Belə-belə
işlər...
"Molla Nəsrəddin
XXI əsrdə" silsiləsindən
MOLLANIN EKSPERTLİYİ
Bir gün hansısa televiziya kanalının çəkiliş
qrupu gəlib çıxır Mollanın
yaşadığı kəndə və biləndə ki,
Molla evindədir, kəsdirir qapısının
ağzını ki, gərək sizdən müdrik ekspert kimi
kanalımız üçün müsahibə alaq. Molla nə
qədər nəm-nüm eləsə də, əl çəkmirlər,
kameranı-filanı quraşdırıb kişini darta-darta gətirirlər
obyektivin qabağına.
Telejurnalist - gənc, göyçək, amma təcrübəsiz
qız əzilib büzülə-büzülə soruşur:
- Molla Nəsrəddin dayı, siz müdrik,
dünyagörmüş ağsaqqalsınız. Bizim
hal-hazırkı durumumuzu necə xarakterizə edərdiniz?
Molla saqqalını tumarlaya-tumarlaya bir az fikirləşib
cavab verir:
- Bala, iqtisadçı alimlərimizin dediklərinə
inansaq, biz hələ keçid dövrünü
yaşayırıq, yəni bir ayağımız orda - arxada,
bir ayağımız da bu tərəfdə - irəlidə.
- Fikrinizi obrazlı şəkildə necə ifadə
edərdiz, Molla dayı?
- Qızım, bir tamaşa var ey, bax orda deyildiyi kimi, hələ ki
haça-paça qalmışıq da. Nə geriyə
qayıda bilirik, nə də irəli gedirik.
Qız əl çəkmir, növbəti sualı
verir:
- Bəs bunun sonu necə olacaq, Molla dayı?
Molla deyir:
- Necə olasıdır ki, qızım? Sən də
məni bağışla, o qədər bu vəziyyətdə
qalacağıq ki, axırda şalvarımız partlayacaq və
...day sonrasını özün bilirsən də.
Qız qır saqqız olub yenə soruşur:
- Yaxşı, bəs bütün bu həngamənin axırı nə ilə qurtara bilər,
ağsaqqal?
Molla əsəbiləşir:
- A bala, orası tay hamıya məlumdur da!
Tamaşaçıların diqqətini cəlb edib reytinq
qazanmaq üçün niyə məni - ağsaqqal kişini
provakasiyaya çəkirsən?
BEŞİ ON ELƏYƏK...
Mağazalarda ərzaq məhsullarının qeybə
çəkildiyi, qiymətlərin kəllə-çarxa
qalxdığı vaxtlarda Molla bərk xəstələnir və
üstünə həkim çağırırlar. Həkim
Mollanı müayinə edib deyir:
- Vəziyyətin yaxşı deyil. Gərək bir
müddət ciddi pəhriz saxlayasan. Yumurtaya isə
gözünün ucu ilə də baxmamalısan - sənin
birinci düşmənin yumurtadır.
Həkim gedəndən sonra arvadı televizoru işə
salır ki, Molla düşük şoulardan birinə baxıb
başını qatsın, fikri dağılsın. Molla
görür ki, televizorda "Aktual ekran" verilişi gedir,
aparıcı qız məşhur bir iqtisadçı akademik
ilə əhalinin sosial vəziyyətini müzakirə edir.
Aparıcının bu sahədəki proqnozlara dair verdiyi suala
iqtisadçı akademik belə cavab verir:
- Hər şey yaxşılığa doğrudur, hər
şey əla olacaq. Əhalini muştuluqlamaq istəyirəm -
bu gün səhərdən yumurtanın qiyməti 1 qəpik
ucuzlaşıb. Təbii ki, bu, əhalinin real gəlirlərinin
artımına səbəb olacaq.
Molla bunu eşidən kimi "uraa"
qışqırıb yorğanı üstündən
atır, şalvar-köynəyini geyib ildırım sürətilə
evdən çıxır. Təxminən 10 dəqiqə sonra
əlində selofan torba, içində də 5 dənə
yumurta qayıdır və arvadına deyir:
- Arvad, tez elə, sal bunları yağa, qayğanaq elə,
yeyim.
Arvadı hirslə deyir:
- A kişi, nə danışırsan? Həkim demədi
ki, sənə yumurta yemək olmaz?
Molla gülə-gülə cavab verir:
- Həkim qələt eləyir. Deyirsən
yumurtanın qiyməti ucuzlaşsın, mən bu xoşbəxtlikdən
dadmamış o dünyaya nisgilli gedim? Səs eləmə
arvad, üstəlik, 5 qəpik də qabağa
düşmüşük.
