Mavi şar
Esse
O gün bir tanışım məni "Cinsiyyət
party"sinə dəvət elədi. İlk dəfədir ki,
belə bir mərasimə gedəcəm. Əvvəllər bu
cür tədbirlər haqqında nadir hallarda eşitsək də,
indi həmin yığıncaqlara dost-tanışımız
dəvət edir. Düzdür, belə mərasimlərin
hazırda kütləvi xarakter aldığını deyə
bilmərik, ancaq qeyd edənlərin sayının
çoxaldığı dəqiqdir.
Yanaşmalar olduqca müxtəlifdir. Gənc nəsil
bunu nisbətən normal qəbul etsə də, orta və
yaşlı nəsil adətən qınaq obyektinə
çevirir. Əsas arqumentlər isə milli mentalitetə
söykənir. Düzü, bu mövzuda xırdalıqlara
varmaq istəmirəm. Hər kəsin öz həyatı.
Ümumiyyətlə, başqasının
davranışları mənim həyatıma bilavasitə təsir
göstərmirsə, o mövzuda özümü fikir söyləyəcək
səlahiyyət sahibi hesab eləmirəm. Bu da həmin
mövzulardan biridir. Əgər kimsə övladının
cinsiyyətini əlli nəfəri başına toplayıb
öyrənmək istəyirsə, hörmətlə
yanaşmağın tərəfdarıyam. Nə qədər
absurd görünsə belə.
Əvvəllər belə mərasimləri daha
çox məşhur cütlüklərdə
görürdük. Bütün həyatını kamera
önündə yaşamağı həyat tərzinə
çevirənlərin uşağının cinsiyyətini də
minlərlə insanın qarşısında öyrənməsini
qəribsəmirdik. Ancaq indi bu mərasimləri təkcə məşhurlar
yox, elə siravi insanlar da qeyd edirlər. Hətta indi belə tədbirlərin
təşkili ilə məşğul olan şirkətlər
var. Həmin şirkətlərin sosial şəbəkə
hesablarında sıravi insanların iştirakı ilə
çəkilmiş xeyli videolar izləmişəm.
Görüntülərdə diqqətimi çəkən əsas
məqamlardan biri ananın qız doğulacağını deyəndə
atanın verdiyi reaksiya olur. Hamısına aid olmasa da,
böyük bir qismində kişilərin bu xəbəri
öyrənərkən simalarında məyusluq
görürük. Sağda-solda parlayan işığın təsirindən
real reaksiyanı aydın şəkildə müşahidə
etmək çətin olur. Üç-beş saniyəlik səmimi
məyusluğu dərhal saxta təbəssüm əvəzləyir.
Düzü, çox vaxt bu reaksiyanı ilk övladda yox,
ikinci, yaxud da üçüncü körpəni gözləyərkən
verirlər. Oğlan xəbərinin isə demək olar ki,
ilkinə də, üçüncüsünə də,
beşincisinə də eyni cür sevinirlər. Bir daha qeyd edim
ki, bu sözləri hamıya yox, müəyyən bir qismə
aid edirəm.
Əksini görsəm, təəccüblənərdim.
Təəssüf ki, görmədim.
Azərbaycan dünyaya gələn uşaqların cins
nisbətinə görə selektiv aborta üstünlük verən
dövlətlər arasında ilk yerlərdə qərarlaşır.
Statistik rəqəmlərə baxanda mənzərə tamamilə
aydın olur. Bu nə indinin söhbətidir, nə də
dünənin - hamımıza statistikasız da məlum olan
faktdır.
Keçmişdə bir neçə qız
uşağı dalbadal doğulanda sonuncuya Kifayət,
Qızqayıt, Bəsti, Qızbəs, Qıztamam, Qızyetər
adlarını qoyarmışlar. Keçmiş deyəndə
də, Nuh əyyamını nəzərdə tutmuram. Elə
ötən əsri deyirəm. Yəqin ki bu adlar çoxunuza
tanışdır.
Bir sözlə, əsrlərdir, bu yanaşma bizim
canımızdadır. Əslində, problemin kökündə
dayanan səbəblər haqqında çox danışmaq
olar, ancaq bu yazımın mövzusu başqadır.
Bütün məsələ qeyri-səmimilikdədir.
Özü də tək başqalarına qarşı yox, həm
də özümüz-özümüzə qarşı
dürüst deyilik. "Cinsiyyət party"lərindəki məlum
mənzərənin cavabı da bundadır. Göstərə
biləcəyimiz nümunələr də kifayət qədər
çoxdur. Evdəkilər hərini alandan sonra küçənin
ortasında dizini yerə atıb edilən evlilik təklifləri
də qəbildəndir. İkisi də bizə yaddır,
ögeydir, imitasiyadır.
Əlbəttə, təkcə ənənəviliyə
söykənsək, yeniliyə həsrət qalarıq. Bəşəriyyətin
nizamı isə yeniliyin üzərində bərqərardır.
Lakin bizim kimi cəmiyyətlərdə belə ziddiyyətlər
ənənə ilə müasirliyin üzləşməsindən
yox, Şərq dəyərləri ilə Qərb dəyərlərinin
toqquşmasından yaranır. Daha açıq desəm, şərqli
qərbli olmağa cəhd göstərəndə
özünü gülməli hala salır.
"Əsrə bərabər gün" romanında
çox sevdiyim bir yer var. Bu kimi mövzularda həmişə
həmin dialoqu xatırlayıram:
"- Mənə tapşırıblar sizə
çatdırım ki, gələcək üçün nəzərə
alasınız, bu qəbiristanlıq ləğv ediləcək.
- Ana-Beyit?
- Bəli, O qəbiristanlıq belə adlanırsa...
- Niyə? Onun kimə maneçiliyi var?
- Orada təzə mikrorayon salacaqlar.
- Qəribədir, vallah. Başqa yer tapmadınız,
yer qəhətliyidir?"
Ənənəyə sədaqətlə yeniliyə
çağırışın ziddiyyəti üzərində
qurulan bu dialoq insanlara mühüm bir mesaj verir. Gözəl gələcək
qurmaq üçün keçmişi dağıtmağa
ehtiyac yoxdur.
Radikal dəyişikliklər özündən sonra həmişə
güllük-gülüstanlıq vəd eləmir. Bəzi
mövzularda problemi həll etmədən novatorluğa tələsmək
natamamlıq yaradı.
Yolumuz uzundur və bu yolun nahamar hissəsi bizim payımıza
düşüb. Doxsanıncı illərin həngaməsindən
sonra cəmiyyətimiz öz doğrularını yeni-yeni
tapır. Bu axtarışlarda belə ziddiyyətli məqamlar
çox olacaq. Zaman-zaman gedişat hər şeyi yerinə
qoyacaq. İndi isə vəziyyəti qəlizləşdirən
əsas amil mahiyyəti görməzdən gəlib,
özümüzü özümüzə başqa cür təqdim
etməyimizdədir.
Əgər sənin övlada münasibətin arxaik təfəkkürə
əsaslanırsa, özünü niyə "party"lərlə
aldadasan ki?
Mənə dəvət göndərən
tanışım da oğlu olmasını istəyir. Əgər
"party"də mavi şar partlasa, uşağa atasının
adını qoyacaq.
Aytac SAHƏD
525-ci qəzet .- 2024.-27 iyul,№(132).-S.19.