Bircə gilə göz yaşı  

 

 

Mənim səndə xeyli əmanətim var,

Qaytarsan... bir gilə göz yaşı bəsdi.

 

Bəzən bir şeir oxuyub bütövlükdə bəyənirsən, ancaq sonradan dodaqaltı təkrarlayacağın bir misra yadında qalmır. Bəzən də yuxarıya epiqraf olaraq aldığım misralar kimi, tez-tez yadına düşür, səninlə doğmalaşır. İkinci misra həm də şair İbrahim Yusifoğlunun səmimi avtoqrafla mənə bağışladığı kitabının adı və içindəki şeirlərində rast gəldiyim mənaca tutumlu, deyim tərzinə görə aforizmi xatırladan bərcəstə misralardandır: "Mənə bircə gilə göz yaşı bəsdi" (Bakı, "Şirvannəşr", 2021, 208 səh.). Kitabın "İbrahim Yusifoğlunun poetik dünyası və uğurları" adlı ön sözünün müəllifi akademik İsa Həbibbəyli, redaktoru filologiya üzrə fəlsəfə doktoru Fidan Nizaməddinqızıdır.

İbrahimlə mən yeniyetməliyimizin son illərində bir müddət doğma Naxçıvan şəhərindəki kiçik həyətli kasıb bir evi və üç iri, xeyir-bərəkətli tut ağacının ləzzətli "dana", "bedana" və "qara" tutlarını paylaşmışıq. Bizim şeirə-sənətə, seçdiyimiz filologiya ixtisasına dair söhbətlərimiz də həmin illərdən başlayıb. İlk qələm təcrübələrimizin mövzu baxımından təzəliyi, yaxud köhnəliyi, şeir saydığımız cızma-qaralarımızdakı qafiyə cütlüklərinin güclü yaxud zəif oluşu, rədif və cinas məsələləri, bizə görə bədii tapıntılarımızın yeniliyi yaxud işlənmişliyi, ideya-məzmun zənginliyi, yaxud kasadlığı haqqında mübahisələrimiz də indi bizdən, nə az, nə çox, yarım əsr uzaqda qalan 1970-ci illərə aiddir.

Aradan keçən 50 illik zaman diliminə İbrahim, necə deyərlər, bir igidin ömrünü sığdırıb: Naxçıvan  Pedaqoji məktəbinin, daha sonra Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) filologiya fakültəsinin tələbəsi, kənd məktəblərində müəllim, Şərur Rayon Təhsil  Şöbəsində metodkabinet müdiri və kadrlar üzrə məsləhətçi, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, "Şərur qönçələri" ədəbi birliyinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" media mükafatçısı, Prezident təqaüdçüsü... Hazırda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşıdır.

Naxçıvan ədəbi mühitinin yetişdirməsi olan İbrahim Yusif oğlu Yusifovun ilk kitabı 1991-ci ildə işıq üzü görüb. Bugün o, 30-dan artıq şeir və nəsr kitabının, 5 cildlik "Seçilmiş əsərlərin" müəllifidir. Əsərləri türk, fars, rus və fransız dillərinə tərcümə edilib. Onun bədii yaradıcılığı haqqında Xalq yazıçısı Hüseyn İbrahimov, akademik İsa Həbibbəyli, filologiya elmləri doktoru, professor, tanınmış şair və nasir Vüqar Əhməd, görkəmli ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Salidə Şərifova, tanınmış pedaqoq, filologiya elmləri doktoru, professor Sədaqət Həsənova, Naxçıvan Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi, "Heydər Əliyev" xatirə qızıl medalı mükafatçısı Asim Yadigar, istedadlı şair, təcrübəli pedaqoq, Rəsul Rza mükafatı laureatı Məmməd Tahir, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi Dilbər Rzayeva, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov kimi görkəmli elm və sənət adamlarının fikir söyləmiş, elmi və publisistik məqalələr yazmışlar. İbrahim Yusifoğlu haqqında Naxçıvan Muxtar Respublikası televiziyası "Dağların şair oğlu" adlı film çəkib.

