Azərbaycan dili: varlığım, fəxrim, qürurum

 

 

Dil həmişə sevimli mövzum olub... Bu barədə fikirlərimi yazmağı da çoxdan düşünürdüm... Yazacaqlarım da, düşüncələrimdə "bişmişdi". Beləliklə...

Biz bu gün öyünə bilmərik ki, Azərbaycan dili dünyanın aparıcı dillərindəndir... Müqayisəli yanaşsaq, heç çox geniş coğrafiyada da ünsiyyət dili deyil. Azərbaycan Respublikasının əhalisi, Güneydəki soydaşlarımız, Gürcüstan azərbaycanlıları, İraqda yaşayan 200 minə yaxın kərkük-türkmən və yer üzünə səpələnmiş bütün azərbaycanlılar daxil, 50 milyon insanın nitq vasitəsidir dilimiz. Geniş miqyasda götürəndə bu, kiçik bir rəqəmdir. Azərbaycan türkcəsinin dünyanın çox zəngin dillərindən olduğunu da iddia edə bilmərik. Amma... düşünürəm ki, dilimiz dünya dilləri içərisində öz layiqli yerini hələ almayıb. Ala bilməyib... Çox nəsnələrimiz kimi. Mirzə Ələkbər Sabir kimi... Mirzə Cəlil kimi... Nəsibə Zeynalova kimi.

Roma imperatoru V Karla istinad olunan məşhur fikri xatırlayaq: "İspan dili Allahla, fransız dili dostlarla, alman dili düşmənlərlə, italyan dili qadınlarla danışmaq üçündür". Bəs türk dili? Onun bir qolu olan Azərbaycan dilini necə tərif, xarakterizə edə bilərik? Axırda deyəcəyimi əvvəldə deyim... Azərbaycan dili gözəl dildir! Bunu biz demirik. Eşidib anlamayan əcnəbilər deyir. Bir var əlifbada 30 samit olsun.... Dil tikanlı, dığır-dığır, çətin mənimsənilən olsun... Elə dil də var ki, eşidəndə düşünürsən ki, görəsən, danışanın boğazı ağrımır? Boğazının damarları çıxır. Dil də var ki, sanki dalaşır, əslində, adi dialoqdur (Mən etik normaları gözləyib ad çəkmirəm). Azərbaycan dilini isə dinlədikcə dinləmək istəyirsən. Adam tanıyıram ki, o danışanda dilimizə bir daha vuruluram, özümüzünkü olduğunu unudub kənardan dinləyirəm və dilin ahənginə, axıcılığına dəfə-dəfə heyran oluram. Azərbaycan türkcəsi türk soyları arasında leksik tərkibinin, qrammatik quruluşunun mükəmməlliyi, eləcə də incəliyi ilə seçilir və bunu hamı qəbul edir. Dili xalq yaşadır, ziyalılar onu inkişaf etdirib gözəlləşdirir.

Türk dilləri arealında Ural-Altay ailəsinin bir üzvü olan Azərbaycan dili qədimdirmi? Sözsüz! Çox qədimdir. Sübut olunub ki, dilimizin yaşı Dədəm Qorqud dastanlarından da öncəyə gedib çıxır. Azərbaycan dilinin özəlliklərindən danışarkən bir faktı da qürurla qeyd etməliyəm: 70 il SSRİ-nin tərkibində yaşamağımıza, rus dilinin güclü statusuna, şifahi nitqimizdə bu gün də saysız-hesabsız rus sözləri işlətməyimizə, hətta, bəzi sözlərin dilimizdə heç qarşılığı belə olmamasına baxmayaraq, ədəbi-yazılı dilimizə bir söz belə keçməyib. Coğrafiyamız, şərait rus dilinin tərəfində olsa da. Düşünürəm ki, bu, dilimizin, dilçilik elmimizin böyük uğuru sayılmalıdır. Orta Asiya səviyyəsində olmasa da (onlarda lap fəlakət idi, dil əsl genosidə məruz qalmışdı, rusdillilər öz dilində danışanlara həqarət edib "nasional" adlandırırdılar), bizdə də, küçədə, nəqliyyatda, idarələrdə böyük üstünlük rus dilinin tərəfində idi. Azərbaycan dili bazar səviyyəsinə doğru gedirdi. Bu, bir qabarma idi. Təəssüf ki, azərbaycanlı uşaqların kütləvi rus məktəblərinə axını bu gün də aktual olaraq qalmaqdadır. Müstəqillik qazanmağımızdan 33 il keçsə də... Burada sufi şairi Əhməd Yasəvinin bir sözü yada düşür: "Sevmirlər savadlılar bizim türkcə dilini..." Rus yazıçı və mütəfəkkiri N.Çernışevski isə deyirdi: "Hər kəs məktəbini bitirdiyi millətin övladıdır".

