Qatardan qalan adam
Hekayə
İshaq Salmanzadə türkiyəli şəriki
Ədhəm bəylə Budapeşt dəmir yolu
vağzalında vidalaşdı. Ədhəm bəy onu Egerə
ötürməyə gəlmişdi. Türkiyə adətiylə
bir-birinə sarıldılar, yanaqlarını bir-birinə
yapışdırdılar.
Ədhəm bəy:
- İnşallah mayısın 5-də Nyu Yorkda
görüşürüz - dedi.
İshaq:
- İnşallah - deyib vaqonun pilləsiylə
qalxdı, kupesinə girdi, pəncərədən şərikinə
əl elədi. Bir an sonra qatar tərpəndi, İshaq Ədhəm
bəyin çevrilib uzaqlaşdığını
gördü.
Avropa qatarlarına xas olan oturaq kupeni
bütünlüklə almışdı ki, yol-yoldaşı
olmasın, tanımadığı adamlarla ünsiyyəti
sevmirdi. Həm də onsuzda axı macar dilini bilmirdi, Egerə
dörd saatlıq yolda özü-özüylə, xatirə və
arzularıyla tək qalmaq istəyirdi.
Qalstukunu açdı, şalvar-pencəyini, köynəyini
soyunub mavi idman paltarını geyindi. Bir az dar çəkmələrini
çıxardı. Ayaqları yumşaq şap-şapları
içində xeyli rahatlaşdı. Vərdişli hərəkətlə
qol saatına baxmaq istədi, dərhal da yadına
düşdü ki, dünən axşam bahalı
"Roleks" saatını Ədhəm bəyə
bağışlamışdı. Ədhəm bəy
bahalı hədiyyəni heç cür qəbul etmək istəmirdi.
Nəhayət, bir şərtlə qəbul etdi:
- Söz verin ki, siqara içmeyi burakacaqsınız,
Amerikada siqara yasaqı pek ciddidi. Saatlarla çəkən
danışıqlarda siqar içmeden dözmeli
olacaqsınız.
Otuz iki yaşlı İshaq bir çox ölkələrdə
olmuşdusa da, ABŞ-a yolu düşməmişdi. Odur ki,
şəriki Ədhəm bəylə bu işgüzar səfəri
səbirsizliklə gözləyirdi. Yeni iri bir inşaat layihəsini
amerikalı işdaşlarıyla razılaşdırıb
imzalamalıydılar. Amerika şirkətiylə əməkdaşlıq
təklifi Ədhəm bəydən gəlmişdi və
İshaq dərhal razılaşmışdı.
Yeniyetməlik çağından Amerikanın
heyranı idi. Ekranlarda gördüyü Amerika filmləri, Dyuk
Elinqtonun, Erol Qardnerin, Stiv Vanderin, Sten Kentonun və neçə-neçə
başqalarının caz və rok ifalarından ibarət zəngin
fonokolleksiyası vardı. Oxuduğu kitablar - əvvəllər
Cek Londonun, Drayzerin, Mark Tvenin, daha sonralar Heminqueyin, Folknerin,
Skott Fitsceraldın rus dilində çıxmış
romanları İshaqı bu ölkəyə valeh etmişdi.
İldən-ilə müxtəlif səbəblərdən təxirə
saldığı niyyəti
ingilis dilini öyrənmək idi. Bu il bu işə
mütləq ciddi girişəcəkdi. Ədhəm bəy də
"uğurlu biznes üçün bu, ən önəmli
şərtdir" - deyirdi. Ədhəm bəyin
yarızarafat-yarıciddi bir tövsiyəsi də vardı.
Amerika biznesində yəhudilərin çox mühüm
nüfuzu olduğunu bildiyinə görə İshaqa təklif
edirdi ki, soyadı Salmanzadənin "zadə"sini atsın.
Adı da münasibdir, İshaq Salman tam bir yəhudi kimi səslənir.
İshaq Salmanın həqiqi mənşəyini müəyyənləşdirənədək
onu yəhudi biləcəklər, ona münasibət də
özəl olacaq. Ədhəm bəy qəhqəhə çəkib:
- Tabii, şaka yapıyorum - desə də, bu sözlər
İshaqın yadında qalmışdı.
Ədhəm bəylə iki il öncə Soçidə
işgüzar bir toplantıda tanış olmuşdular.