Akademik İsa Həbibbəyli görkəmli dövlət xadimi Heydər Əliyev haqqında 2023-cü ildə dərc olunmuş ədəbi axtarışların nəticəsi olan qiymətli bədii əsərlər içərisində İbrahim Yusifoğlunun "Azərbaycan dünyaya günəş kimi doğacaq" poemasını da xatırladaraq, şairin seçilmiş hadisələr əsasında Heydər Əliyev dühasının əbədiyaşarlığını poetikləşdirdiyini məmnuniyyətlə qeyd edir.

Tanınmış alim və qələm sahiblərinin İbrahim Yusifoğlunun yaradıcılığı haqqındakı məqalə və qiymətli fikirlərindən sonra yeni bir söz demək çətin olsa da, şair dostumun "Mənə bircə gilə göz yaşı bəsdi" kitabına dair qənaətlərimi oxucularla bölüşmək istədim. Xronologiya etibarilə təxminən 40 illik bir zaman dilimində yazılmış şeirlərin leytmotivini vətən sevgisi, bəşəri qayğılar, minor ovqata köklənmiş kövrək duyğular, lirik təbiət lövhələri, bədii-fəlsəfi düşüncələr təşkil edir. Kitabın sonunda verilmiş poema dastan üslubunda qələmə alınmış nəzm-nəsr qarışığı Novruz bayramı təranələridir.

Kitab beş silsiləyə bölünüb. I. Zəfər nəğməsi; II. Sən demə bu dünya mənlik deyilmiş; III. Bənövşə çiçəkli badam ağacı; IV. Mən çəkən dərdləri sən barı çəkmə; V. Elimizə bahar gəlir (poema). Əlbəttə, bu, şərti bölgüdür, çünki bütün fəsillər üçün ortaq olan, hamısının mayasının yoğrulduğu tək bir ülvi duyğu var: Sevgi. İbrahim Yusifoğlunun missiyası öz sinəsində böyüdüb bəslədiyi bu qollu-budaqlı, kökləri dərinə enmiş sevgi ağacının həmişəyaşıl aurasını şair-publisist, maarifçi-ziyalı, fərd-insan kimi öz oxucuları ilə paylaşmaqdır.

Bu sevginin bir budağı doğulub boya-başa çatdığı Axura kəndi, bir çox şeirində füsunkar təbiəti ilə öyündüyü Şərur torpağıdır:

 

Dədə Qorqud gəzən Oğuz elimdi,

Uludu torpağı, daşı Şərurun.

Dili Türkün dili - ana dilimdi,

Qədimdən-qədimdi yaşı Şərurun.

 

Şairin təbiətə vurğunluğuna və bu sevginin onun poeziyasında inikasına verilmiş ən gözəl qiymətlərdən biri akademik İsa Həbibbəylinin möhtəşəm  kəlamıdır: "İbrahim Yusifoğlunun təbiət şeirləri sanki badam ağacında bənövşə çiçəyidir".

Bu Sevgi ağacının budaqlardan digəri tələbəlik illərini keçirdiyi, xalqımıza Xilaskar, dünyaya Ulu öndər bəxş edən Nəqşicahan - Naxçıvandır:

 

Tanrıdan pay gələn sərvət-varı var,

Tükənməz qoynunda gövhəri-zəri.

Boyca kiçik olan müqəddəs diyar,

Bəxş edib cahana böyük Heydəri.

 

Sevgi ağacının budaqlarından biri Xəzəri ilə şirin söhbətə daldığı paytaxt Bakıdır. Altı hissədən ibarət "Mən səni tanıya bilmədim, Bakı" şeirinin ilk beşi 80-ci illərdə, sonuncusu isə 2017-ci ildə qələmə alınıb. 80-ci illərdə yazılan şeirlərdə şairin uşaqlıq və yeniyetməliyində kitablardan öyrəndiyi bu əzəmətli şəhərə qədəm qoyanda "Mən səni tanıya bilmədim, Bakı" deyir, ilk dəfə gördüyü paytaxt mənzərəsi ilə xəyalındakı şəhər arasındakı təzadlar onun həssas qəlbini incidir. Uşaq-gənclər sarayında ancaq "yad dillərdə səslər" eşidir, şəhərin prospekt, park, meydan və rayon adlarındakı "yan"ların bolluğunu başa düşməkdə çətinlik çəkir:

 

Şaumyan adına metro önündə,

Dondu heyrətimdən damarımda qan.

