Ailə
anlayışı yeni mərhələdə: yaxın
qohumların nikahına qadağa
GENEFONDUN SAĞLAMLIĞININ QORUNMASI ÜÇÜN BU
ADDIM ATILMALI İDİ
Prezident İlham Əliyev Ailə Məcəlləsinə
edilən dəyişikliyi bu günlərdə təsdiqləyib.
Beləliklə, Azərbaycanda əmi, xala, bibi və dayı
uşaqlarının evliliyinə qoyulan qadağa 2025-ci il iyulun
1-dən qüvvəyə minəcək. Belə ki, nikahın
bağlanmasına mane olan halların sayı
artırılır. Qardaşların və (və ya)
bacıların ümumi bioloji baba və (və ya) nənəsi
olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və
qardaş (bacı) qızı, həmçinin bibi (xala) və
qardaş (bacı) oğlunun evlənməsi qadağan olunur.
Millət vəkili Fazil Mustafa bildirir ki, Azərbaycanda əmi,
xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan
qadağanın təsdiqlənməsi arzuolunan idi: "Azərbaycanda
da bu məsələdə kifayət qədər cahillik elementləri
var. Çox vaxt doğulan uşaqlarının irsi xəstəliklərə
məruz qalmasının da səbəbi məhz qohum evlilikləri
ilə bağlıdır. Bunu aradan qaldırmaq bir qədər
çətinləşib. Ona görə də qanunla
qadağan olunması daha doğru oldu. İnsanlar bunu
şüurla etmirlərsə, qanunla qadağan etməkdən
başqa yolu yoxdur. O baxımdan bu çox faydalı qanundur.
Yaxın qohumların, yəni qardaş və bacı
uşaqlarının qanuni şəkildə nikaha girmək
imkanlarının aradan qaldırılması vacib idi".
Fazil Mustafanın sözlərinə görə, bizim
kimi cəmiyyətlər üçün başqa formada qohum
evliliklərini aradan qaldırmaq mümkün deyildi: "Qohum
nikahların cəzasını xəstə, əlil
uşaqların çəkdiyinə dair çoxsaylı
acı faktlar göz önündə olmasına baxmayaraq, yenə
də əmi, xala, dayı, bibi uşaqlarının evlənməsi
halları adi hal almaqda idi. Bu evliliklər çox vaxt məhz
valideynlər və qohumların təklifi və təkidi ilə
baş tuturdu. Bununla da valideynlər öz
övladlarını bilə-bilə bu "qohum nikahı"
uçurumuna itələyirdilər. Artıq qanunla bu
qadağandır".
Həkim-pediatr Vaqif Qarayev deyir ki, təkcə əmiqızı,
əmioğlu yox, lap uzaq qohumların da evlənməsi
arzuolunmazdır. Çünki xromosom kodunda eynilik var, indi
olmasa da, gələcək nəsillərdə dəyişiklik
ehtimalı həddindən artıq çoxdur. Ona görə
də, bizdə irsi genetik xəstəliklər
çoxalıb. Bu problem təkcə bizdə deyil, yəhudilərin
də müəyyən bir qolu var ki, onlarda da yaxın qohumla
evlənirlər. Ancaq dünya miqyasında müsəlman
arealında qohum evlilikləri daha çoxdur, ən çox isə
ərəb ölkələrindədir: "Azərbaycanın
çox böyük bir kəndində beynəlxalq təşkilat
qohum evliliklərinin monitorinqini aparıb, hesabatda ortaya
çıxıb ki, əksəriyyəti qohumu ilə evlənib.
Mən elə bir ailə tanıyıram ki, yaxın qan qohumu
ilə evlənib, 4 uşağın 4-də də əqli və
fiziki qüsur var. Soruşuram ki, bunların ikisi xəstə
doğuldu, digərlərini niyə müayinələr
aparmadan dünyaya gətirirsiniz? Cahillikdir və deyirlər ki,
Allahın verdiyi paydır. Bu gün də bu yanaşma var.