Bu və ya digər səbəbdən, ədabazlıqdan, ya məcbur, özgə dilə pərəstiş, kult tarix boyu başqa xalqlarda da müşahidə olunub. A.S.Puşkin də ilk qələm təcrübələrini fransız dilində yazmışdı. Lakin bir yerə qədər... Napoleonun işğalı dövründə Moskvada baş verən yanğına görə rus aristokratiyası səcdə etdiyi, kübar dairələrdə hökmran olan fransız dilinə "au revoir" (əlvida) deyib, sevgidən nifrətədək məsafənin bir addım olduğunu öz nümunəsində təsdiq etdi. Rus zadəganlığı fransızca danışmağı necə könüllü seçmişdisə, eləcə də bir həmlə ilə qırıb atdı, düşmən xalqın dilindən imtina etdi. Əlcəzair isə Fransanın müstəmləkəsindən qurtulmaq üçün olmazın qurbanlar verib. 1954-cü ildən 1962-ci ilə qədər mübarizə aparıb, sonda müstəqilliyini bərpa edə bilib, bunu bacarıb. Demokratik Respublika adını dişiylə, dırnağıyla qazanıb. İndi Əlcəzair paytaxtının ən yüksək nöqtəsində azadlıq mücahidlərinin xatirəsinə 92 metr hündürlüyündə abidə ucaldılıb. Monumentin altında da dünyanın ən dəhşətli muzeylərindən biri, bəlkə də birincisi olan Şəhidlər Muzeyi Fransanın Əlcəzairdə törətdiyi soyqırımın bütün həqiqətlərini açıb tökür. Lakin bu gün rəsmi dili ərəb-bərbər dili olan Əlcəzairdə camaat fransızca danışır. Qapıda dayanan gözətçisindən tutmuş, xəstəxanada işləyən həkiminə qədər. 1962-ci ildən gör nə qədər vaxt keçib. Fransız dilinə simpatiyadanmı, ya hansı səbəbdənsə, hələ də küçədə, ictimai yerlərdə qulağın ancaq fransız dili eşidir. Ərəbcə ya pis bilirlər, ya da, heç bilmirlər. Əvvəlcə xalq yazmışdım, sonra düzəldib camaat elədim. Bunu bu qədər zülm çəkmiş, şəhid vermiş xalqa yaraşdırmadım...

Əlifba sarıdan isə bizim xalqın bəxti heç gətirməyib. Ərəbdən latına, latından kirilə keçmişik. Hələ arada latın qrafikalı Azərbaycan əlifbasından sağır N-nın çıxarılması, kiril qrafikalı əlifbamızda Y, G, Ə, Ö kimi hərflərin işlənməsi faktları da olub. Bunlar da, əlbəttə, dilə, təhsilə, elmə, ədəbiyyata böyük zərbədir.

1992-ci ildə biz kirillə vidalaşıb yenidən latına keçdik. Mən bu əlifba ilə tələbə ikən tanış olmuşdum. Xarici ölkələr ədəbiyyatı fənnindən "Paris Notrdam kilsəsi" romanını keçəndə onu latın qrafikası ilə oxumağı tövsiyə etmişdilər. Deyəsən, dilimizdə başqa nəşri yox idi. Yadımdadır ki, mən onu oxuya bilmədim, çox çətin, anlaşılmaz gəldi. Rus dilində oxuyub vəziyyətdən çıxdım. Kirildən latına keçid çox çətin, uzun bir proses oldu. Küçə reklamlarını, elanları höccələyə-höccələyə oxuyanda özümü birinci sinfə hazırlaşan şagird kimi hiss edirdim. Kim-yə-vi... Gerisini tapmaca kimi tapırdım: - Aha, təmizləmə... Düzdür, ingilis əlifbasını hamımız bilirik. Amma razılaşaq ki, başlanğıcda latın hərfləri ilə öz dilimizdə oxumaq müəyyən çaşqınlıq və diskomfort yaradırdı. Bir hörmətli yazıçımız bizim şöbəyə kitabını hədiyyə etmişdi, bir cümlədən ibarət imza yerində üç səhv var idi. Hər hansı dil, orfoqrafiya islahatından əziyyət çəkən cəmiyyətin savadlı təbəqəsi olur, qalırlar girinc... Hər sözü lüğətlə tutuşdura-tutuşdura əsəbilik keçirirlər. Əlaqədar olmayanlar üçün daha da yaxşı, "suçlu" dil reformudur.