Heykələ dönərək xalqa bu gün də,

Deyrirdi sözünü "yoldaş Şaumyan".

Kəsmək istəsəm də, mənfur səsini,

Heykəldən yuxarı səsim yetmədi.

Düşündüm babamın dediklərini,

O daşnak Bakıda nələr etmədi?!

 

Şeirin sonuncu - altıncı hissəsində isə şairin ovqatı tamam başqadır. O, artıq Bakını zövq alaraq qürur hissi ilə gəzib dolaşır, istiqlal məşəlinin yandığı, köhnə gördüklərindən əsər-əlamət qalmayan, müstəqil dövlətin paytaxtını salamlayır:

 

Xalqın iradəsi zülməti yardı,

Bu yolda qoynunda qan axdı, Bakı.

İstiqlal məşəli köksünü sardı,

Müstəqil dövlətin paytaxtı Bakı!

 

Sevgi ağacının budaqlarından biri otuz il boyunca "baxtı açılmayan" xalqımızın Qarabağ dərdi, 90-cı illərdəki şeirlərinin hamısında kədər və qəzəblə dilə gətirdiyi torpaq itkisidir:

 

Tanrım, dənizini, çayını verdin,

Mavi səmasını, ayını verdin,

Güllü baharını, yayını verdin,

Bu xalqın baxtını niyə vermədin?!

 

Şairin son illərdə qələmə aldığı Qarabağ mövzulu şeirlərində isə artıq bu bədbin əhval-ruhiyyədən, kədərdən heç bir iz görünmür. O, Dəmir yumruqla qazanılan möhtəşəm Zəfəri, uzun illər anasından ayrı düşmüş Şuşanın qurtuluşunu alqışlayır:

 

Nəğmələrin müqəddəsi, ulusu,

Meyvələrin ən şirini, sulusu,

Bulaqların ayna kimi durusu,

Zəfər nəğməsi.

 

lll

 

Nə qədər qəlbləri sevgisi sarmış,

Ali Baş Komandan bəxtini yazmış,

Bütün Azərbaycan Şuşaya yarmış,

Hamısı bir olub qalxdı vuruşa,

Vəhşi caynağından qurtuldu Şuşa!

 

İbrahim Yusifoğlunun şeirlərinin bir çoxunda vətən sevgisi məfhumu öz coğrafiyası etibarilə daha geniş anlayışdır. Bu sevgiyə onun doğma torpaqlardan həsrətlə boylandığı Qərbi Azərbaycan - Vedibasar mahalı, Dərələyəz, Arazdəyən, Dəvəli, Çəməkənd, Qəmərli də daxildir. Şairin bu qəbildən olan şeirlərində bütöv Azərbaycan arzusu və bunun gerçəkləşəcəyinə qəti inamı vurğulanır. Şair Sədərək qəsəbəsindəki Vəli dağın zirvəsindən hələ də öz dədə-baba yurdlarına qayıdacaq sakinlərini gözləyən qədim torpaqlarımıza üz tutub Koroğlu nərəsi çəkir:

 

Çən-dumandı Vedibasar dağları,

Şaxta vurub, viranədi bağları,

Vallah, Tanrı bağışlamaz sağları,

O yerlərə dönəcəyik, qağam hey...

 

Kitabdakı şeirlərin bir qismində İbrahim Yusifoğlunun gənclərin mənəvi tərbiyəsi və yüksəlişinə xidmət edən, şagirdlərinə maarifləndirici tövsiyələr verən, xoşməramlı niyyətlər dilə gətirən müəllim obrazı ilə qarşılaşırıq:

 

Ən parlaq ulduzdu, nur saçan aydı,

Dalğalı dənizdi, ləpəli çaydı,

Ömrü ömürlərə paylanan paydı,

Safdı, müqəddəsdi müəllim ömrü!

