Musiqi tərcümanı

 

Esse

 

 

Oğlan qıza deyir: "Sən mənim qəlbimin tərcümanısan". Qız təbəssümünü gizlətmir. Çünki oğlan əslində onun daxili dünyasından xəbər verib, qəlbindəkiləri ifadə edib, könlündəkiləri əks etdirib.

Oğlan İsmayıl bəy Qaspıralıdır; Parisin Sorbonna universitetini yenicə bitirib gəlib. Qız Zühre (Zöhrə) Akçuralıdır; İsmayılın könül elçisi - sevgilisi. Əsl "Tahir - Zöhrə" dastanıdır. İsmayıl bəy sonralar, 1883-cü ildən həyatla vidalaşana qədər, Krımın Bağçasaray şəhərində "Tərcüman" adlı qəzet buraxıb. Və bu məşhur qəzetdə "tərcüməçilikdən-tərcümanlıq"dan daha çox gələcək idealların ifadəsinə yer verib.

...Tərcümə sənətindən danışarkən, adətən, xalqlar, insanlar arasında mənəvi körpü olaraq danışılır. Hələ qədim yunan mifologiyasından üzü bizə bütün dillərin tərcümanı kimi Hermes qəbul edilir. Məhz o, tərcüməçilərin əcdadı sayılır. Təsadüfi deyil ki, Hermes adı da elə "tərcüməçi" mənasını verir. O, durnaların uçuşunu seyr edərək ilk yeddi hərfi kəşf edibmiş. Delta hərfini səmada "yerləşdirmək" də onun adı ilə bağlıdır.

Könüllərin dilə gələn duyğularına - poeziyaya gəlincə, bəzi sənətkarlar tərcümənin əleyhinə olublar. Məsələn, məşhur tənqidçi-folklorçu J.Jacobs belə buyurur: "Poeziyanı tərcümədə oxumaq - qadını tül örtünün, duvağın üstündən öpmək kimidir".

Təbii ki, tərcümənin lehinə və əleyhinə olan "səslər"i saymağı qarşıya məqsəd olaraq qoymamışıq. Çünki bütün hallarda tərcüməçilər qarşılıqlı anlaşmanın canlı körpüsüdürlər və kimsə bunu qəti şəkildə inkar edə bilməz!

Amma Qalaktion Tabidze də arada-sırada poeziya tərcüməsini razılıqla qarşılamayıb. Hesab edib ki, belədə şeirin şirəsi sorulub gedir.

Məsələn, Nodar Dumbadzenin xatirələrində belə bir epizod var: "Kitab mağazasında Lermontovun gürcücə yenicə çıxmış kitabını alırdım. Bunu görən Qalaktion dedi ki, Lermontovu rusca oxumaq lazımdır... məni isə yalnız gürcücə".

Poeziyanın nəbzini tuta bilən duyğu vaqiflərinə görə, Qalaktionun şeirlərində qeyri-adi musiqililik var; təbii ki, nəcib-incə lirizmə, dərin həssaslıq və bədii təmizliyə, ekspessivliyə, obrazlı emosionallığa malik poeziyanı tərcümə eləmək asan deyil.

Musiqililiyin yanında nəfəs alaq; çünki bu yerdə Volterin bir sərhesab sualı var: məgər musiqini tərcümə etmək olar?

Ola bilər ki, Qalaktionun tərcümə ilə bağlı çox incə mətləblərdən də xəbəri olub. İndi burada gətirdiyim iki nümunəyə oxşar:

a) Alber Kamyu Latın Amerikasına səfəri zamanı bir nəfər tərcüməçi ilə tanış olur. Tərcüməçi öz tərcüməsində tanınmış fransız şairi F.Viyonun şeirlərini Kamyuya oxuyur. Tərcümə o dərəcədə uğursuz imiş ki, Kamyu hirsini cilovlaya bilmir və tərcümələrini hələ də həvəslə oxuyan tərcüməçiyə deyir:

- Əgər indi bu əsərləri təcili geriyə - orijinalın dilinə (yəni fransızcaya) çevirməsən, səni məhkəməyə verəcəm"!

b) Ötən əsrdə Almaniyada belə bir ədəbi eksperiment keçiriblər: Rilkenin bir şeirini əvvəlcə ingilis dilinə, ingilis dilindəki tərcümədən ispan dilinə, ispan dilindəki tərcümədən isə yenidən alman dilinə çevirirlər. Nəticədə... tamam başqa bir mətn alınıb.

Bəlkə X.Borxes buna görə belə deyibmiş: "Dediyimi yox, demək istədiyimi tərcümə edin!"

Mən Qalaktion Tabidze haqqında kitab müəllifi olaraq bir şey də deyim: qəlb tərcümanının kimliyini hamıdan artıq vaqiflər bilir; məsələn, Şekspirin Viland tərəfindən alman dilinə tərcümə olunmuş əsərləri Höteyə və Şillerə tarixən necə böyük təsir göstəribsə, çox sayda qiymətli tərcümələr də sonrakı nəsil yazarlara oxşar təsir göstərib.

Maraqlı burasıdır ki, şeir tərcümədən sonra da öz poetik havasında qalıbsa, hərdən-birdən orijinal qədər, hətta daha güclü də görünə bilir.

Lakin N.Zabolotski demiş, tərcümələr də var ki, "Kolizey xarabalıqlarına oxşayır".

