Ölüm hələ
son deyil...
("Ayrılığın
üzü dönsün..." silsiləsindən)
Hər bir yaranan əvvəl-axır bir gün
ölüm şərbətini içir. Ancaq
ölümün də möhtəşəm olanı var.
Ömrü boyu "özü" ola-ola qalmağı
bacarıb məzmunlu bir həyat sürənlər
üçün ölüm hələ son deyil, bir
keçiddi. Elə Əli Babayev kimi! Elinin-obasının,
dostlarının, onu tanıyanların, sevənlərinin, ən
çox da, şübhəsiz ki, öz ailəsinin,
ömrünün davamını yaşayan
övladlarının istinadlarında, yaddaşında əbədilik
ünvanı qazananlardan olub o.
lll
Həyat özü də bir sınaqdır. Elə bir
sınaq ki, yaşadıqca gah o səni qınağa çəkir,
gah da sən onda günah axtarırsan. Əsas məsələ
isə, əlbəttə, bizi əhatə edənlərlə,
onlarla münasibətlərimizin qarşılıqlı tənzimlənməsidir.
Əli Babayev azad düşüncə sahibi idi.
Arzularını boğmaqla işi yox idi. Düşüncəsinə,
həyat düzəninə kənar müdaxilə
mümkünsüz idi. Yəqin ki, kimsələrin "belə
yaşamaq lazımdır" qayəsini özünün həyat
prinsipinə çevirənlər onun nəzərində
heçə bərabər idi...
Ancaq burası da var ki, məhz belə azad ruhlu, həyat
eşqi dolu, özünə inam, qondarma, saxta
"qaydalara" sığmayanlar, dünyaya gəldiklərindən
bəri özünü qoruyub saxlayanlar üçün
ömür və yaşam elə də asan, rahat keçmir...
lll
Etimad edilən vəzifə ilk növbədə
ağır bir məsuliyyətdir və əlbəttə, həm
də şərəfdir. Zənnimcə, bəzən heç
də caiz olmayan kimlərinsə nəzərində, necə
deyərlər, bunun şöhrət tərəfi də var.
Vəzifəyə şəxsiyyətin kimliyini müəyyən
edən amil kimi baxmağı da düzgün hesab etmirəm.
Kişinin şəxsiyyəti onun mənəviyyatı, ləyaqəti,
əməli işləri ilə bəlli olur. Əlbəttə,
qulluq mövqeyi ali insani dəyərləri ilə tamamlananlar
bütöv adamlardır...
lll
Əli Babayev də vəzifəcə Biləsuvarda
birinci şəxs olanda da, vəzifədən gedib fərdi təsərrüfatı
ilə məşğul olanda da, eləcə Əli müəllim
idi. Vətənpərvər idi. İçində dərin
bir Azərbaycan eşqi vardı. Millətimizin tarixi
Şanlı zəfəri bir vətəndaş kimi
qanadlandırırdı onu.
Həm də çox təəssübkeş adam idi,
dostumuz Mirzəli şahiddir, görüşlərimizdən
birində Ali Baş Komandanın qətiyyətindən, şəxsən
tanıdığı hərbçilərimizin şücaətindən
danışanda necə alışıb yanırdı. Biləsuvarın
Vətən yolunda şəhid övladlarının hər
birinin xatirəsini ata məhəbbəti ilə yad edir,
kövrəlirdi.
lll
Hər bir insanı dost dediyi, dost bildiyi şəxslə
bəlkə də hardasa nəsə bir istək birləşdirir.
Əli müəllim isə dosta istəyi doğmalıqla dəyərlənib
bütövləşdirirdi.
Onunla tanışlığımız ötən əsrin
səksəninci illərindən bizim nəslin indiki
yaşlı nümayəndələrinin ülvi
arzularının zirvəsi, gəncliyin qaynar həyat
qaynağı olan komsomol dövründən, o təşkilatda
hər ikimizin rəhbər vəzifədə
çalışdığımız illərdən
başlamışdı. Mən Lerik rayonunda komsomol komitəsinin
ikinci katibi, Əli Babayev Biləsuvar rayonunda, Rayon komitəsində
şöbə müdiri işləyirdi.
Tanışlığımız sonralar elə o ötən əsrin
doxsanıncı illərində mən Lerikdə, Əli
müəllim isə Biləsuvarda rayon icra hakimiyyətinə
başçılıq etdiyimiz vaxtda dostluğa çevrildi.
