"Qadınlarımızın
uğurlu fəaliyyəti ölkə həyatının
bütün sahələrini əhatə edir"
Azərbaycan qadını öz zəkası,
müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası,
yüksək analıq keyfiyyəti ilə hər zaman
xalqımızın adını uca tutub. Dünya mədəniyyəti
xəzinəsinə nadir incilər bəxş etmiş
xalqımızın mənəvi dəyərlərinin
formalaşmasında və inkişafında da
qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan
qadınları tariximizin bütün dövrlərində
xalqımızın taleyüklü məsələlərinin
həll edilməsinə öz sanballı töhfələrini
veriblər. Onların bir çoxunun adları çoxəsrlik
tariximizin səhifələrinə qızıl hərflərlə
yazılıb.
Azərbaycan qadını gözəl ana olmaqla
yanaşı, klassik poeziyanın ən gözəl nümunələrini
yaradıb, at belində qılınc çalıb, dövlət
idarəçiliyində öz sözünü deyib. XX əsr
bütün dünyada qadınların rolunun cəmiyyətdə
artması ilə yadda qalıb. Azərbaycan qadını istər
Xalq Cümhuriyyəti dövründə, istərsə də
sovet hakimiyyəti illərində yaradılan imkanlardan
xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə
çox səmərəli istifadə edib. Bu gün isə
müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki
yeri və rolu həm xalqımızın öz mental ənənələrinə
bəslədiyi hörmət, həm də dövlətimizin
yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir.
Çağdaş Azərbaycan qadını ana olmaqla
yanaşı, həm də bacarıqlı siyasətçi,
iş adamı, dövlət məmuru, xalqın inanıb səs
verdiyi millət vəkilidir. Bu fəallıq Azərbaycan
qadınının malik olduğu tarixi ənənələrlə
yanaşı, ölkəmizdə həyata keçirilən
gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin
tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər
istifadə üçün zəruri şəraitin
yaradılmasından irəli gəlir. Ulu öndər Heydər
Əliyevin qətiyyətli addımları nəticəsində
1993-cü ildən qadınların ictimai-siyasi həyata
transformasiyası, onların dövlət idarəçiliyində
təmsilçiliyi, bütün sahələrdə kişilərlə
bərabər hüquqlara malik olması dövlət idarəçiliyi
kursunun prioritet istiqamətlərindən birinə
çevrilib. Heydər Əliyevin Azərbaycan qadını ilə
bağlı fikirləri olduqca qiymətlidir: "Azərbaycan
xalqı həmişə qadına, onun cəmiyyətin həyatında
oynadığı rola, tutduğu yüksək mövqeyə
böyük hörmətlə yanaşmışdır.
Xalqın ən əziz, qiymətli və müqəddəs
hesab etdiyi vətən, torpaq, dil anlayışları ana
adı ilə bərabər tutulmuşdur. Qadın adına
göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti
söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü
tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin
görkəmli nümayəndələri öz əsərlərində
Azərbaycan qadınının mərdliyini, gözəlliyini,
mənəvi saflığını vəsf etmişlər".
"Dilarə Əliyeva adına Azərbaycan
Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti"
İctimai Birliyinin sədri Novella Cəfəroğlu deyir ki,
ölkədə qadının cəmiyyətdəki yeri və
rolu dövlətimizin yeritdiyi siyasət sayəsində
yüksək qiymətləndirilir. Azərbaycan qadını
analıq missiyasını yerinə yetirməklə bərabər,
həm də bacarıqlı siyasətçi, uğurlu iş
adamı, sadiq dövlət məmuru, yüksəkixtisaslı
peşəkar mütəxəssisdir. Bu cür fəal həyat
mövqeyi ölkədə uğurla həyata keçirilən
gender siyasətinin mahiyyətindən, qadınlara müasir cəmiyyətin
tamhüquqlu üzvləri kimi bütün imkanlardan bərabər
istifadə üçün zəruri şəraitin
yaradılmasından irəli gəlir: "Müstəqilliyimiz
bərpa edildikdən sonra qadınların ictimai-siyasi həyatda
iştirakı, onların dövlət idarəçiliyində
geniş təmsilçiliyi, bütün sahələrdə
kişilərlə bərabər hüquqlara malik olması
dövlət-qadın siyasətinin prioritet istiqamətlərindən
birinə çevrilib. Çünki Azərbaycan məhz
müstəqillik qazandıqdan sonra gender bərabərliyi və
qadın hüquqlarına dair beynəlxalq normalara riayət
olunması ilə bağlı bir sıra öhdəliklər
götürüb. Qadınların sosial həyatın
bütün sahələrində fəal iştirakı
üçün şərait yaradılıb və
mühüm işlər görülüb".