İkisi də inşaatçı və eyni yaşda
olduqları üçün dərhal dil tapmış,
yaxınlaşmışdılar. Ədhəm bəy
İshaqı macar iş adamı Lasloyla da tanış
etmişdi və elə indi Budapeştdə də birgə
lahiyələri dolayısıyla
görüşmüşdülər. Amma o Soçi
görüşünün İshaqçün daha önəmli
bir cəhəti də vardı. Soçidə Laslonun tərcüməçisi
tatar qızı Kamilla Kadırovayla tanış olmuş və
nağıllarda deyildiyi kimi, bir-birinə bir qəlbdən min
qəlbə aşiq olmuşdular.
Kamilla Moskvada Xarici Dillər İnstitutunda macar dilini
öyrənmiş, kurs yoldaşı Qaborla ailə qurmuş,
institutu bitirdikdən sonra Eger şəhərində
yaşamağa başlamışdılar. Az sonra hansı səbəbdənsə
(səbəbini İshaqa deməyi lazım bilməmişdi)
nigahları pozulmuş, amma artıq Macarıstanda rus dilindən
tərcüməçi kimi tanınan və müxtəlif
şirkətlərin işinə cəlb edilən Kamilla elə
Egerdə də qalmışdı.
İshaq da arvadından bir neçə il qabaq
ayrılmışdı. Ərkinazla uğursuz nigahları cəmisi
bir il çəkmişdi. Ərkinazın səbəbsiz, mənasız
və İshaqı dığ edən
qısqanclığına yalnız bircə il tab gətirə
bildi. İşdə, ya hansısa tədbirdə
qarşılaşdığı, telefonla
danışdığı, ya ismarış aldığı
hər qadın heç bir əsas olmadan
Ərkinazçün qısqanclıq obyektinə
çevrilirdi. Yersiz şübhələriylə
İshaqı çərlədirdi.
Ərkinaz dünyada bütün qadınlara nifrət
edirdi. Bir yarısına ona görə ki, onun fikrincə, həddən
artıq gözəl idilər, o biri yarısına da, onun rəyincə
yaman kifir olduqlarına görə.
Əlqərəz, göz yaşları, bayılmalar,
hədələr, qara-qışqırıqlardan keçərək
axır ki, üzülüşdülər.
Bu qısa sürən uğursuz nigahı İshaq
vahiməli yuxu kimi, qarabasma kimi xatırlayırdı. Sonralar
ara-sıra müxtəlif qadınlarla görüşsə də,
bütün varlığıyla qurşandığı biznes
aləmi ona şəxsi həyatıyla uğraşmağa
macal vermirdi. Hannan-hana ağlına belə fikirlər gələndə,
düşünürdü ki, daha heç vaxt sevə və
sevilə bilməyəcək. Ta Kamillaya rast gələnəcən.
Neçə il macar qürbətində yaşayan
tatar qızının öz millətinə doğma olan bir
insanla rastlaşması, keçmiş həyatıyla
bağlı nostalji hisslər, ya kim bilir daha nələr
Kamillanın elə ilk günlərdən ovqatına hakim kəsildi
və bu hisslər İshaqın da qarşılıqlı
duyğularına tuş gəldi.
Müşavirə sona yetən günlərdə
İshaq dəqiq başa düşdü ki, daha Kamillasız
yaşaya bilməyəcək. Lasloyla Ədhəm bəyin
şərikli şirkətlərinə Macarıstanı da
qoşmaq təklifi bu ölkəyə səfərlə
bağlı olduğuna görə dərhal İshaq tərəfindən
sevinclə qarşılandı. Və budur, Kamillayla - İshaq
ona bizimcə Kamilə deyirdi -
ayrıldıqlarından üç ay sonra, Budapeştdən
Egerə, onunla görüşə gedir. Dörd saatdan sonra
Kamilə onu Eger vağzalında qarşılayacaqdı.
İshaq özünü xoşbəxt adam
sayırdı. 44 günlük zəfər savaşından, 23
saatlıq möcüzədən sonra başqa heç bir dərd-səri,
narahatçılığı, qayğısı
qalmamışdı. Doğrudur, bir illik uğursuz nigahı və
müdhiş boşanmanın fəsadları nəticəsində
diabet qazanmışdı. Amma vaxtlı-vaxtında vurduğu
insulin iynələri, atdığı həblər vasitəsiylə
qanında şəkəri tənzimləyə bilirdi və bu
xəbis xəstəlik hələ ki, ona ciddi problem
yaratmırdı.
Tambura çıxıb siqaret çəkmək istədi,
birdən yadına düşdü ki, vağzalda başı
Ədhəm bəylə söhbətə qarışıb
siqaret almağı unudub. Kupeyə qayıtdı, əlini
şalvarının cibinə salıb bir neçə forint
çıxardı, vaqon restorana getdi. Ədhəm bəy onu məzəmmət
etməkdə haqlı idi. Bizneslə məşğul olasan,
doğma dilindən və rus dilindən başqa heç bir əcnəbi
dil bilməyəsən?