Yeri gəlmişkən, gəncliyində
çılğın həyat eşqi ilə alışıb
yanan komsomol fəalı Əli başçı olarkən də
elə o hal-əhvalda, ancaq daha qətiyyətli, özünə
və rayon rəhbəri kimi qarşıda duran vəzifələrə
öz yaradıcı münasibəti ilə fərqlənirdi.
Xatırlayıram, bir dəfə
müştərək söhbət zamanı vəzifəcə
bizdən yüksək məmurlardan biri Əli Babayevin elə
üzünə: - "İti ağlın, cəsarətli
düşüncən səni daim çətinliyə çəkəcək,
qərəzli rəqiblərin çox olacaq", -
demişdi...
lll
Hər dövrün, zamanın fərqli özəllikləri
var. Ötən əsrin doxsanıncı illəri ilə
yaşadığımız bu gün arasındakı fərqi
görməmək, xüsusən, ötən o dövrü
yaşayanlar üçün mümkün deyil. Bu gün
çiçəklənən, dünyanın hər yerindən
görünən Qalib, Qüdrətli Azərbaycanla o
dövrün - müstəqilliyini yenicə qazanmış,
iqtisadiyyatı çökmüş, köhnə iqtidarın
idarəçilikdə səriştəsizliyinin acı həqiqətləri
ilə üz-üzə qalmış Azərbaycanı tamam fərqlidirdı.
Yurd-yuvalarından didərgin düşmüş
qaçqınların, məcburi köçkünlərin
qayğılarını çəkmək, onlara təskinlik
verib toxtatmaq, yerbəyer edib yerləşdirmək, elə-belə,
asan məsələlər deyildi. O zamankı rayon rəhbərlərinin
daha bir vacib vəzifəsi də yerli əhalinin
dolanışıq qayğısı, əmin-amanlıq,
gündəlik həyat və məişət problemlərinin
ən azı minumum həllinə nail olmaq idi. O dövrün
bu çətinliklərini görməyib, indi bəlkə
başqa cür düşünənlər də ola bilər.
Ancaq Əli Babayev Biləsuvarın iqtisadi yüksəlişi,
əhalinin dolanışığı, abadlıq-quruculuq
işlərinə böyük səy göstərir, o
vaxtların ən çətin vəzifələrindən
olan aqrar islahatların yerinə yetirilməsi üçün
səylərini əsirgəmədi...
lll
Əli etibarlı dost, yaxşı yoldaş idi. Uzun
illər gah uzaqdan, gah da yaxından yoldaşlıq elədik, həmdəm
olduq. Zaman keçə-keçə münasibətimiz
heç dəyişmədi, aramızda
qarşılıqlı səmimiyyət, həm də
subardinasiya pozulmadı. Baxmayaraq ki, dediyim kimi, Əli müəllimin
hələ xarakterindən irəli gələn bir ərköyünlüyü
də vardı. Məhz bu ərköyünlüyü bəlkə
də təkcə bir ərk yox, həm də daha çox qətiyyətə,
şirin, səmimi "hökmə" bənzəyirdi.
lll
O, ixtisasca kənd təsərrüfatı mütəxəssisi
idi. Ciddi, yaradıcı, iqtisadi təfəkkürü
vardı. Kitaba, ədəbiyyata marağını heç
soruşmamışdım. Ancaq onunla hər söhbət,
oturub durmaq, mükalimə, elə məzmunlu, elə
sanballı idi ki, alt qatı ilə də həmsöhbətini
düşündürən dərin bir kitab idi...
lll
Yaxın ünsiyyətdə idik, ailəvi münasibətlərimiz
də yaranmışdı. Bir neçə dəfə
Aranın istisindən bəzəndə bizim dağlara üz
tutdu, hətta ailəvi gəlişlərinin birində hələ
indiyəcən də sancılı günlər
yaşadığım rayon mərkəzindəki qayanın
sinəsindəki yığcam "komamızda" ailəsi
ilə gecələdi.
İyul ayı idi. Səhər çayı
üçün evin arxasında, divarla qayanın arasında,
kölgədə stol qoyub süfrə
açmışdılar. Oturduq, heç on dəqiqə
ötməmişdi ki: "Üşüdüm, günəş
tutan yerdə oturaq", - deyib ayağa qalxdı..
Mən də bir ara ona: "Bizim dağlara gələndə
özünlə günəşdən boğça tutub
götürməyi unutma", - deyə sataşdım.