İstənilən xəstəliyin öhdəsindən gəlmək
olar, ancaq irsi-genetik xəstəliklərə təbabət
heç nə edə bilmir. Qohum evliliklərində irsi xəstəliklərin
olması ehtimalı çoxdur, insanlar bunu
anlamalıdırlar. Bəlkə də cahillik dövründə
bunun izahı var idi. Ancaq maraqlıdır ki, indi təhsili olan
insanlar da var ki, övladını yaxın qan qohumu ilə evləndirir".
Pediatrın sözlərinə görə, məhz bu
səbəbdən irsi-genetik xəstəliklər sürətlə
artır, Azərbaycanda ən çox yayılan
talassemiyadır: "Autizmin isə səbəbləri tam bəlli
deyil, irsi-genetik faktorun da rolu var. Ancaq Avropada da autizm geniş
yayılıb, hərçənd onlarda qohum evlilikləri
yoxdur. Yeni doğulan uşaqlara 7 gün ərzində daban
testləri olunmalıdır, orada 4 çox ağır xəstəliyin
ilkin diaqnostikası aşkar olunur. Ana bətnində Daun xəstəliyinin
diaqnostikası mümkündür, laborator analizlərlə,
ultrasəs müayinəsi ilə təyin edirlər. Yaxın
qohumların nikahından olan hamiləliklərində xromosom
patologiyaları ola bilər, bəzi klinikalarda bunu təyin etmək
mümkündür. Əqli və fiziki qüsur yaradan
xromosomları müəyyən ütmək olur. Qohum evliliklərində genetik istiqamətdə müayinə
çox vacibdir. Daun xəstəliyi hamiləliyin elə
dövründə aşkarlanır ki, ana onda uşağı
məhv etmək və ya
dünyaya gətirməklə bağlı seçim
qarşısında qalır. İndi bir humanist yanaşma var.
Çünki Daunla doğulan uşaqlar arasında kifayət qədər
intellektli olanlar da var. Ancaq valideynlər göz dağı
görmək istəmirsə, yaxşı olar ki, qohum evliliklərindən
uzaq olsunlar. Təbabət bunun qarşısında acizdir.
Diaqnostikasında irəliləyişlər olsa da, müalicəsi
ilə bağlı heç nə edə bilmirik. Talassemiya isə
nikaha gedən şəxslərin qan analizi ilə müəyyən
olunur. Əgər cütlükdə hər iki tərəf
talassemiya daşıyıcıdırsa, artıq onların hər
4 övladından biri talassemiya xəstəsi ola bilər.
Problem odur ki, bu mərhələdə artıq gənclər
nikaha girir, toy ərəfəsindədir, bəzən nə
çıxsa da, nikahdan imtina etmirlər. Bu xəstəliyin
müalicəsi müəyyən qədər var, xəstəyə
sümük iliyi köçürülür. Ancaq risk etməyin
mənası yoxdur. Təbabət məsləhət
görür ki, iki daşıyıcı evlənməsə
yaxşıdır. Bundan başqa, qohum evlilikləri ilə
irsi karlıq və korluq, ürək xəstəlikləri
ötürülə bilər. Epilepsiyada, ürək
patologiyalarında da irsiyyətin çox böyük əhəmiyyəti
var. Ona görə bir daha vurğulayıram ki, yaxın qohumla
evlənmək düzgün deyil".
Millət vəkili Tahir Rzayevin sözlərinə
görə, qohum nikahından doğulan uşaqların
sağlam olmama riski yüksəkdir: "Uşaqlarla bərabər,
ailələr də əziyyət çəkirlər.
Onların doğulması cəmiyyət üçün
faydalı deyil. İnsan onlara baxan zaman təəssüf hissi
keçirir ki, belə uşaqlar niyə doğulur? Bunun
günahı qohumluq əlaqəsi olan ailələrdədir.
Onlar bilməlidirlər ki, bu münasibətlərdən
dünyaya gələn uşaqların sağlam doğulmama
ehtimalı var. Bu gün belə hallar çoxdur. Xüsusi
olaraq rayonlarda, kəndlərdə bu cür hallara rast gəlmək
olar. Mən qohumluq əlaqələrinin əleyhinəyəm.