Macarstanda rus dilində bir şey soruşmaq isə əbəsdi.
Hətta rus dilini bilən olsa da, bu dildə cavab verməyəcəkdi.
Bunu Budapeştdə olduğu bir neçə gündə
anlamışdı.
Vaqon restoranda bufetçiyə siqaret, siqar sözlərini
ortaq bir dildə söyləsə də, adam başını
buladı. Hətta jestlə siqaret çəkmək istəyini
göstərsə də, bir nəticə hasil olmadı.
Bufetçi: elə hey "Ninç" deyirdi.
Budapeştdə olduğu bu bir həftədə İshaq
yalnız bu sözü öyrənmişdi:
"Ninç", yəni "yox".
Bufetdə siqaret yoxmuydu, ya
satılımırdımı, bunu anlaya bilmədi. Kupeyə əli
ətəyindən uzun qayıtdı. Siqaret çəkmək
ehtiyacı isə tərs kimi daha da şiddətlənirdi. Cib
telefonunda saata baxdı səkkizə on dəqiqə
qalırdı. Egere iki saat iyirmi dəqiqədən sonra
çatacaqdılar. Bir təhər dözməliydi.
Bu fikirlər içindəykən birdən qatar
dayandı. İshaq pəncərədən baxırdı.
Düz onun vaqonun qarşısında köşkdə siqaret
satırdılar. İshaq tələsik qatardan endi,
köşkə yanaşdı, cibindəki forintləri
uzadıb (artıq burda "Kent"in neçə forintə
satıldığını bilirdi) bir qutu siqaret aldı.
Çevrilib baxanda gördü ki, qatar hərəkət etməyə
başladı. Hövlnak yüyürdü, ayağı
büdrədi, yıxıldı, güc bəlayla ayağa
qalxanda dəhşət içində gördü ki,
qatarın son vaqonu uzaqlaşıb getməkdədir.
"Lənət şeytana" deyə bu işdə
heç bir günahı olmayan şeytanı söydü. Bir
müddət matı-qutu qurumuş halda qaldı. Vəziyyətin
ciddiliyini get-gedə daha dərindən dərk edərək elə
bil büdrəyən ayağının
ağrısını da unutmuşdu. Vağzalın içinə
girib qatarların getmə-gəlmə cədvəlinin
qarşısında durdu. Egerə gedən qatarın da,
Budapeştə gedən qatarın da bu adını bilmədiyi
şəhərdə yalnız səhər saat yeddidə və
yeddi otuzda duracağını təşvişlə müəyyənləşdirdi.
Narın yağış çisələməyə
başlamışdı. Vağzalın içinə
keçdi, taxta skamyada əyləşdi və
düşünməyə başladı.
Düşdüyü vəziyyətin
çıxılmazlığı onu daha çox eyməndirir
və təlaşlandırırdı. Neyləməli, necə
etməli. Hafizəsinə arxalanmadığına görə
bütün telefonlar, ünvanlar cib telefonunda, cib telefonu isə
Egerə gedən qatarın kupesində idi. Nə qədər
səy etsə də, nə Ədhəm bəyin, nə
Laslonun, nə Kamilənin, nə də Bakıdakı telefon
nömrələrinin heç birini yada sala bilmirdi. Bircə
öz ev telefonunun nömrəsi yadındaydı, amma boş mənzildə
kimə zəng edəcəkdi? Həm də burdan ora necə,
neçəyə zəng edə bilərdi? Cibində bircə
forinti də qalmamışdı. Tərs kimi aclıq da hiss
etməyə başladı, axı iynəsinin vaxtını
ötürmüşdü. İngiliscə cəmi
iki-üç söz bilir, macarca isə "ninç"dən
başqa bir kəlmə də bilmirdi.
Bu xudmanı vağzaldan aydın olurdu ki, kiçik bir
əyalət şəhərində, ya qəsəbəsindədir.
Çətin bu şəhərdə rus dili bilən ola, o ki
qaldı türk, ya Azərbaycan dilinə.
Düşdüyü vəziyyəti kimə və necə
izah edə bilərdi. Bu vəziyyətdən hansı
çıxış yolu vardı? Axşam saat səkkizdən
sonra yəqin ki, bütün rəsmi idarələr bağlıydı.
Hara üz tutsun, kimdən imdat diləsin?
