Azərbaycanın
COP29 sədrliyi – Bakı dünyanın diqqətindədir
Artıq ənənə halını almış
Şuşa Qlobal Media Forumu beynəlxalq səviyyəli
platformaya çevrilməkdədir. Forum ikinci dəfə
keçirilməsinə baxmayaraq, onun işində
dünyanın aparıcı medialarının nümayəndələri,
tanınmış ekspertlərin iştirakı, tədbirlə
bağlı xarici KİV-lərdə dərc edilən
materiallar bunu deməyə əsas verir. Forumda Azərbaycan
Prezidentinin iştirakı, region və dünya gündəmində
əsas yer tutan mövzularda sualları cavablandırması
onun işini daha əhəmiyyətli edir. Prezident qlobal arenada
Azərbaycanın xüsusi rolu olduğunu, ölkəmizin
geosiyasi önəminin əhəmiyyətli dərəcədə
artdığını vurğuladı. Vətən müharibəsindən
sonra Azərbaycan regionda yeni reallıqlar yaradıb. Bu
reallıqlar ölkəmizin xarici siyasət xəttində,
beynəlxalq müstəvidə təmaslarında da
özünü göstərir. Bu gün Azərbaycan az sayda
müstəqil xarici siyasət aparan ölkələrdəndir.
Heç bir kənar güc Bakının siyasətinə təsir
göstərmək iqtidarında deyil.
Azərbaycan bir sıra beynəlxalq platformalarda irəli
sürdüyü təşəbbüslərlə,
atdığı addımlarla həmin qurumların işində
yeni dinamika yaradıb. Nümunə üçün
Qoşulmama Hərəkatını qeyd etmək olar.
Bakının bu hərəkatda sədrliyi onun
institusionallaşmasına kömək edib, nüfuzunu
artırıb.
Qeyd etmək lazımdır ki, Azərbaycan hazırda
COP29-un keçirilməsinə hazırlaşır. Ölkəmizdə
bu mötəbər tədbirin ən yüksək səviyyədə
keçirilməsi üçün konkret işlər
görülür. Azərbaycanın COP29 sədrliyi
dünyanın diqqətindədir. Şuşa Forumunda da beynəlxalq
media bu istiqamətdə ölkə liderinə suallar
ünvanladı. Onu da vurğulayaq ki, Azərbaycanın COP29-da
sədrliyinin prioriterləri sırasında maliyyələşmə
və bir çox ada dövlətlərinin problemlərinin həlli
əsas yer tutur.
Dövlət başçısı bildirib ki,
inkişafda olan 50-dən çox kiçik ada dövlətləri
var. Onlar üçün biz xüsusi fond təsis edirik və
o fonda əhəmiyyətli dərəcədə vəsait də
qoyacağıq: “Onlara kömək göstərəcəyik.
Əlbəttə, onlar bizim təbii müttəfiqlərimizə
çevriləcək və mən digər ölkələri
sadalamıram. Biz bu addımları atmaqla ölkəmizi
böyük dərəcədə gücləndiririk”.
Dövlət başçısı forumda bildirib ki,
Azərbaycan bərpaolunan enerji sahəsində böyük
nailiyyətlərə imza atıb. Ən böyük Günəş
Elektrik Stansiyası - 230 meqavat gücündə stansiya istifadəyə
verilib. İndi isə 240 meqavatlıq külək elektrik
enerjisi stansiyası ilə bağlı işlər
yekunlaşır və tezliklə 240 meqavatlıq Günəş
Elektrik Stansiyasının açılışı olacaq.
Birinci layihə “Masdar” şirkəti, ikinci layihə isə
“Acwa Power” şirkəti tərəfindən həyata
keçirilir. Üçüncüsü isə BP tərəfindən
inşa ediləcək. Bunlar dünyanın aparıcı
enerji şirkətləridir. Bununla yanaşı, ötən
ay Bakıda üç Günəş və külək
elektrik stansiyasının təməli qoyulub, ümumi həcm
bir qiqavatdır.
Azərbaycan ənənəvi enerji resurslarına malik
olmaqla yanaşı, bərpaolunan enerji ilə bağlı da
mühüm addımlar atır, bununla da iqlim dəyişikliyi
ilə mübarizəyə öz töhfəsini verir. Ölkəmiz
bununla bağlı həm texniki, həm də iqtisadi cəhətdən
böyük potensiala malikdir. Texniki baxımdan dənizdə
külək enerjisi potensialı 157 qiqavatdır. Beynəlxalq
Maliyyə Korporasiyasının hesablamalarına görə,
iqtisadi baxımdan quruda Günəş və külək
stansiyalarının potensialı, göstərir ki, biz 27
qiqavat həcm istehsal edə bilərik, yəni həcm
böyükdür.