Arvadı bir az fikirləşib sevincək deyir:
- Biy, ay kişi, day 5 niyə? Qayıt, beş yumurta da
mənimçün al ki, beş qəpiyi on eləyək...
MOLLANIN YUXU YOZMAQLIĞI
Bir kişi Mollanın yanına gəlib deyir:
- Molla, məsləhətinə ehtiyacım var. Son
vaxtlar yuxumda tez-tez cəhənnəmi görürəm.
Görürəm, inkir-minkir qır qazanının yanında
dayanıb dişlərini ağarda-ağarda məni gözləyir.
Bu yuxunu necə yozarsan?
Molla deyir:
- Balam, mən bilən sən dindar adamsan, məntiqlə
yuxunda cənnəti görməliydin axı!
Kişi deyir:
- Elə məni də təəccübləndirən
budur da, ay Molla. Bax, hər gün namazlarımı
vaxtlı-vaxtında qılıram, canım sənə desin, hər
il oruc tuturam, qurban kəsirəm. Bu yuxu nədir, baş
açmıram. Sən bilən öləndə cəhənnəmə
düşəcəm?
Molla bir az fikirləşib deyir:
- Əgər suallarıma kişi kimi düz cavab versən,
yuxunu yozaram.
Kişi Qurana and içir ki, düz cavab verəcək.
Molla soruşur:
- De görüm, şərab-zad içməmisən
ki?
Kişi əvvəlcə duruxub qalır. Sonra
yavaşdan deyir:
- Bilmirəm bilirsən, ya yox, mən təbi gələndə
şeir də yazıram axı. Yazmazdan əvvəl bir yüz
vurmadın, daha onun harası şeir oldu ki?
- Yaxşı, qumarla aran necədir?
- Ay Molla, bir gündən bir millət oturub televizorun
qabağında lotoreya adı ilə qumar oynamırmı?
İndi mən toydan-toya uzkiy kruqda kart sıxsam, dünya
dağılar
- Yaxşı, bəs sol getmək-filan?
Kişi o yan-bu yana baxıb Mollanın qulağına
pıçıldayır:
- Ay Molla, kişi deyilik bəyəm? İndi deyirsən
adımıza şəbədə qoşsunlar. Olur da hərdən-birdən.
Molla deyir:
- Yaxşı, balam, sən bu boyda
zıppıltıdan sonra cənnətə düşmək
istəyirsən?
Kişi cəld cavab verir:
- Molla hər dəfə qələt eləyəndən
sonra səhəri gün tövbə eləyirəm də. Bəs
bilmirsən, tövbə qapısı həmişə
açıqdır?
Molla gülüb deyir:
- Deməli, bir gün mömin olursan, o bir gün də
o söz, sonra yenə mömin, ardınca yenə o söz...
İşin fırıqdır, dost, amma düzələr. Sən
belə elə. İndidən cənnətə və cəhənnəmə
eyni sayda bilet sifariş ver. O dünyada sən bir gün cənnətdə
olacaqsan, bir gün də cəhənnəmdə. Elə ki, cənnətə
çatdın, axşam olanda kef eləməyə macal
tapmamış elədiyin qələtlərə görə
dalından bir təpik vurub göndərəcəklər cəhənnəmə,
deyəcəklər, buranın havasını uddun, bəsdir,
indi get elədiyin qələtlərin cəzasını
çək, sonra gələrsən...
- Ay Molla, qır qazanından sağ çıxacam ki,
geri - cənnətə də qayıdım? - deyə kişi
təəccüblə soruşur.
Molla deyir:
- Əşi, bu fərasət ki, səndə var,
inkir-minkirnən də dil taparsan. Gördün o yan-bu yan edirlər,
ciblərinə beşdən-ondan basarsan, ocağın odunu bir
az azaltsınlar ki, bişməyəsən. Deyərsən, hələ
cənnətə komandirovkam qalıb. Amma yadında saxla - o
dünyada yalandan tövbə edib mələklərlə qumar
oynamaq keçmir ha!
MOLLANIN KREATİV MƏSLƏHƏTİ
Bir gün Molla qəzetdə oxuyur ki, filan ünvanda
yerləşən "Kreativ məsləhətlər"
firması biri 100 manata gözəl məsləhətlər
satır və kim onlardan alsa, özünə yaxşı
gün-güzəran, dolanışıq qura bilər.
Molla nə qədər əlləşsə də,
"kreativ" sözünün mənasını tapa bilmir,
xeyli fikirləşəndən sonra sonuncu pullarını cibinə
qoyub üz tutur həmin ünvana. Gəlib görür ki,
içərisinə bahalı mebellər
düzülmüş geniş bir otaqda orta yaşlarında
kök və daz bir kişi oturub. Yaxınlaşıb
soruşur:
- Burda məsləhət satan kimdir?