Aclığı elə bil dəqiqəbədəqiqə
şiddətlənirdi. Yadına düşdü ki, cəmisi
iki dəfə iynənin vaxtını ötürüb və
hər ikisində az qala koma vəziyyətinə
düşmüşdü. Yaxşı ki, hardansa bir
parça qənd tapıb ağzına qoymuş,
özünü bir təhər iynəyə
çatdırmışdı. Ətrafa boylandı. Hər
hansı dükandan əsər-əlamət yoxdu.
Ağzının içi qupquru qurumuşdu. "Nə olur
olsun, ruhdan düşməyib iradəmi toplamalıyam. Ola bilməz
ki bir çıxış yolu tapılmasın".
Gözlərini yumub düşünməyə
başladı. Az sonra arxadan iki əl onun başını
qucaqlayıb gözlərini örtməsini hiss etdi, sərin
qadın əlləri idi.
Kamillanın əlləri... Möcüzə baş
vermişdi. Kamilla nə sayaqsa onun düşdüyü vəziyyəti
duymuş, tələsik özünü bura yetirmiş,
İshaqın gözlərini əlləriylə
qapamışdı. Yumşaq hərəkətlə sərin əlləri
gözlərindən araladı qanrılıb geriyə
baxdı. Qarşısında saçları yaşıl rəngə
boyanmış, qalın sürməli gözləri və al
qırmızı dodaqları olan qadın
dayanmışdı. Qadın ona göz vurdu. İshaq
başını buladı. Aydındı ki, fahişədi.
Qadın diliylə dodaqlarını yaladı və bir daha
İshaqa işarə etdi. İshaq: - ninç - dedi. Qadın
gülümüsəyib onun saçlarını
qarışdırdı və əliylə idman
paltarını sığalladı. İshaq başa
düşdü ki, əl çəkən deyil və onu cəlb
edən yəqin ki, bahalı idman paltarıdır. Durub
şalvarının boş ciblərini çevirdi.
Qadın:
- Fu - deyib burula-burula uzaqlaşdı.
İshaq gözlərini ovuşdurdu, yuxuydumu
gördüyü, ya həqiqətdi? Əlbəttə,
qadının Kamilə olduğunu zənn edəndə
mürgüləyirmiş. Amma sonra olanlar real idi. Bəlkə
bu qadını tale göndəribmiş, nə şəkildəsə
onu çıxılmaz vəziyyətdən qurtara bilərmiş?
Bu absurd fikri dərhal beynindən qovdu. Aclığı isə
daha da çox hiss edirdi. Bütün vücudunu müc edən,
taqətsizləşdirən, qanını soran bir zəliydi
sanki..
Niyə vaqon restorona getmişkən vaxtından bir az
qabaq nahar eləmədi? Niyə telefonu yanında deyil? Niyə
milyonlarından ən çoxu iki yüz dolları
götürmədi ki, taksi tutub Egere çatsın? Niyə?
Niyə? Niyə? Cavabsız suallar beynini deşirdi.
Çıxılmazlıq az qala onu dəli edəcəkdi.
Bir yandan da dəhşətli işəmək ehtiyacı hiss
edirdi. Ətrafa boylanıb tualet lövhəsini axtardı,
tapdı və ora tələsdi. Kəsilə-kəsilə
gedirdi, özünü tualetə güclə
çatdırdı. İçəri keçmək istəyirdi
ki, qapıda dayanan yaşlı gözətçi
qabağını kəsdi. Əvvəl onu niyə
saxladığını anlamadı. Hansı dildəsə nə
isə demək istədi. Kişi divardakı yazını
göstərdi. Tualetə girməyin qiyməti
yazılmışdı. İshaq bu axşam ikinci dəfə
idman şalvarının ciblərini çevirdi, yəni ki,
pulu yoxdu: "Ninç". Kişi laqeydcəsinə
başını buladı və yenə yazını göstərdi.
İshaq siqaret qutusunu kişiyə uzatdı ki, heç olmasa
"Kent"in əvəzinə onu içəri buraxsın.
İndi də kişi "ninç" dedi. İshaq
özünü saxlaya bilməyəcəyindən, biabır
olmaqdan qorxurdu. Daha dözə bilmirdi, kişini itələyib
içəri keçdi, qapını bağlıyıb,
yüngülləşdi.