Sevgi ürək hadisəsidi, musiqidi, şeirdi, nəğmədi...
Bizim nədənsə qəbul etdiyimiz qaydalar,
özlüyümüzdəki müəyyənliklər,
izahlar bu hissi çox vaxt çərçivəyə
salır. Sevgini idarə etmək çətindir. Sevgiyə əmr,
hökm etmək, məcbur etmək də mümkün deyil.
Belə mükəmməl ali duyğu hər kəsə nəsib
olmur...
Mənim tanıdığım Əli müəllim
ailəsinə, övladlarına, yaxınlarına münasibətində
məhz bu duyğulara sahib olan və onu yaşayan tək-tük
insanlardan biri idi.
lll
İlin xəzan fəsli, səhv etmirəmsə,
dekabr ayı idi. Bakıda çox əhəmiyyətli,
mötəbər bir tədbirdəydik. Toplantı uzanıb
axşamtərəfi yekunlaşdı. Həmin gün rayona
qayıtmaq fikrində deyildim. Ən azı paytaxtda əlavə
bir gün də qalıb rayona aid qayğıların, vacib məsələlərin
həlli ilə məşğul olmalı idim.
Yanaşı oturmuşduq (demək olar ki, iştirak
etdiyimiz bütün tədbirlərdə çiyin-çiyinə,
yan-yana otururduq).
İclas bitər-bitməz: - Rayona qayıdaq, - dedi.
- Mən bir-iki gün qalmalıyam, - dedim. - Bəzi
vacib işlərim var.
O, az qala, elə özünə məxsus,
"hökmlə":
- Yox ee, inciyərəm, mən qayıtmalıyam, sənsiz
də yol uzanar, ləzzəti olmaz, gərək birlikdə
dönək, - dedi.
- Gec olar, axşam düşür, gecəgözünə
bu qədər yolu geri qayıda bilmərik. Sabah yola
düşərik, - deyə onu fikrindən döndərməyə
çalışdım.
O isə öz dediyində israr edib:
- Lerikəcən yolu yarı edərsən, gecə bizdə
qalarsan, sübh erkəndən də qalxar, çıxıb
rahatca yol gedərsən.
Nə isə, daha nə edim, dostum
"hökm"ünü vermişdi, xətrinə dəyə
bilmədim, ikimiz də bir maşında geri döndük. Elə
onun miniyində əyləşmişdik, üzü Biləsuvara
yola düşdük.
lll
Biləsuvara, rayon mərkəzinə çatanda
öz maşınıma keçib yoluma davam etmək fikri ilə,
sağollaşıb ayrılmaq istədim,
razılaşmadı, "olmaz, belə ayrıla bilmərik",
-dedi.
- Daha buracan bir yerdə əylənib
dayanmamışıq, evə gedək, səni çox
yubatmayacam, yüngülvari bir çay içək, sonra yola
salaram, - dedi və heç razılığımı almadan
sürücüsünə:
- Haydı, tərpən, evə sür, - deyə səsləndi.
Gəlib həyətlərinə yetişəndə,
maşından düşəndə hiss etdim ki, deyəsən,
evdə başqa qonaqlar da var.
Demə, o gün Əli müəllimin sevimli oğlu
Məhəmmədin doğum günü imiş, ad
gününü qeyd edirmişlər. Qardaşım məni
öz sevimli övladının ad gününə beləcə
çəkib gətiribmiş.
Yeri gəlmişkən, oğlu Məhəmmədə,
zənnimcə, xüsusi bir ata münasibəti var idi. Bu da
onun doğum günü ilə bağlı idi. Məhəmməd
Əli oğlu Babayev doğulan gün, demə, çox
hörmətli Şeyximiz Allahşükür Paşazadə
Biləsuvar rayonunda səfərdə imiş. Əli Babayevə
xəbər gətirirlər ki, oğlun olub. O da bu xoş xəbəri
Şeyxə çatdırır, sonra da: - Şeyx Həzrətləri,
adını siz qoyun, - deyir. Şeyx Həzrətləri də:
- Adı Məhəmməd olsun, - deyib çağaya bu
gözəl ismi verir.
Şənlikləri, yaxın dost, həmdəmlərlə
oturub-durmağı çox xoşlayırdı Əli Babayev.