Əlifbanın, orfoqrafiyanın tez-tez dəyişməsi dili geri atır. Mənim anam ömrünün axırına qədər imlasında rus y, g, ə, ö hərflərindən istifadə edirdi. Dilçi alim olan qayınatam iyirmi əvəzinə "igirmi" yazırdı. Babam isə ümumiyyətlə, əski əlifba işlədirdi. Bu idi - XX yüzillikdə Azərbaycan dilinin mənzərəsi... Dilimizin türk lisanı, Azərbaycan türkcəsi adlanmasına çalışanlar az deyildi, elə indinin özündə də, bu düşüncənin qatı tərəfdarları 50-nin 50-yə nisbətindədir. Birinci minilliyin ortalarından dilimiz həm türk, həm azəri dili adlanmışdı. Azərbaycan kəlməsi Atropatenanın təhrifi sayəsində yaranıb. Nə gözəl də ki, belə yaranıb! Dünyanın ən gözəl - qulağa, dilə, ruha, qəlbə yatımlı sözü! Mən həmişə bu barədə danışıram... Fərqli düşünənlər deyirlər ki, dilin adı coğrafiyanın adı ilə müəyyən edilməməlidir. Tək bizdə belə deyil ki! Keçmiş ittifaq respublikalarını qoyaq bir tərəfə  (Qırğızıstan - qırğız dili, Özbəkistan - özbək dili), Fransa, İtaliya və başqa qədim xalqların da dili ilə coğrafiyası eyni kökdəndir. Məntiqə qarşı çıxılmaz. Yetmiş faiz qurucusu Azərbaycan türkləri olan Səfəvilər dövlətinin fəaliyyət göstərdiyi 100 il ərzində xanədanın ana dili məhz Azərbaycan dili olmuşdu. Uşaq vaxtı evimizdə paltar şkafının içəri tərəfdən qapısına bir plakat vurmuşduq. Şah İsmayıl Xətainin hamımıza tanış profil şəkli idi. Altında yazılmışdı:

 

Azərbaycan dilim dövlət dilimdir,

Mənəvi varlığım, qeyrət dilimdir.

 

Mən sonralar nə qədər axtarsam da, daha o şeirə heç yerdə rast gəlmədim. O şeir doğrudan da, Xətainin idimi, deyə bilmərəm... Amma hər dəfə geniş anlamda Azərbaycan dili dedikdə, gözümün önünə dediyim həmin o köhnə plakat gəlir...

Allah Tofiq Bayrama rəhmət eləsin, dilimizi necə gözəl vəsf edib: "Bu dil şirinlikdə şərbət kimidir, saflığı qorunan sərhəd kimidir..."

Ürəkaçandır deyə, olmuş bir hadisəni də danışım... Bir xarici vətəndaş Bakıya gəlir, necə olursa, yerli camaatla hansısa (tutaq ki, nərd, ya məsələn, domino) bir stolüstü oyun oynamalı olur. Matça azarkeşlik edənlər isə dayanmadan özümüzünkünü ruhlandırır, "qurban olum, belə elə", "qurban olum, bu daşı belə qoy", - deyə-deyə müdaxilə etməklə oyuna həm də dərin coşqu qatırlar. Həyəcan bitəndən sonra əcnəbi deyir:

 

O "qurban olum" nə deməkdirsə, qarşı tərəf ona görə qalib oldu...

Başqa heç bir dildə buna oxşar söz yoxdur...

Bizi bundan gözəl anlatmaq da olmaz.

 

Müəyyən dönəmlərdə ana dilimiz rəsmi olaraqtürk dili adlansa da, 1995-ci ildə Ümumxalq referendumu və Konstitusiyamızla Azərbaycan dili ifadəsi yenidən qaytarıldı. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dilinin tərəfində olub ona arxa-dayaq durmaqla adının saxlanmasında müstəsna rol oynadı. "Azərbaycan dili" rəsmi olaraq təsdiq edildikdən sonra professor Musa Adilovun "biz qalib gəldik", - deyə necə sevindiyini heç vaxt unutmaram. Bir də deyirdi ki, başa düşmürəm, niyə Azərbaycan dilindən belə qorxurlar? Mənsə, dilimizin Azərbaycan dili olması ilə fəxr edirəm! Bu, mənim az sayda olan fəxrlərimin qiymətlisidir. Həm azərbaycanlı bir vətəndaş, həm filoloq kimi. Peyğəmbərimiz də deyirdi ki, dil insanı dəyərləndirmək üçün vasitədir. Biz özümüzü belə dəyərləri qaytarıb qorumağımızla təsdiq edirik. Gözümüzü açandan belə eşitmişik, bu cür sevmişik. Adət etdiklərindən azad olmaq asan deyil, istəməyərək qəbul etməyə çalışmaq isə əhəmiyyətsizdir. Demirəm ki, qarşı tərəf haqsızdır. Mənim fikrim subyektiv də ola bilər, qəbul edirəm. Məqsəd dilə xidmətdir. Tarixi həqiqəti də danmıram. Lakin hər kəsin də öz həqiqəti var. Özünün doğruları... Eyni dil qrupuna aid olsaq da, bu qədər qaynayıb-qarışandan sonra da, türkiyəli qardaşlarımız bir çox halda bizim türkcəmizi başa düşmürlər. Məsələn... Antalyada optika mağazasına girmişəm, ədəb-ərkanla müraciət edirəm:

 

- Üzr istəyirəm...

- Nə istiyorsunuz?

 

Məncə, hər şey gün kimi aydındır. Üzr sözü də onlarda var, istəmək sözü də... Birləşdirəndə anlamırlar, elə bil fars dilində danışırsan. Müasir Azərbaycan dili müasir türk dilindən qat-qat zəngindir. Bizim türkcəmizin həm gözəlliyini, həm zənginliyini türklərin özləri də etiraf edirlər: "Azərbaycan türkcəsi - öztürkcədir! Onu qoruyun, bizə uymağa çalışmayın" (Ahmed Kızılay). Türk ilahiyyatçı alimi Nihat Hatiboğlu da canlı yayımlarında dəfələrlə "Əsl türkcə onların" (yəni bizim) demişdi. Özgə dilə qatıb öztürkcədən, "əsil"likdən çıxarmayaq. Türkiyə türkcəsinin öz özəllikləri var. Şirinliyi məsələn... Məntiqi! Tutumu! Yoluxuculuğu. Elə sözlər var ki, bizdə onun qarşılığı yoxdur, ya da izahı uzundur. Nümunə üçün: "boş ver"... O qədər belə misal çəkmək olar ki! Ona görə sevə-sevə işlədirik. İngilis dilində on sözlə ifadə olunan fikir türkcə tək kəlmə ilə bildirilir. Həm də, qeyd etdiyim kimi, şirinliyindən dolayı yoluxucudur. Qısa ünsiyyət yetər ki, türkcə danışmaq istəyəsən. Müasir erməni ədəbiyyatının banisi Xaçatur Abovyan "Ermənistanın yaraları" kitabında açıq-aydın yazırdı: "...Nə edək ki, bu dil Allah dərgahında xeyir-dua alıb?! Onların dili bizim millətin ağzına o qədər dadlı gəlmişdir ki, toylarda və şənliklərdə türkcə oxuyuruq, bizim dilin ən azı 50 faizi türk sözləridir".

"Hələ tək rəng adları türkcəni sevmək üçün yetərli səbəb ola bilər" etirafı da ermənilərin elə özlərinə məxsusdur. Şərabqırmızısı, samansarısı, buzmavisi, atəşqırmızısı, duman rəngi... Görənin gözü, eşidənin qulağı, oxuyanın xəyalı sevinir... İşıldaquş adamı diksindirən xırda qurddur, ona "atəşböcəyi" kimi gözəl ad verib şəninə mahnı qoşmağa ancaq türk dilinin gücü çatar:

 

Eşq bağçamı süsləyən inciçiçəyimmisən?

Gecəmi aydınlatan atəşböcəyimmisən?

Gənclik başımda duman,

ilk eşqim, ilk həyəcan

Qovaladıqca qaçan atəşböcəyimmisən?

 

Əslən Krım tatarı olan İsmayıl Qaspıralıdan üzü bəri Ortaq Türk Dili deyirik... Yaşlı nəsildən bizə "yadigar" qalmış "türkün sözü", "osmanlının məsəli" kimi ifadələr də, ortaq dili geri atır və türk birliyini zəiflədir. Kimlərinsə "kəşf" etdiyi amoral ifadələri türkün adına çıxıb gülüş hədəfinə, anlaşılmazlığa çevirmək də başucalığı gətirmir.

Birdən fərqinə vardım... 1 Avqust - Azərbaycan Əlifbası və Dili Günü lap yaxınlaşıb! Necə deyərlər, söz vaxtına və məqamına çəkər...

 

Dilarə ADİLGİL

525-ci qəzet .- 2024.-27 iyul,№(132).-S.20.