Millət vəkili Könül Nurullayevanın sözlərinə
əsasən, cəmiyyətdə qadına göstərilən
hörmət, ana adının uca tutulması Azərbaycan
xalqının ən yüksək ali və mənəvi
keyfiyyətlərindən biridir. Təsadüfi deyil ki, zəngin
tarixi irsimizdə, ədəbiyyatımızda
qadınlarımız müdriklik və qəhrəmanlıq
mücəssəməsi kimi vəsf olunur. "Kitabi-Dədə
Qorqud" boylarının, dahi Nizaminin, Füzulinin əsərlərinin
qadın surətləri bu gün də öz məziyyətləri
ilə bəşəri ideallara xidmət edir,
xalqımızın milli-mənəvi dünyasının nə
qədər zəngin olduğunu göstərir:
"Çağdaş dövr sivil dünyada qadın fəallığının
yüksəlməsi ilə əlamətdardır. Lakin
müasir tendensiyalar və yanaşmalar baxımından Azərbaycan
cəmiyyətində qadınların rolunun yüksəlməsi
ötən əsrin əvvəllərindən başlayır.
1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin
qadınlara seçki hüququ verməsi həm
xalqımızın demokratik dəyərlərə
bağlılığının, həm də
qadınların cəmiyyətdə gedən proseslərdə
iştirakının yüksəlməsinin göstəricisi
idi.
İradəsi, mərdliyi, saflığı, sədaqəti
ilə cəmiyyətimizdə, milli-mənəvi dəyərlərimizin
formalaşmasında tarix boyu böyük rol oynamış
qadınlarımız bu gün də müstəqil dövlətimizin
ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında
öndədirlər. Dövlətimizin yürütdüyü
məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan
qadını yüksək pillələrdə dayanır,
ölkə daxilində və beynəlxalq aləmdə
böyük nailiyyətlər qazanır, ictimai həyatın
bütün sahələrində öz sözünü inamla
deyir. Prezident İlham Əliyev qadınların cəmiyyətdəki
roluna və yerinə, onların dövlət idarəçiliyində
təmsil olunmalarına, irəli çəkilmələrinə
diqqətlə yanaşır".
K.Nurullayeva qeyd edib ki, Azərbaycan həm də
qadın hərəkatının inkişaf etdiyi dövlətlərdən
biridir. Ölkəmizdə qadın hərəkatının
formalaşmasında, Azərbaycan qadınının yüksək
dəyərlərə bağlılığının
dünyaya tanıdılmasında ölkənin Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri
xüsusi vurğulanmalıdır. Mehriban Əliyeva öz fəaliyyətini
cəmiyyətin inkişafına yönəltməklə Azərbaycan
qadınının ictimai-siyast fəaliyyətinin yeni parlaq səhifələrini
açıb. Məhz onun çoxşaxəli fəaliyyətinin,
insanlara qayğısının timsalında bütün
dünya Azərbaycan qadınının yüksək mənəvi
keyfiyyətlər daşıyıcısı olduğunu bir
daha gördü: "44 günlük Vətən müharibəsində
qazandığımız qələbədə qadınlarımızın
rolunu xüsusi qeyd etmək istərdim. Çünki Azərbaycan
qadını bu zəfəri təmin edən igid
oğulları yetişdirən, xalqımızın tarixdən
süzülüb gələn qəhrəmanlıq ənənələrini
öz övladlarına aşılayan, onları öz
xeyir-duası ilə döyüşə yola salan böyük
qüvvədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi:
"Azərbaycan qadını mərdlik və mətanət
nümayiş etdirərək, dualarla cəbhəyə
göndərib qələbə xəbəri ilə yolunu
gözlədiyi və yurdumuzun hər qarışını
canından əziz bilən bir nəsil yetişdirmişdir.