Hər belə tədbirlərə xüsusi bir münasibəti
var idi. Bayağılıqdan uzaq, məzmunlu və
ağır-batman, ahəngli məclisləri sevirdi.
lll
...O gecə o vaxtacan hələ
tanımadığım dostları ilə
görüşdüm. Yeni tanışlar qazandım. Məşhur
tarzən, indi Xalq artisti Zamiq Əliyevin və kamança
ustası, indi haqq dünyasında olan Ədalət Vəzirovun
(sonralar o da Xalq artisti adına layiq görüldü)
müşayiəti ilə o zaman Özbəkistan
Respublikasının Səmərqənd şəhərində
"Qran pri" mükafatını yenicə almış,
indi isə Xalq artisti, gözəl sənətkar kimi geniş
tanınan Simarə İmanovanın ifasında mahnılar dinlədik.
Gözəl, indiyəcən hər anı yadımda qalan bir
gecə keçdi.
Nə qədər təkid etsə də, qalıb gecələməyə
razı olmadım. Gecənin dərin vaxtı, saat 3-də
sağollaşıb ayrıldıq. Mən Lerikə, evə
çatanda sübh açılırdı...
lll
Əlinin böyük oğlu Şahların, sevimli
qızları Fidanın, Gülnarın toyları çox
şən, gurultulu keçmişdi. Dost, yaxın yoldaş
kimi övladlarının səadət məclislərində
iştirak etməyə dəvəti ilə bizim ailəmizi də
şərəfləndirmişdi.
Bu il, onun vəfatı səbəbilə xeyir işi
iki il gecikdirən oğlu Məhəmmədin toyu oldu. Onsuz.
İndi bu sətirləri yazarkən düşünürəm
ki, bəlkə elə buradada bir ilahi hikmət var. Toyunu
görməyə ömrü vəfa etməyən dostum
oğlu Məhəmmədin 1 yaşında elə bir gurultulu
toy qədər gözəl, hələ də unutmadığım,
elə digər dostlarının, ailəsinin həmişə
xatırlayacağı belə bir məclis qurmuşdu...
İndi elə ilk andan, məclisin
başlanğıcından qonaqların yerbəyer edilməsindən
tutmuş musiqi tərtibatı, açılmış süfrə,
hər şey Şahların, Gülnarın, Fidanın
toylarındakı kimi düzülü, nizamlı, təmtəraqlı
idi. Bütün bunları mütəəssirliklə seyr edə-edə,
məclisə baxa-baxa sanki görürdüm onu. Məclisdəki
cərgələrin arası ilə şax duruşu, şux
addımları ilə bir-bir masalara yaxınlaşır,
qonaqları ilə dil-ağız edirdi sanki. Özü yox idi,
ortada deyildi, ancaq mənə belə gəlirdi ki, yox, dostum elə
burdadır... Baxırdım, məclisi izləyirdim.
Övladlarının toyuna gələn hər kəs məclisin,
əlbəttə, əsas tələbinə, ahənginə
uyğun deyib-gülüb şənlənməyə, yeni ailə
quranlara xeyir-dua verməyə çalışır, özlərinin
xoş əhval-ruhiyyələrini göstərmək istəyirdilər.
Əslində əksəriyyət bu əhval-ruhiyyədə
idi. Ancaq pərişanlığını daxilindəki
hüznlə "ört-bastır" edə bilməyənlər
də var idi. Əli müəllimin ömür-gün
yoldaşı İradə xanıma baxdım. Sevinci
üzündə donmuş, fərəhi küsən uşaq
kimi nəzərlərində boylanır, amma...
Gözünün yaşı ürəyində, ürəyinin
ağrısı da çöhrəsində idi. Sanki, bax elə
indicə hıçqırıb ağlayacaqdı. Udqunur,
kipriklərini endirib, göz qapaqlarını sıxıb,
tez-tez əks tərəfə dönürdü. Ancaq ortadan
çəkilib gedə bilmirdi, çəkilə bilməzdi,
söz vermişdi yəqin, ömür-gün
yoldaşının ruhu inciməsin deyə elə onun xatirinə
sevimli oğlunun, artıq çoxdan yubanan toyunu etməliydi və
o bu toyda qol qaldırıb oynamalıydı... İradə
bacım o toyda oynadı da, ağladı da. Göz
aydınlığı vermək üçün oturduğu
masaya yaxınlaşdım, salamlaşıb elə kəlmə
kəsmək istəyirdim ki, "özümü güclə
saxlayıram" - dedi və hönkürdü. Qəhərdən
boğuldum. Övladına görə dilimə gətirmək
istədiyim arzularımı ürəyimdə
pıçıldadım...
lll
Sazəndələr "Heyvagülü"
çalırdılar. Bu onun havasıydı.