Prezident forumda bildirib ki, texniki əsaslandırma
işləri də həyata keçirilir. Söhbət Xəzər
dənizindəki külək enerji stansiyalarından
Rumıniyaya Qara dənizin dibi ilə uzanacaq elektrik kabel layihəsindən
gedir. Orada da potensial dörd qiqavatdır. Biz “Acwa Power” şirkəti
ilə saziş imzalamışıq ki, istehsal edilən bərpaolunan
enerjinin saxlanma şəraiti olmalıdır, imkanlar olmalıdır:
“Çünki bu, ən böyük problemdir. Siz bunu istehsal edə
bilərsiniz, ancaq bir növ nəhəng bir batareya şəklində
inşa ediləcək bu layihə. Ona görə də biz
oraya həm sərmayə cəlb edirik və bu işə
öz sərmayəmizi də yatırırıq. Bununla
yanaşı, bu, bizə imkan verəcək ki, təbii qaza qənaət
edək. Bu gün Avropanın bizim qaza böyük ehtiyacı
var. Mən nəyə görə dedim ki, gəlin
riyakarlığa son qoyaq?! Bir tərəfdən Avropa bizdən
xahiş edir ki, hasilatı artıraq və onu Avropaya nəql
edək. Çünki onların buna ciddi ehtiyacı var. Digər
tərəfdən, onlar bunu maliyyələşdirmirlər və
bu, mənim avropalı həmkarlarımla müzakirələrimdə
mövzudur. Avropa İnvestisiya Bankı faydalı
qazıntı yanacağı ilə bağlı layihələri
maliyyələşdirməyi tamamilə dayandırıb.
Avropa Yenidənqurma və İnkişaf Bankı demək olar
ki, bu sahəyə maliyyə ayırmır. Cənub Qaz Dəhlizi
- bu, 3500 kilometr uzunluğunda olan inteqrasiya edilmiş boru kəməridir,
tam həcmdə, 100 faiz həcmlə işləyir. Bu gün
Avropa ölkələrinin əlavə qaza böyük
ehtiyacı var. Biz Sloveniyadan olan bir şirkətlə saziş
imzaladıq və bu da Azərbaycanın doqquzuncu tərəfdaşıdır
ki, bizim qazın istehlakçısı olacaqdır. Ancaq
Avropanın maliyyə institutları bunu maliyyələşdirmir.
Onlar istəyirlər ki, biz Cənub Qaz Dəhlizini 16 milyard
kubmetrdən 32 milyard kubmetrə qədər genişləndirək.
Söhbət TANAP-dan gedir və TAP-ı 10 milyarddan 20 milyard
kubmetrə çatdıraq. Biz oraya milyardlarla pul
yatırmalıyıq. Deyə bilərəm ki, Cənub Qaz Dəhlizinə
yatırdığımız sərmayənin hələ də
tam mənfəətini götürməmişik və bizim neft-qaz
sahəsindən əldə etdiyimiz gəlir hələ də
bu borcun ödənilməsinə yönəlib. Onlar gözləyirlər
ki, biz oraya milyardlarla vəsait yatıraq və eyni zamanda,
deyirlər ki, 10 ildən sonra Avropa İttifaqının qaza
ehtiyacı yoxdur. Yəni biz ağılsızıq ki,
onların ehtiyacı olmadığı qaza 10 milyardlarla vəsait
qoyaq? Yəni sonra da deyək ki, bizim qazımız
haradadır. Yəni mənim mesajım o oldu ki, gəlin, bu
oyuna son qoyaq, faydalı qazıntı yanacağı olmadan
yaşamaq mümkün deyil”.
Parlamentinin deputatı Sevinc Fətəliyeva mövzu ilə
bağlı deyib ki, Şuşa Forumu ilk növbədə birgə
müzakirə və hərəkət platforması rolunu
oynayır. Forum çərçivəsində media və
informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə
mühüm aktuallıq kəsb edən məsələlər
müzakirə olunub:
"Bu günədək çoxsaylı beynəlxalq
tədbirlərin keçirildiyi Şuşa şəhəri
indi də müstəqil Azərbaycanın tarixində ikinci dəfədir
ki, dünyanın aparıcı media, jurnalist təşkilatları
rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində
nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir
araya toplayıb. Forum çərçivəsində “Təsirin
qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini
müəyyənləşdirmək”, “Dezinformasiyaya
qarşı daha davamlı cəmiyyət qurmaq
üçün siyasət və təşəbbüslər”,
“Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri:
Media savadlılığının təşviqi” və
“İqlim hərəkatı və media” mövzularında
dörd panel sessiya təşkil olundu. Panel sessiyalarda müxtəlif
ölkələrdən olan rəsmilər, media və vətəndaş
cəmiyyəti, dövlət və biznes nümayəndələri,
beynəlxalq təşkilatların təmsilçiləri və
media ekspertləri ətraflı fikir və təcrübə
mübadiləsi aparıblar. Forumda BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar
həyata keçirilən tədbirlər və
hazırlıq işləri barədə məlumat verildi.
Ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri
ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə
bərpa və yenidənqurma prosesində sərgilənən
dayanıqlı yanaşma haqqında ətraflı
danışıldı”.
Millət vəkili deyib ki, Şuşa Forumunun müzakirə
mövzusu çox aktual idi. Dezinformasiyalara qarşı
bütün sağlam cəmiyyətlər mübarizə
aparmalıdır: “Bütövlükdə, Şuşada
keçirilən Qlobal Media Forumu Azərbaycan həqiqətlərinin
və bölgədə baş verən proseslərin dünya
ictimaiyyətinə çatdırılması
baxımından mühüm hadisədir”.
Pərvanə
525-ci qəzet .- 2024.- 25 iyul,¹(130).-S.5.