Müasir və Orta əsrlərdəki Yaponiya  

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Həmin əsər əsasında 1980-ci ildə Hollivudda yazıçının öz prodüserliyi ilə eyni adlı film çəkilmişdi və filmdə məşhur amerikan aktyoru Riçard Çemberlenlə birlikdə tanınmış yapon sənətkarları da iştirak edirdi. Öz növbəsində yaponlar filmdə nümayiş etdirilən Orta əsr mühitinin yaradılması üçün lazım gələn hər şeyi etmişdilər. Ona görə də çoxseriyalı film də olduqca maraqlı alınmışdı. Bu yaxınlarda fransız kanalında nümayiş etdirilən bu ekran əsərini ikinci dəfə gördükdə kitabı oxumaq həvəsim artdı və yalnız İnternetin köməyi ilə onunla orijinalda diqqətlə tanış olmaq imkanı qazandım.

Bundan əvvəl mən həmin yazıçının "Tay-Pen. Honkonq haqqında roman"ını oxumuşdum. Kitabda Tiryək müharibəsindən sonra Çin imperatorunun Honkonq buxtasının ingilislərə verməsi və bu liman şəhərinin yaranıb, inkişaf etməsi geniş təsvir olunur. Bu cəhət də müəllifin başqa əsərinə marağımı artıran amilə çevrilmişdi.

Yeni kitab isə XVII əsrin əvvəlindəki Yaponiya barədə geniş məlumat verməklə, əslində bu ölkə həyatının rəngarəng panoramasını yaratmağa müvəffəq olmuşdur.

Əsərin qəhrəmanı, "Erazm" adlı Niderland gəmisində şturman işləyən və uzun müddət okeanlarda üzdüyündən sifəti köhnə palıd rəngində olan ingilis Con Bləksorn naməlum ölkəyə gəlib düşdükdən sonra, onun həyatla ölüm arasındakı ardı kəsilməyən mübarizəsi daha real cizgilər almağa başlayır. Onlar Atlantik okeanında üzərkən ölümcül təhlükə gözlədikləri ispan gəmilərinin hücumundan qorunmaq üçün Magellan boğazından keçib, Sakit okeanla Honsyu adasındakı daymyo Toronaqanın paytaxtı olan Edo şəhərindən yüz mil aralıda olan Anciro buxtasına gəlib çıxmışdılar. Niderland gəmisinin heyəti ticarət yolu ilə qızıl əldə etmək, varlanmaq məqsədini güdürdü, lakin reallıq onlara eybəcər sifətini göstərməyə başladı. Sahilə qədəm basdıqdan sonra əvvəlki arzularından əsər-əlamət də qalmadı, yeganə qayğı həyatlarını qoruyub saxlamaq oldu. Kəndin valisi onları dustaq kimi saxladı ki, yalnız bu məkanın sahibi daymyo Yabudan göstəriş aldıqdan sonra gəmi və onun heyəti haqqında nə etmək lazım olduğunu bilsin.

Bləksorn yerli adamlarla ünsiyyətdə tərcüməçilik edən portuqaliyalı iezuitin də onlara loyallıqdan çox uzaq olan münasibəti ilə üzləşdi. İspanlarla niderlandlıların və ingilislərin düşmənçiliyi uzaq yad ölkədə də özünü büruzə vermək imkanı əldə etmişdi. Bu vaxt Portuqaliya İspaniyanın tərkibində olduğundan və dünyada katolik dinini yaymaq missiyasını öz üzərinə götürən ambisiyalı iezuitlərin protestant ingilislərə və niderlandlılara nifrəti tərcüməçi keşişin timsalında özünü qabarıq şəkildə göstərirdi. Protestant niderlandlılar dörd onillikdən çox bir müddətdə katolik İspaniyasının ağalığından xilas olmaq üçün onunla müharibə aparmalı olmuşdu. İngilislər isə vətənlərini işğal etməyə gəlmiş Məğlubedilməz İspan Armadasını biabırçı məğlubiyyətə uğratmış, onlara da yaponlar kimi qasırğa çox kömək etmişdi.