 

Şeirlərin bir çoxunda kövrək duyğularla dilə gətirilən ana-övlad bağlılığı, valideynlərdən alınmış qayğı, sevgi və tərbiyə estafetinin sonrakı nəsillərə - övladalara, nəvələrə ötürülməsi dilə gətirilir:

 

Elə öyrətmişəm, ana, ay ana,

Şeytan nəvələrin nağılsız yatmır.

Bazardan aldığım qırmızı alma,

Vallah, heç nağılın sonuna çatmır.

 

Şairin kitabdakı bəzi şeirlərin leytmotivini Sevgi ağacının rişəsindən qidalanan xoşbəxt sonluqlu məhəbbət duyğuları, ailəcanlı səmimiyyət, bəzən də nakam qarasevda göynərtiləri təşkil edir:

 

Mənim qazancımdan küsən gözəlim,

Evimdə bənövşəm, süsən gözəlim,

Ömrümə meh olub əsən gözəlim,

Ruhuma bircə bu barış doğmadı. 

 

***

 

Mənli hisslərini saxla özündə,

Axı, qəm dəniyəm, qəlbinə əkmə.

Yansam da, çatdığın ocaq közündə,

Mən çəkən dərdləri sən barı çəkmə.

 

İbrahim Yusifoğlunun poetik dili durudur, axıcıdır. Misralarında işlədilən dialekt sözlər belə tam yerində oturur, süni görünmür ifadə edilmək istənən fikrin qavranılmasına maneə yaratmır. Şeirlərdəki bədii təsvir və ifadə vasitələrinin bir çoxu öz rəngarəngliyi və orijinallığı ilə seçilir: "Zərləri ağ düşən nərd görməmişdim / Mən hələ bu boyda dərd görməmişdim; "Talenin qarası hopmuş örpəyi / Şəhid anaları bağlayıbdılar"; "Ömür adlı naxışıma ilmədi / Saçlarıma qırov düşdü bu payız"; "Boynundan asılmış gözmuncuğu yox / Çiyninə dağdağan taxılmayıbdı"; "Həsrətlə gözləyir saz köynəyində / Gələrsən görüşə yaz köynəyində";  "Sığal üçün sızıldayan bədəndi"; "Baxışınla qəmli nəğmə oxudun"; "Çiçək qoxuyurdu sənli günlərim" və s.

Bədii təsvir və ifadə vasitələri ilə zəngin bu qəbildən misralar, bütöv bəndlər və şeirlər şairin yerli dialektlərlə klassik dil arasında körpü rolunu oynayan qədim dastanlarımızı xatırladan epik-lirik üslublu "Elimizə bahar gəlir" poemasında sadalamaqla bitməyəcək qədər çoxdur:

 

Dürmək də bükəcəm isti lavaşdan,

İçində yarpızı, üzlü pendiri.

Pencərli kətəni anam obaşdan,

Yapmağa çatacaq yenə təndiri.

 

...Lalənin, nərgizin ətridi, vallah,

Bu mavi göylərdən yerə ələnir.

Sənin varlığına min şükür, Allah,

Bahar müjdəçisi qaranquş gəlir.

 

İbrahim Yusifoğlu kitaba adını verən şeirində sevdiyi gözələ özünün əmanət etdiklərindən, işdi-şayət, qaytarmaq niyyəti olsa, geriyə yalnız bircə gilə göz yaşı istəyir. Mən bu bir gilə göz yaşının yaxınlarda 70 yaşını qeyd edəcək İbrahimin həyatında sevinc göz yaşı olmasını diləyirəm. Şeirlərindən birində təvazökarlıqla deyir ki, qırx ildir qələmlə külüng çalır, ancaq hələ də öz istədiyi şeiri yaza bilməyib. Mən İbrahim Yusifoğluna qələm tutan sağlam əl və yorulmaz bilək, tükənməz ilham və yaradıcılıq enerjisi, öz ürəyincə olan şeirlər yazmasını arzulayıram.

 

Əsgər RƏSULOV

525-ci qəzet .- 2024.-27 iyul,№(132).-S.18;19.