Dövlətçiliyimizə ən böyük töhfə
də, heç şübhəsiz, 44 günlük müqəddəs
Vətən müharibəsindəki qəhrəmanlığı
və şücaəti əsla yaddaşlardan silinməyəcək
bu gənc nəsildir".
Azərbaycan qadını həm də şəhid
anasıdır, şəhid bacısıdır, şəhid
yoldaşıdır, şəhid övladıdır. Ona
görə Azərbaycan qadınının başı hər
zaman uca olacaq. Qadınların cəmiyyətdəki layiqli yeri
hər bir dövlətin uğuru hesab olunur. Bu baxımdan
respublikamızda bərqərar olan demokratik mühit, həyata
keçirilən mükəmməl və mütərəqqi
dövlət siyasəti qadınlarımıza öz potensiallarını
gerçəkləşdirmək üçün əlverişli
imkanlar yaradıb. Bütün bunlardan irəli gələrək
Azərbaycan qadını bundan sonra da dövlətimizin
inkişafına və cəmiyyətimizin yüksəlişinə
özünün layiqli töhfələrini verəcək".
Millət vəkili Məlahət İbrahimqızı
bildirib ki, qadınlarımızın uğurlu fəaliyyəti
ölkə həyatının bütün sahələrini əhatə
edir: "Qadınlarımızın aktiv fəaliyyəti həyatın
bütün sahələrində olduğu kimi, ordu
quruculuğundakı xidmətləri də şərəf və
qürur mənbəyidir. Azərbaycan Ordusunun bütün
qoşun növlərində, xüsusi təyinatlı təhsil
müəssisələrində, hərbi tibb ocaqlarında və
digər sahələrdə yüzlərlə qadın xidmət
edir, Vətən qarşısında vəzifə
borclarını şərəf və ləyaqətlə
yerinə yetirirlər. Mülki işlərdə
çalışan qadınlarımızın da əməyi
yüksək qiymətləndirilir. Bu mənada Azərbaycan
qadınının ölkənin tərəqqisində
danılmaz payı var. Dövlət müstəqilliyimizin bərpasından
sonra ötən dövr ərzində Azərbaycan
qadını milli dövlət quruculuğu prosesinin fəal
iştirakçısına çevrilmiş, ölkəmizin
sosial-iqtisadi, intellektual-mədəni potensialının
artırılması üçün dəyərli töhfələr
vermişdir. Elm və təhsil, səhiyyə və mədəniyyət,
eləcə də digər sahələrdə
qazandığı uğurları ilə o öz nüfuzunu
ilbəil artırmağa müvəffəq olub. Vətəndaş
cəmiyyəti quruculuğu istiqamətində
qadınlarımızın nailiyyətləri məmnunluq hissi
doğurur".
Millət vəkili vurğulayıb ki, ölkəmizdə
gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə
rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər
həyata keçirilir: "Azərbaycan qadınları
mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə
uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni
proseslərdə fəal iştirak edir, ölkə
idmanının inkişafına böyük töhfələr
verirlər. Qadın hüquqlarının qorunması dövlət
siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadınlarla
bağlı məsələlərin həlli
üçün bir çox qanunların qəbul olunması,
fərman və sərəncamların imzalanması, beynəlxalq
təşkilatlara üzv olaraq mühüm sənədlərin
ölkəmizdə tətbiq olunması qadın
hüquqlarının reallaşması və təminatı
istiqamətində inkişafın əldə olunmasına təkan
verib. Azərbaycanda qadın hüquqlarının qorunması,
təbliğ olunması, qadınların dövlət siyasətinin
həyata keçirilməsində və qanunların qəbul
edilməsində iştirakının artırılması
dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2024.-26 iyul,№(131).-S.14.