İnadkar
Esse
Elvar adi, sıravi adamlardan biri idi. Özünü
bildiyi gündən hamı kimi yaşayır, hamı etdiyini
edir, hamı düşündüyünü
düşünür, hamı istədiyini hamı istədiyi
miqdarda istəyirdi. Camaatdan nə gözə çarpacaq qədər
irəli gedir, nə də gözə çarpacaq qədər
geridə qalırdı. El hayana, Elvar da o yana...
...Sonra köhnə quruluş həm himindən, həm
də damından sökülüb dağılmağa
başladı. O sökülüb dağılanda Elvar dedi:
"Elliklə gələn toy-bayramdır".
Köhnə quruluş yerlə-yeksan olandan sonra, yəni
ondan qorxu, xof əsər-əlaməti qalmayandan sonra Elvar -
"Palaza bürün, elnən sürün!" - deyib,
başına beş üç adam, qohum-əqrəbə,
tanış-biliş toplayaraq hamı kimi milli azadlığa
xidmət edən bir partiya yaratdı, adını qoydu "El
var".
İndiyə qədər millət, azadlıq barədə
qəti düşünməyən Elvar gündüzlər
(boş vaxtlarında), gecələr (mürgüyə gedənə
kimi) millət, vətən və azadlıq barədə
düşünməyə başladı. Bu müşkül
iş əvvəl başdan Elvara da müşkül
göründü, amma get-gedə bu mövzuya
alışdı, elə alışdı ki, nəticədə
əməlli-başlı alovlandı.
Sən demə, vətən haqda, millət barədə,
onun azadlığı uğrunda düşünmək necə
asan, necə də xoşhallandırıcı bir məşğuliyyətmiş,
çətini düşüncənin gözünü bulaq
gözü kimi açana qədər imiş. Adam oturub bu barədə
düşünəndə (düşünməyə
başlaya bilsə) xəyalına min cür fikir, ideya, təşəbbüs,
proqram, təklif, bəyannamə, nizamnamə, məramnamə
və sair və ilaxır gəlir, hələ azadlığa
çağırışları, dərin məzmunlu milli
şüarları demirəm.
Elvar bu sahədə özünün əsl
istedadını, coşqun qabiliyyətini aşkar etdi. Millət
barədə düşünmək istəməyəndə
belə millət barədə düşünürdü, məmləkətin
istiqlalı haqda fikirləşməyəndə də məmləkətin
istiqlalı haqda fikirləşirdi. Ayda bir dəfə olan
partiya iclaslarını əvvəlcə beşə, sonra on
beşə, daha sonra otuz beşə, otuz beşdən də
qırx beşə qaldırdı. Neynəməli, əks təqdirdə
cidarsız ideyalarını və cilovsuz fikirlərini
partiyanın üzvlərinə deyib çatdıra bilmirdi.
Elvar bir gün gördü ki, özü barədə
düşünəndə - millət barədə, millət
barədə düşünəndə özü barədə
düşünür. Elə bu gündən etibarən dibi
görünməyən mürəkkəb fikirlərini qəzetlərdə
verməyə, çoxsaylı müsahibələrdə
söyləməyə başladı. Yeri gəldikcə
özünü ən ali kürsülərdə
gördüyündən dəm vurmağa girişdi.
Millət, ölkə, azadlıq barədə elə
çox düşünür, elə sıx fikirləşirdi
ki, bəzən bu sayaq fikirlərdən usanmış halda
vicdan əzabı çəkərək millət haqda daha nə
fikirləşəcəyi barədə
düşünürdü. Heç kəsin ağlına gəlməyən
Elvarın ağlına gəlsə belə, yenə necə
fikirləşmək, necə düşünmək
yanğısı içində qovrulurdu.
Bəzən aylarla iştahasını
küsdürür, aclıq elan edib milli müstəqillik barədə
yeni, hələ insan şüuru tərəfindən kəşf
olunmayan düşüncələrə dalırdı.
Aclığın ilk mərhələsində azadlıq
soraqlı düşüncələri gödəndən o
yana getməsə də, sonrakı mərhələlərdə
bekarlıqdanmı, aclıqdanmı, Elvarın əzabkeş
şüuru lap gicəllənir və başına olmazı
xülyalar, ilğımsayağı niyyətlər dolurdu. Həmin
günlərdə o lap əldən gedir, partiya dili ilə desək,
radikallaşır, ipə-sapa yatmırdı. Belə olanda
partiyanın yerdə qalan üzvləri boğaz çəkib
yalvara-yalvara onu qılıqlayıb yağlı tikələrə
tuturdular. O da tikədən-tikəyə, yəni tikələri
ötürə-ötürə hiss edirdi ki, olub qalan
ağlı özünə qayıdır.
Son vaxtlar Elvar öz başındakı fikir
axınının, daha doğrusu, yaz aylarında daşan
çaylar kimi coşan fikir selinin qarşısında aciz
qaldığını hiss etməyə, bəzən də dərk
etməyə başlamışdı. Bu nə qəribə
şey imiş, başlamasın, başladısa, dağ
başından diyirlənən qar uçqunu kimi heç kəs
qarşısını ala bilməz, özü də əsl
qar uçqunu kimi get-gedə böyüyür,
gurlaşır, hamının, hər şeyin,
yerin-göyün tabeliyindən çıxır.
Elvar, beynində baş alıb gedən fikir selinin
qarşısında öz acizliyini anlayandan sonra (tək, lap tək
qaldığı anlarda) onu da dərk eləyirdi ki, bu partiya
deyilən şey, millət, el-oba uğrunda
çarpışmaq heç ona lazım da deyil, sadəcə
bu gərəksiz şeyləri zəhrimar zaman gətirmişdi,
hərə bir partiya yaratmışdı, Elvar da eldən
ayrılmamışdı. İndi isə: "Elvar da
düşüb axına, min şey gəlir ağlına"
(Bu atalar sözünü özü düzəltmişdi, amma
heç kəsin yanında demirdi, tək qalanda güzgü
önündə durub özünə göz basaraq, bəzən
də öz yorğun çöhrəsinə
yazıq-yazıq baxaraq həmin zərb-məsəli təkrarlayırdı).
Elvar tək qalanda onu da anlayırdı ki, aclıq elan etməzdi,
özü də dünyanın bu vaxtında, onsuz da yer
kürəsinin yarısı bir qarın aç, bir qarın
tox dolanır. Elvar onu da bilirdi ki, "qarın qardaşdan
qabaqdır". Amma qeyri-ixtiyari qoşulduğu bu keşməkeşli
iş, bu işdən doğan fikir axını, bu axından
qidalanan hadisələrin gedişatı elə gətirirdi ki,
Elvar istər-istəməz höcətləşib aclıq
elan etməli olurdu. Heç kəs bilmirdi ki, Elvar öz
aclığına ürəyinin dərin qatlarında
hamıdan çox acıyır, bunun məhz belə
olmasına hamıdan çox peşmandır, hamıdan
çox yemək istəyir, məsləkdaşları ona ye
dedikcə ağzının suyu tökülür, amma neynəməli,
necə deyərlər: "Çünki oldun dəyirmançı,
çağır gəlsin dən, Koroğlu!"
Belə anlarda, tənhalıq məqamlarında Elvar
içindən qanrılıb geriyə baxır və o
günlər üçün, adi, sıravi insanlardan biri
olduğu günlər üçün burnunun ucu göynəyir,
bu göynərtidən ürəyinin başına od
düşürdü.
İmir MƏMMƏDLİ
525-ci qəzet .- 2024.-26 iyul,№(131).-S.13.