"Tanrıma
sığınıram"
PROFESSOR FƏQAN ƏLİYEVİN EYNİADLI
KİTABI İŞIQ ÜZÜ GÖRÜB
Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti,
Birləşmiş Oksford Akademiyasının fəxri
professoru, texnika elmləri doktoru Fəqan Əliyevin
"Tanrıma sığınıram" adlı kitabı
çapdan çıxıb. Müəllif kitabı Azərbaycan
Prezidenti cənab İlham Əliyevə və Qarabağın
azadlığı uğrundan mübarizə aparanlara ithaf edib.
Kitabda insan övladının qürurlu, daxilən sadə,
görünüş etibarı ilə möhtəşəmliyi,
həyatının məzmununun əməksevərlik,
xeyirxahlıq, yaradıcılıq, mərhəmət, halal
qazanc, heç kəsin haqqına girməmək,
lovğalıqdan uzaq olması kimi dəyərlərin zəruriliyi
vurğulanır. Oxuculara təqdim olunan yeni nəşrdə
müəllifin bir-birindən maraqlı yazıları -
"Azərbaycanın şanlı bayram günü",
"Şəhidlərimiz unudulmamalıdır",
"Ağrılı və acılı zəmanəmiz",
"Mənim elim, obam, məhəlləm və
universitetim", "Görə bildiklərim və görə
bilmədiklərim", "Xoşbəxtliyin yolu
düzgünlük və dürüstlükdür. Bədbəxtçilik
isə yalançılıq və əyrilikdir",
"Zamanı dəyişən sürətdir. Zamanın yiyəsi
Uca Tanrıdır", "Kiçik xalqın böyük
alimi olmaqdansa, böyük xalqın kiçik alimi olasan",
"Dəyişən insanlar və dəyişməyən əxlaq",
"Dünyanı elm xilas edəcək",
"Özümüzü dərk edək", "Xocalı
bəşəriyyətə utanc verən bir
tragediyadır", "Heç kimdən uman, küsən
yerimiz yox", "Mədəniyyətimiz tərbiyəmizdir",
"Yaxşı olmaq üçün güclü olmaq
lazımdır" kimi hekayə və məqalələri yer
alır.
"Şəhidlərımız
unudulmamalıdır" adlı məqalədə müəllif
qeyd edir ki, qəhrəman şəhidlərimiz yaddaşlardan
heç vaxt silinməməli və daim ehtiramla yad edilməlidirlər.
Onlar xalqımızın şanlı, qanlı və
qürurlu tarixidirlər: "Onlar bizim qürur yerimizdir".
Kitabdakı "Ulu babamız Nizamı Gəncəviyə
məktubum" adlı yazı xüsusilə diqqət çəkir.
Müəllif yazır ki, böyük Nizaminin şərəfinə
nə qədər heykəllər ucaldılsa da, təəssüf
ki, bütün bunlar onun zəngin
yaradıcılığını öyrənmək, dərk
etmək, cəhalət yarasını sağaltmaq
üçün kifayət deyil: "Nizami irsini tədqiqatlar
aparmaqla öyrənməliyik. Nizami Gəncəvinin
yaradıcılığına həsr olunmuş sənət əsərləri
vardır. Təəssüf olsun ki, Nizaminin
davamçıları olmuş Füzuli, Nəsimi, Xəqani,
Nəsrəddin Tusi kimi söz nəhəglərimiz belə
xalqımız tərəfindən kütləviliklə
öyrənilmir. Ulu babamız, bizlərdən inciməyə
böyük haqqın var. Ancaq bilirəm babalar balalarından
incimir, küsmür. Sevgili Babamız, Allah dərgahındasan.
Duaların Allahımız tərəfindən eşidilir.
Xalqımıza dua et ki, qəddar düşmənlərdən
və onların arxasında duran köpəklərdən Allah
bizi qorusun. Türk millətlərinə birlik versin, cəhalətdən
onları qorusun, tamahkarlıqdan, əyrilikdən düz yola gəlsinlər".
"Kapitalizm, imperializm və quldarlıq quruluşu -
forması dəyişsə də, mahiyyəti eynidir"
başlıqlı məqalədə müəllif qeyd edir ki,
bəşəriyyət yaranandan insanların
qarşılaşdığı istismar, zülm, vəhşilik
fauna və florada gedən proseslərlə oxşarlıq
yaradır - vəhşi heyvanlar bir-biri ilə qəddar
davranır, heç bir ədalət haqqı olmadan
dağıdır, məhv edir. Dünyanın super
güclü dövlətləri baş verən müharibələrə,
keçirilən nüvə sınaqlarına, hərbi istiqamətdə
aparılan elmi-tədqiqat işlərinə, təcrübələrə,
hərbi sahəyə böyük kapital qoyur. Bu pullar hesabına
təbiəti dağıdan, məhv edən proseslər
yaranır, nüvə silahlarının sınağı
planetimizi yararsız hala salır.