Portuqaliyalı keşiş onların tezliklə öldürüləcəklərini bildirdi və o, özü də bunun reallaşması üçün əlindən gələn hər şeyi etməyə hazır idi. Axı iezuitlər bu gəmi heyətini Yaponiya ilə ticarətdəki inhisarlarına təhlükə hesab edir və onları dəniz quldurları kimi qələmə verirdilər.

Hiddətlənən ingilisin, keşişin boynundan asılmış xaçı qırıb yerə atması onun intiqam hissini daha da gücləndirmişdi. Həm də keşişin hədyanlığına cavab olaraq bildirdi ki, Niderlandda ağalıq edən ispan Alva bu ölkə üçün bir vəba idi və katolik keşişlər özlərini necə qələmə versələr də, o, yaxşı bilir ki, onlar nə Allahın qulağına malik deyillər, nə də onun səsi ilə danışa bilərlər. Axı ingilis öz vətənində də katolik dininə mənsub olan kraliça Qanlı Mariya Tüdorun protestantları təqib və edam etdirməsinə görə biabırçı şöhrət tapdığını yaxşı bilirdi və həmin vaxt onun əri gələcək ispan kralı Qəddar Filipp adlanan II Filipp idi. Yalnız kraliça Elizabet taxt-taca yiyələndikdən sonra İngiltərədə bu Valpurgiya gecəsinə son qoyulmuşdu.

Yaponlara gəldikdə, buddizm onları tolerantlığa öyrətsə də, onlar insan ömrünə qənim kəsilməyi elə bir ciddi şey hesab etmirdilər. İngilisin sahildə aldığı ilk təəssürat onu bu qənaətə gətirib çıxarmışdı. Bu ərazinin sahibi olan daymyonun qardaşı oğlu və kəndə görə məsuliyyət daşıyan Omi-san barbar hesab etdiyi bu adamı qorxutmaq üçün kəndlilərdən birinin ona lazımi səviyyədə baş əymədiyini hiss etdikdə, qılıncın bircə zərbəsi ilə onun başını bədənindən ayırdı. Öz növbəsində o, Bləksornu da bu ölkədə ən dözülməz təhqir sayılan bir qaydada, üstünə hamının qarşısında işəməklə, alçaltdı, lakin dənizçi gözləri önündə baş verən hadisəni yadına salıb, həm də yoldaşlarının taleyini düşünərək həmin təhqirə dözməyi qərara aldı. Axı o, günahsız bir adamın belə qəddarlıqla qətlə yetirilməsini heç vaxt görməmişdi və bunu heç ağlına da gətirə bilməzdi. Yerli adamların əhatəsində, piqmeylərin yanındakı nəhəng kimi görünən ingilis beləliklə, şəraitə görə təhqirlə barışmalı oldu.

Gəmi heyətinin başçısı kimi, onun kapitanı ölümcül xəstə idi, həm də portuqal dilini bildiyindən ona nisbətən yaxşı münasibət bəsləyirdilər və onu bir kəndlinin evində ayrıca yaşamağa gondərdiər. Şturmanın qaldığı evin sahibi isə ilk növbədə ondan hamam qəbul etməyi tələb etdi, ingilis onun təklifinə əhəmiyyət vermədi, həm də o çox yorğun idi, yatmaq istəyirdi. Yapon isə təkidlə bildirdi ki, əvvəlcə hamam qəbul etməklə özünü təmizlə, yalnız bundan sonra yata bilərsən. Əlavə etdi ki, bütün portuqaliyalılar kimi səndən də iy gəlir və bir daha ona evindəki hamama girməyi əmr etdi. Dənizçi onun göstərişinə əməl etmədikdə yapon cüdo və karate qaydasında ona zərbə endirdi. O, huşunu itirib yerə yıxıldı və sonra ev sahibinin göstərişinə əməl etməli oldu.

