəfəq xanımı həyatı boyu müşayiət edib. Üzündən, heç bir zaman səmimi təbəssüm əksik olmur.

Şəfəq xanım atası Ənvər Əlibəylinin qayınatası, şair Gəray Fəzlinin yaradıcılığını əzbər bilir. Ədəbi-bədii, publisistik yazıları, poetik tərcümələri ilə oxucusununu heyran edir.

O bu gün də tükənməz enerji, həyat eşqi ilə yazıb-yaratmaqdan, xalqa xidmətdən usanmır. Xoşbəxt ömür yolu yaşayan Şəfəq xanımın adı ilə şəxsiyyəti bütöv bir vəhdət təşkil edir.

Bu günlərdə geniş ictimaiyyət Şəfəq xanım Əlibəylinin anadan olmasının 75 illiyini böyük təntənə ilə qeyd etdi. Bu yazının müəllifinə də Şəfəq xanımı təbrik etmək, ona xoş arzularını çatdırmaq düşür. Yazımı xalq şairi Süleyman Rüstəmin qısa düzəlişlə aşağıdakı misraları ilə bitirirəm:

 

İllər öz işini görsə də nə qəm,

Yorulmaz yolçusu bu uzun yolun.

Bilirəm titrəməz əlimdə qələm,

Siz Şəfəq Əlibəylidən arxayın olun.

 

Yaşlanmaq sözü-yaraşmır mənə,

Yaradıcı adından, canından pozun.

Sizinlə əl-ələ yoldayam yenə,

Beşliyi yeddinin yanından pozun.

 

Qafar ƏSGƏRZADƏ

Əməkdar jurnalist, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet .- 2024.- 25 iyul,№(130).-S.11.