Əksər ölkələrdə bu qadağa var. Nə
yaxşı ki, Azərbaycanda da bununla bağlı qanun qəbul
olundu. Mənim öz yaxın adamlarımdan biri qohum evliliyi
etmişdi. Uşaq sağlam doğulmadı və 28 il
yatağa məhkum şəkildə yaşadı. Ana onun
zülmünü çəkdi. 28 yaşında
dünyasını dəyişdi. Nəticədə, zülm
çəkən ana uşağın ölümündən
bir neçə il sonra vəfat etdi. Bu, əzabların nəticəsi
idi".
Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, qohum
evlilikləri tarixən yaşayış tərzindən irəli
gəlib: "Sadəcə əldə olan imkanın, eləcə
də var-dövlətin başqa şəxsə keçməməsi
kimi məsələlər qohum evliliklərini
aktuallaşdırıb. Xüsusilə, ikinci və
üçüncü dərəcəli qohumlar arasında
nikahlar çox olub. Bu nikahlar genefondun
sağlamlaşmasına, onun yeni genlər götürməsinə
maneə olub. Belə ki, uşaq hər iki valideyndən gen
götürür. Azərbaycanda talasemiya, o cümlədən,
müxtəlif genetik, xromosom xəstəliklər var. Təəssüf
ki, bu xəstəliklərin sayı da az deyil".
Onun sözlərinə görə, iki qohum evlənirsə
və onların hər ikisi xəstədirsə,
uşağın normal genlər götürmək imkanı məhdud
olur: "Bu da xəstəliklərin yayılmasına gətirib
çıxarır. Bu baxımdan qohum evliliklərinin
qadağa olunması müsbət haldır. Genefondun
sağlamlığının qorunması üçün bu
addım atılmalı idi".
Hüquq müdafiəçisi Novella Cəfəroğlu
qeyd edib ki, Azərbaycanda əmi, xala, bibi və dayı
uşaqlarının evliliyinə qoyulan qadağaya ciddi ehtiyac
var idi: "Eyni qanı daşıyan insanlar bir-biri ilə evlənməməlidir.
Çünki onlar da dolayısı ilə bacı-qardaş
sayılır. Və belə evliliklərdən dünyaya gələn
uşaqlar çox vaxt qüsurlu olurlar. Digər tərəfdən,
ailələr boşananda qohumlar arasındakı münasibətlər
pozulur, hətta düşmənçilik həddinə qədər
gedib çıxır. Bu baxımdan mən ölkədə
belə bir qanunun qəbul olunmasını
alqışlayıram".
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Bahar Muradova deyir ki, həyatımızın
çox hissəsi ailədə keçir. Ailə cəmiyyətin,
dövlətin çox vacib bir nüvəsidir, əsasıdır.
Buradakı atmosferdən, münasibətlərdən insanlar
arasında, cəmiyyətdə, onun müxtəlif təbəqələri
arasında, ən əsası, dövlət və onun
qarşısına qoyduğu hədəflərə
çatmaq istiqamətində çox şey
asılıdır. Biz bu ailədə hansı mühitə
malik oluruqsa, buradakı böyüklər, kiçiklər,
1-ci, 2-ci, 3-cü dərəcəli yerlərdə dayanan
insanlar, eynilə bu sosial mühitdə əldə etdiklərini
cəmiyyətə daşıyırlar. Qanunlara münasibətdə
ona daha çox üstünlük verirlər, öhdəliklərindən,
məsuliyyətlərindən daha çox istəklərini,
arzularını bu istiqamətdə söyləməyə
çalışırlar: "Qohumlar arasında nikah
halları və bunun törətdiyi fəsadlar digər
ölkələrdə olduğu kimi, Azərbaycan cəmiyyətində
də narahatlıq doğuran aktual ailə məsələlərindən
biri idi. Belə nikahların baş verməsi bir çox
hallarda sağlamlıq imkanları məhdud uşaqların
dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən
həssas qrupların sayının artmasına səbəb
olurdu. Elmi araşdırmalar göstərir ki, qan qohumları
arasında bağlanan nikahlar nəticəsində doğulan
uşaqlarda genetik xəstəliklərin olması riski olduqca
yüksəkdir və dünya əhalisinin bir qismi bu problemdən
əziyyət çəkir. Təəssüf ki, Azərbaycanda
da yaxın qohumlar arasında bağlanan nikahlara rast gəlmək
mümkündür".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2024.-27 iyul,№(132).-S.23.