Tualetdən çıxanda qapıçının
yanında pəzəvəng bir polisi gördü. Polis vərdişli
hərəkətlə İshaqın qollarını burdu və
dartıb ardınca apardı. Elə buradaca vağzalın
içində polis məntəqəsinə girdilər. Polis
İshaqı qəfəsə salıb qapısını
bağladı. İshaq azərbaycanca və rusca
danışa-danışa əlinin işarəsiylə ac olduğunu
bildirdi. Polis başını buladı. İshaq: Ay em diabet -
dedi, qolunu göstərdi və iynə vururmuş kimi: - insulin
- dedi. Polis "ninç" dedi. "İlahi, bu millət
ninçdən başqa da bir söz bilirmi?" İshaq lap
özündən çıxırdı. Polis bir stəkan su
gətirdi və qol saatında 8 göstərdi. Təbii ki, səhər
səkkiz. İshaq başa düşdü ki, onun məsələsi
səhər səkkizdə həll olunacaq. Deməli, Eger, ya
Budapeşt qatarlarına da çatmayacaq. Ancaq bunu polisə necə,
hansı dildə izah edə bilərdi? Ona hansı cəzanı
verə bilərlər? Cəriməylə canını qurtara
bilməyəcək, çünki yanında bir qəpiyi də
yoxdu. Səhər bir təhər başa salacaq ki, müstəqil
Azərbaycan respublikasının vətəndaşıdır.
Budapeştdəki səfirliyimizə müraciət
olunmasını tələb edir. Amma hələ səhərə
çıxmaq lazımdı. Aclıq şüurunu tamamilə
dumanlandırmış, iradəsini müc etmişdi. Yox,
bütün iradəsini toplayıb, bu gözlənilməz
müşkül vəziyyətdən qurturmalıdır. Bəlkə
yata, yuxulaya bilsə, aclığı hiss etməz. Divara
yaslanıb gözlərini yumdu.
Bakıda, Ağ şəhərdə, yeddinci qatda,
bütün mərtəbəni tutmuş mənzilində idi.
Eyvana çıxdı. Qarşısında açılan mənzərə
- geniş prospektlər, modern binalar, iri meydanlar, kölgəli
yaşıl parklar və bir qədər aralıda mavi dəniz...
Bol günəşli, mülayim iqlimli bir gün idi. Sərin
meh saçlarını oxşayırdı.
Qəfildən evlərinin düz qənşərində,
elə binalarının mərtəbələrinin sayı qədər
sal bir divar əmələ gəldi. Bu divar yavaş-yavaş əyilib
İshaqgilin binasının üstünə yeriməyə
başladı. İshaq dərk edirdi ki, bir an sonra bu pəncərəsiz,
qapısız məşum divar onların binalarının
üstünə yıxılıb yerlə-yeksan edəcək.
Eyni anda şəhərin bütün başqa binaları da
alt-üst olacaq və dərhal bütün dünyada
bütün evlər, şəhərlər, kəndlər
tar-mar olacaq. Neçə vaxtdır gözlənilən
nüvə müharibəsi belə başlayıb anındaca
bitəcəkdi, zəncirvari reaksiya bütün yer kürəsini
xarabaya çevirəcəkdi
Ən qəribəsi oydu ki, İshaq bundan nə kədərlənir,
nə vahimələnir, nə dəhşətə gəlirdi.
Əksinə, içini qəribə bir fərəh hissi, bəxtəvərlik
duyğusu doldurmuşdu. Bütün insanlığın bir an
içində birlikdə həlak olması qəlbində bir
arxayınlıq hissi oyatmışdı. Heç kəs,
heç kəs qalmayacaqdı. Deməli, dünyanın sonu belə
imiş, qiyamət günü dedikləri buymuş, tək, fərdi
yox, hamılıqla birlikdə əbədi yoxluğa
qovuşmaq nə xoş bir hissmiş.
Sübh tezdən polis qəfəsin cəftəsini açanda
məhbusu yerə yıxılmış gördü. Nəbzini
yoxladı. Tez polis həkimini çağırdı. Həkim
adamın təqribən gecə yarısı keçindiyini
müəyyənləşdirdi. Morqda məlum əlamətə
görə meyitin müsəlman, yaxud yəhudi olduğu
aydınlaşdı. Qəsəbədə müsəlman qəbiristanlığı
olmadığı üçün yəhudi qəbiristanlığında
basdırmağı qərarlaşdırdılar. Amma yəhudiliyini
qəti təsdiq edən heç bir sənəd
olmadığı üçün ravvin buna izin vermədi.
Meyiti krematoridə yandırdılar və külünə yiyə
duran olmadığına görə havaya sovurdular.
18 iyul 2024
ANAR
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri
525-ci qəzet .- 2024.- 25 iyul,№(130).-S.10;11.