Yaponların hamam qəbul etməsi onların həmçinin geyzer fəvvarələrindən yaranan isti su gölməçələrində - onsenlərdə çimmək ənənəsinin yaranmasına və bunun indiki dövrə qədər gəlib çıxmasına səbəb olmuşdur.

Yaponun ona tanış olmayan qaydada zərbəsinə gəldikdə, 1588-ci ildə hakimiyyətdə olan şoqun Yaponiyada əhali arasında silahların çox yayılmasından ehtiyat edərək, samuray olmayan kəndlilərin hamısının silahlarını müsadirə etmişdi. Həmin silahlar samuraylara və döyüşçülərə verildi. Bu vaxt əllərindən qılıncları alınmış kəndlilər silahsız döyüş növləri ilə məşğul olmağa başlamışdılar.

Samuraylar isə üstlərində iki qılınc gəzdirirdilər, bunlardan biri uzun döyüş silahı, ikincisi isə gödək xəncər idi. Bundan əvvəlki dövrlərdə isə samurayların silahı ox idi.

Samurayların digər imtiyazları da var idi, belə ki, yalnız bu zümrədən olanlar çayın üstündən salınmış körpüdən keçə bilərdilər, kəndlilər isə çayın o biri tərəfinə bərələrdə keçməli idilər. Samuraylar müharibə üçün doğulmuşdular. Bu borc və öz ağalarının iradəsinə itaət onların həyatının mənasını təşkil edirdi. "Samuray" yapon dilində "xidmət etmək" mənasını verirdi. Sədaqətli samurayları o ailələrdən seçirdilər ki, orada oğul öz valideynlərinə qayğı göstərir. Bunlarla yanaşı, digər qəribə cəhətlər də göstərirdi ki, Yaponiya tam başqa bir dünyadır, ikinci kainatdır.

Bləksornun hamam qəbul etmək istəməməsi də onun həyat təcrübəsindən gələn səbəblərlə bağlı idi. Digər şimal xalqları kimi ingilislər də yuyunmaq üçün çimməyi xəstəlik mənbəyi hesab edirdilər, axı şimalın soyuq havasında çimməkdən sonra adama soyuqdəymə ehtimalı, sətəlcəmlə xəstələnmə təhlükəsi xeyli artırdı.

Hətta kraliça Elizabetin sarayında işləyən bir məmur yazırdı ki, o, ömründə bircə dəfə çimmişdir. Evlənəndə arvadının çimdiyini görüb, o da bunun sadəcə olaraq nə olduğunu bilmək istəmişdi.

Yapon da öz hərəkətinə haqq qazandıra bilərdi. Necə olur ki, onun evində yaşayan bir adam ev sahibinin düzgün sayılan istəyinə əməl etməsin. Yaponiyada davranış qaydalarına əməl etmək çox vacib sayıldığından, hamı ehtiyatlı hərəkət etməyə borclu idi. Digər tərəfdən yadellilər barbar sayılmaqla, onlara münasibət də o qədər ürəkaçan deyildi. Gəminin və onun göyərtəsində olan topların müsadirəsindən böyük qazanc və nüfuz əldə edəcəyi gümanı ilə Edodan mülkiyyəti olan kəndinə gələn daymyo Yabu da ingilislərin çoxunu mavi gözlərinə görə Siam pişiklərinə bənzətmişdi. Ümumiyyətlə, yaponlara görə mavi göz və kürən saç İblis əlaməti idi. Həm də onlar barbarlara iy vermələrinə və natəmizliklərinə görə nifrət edirdilər, bu adamların ət yemək adətlərindən, səfeh dinlərindən, cəhalətliliklərindən və iyrənc qaydalarından yaponların zəhləsi gedirdi. Böyük daymyo Toranqanın yanına gələn qüdrətli düşməni İşido da, balaca oğlan uşağı da Bləksornu ilk dəfə burada görəndə ikrahla onu eybəcər adlandırmışdılar.      