Kişi deyir:
- Mənəm, ay Molla dayı.
Molla yenə soruşur:
- Əvvəlcə məni başa sal görüm
kreativ nəmənə şeydir.
Kişi dərhal deyir:
- O şeydir ki, sən onun quyruğundan tutub
başına çıxsan, olursan işdə-gücdə
uğurlu adam - pul xəzəl kimi yağır başına.
Molla deyir:
- Onda birini de, gəlsin.
Kişi üzünə ciddi görkəm verib deyir:
- Molla, kim sənə desə ki, qatıq qaradır -
inanma.
Molla təəccüblə soruşur:
- Sənin satdığın məsləhət budur?
Bunun nəyi kreativ oldu ki?
Kişi sırtıq-sırtıq gülərək
barmağını yuxarı qaldırıb deyir:
- Ay sağ ol! Bunu bilmək üçün gərək
ikinci məsləhəti də alasan.
Molla artıq işin nə yerdə olduğunu başa
düşür. Amma dişi bağırsağını kəssə
də, işin sonuna çatmaq üçün
özünü ələ alıb deyir:
- Yaxşı, onu da de gəlsin.
Kişi deyir:
- Ona görə inanma ki, bunu harda desən, heç kim
sənə inanmaz.
Bunu deyib qarşısındakı böyük stəkana
çay süzür, heç Mollaya
təklif eləmədən başlayır horta-hortnan
içməyə. Molla onun daz başını, bərəlmiş
gözlərini ani olaraq süzərək qapıya tərəf
dönür ki, çıxıb getsin. Kişi arxadan
qışqırır:
- Ay Molla, hara? Bəs pullar?
Molla dübarə dönüb geri qayıdır və
deyir:
- Sənə 200 manat verməliyəm də... Gəl
belə danışaq - indi mən sənə 300 manatlıq
bir məsləhət verəcəm, özü də
havayı. Adını qoyarsan "Molla Nəsrəddinin super
kreativ məsləhəti". İnan mənə, 400 manata
kimə gəldi rahatca sırıyacaq, 200 manat da qabağa
düşəcəksən.
Kişi bir az fikirləşib soruşur:
- Denən, özüm ölüm aldatmıram.
- Sən öl, aldatmıram.
- Onda xırdala gəlsin.
Molla görür ki, kişi çayını
içib qurtardı. Stəkanı onun əlindən alıb
daz kəlləsinin ortasına necə çırpırsa,
kişinin başı dəymiş qarpız kimi guppuldayıb partlayır, stəkan
da çilik-çilik olub səpələnir yerə. Üz-
gözünü qan basan kişi başını tutub
bağırır:
- A kişi, neynirsən?
Molla deyir:
- Kreativ məsləhət xırdalayıram da. Bax, məndən
sonra kim otağa girib desə ki, bu stəkan sənin başında
sınmayıb və sənin daz kəlləndə salamat yer
qalıb - inanma!
MOLLANIN CAVABI
İş elə gətirir ki, Molla Nəsrəddin
Avropa ölkələrinin birinə turist səfərinə
gedir. Ölkənin paytaxtının görməli yerlərini
gəzərkən ekskursiya rəhbəri turistləri abad bir
şəhərciyə gətirərək sıra ilə
yanbayan düzülmüş yaraşıqlı evləri
göstərərək deyir:
- Bax, gördüyünüz bu evlər bizim fəhlələrə
məxsusdur. Hamısını özləri tikdiriblər və
içində şad-xürrəm yaşayırlar
Molla soruşur:
- Bilmək olar bu evləri hansı pullarla tikdiriblər?
- Necə yəni hansı pullarla? - deyə ekskursiya rəhbəri
təəccüblə deyir. - Əlbəttə, öz halal zəhmətləri
və əmək haqları ilə. Onlar sadə, amma
bacarıqlı insanlardır.
Molla təəccüblə soruşur:
- Onlar ayda nə qədər əmək haqqı
alırlar ki?
- Orta hesabla ayda 3-5 min avro, - deyə ekskursiya rəhbəri
fəxrlə cavab verir.
Mollanı gülmək tutur:
- Siz buna bacarıq deyirsiniz? İnşallah, Bakıya gəlin,
sizi elə yerə aparacam ki, ordakı villaların yanında
bu evlər toyuq hininə oxşayacaq. Özü də
onların sahibləri ayda 3-5 min yox, olsa-olsa 3-5 yüz avro
qazanırlar. İndi özünüz deyin - sizin adamlar
bacarıqlıdır, yoxsa bizimkilər?
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet .- 2024.-26 iyul,№(131).-S.10.