Qalaktionun ruscaya və azərbaycancaya olan barmaqhesabı tərcümələri mənə çox şey verib və gürcü dilini mükəmməl bilməyən bir müəllif olaraq, bəlkə də xeyli faiz məhz bu bəyəndiyim tərcümələr sayəsində mən "Qalaktionu yazmaqdan" bircə anlıq da olsun vaz keçmədim və yazı zamanı aldığım nəfəsin də məhz təzə nəfəs olduğuna əmin oldum.

Yekəxanalıq olmasın: hətta Volterin "məgər musiqini tərcümə etmək olar?" sualının cavabını tapmaq ərəfəsini də gördüm. Elə bir ərəfə ki, ustad Vaqif Bayatlı demiş, "qərib səs gözəldir qeybdən gələndə".

Yadımdadır, Sovetlərin dağılhadağılında Azərbaycan mühitində Gürcüstandakı tərcümə mərkəzlərindən ağızdolusu danışırdılar. Sonralar Azərbaycanın özündə də belə tərifəlayiq mərkəzlər yaradıldı. Həmin tərcümə mərkəzlərinin işinin dəyərini kimsə düşürə bilməz. Lakin indiyədək görmədim ki, istər Gürcüstanda, istərsə də Azərbaycanda tək bircə nəfər tərcüməçi bu yolda, Aşıq Ələsgər demiş, "tərki-vətən" ola və tərcümə eləməyə özü axtarıb bir müəllif tapa; gərək layihə həyata keçirilə, gərək kimsə sifariş verə, ya da yuxarılardan tezbazar tapşırıqlar verilə.

Gərək, mənəvi olaraq, tərcüməçi özü arada-sırada bir "Tərcüman" qəzetinə, bir "Mütərcim" nəşriyyatına, ya da bir Tərcümə Mərkəzinə çevrilə bilə! Təbii ki, ac qarınla da işləməyə, tərcüməçi-şair olaraq ona-buna çibindən üşüdüyünü şikayətə qalxmaya, axşam balalarına aldığı payı sinəsinə sıxa-sıxa əməyinin qiymətləndirildiyi üçün Yaradana bir şehli sözlər dolu dua da göndərə.

Çünki şair İ.Annenski demiş:

 

 

И было мукою для них,

Что людям музыкой казалось.

 

Bu sitat tam ayrı mövzuda yazılsa da, hesab edirəm, burada da yerinə düşür: "Mənə musiqi olaraq görünə bilən bir başqasına əzab-iztirab ola bilər". Burasını dərk eləmədən həyatda heç bir nizamdan söhbət gedə bilməz.

1958-ci ildə Nobel mükafatına layiq görülmüş B.Pasternaka qarşı Sovet İttifaqında ittihamlar, təqib və böhtanlar kampaniyası başladılmışdı. Hətta KQB-nin gələcək rəhbəri Pasternakı donuzdan betər heyvana bənzətmişdi. Onun "təbir"incə: "Donuzlar belə, yediyi yeri batırıb-bulamadığı halda, Pasternak öz paskvilləri ilə çörəyini yadiyi vətəni batırıb-bulayırmış". Müttəfiq respublikalarda da Pasternaka qarşı şıdırğı imzatoplama kampaniyaları gedirdi. Onda Qalaktion "Pasternak üçün zəhər mətni"ni imzalamaqdan imtina etmişdi. İntiharının səbəblərindən biri olaraq bu da göstərilir.

Lakin N.Barataşvili və V.Pşavela kimi klassikləri, Paolo İaşvili (1937-ci ildə intihar edib), Titsian Tabidze (Qalaktionun əmisi oğlu; 1937-ci ildə güllələnib) və digər müasirləri həvəslə tərcümə edən Pasternak Qalaktionu çevirməmişdi. Səbəb olaraq da Qalaktiondakı hədsiz emosionallıq və ekspessivliyi irəli çəkmişdi: şeirlərdəki mübhəm musiqi, orijinallıq, iç mənalar, güclü metaforalar və obrazlılıqlar itər mənasında.

Musiqi, bəlkə, doğrudan da, yuxuya oxşayır; yəni Berhovenə inanmamaq olarmı?

2000-ci ildə Qalaktionun üstündən intihar günahını silən gürcü Pravoslav kilsəsinin qərarına da sanki bir Payız sonatası qoxusu çöküb.

...Onun bir şeirini İmir Məmmədlinin tərcüməsində bu yazıya əlavə edirəm. Oxuyanlar erkən evlilik problemlərini yenidən qaldırmazlar, inşallah!

 

On üç yaşındasan...

 

On üç yaşındasan, inan Allaha,

Eşqinin önündə aciz böcəyəm.

Götür, on üç güllə qoy bu silaha,

Özümü on üç yol öldürəcəyəm.

 

Aylar dolanacaq, illər keçəcək,

İyirmi beş yaşın olacaq, aman...

O tər süsənləri kimsə dərəcək.

Mənim şeirimdə öləcək zaman.

 

Çəkilir gəncliyin odu sözümdən,

Özüylə aparır o öz yükünü.

Necə də şirnikir həyat gözümdə,

Bacadan düşdükcə payızın günü.

 

On üç yaşındasan, inan Allaha,

Eşqinin önündə aciz böcəyəm.

Götür, on üç güllə qoy bu silaha,

Özümü on üç yol öldürəcəyəm.

 

...Və Con amore, yəni sevgilərlə.

 

İBRAHİMXƏLİL

525-ci qəzet .- 2024.-26 iyul,№(131).-S.11.