Lakin portuqaliyalılar Yaponiya torpağına qədəm basa bilmişdilər və kommersiya ucbatından yaponlar onları öz ölkələrinə buraxmışdılar. Bu ölkə ilə qonşuluqda yerləşən Çin onlarla heç bir ticarət aparılmasına icazə vermirdi. 1542-ci ildə ilk dəfə buraya gələn portuqaliyalılar, yaponlarla çinlilər arasındakı ticarət əlaqələrində vasitəçi olmaqla, bu əməkdaşlığı canlandırdılar. Çin öz ipəyini gümüşə satırdı. Yaponiya isə bol gümüş ehtiyatlarına malik idi. Həm Çin, həm də yapon dilində danışmağı öyrənən missioner keşişlər hesabına portuqaliyalılar onların arasında vasitəçi rolunda danışıqlar aparır, həm də tərcüməçilik edirdilər, bunlar isə ticarət aparmaq üçün zəruri şərt idi. Portuqaliyalılar həm də yaponları muşket və güllə barıtı ilə tanış etmişdilər, bu ölkəyə 20 top və beş min top mərmisi gətirmişdilər.

Xristianlığı qəbul etmiş çox sayda mühüm daymyolar və yüzlərlə xristian yaponlar Çinlə sərhəddə yerləşən və ən cənub ada olan Kyuşyuda yaşayırdılar, burada o vaxtkı portuqaliyalılardan dörd əsr sonra üzərinə atom bombası atılması ilə məşhurlaşan Naqasaki limanı da mövcud idi. Praqmatik xalq olan yaponlar Niderland gəmisinin heyəti barədə də belə qərara gəldilər ki, barbarlar, güman ki, bizim üçün ölü olmaqdansa, diri kimi daha faydalı olacaqlar. Axı gəmidəki toplar da hakimiyyət və nüfuz uğrunda gedən münaqişələrdə az əhəmiyyət kəsb etməyəcəkdi. Zəhərdən, xəyanətdən silah kimi istifadə edən adamlara daha dağıdıcı silaha da sahib olmaq vacib idi. Lakin yaponlar vuruşmağı da bacarırdılar. Burada müharibə aparmaq üsulu, demək olar ki, ritual xarakter daşıyırdı, bu vaxt fərdi əlbəyaxa mübarizəsi gedirdi. Qılınc ən yüksək hörmətli silah hesab olunurdu. Tüfəngdən istifadə qorxaqlıq və şərəfsizlik sayılırdı və bütünlüklə samuray kodeksi olan buşidoya zidd idi. Buşido isə "Döyüşçünün Yolu" demək idi, samurayı şərəflə vuruşmağa, şərəflə yaşamağa və şərəflə ölməyə sövq edirdi. Qorxmadan ölmək, hətta bunda öz xidmət yolunu aramaq - kiminsə adı naminə iftixar hissi keçirmək və bu adın təhqir olunmasına yol verməmək idi. Bəzi hallarda harakiri adlandırılan seppuku öz qarnını yarıb bağırsaqlarını çölə tökmək yolu ilə özünə sui-qəsd ritualı olub, samuray üçün yeganə yol hesab olunurdu. Biabırçılıq baş verəndə, günahkar olanda və ya şərəflə əlaqədar səhvə yol verəndə bu özünü cəzalandırma növü tətbiq olunurdu. Ona görə seppuku yeganə olaraq samuray kastasının preroqativi hesab olunurdu. İstər kişi, istər qadın olmasından asılı olmayaraq bütün samuraylar körpəlikdən özləri üçün bu aktı icra etmək və ya sekundant kimi mərasimdə iştirak etmək üçün hazırlaşırdılar. Qadınlar seppukunu yalnız boğazlarına bıçaq soxmaqla icra edirdilər.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet .- 2024.-27 iyul,№(132).-S.22.