"Nizami Gəncəvinin elmi-fəlsəfi
yaradıcılığı" başlıqlı məqaləsində
isə müəllif bildirir ki, Nizami nöqtə, xətt,
müstəvi və cisimləri təsvir edərək nöqtənin
iki xəttin kəsişmə yeri olduğunu vurğulayır:
"Sonra nöqtəni hərəkət etdirərək
düz xətt alır. Əyri xətt alınması
ehtimalını aradan çıxarmaq üçün
nöqtənin hərəkətindən əmələ gələn
xətti Nizami ərəb əlifbasının birinci hərfi
kimi "əlif" adlandırır. Xətt
anlayışından sonra o, yenidən iki xətt
götürür və onların bir-birindən
uzaqlaşmasından "bəsit" əmələ gətirir.
Görünür ki, Nizami "bəsit" istilahını həm
müstəvi, həm də səthi mənasında işlətmək
istəyir".
Kitabdakı "Tikmədim özüm qalam, tikdim ki,
izim qala", "Qarabağda çalışan memar və
inşaatçılara məsləhətim",
"Akademiyamız xalqımızın milli qürurudur",
"Hər nə varsa, insan və insanlıq
üçün", "Xəzərin giləvarı, xəzrisi
gözəldir, Daş karxanalarının tozu xəstəlik",
"Biganəlik", "Böyük hədəflər
möhtəşəm qələbələrin
açarıdır", "Vətənimiz çox gözəldir",
"Sözdə yox, əməldə" başlıqlı
yazılar da oxunaqlılığı ilə diqqət çəkir.
Müəllifin kitabla eyni adı daşıyan
"Tanrıma sığınıram" başlıqlı
məqaləsində qeyd olunur ki, Qarabağımızın
azadlığı, Xankəndidə keçirilən hərbi
parad, Xankəndidə Azərbaycan bayrağının
dalğalanması, xalqımızın qələbəsi
xalqımızın qəhrəman oğullarının
hesabınadır. I Qarabağ və II Qarabağ müharibəsində
itirdiklərimizi, tökülən qanları, qollarını,
ayaqlarını itirmiş övladlarımızı,
övladlarını itirmiş gənc
qadınlarımızı xatırlayandan insanlıqla
döyünən ürəklərə deyirəm: "Qoy, o
günlər bir də gəlməsin. Xalqımız əmin-amanlıq
içərisində yaşasın, millətimiz inkişaf
etsin, elmin tərəqqisi, ümumxalq inkişafı olsun, mədəniyyətimiz,
musiqimiz, rəssamlıq, heykəltaraşlıq sahəsində
yeni inkişaf mərhələsi yaşayaq".
Qeyd edək ki, Fəqan Əliyev Amerika Birləşmiş
Ştatları, Böyük Britaniya, Fransa, Finlandiya, Türkiyə,
İran, Rusiya, Pakistan və bir sıra MDB ölkələrində
keçirilən forumlarda konfranslar verib. Azərbaycan və
xarici alimləri cəlb etmək üçün Fəqan
Əliyev 15 beynəlxalq Bakı konqresi təşkil edib. Fəqan
Əliyev Azərbaycan, ABŞ, Finlandiya, Böyük Britaniya və
Rusiyada nəşr edilən məqalələrin,
çoxsaylı ixtiraların, dərslik və monoqrafiyanın
müəllifi, "Enerji, ekologiya, iqtisadiyyat" və
"Kainat" elmi-populyar jurnallarının təsisçisi
və baş redaktorudur.
"Ekoenergetika və biologiya" jurnalının elmi redaksiya
heyətinin üzvü Fəqan Əliyev akademik Yu tərəfindən
təltif edilib. O həmçinin Y.Məmmədəliyev və
V.Boguslavski medallarına layiq görülüb.
Hər bir insan öz taleyini yaşayır deyir Fəqan
Əliyev: "Təhsil alır, işləməyə
başlayır, ona qismət olan həyatını
yaşayır, yaradır və ömrünün bir
dövründə yaratdıqlarına baxır,
özünü aydın görür. Mənim həyatımın
xoşbəxtliyinin kökündə gördüyüm
işlər, yazdığım elmi əsərlər durur.
Kiminsə taleyində xoş bir rolum olubsa, bu, mənim
sevincimdir".
SEVİNC
525-ci qəzet .- 2024.-26 iyul,№(131).-S.15