Xatırlayıram, gözəl rəqs edərdi. Qol
qaldırıb yaxşı oynamağı vardı. Rəqsindən
çox, şax ağayana duruşu ilə, ayaqlarının,
qollarının hərəkətinin bir-birini qoşa
tamamlaması necə də ahəngdar alınırdı.
Dostum sözün əsl mənasında "Baba igid" adam
idi.
Hə, "Heyvagülü" onun havasıydı.
"Heyvagülü"nün havasına oynamırdı,
sanki pəncələrinin üstünə qalxıb
uçurdu.
lll
İnsanlar fərqli görkəmdə, sir-sifətcə
müxtəlif rəngdə olduqları qədər də
ayrı-ayrı düşüncəyə malikdirlər. Hər
kəs başqasını onun layiq olduğu qədər yox,
özünün başa düşüb anladığı qədər
dəyərləndirə bilər. Əli Babayev mətin, qətiyyətli
adam idi. Nə düşüncəsini gizlədib pərdələyə
bilirdi, nə də ötkəmliyini yerə qoyanlardan idi. Sərrast,
sözünün sahibi kişilərdəndi.
lll
...Daim əlaqə saxlayırdıq. Mütəmadi
görüşlərimiz də olurdu. Son vaxtlar Şimal tərəfə,
bizim rayondan yolu düşəndə adlayıb atüstü
keçməzdi, görüşür, süfrəmizi təzələyirdik.
Onu itirdiyimiz o yayda əlaqələrimiz nəsə
birdən-birə lap sıxlaşmışdı. Dostları
ilə Naftalana istirahətə gedəcəyini bildirib: "Sən
oralarda işləmisən, tanışların, dostların
olar" soruşmuşdu. Mən də olanını:
"Əlbəttə, dost da var, Goranboyda, Ceyhun Həsənov
kimi qardaşlar da".
Yerbəyer olandan sonra dostlarla
görüşmüşdü. Hətta mənə:
- Ceyhun sənə dost yox, ideal qardaşdır, -
mülahizəsini də dilə gətirmişdi.
Xatırlayıram, istirahətdən tez döndülər.
Əli - o "nazik" adam:
- Yoldaşlarımızdan biri xəstələndi,
Ceyhun inciməsin, dönmək məcburiyyətində
qaldıq, - deyə üzrxahlıq eləmişdi.
Demə, qarşıdan daha bir hekayə, əbədi
ayrılığın başlanğıc hekayəsi də
varmış.
Tələbəlik illərindən üzü bəri
münasibətlərinə, dostluqlarına heç kölgə
düşməyən Mirzəli müəllim mənə zəng
edərək: - Əli xəstələnib, Bakıya gətirmişik,
- dedi, - xəstəxanadadır. Onu da əlavə etdi ki, bəs
yaxşıdır, qorxulu bir şey yoxdur. Belə deyib məni
sakitləşdirəndən sonra:
- Deyirlər, bu xəstəxanada sənin həmyerlin olan
bir kardioloq var, xəbərdar etsən, Əli müəllimi
diqqətdə saxlasa, yaxşı olar.
Mən də elə dərhal arayıb həkimlə
danışdım:
- Xəbərim var, qorxulu heç nə yoxdur,
ötüb keçəcək, - deyə həkim dostum da təsəlli
verib məni sakitləşdirdi.
lll
Ancaq demə, belə deyilmiş. Çox sevdiyim o
qürurlu insan, yaxşı dost, etibarlı yoldaşla bir daha
zəngləşib danışmaq mənə qismət
olmadı. Yenə Mirzəli müəllim: - Əli Babayev
dünyasını dəyişdi, ürəyi qəfil
dayandı, - deyərək özü hönkürüb məni
də durduğum yerdə sarsıtdı, telefon əlimdən
düşdü.
İndi toxtaqlıq tapıram, bu da bir təsəllidir
ki, Əli müəllimin dəfninə, son mənzilə yola
salınması üçün Biləsuvara özümü
çatdıra bildim...
Ruhu şad, mənəvi ömrü əbədi olsun əziz
dostumun!
12 iyul 2024-cü il.
Novruz NƏCƏFOĞLU
525-ci qəzet .- 2024.-26 iyul,№(131).-S.12;13.