Gözlənilməz
qarşılaşma
Təsəvvür elə,
60 yaşın var və 30 il öncə yolun bir şəhərə
düşür. Həm hər şeyi öyrənmək istəyəcək
qədər gənc və cəsur, həm də hər
şeyi bilməyəcək qədər təcrübəsizsən.
Xoş anlarla, xatirələrlə, maraqla
yaşadığın həmin şəhəri bir müddət
sonra tərk edirsən. Ömrünün yarısı olan həmin
illərdə həm dünya, həm o şəhər, həm
də sən, hər cür dəyişikliyə, savaşa,
yeniliyə, çürümüşlüyə,
ölümlərə, doğumlara, təbii fəlakətlərə,
planlanmış bəlalara şahid olursan. Dünya bambaşqa
yerə çevrilmiş olur. Hər şeyə rəğmən,
illər əvvəl yaşadığın o anları unutmur,
əksinə, mütəmadi yada salırsan. Ömrünün
yarısı qədər xatırladıqlarını, beyninin
küncündə saxladıqlarını, gözlənilməz
anları, heyran olduğun yerləri, yaşadığın
hissləri zərrə-zərrə toplayırsan, sonra bu şəhərə
növbəti dəfə gəlmək üçün illərlə
hazırlıq görürsən. Nəhayət, otuz ildən
sonra həmin şəhərə qayıdırsan. Özü
də bu dəfə böyük memar, sənətçi və
həmin şəhərdə təşkil edilən sərginin
müəllifi olaraq dönmüş olursan.
Sənəti və elmi birləşdirərək
yenilikçi əsərlər yaradan, dünyaya və
dünyadakılara həssaslıqla yanaşan, öz sahəsində
fərqli imzaya sahib olan danimarkalı sənətçi Olafur
Eliassonun İstanbul Modern Muzeydə ilk sərgisi
açıldı. İnsanın duyğularına xitab edən
və düşünməyə sövq edən qırx əsərinin
nümayiş etdirildiyi sərgi beyində qəribə hisslər
yaradır. Sərginin adı da maraqlıdır: "Sənin
gözlənilməz qarşılaşman"!
Hiss etmədiyini anlaya bilməzsən!
İstanbula yenidən dönməyi böyük həyəcan
adlandıran sənətçi, buranın onun həyatındakı
önəmini yaratdığı əsərlərlə isbat
edir. Ziyarətçiləri ətraf aləmə tamamilə fərqli
bucaqdan baxmağa vadar edir. Məsələn, sərgini gəzirsən,
bütün əsərləri bir-bir gözdən keçirirsən,
ən axırda İstanbulun gözəl mənzərələrindən
birinin önündə sərili olduğunu tilsimlənmiş
kimi izləyirsən. Bəlkə də, adi vaxtlarda o mənzərənin
yanından ötüb keçir, başını çevirib
baxmırsan, heç görmürsən də. Sənətin
gücü budur; görünməyəni göstərmək...
Eliassonun sənətində məkanların, dənizlərin,
təbiətin önəmli olduğu gördüyü işlərdə
özünü bəlli edir. Onlardan biri Boğaza doğru
açılan çərçivədəki dairəvi
şüşələrdən ibarətdir.
Yaxınlaşıb baxanda görürsən ki,
dünyanın dörd yanına gedən gəmilər sanki bu
dairələrin içində hərəkət edirlər. Sənətçinin
bu əsəri həyatın sadəcə mövcud
olduğumuz nöqtədən və yerlərdən ibarət
olmadığını, çox uzaqda və çox
yaxında başqa dinamika olduğunu yada salmaq məqsədi
daşıyır. Bəli, yada salmaq... Çünki bəzən
özümüzə o qədər köklənirik ki,
haralardasa başqa ömürlər, başqa kədərlər,
sevinclər, uğur və uğursuzluqlar olduğunu unuduruq və
ya görməzlikdən gəlirik. Bəzən də
görürük, amma anlamırıq. Sonra başa
düşürük ki, Şekspir haqlı idi, "hiss etmədiyin
bir şeyi anlaya bilməzsən" deyəndə.
Sərginin kuratorluğu Özsoy Sağnaq, Nilay Dursun,
Ümid Məscdir. Əsərlərin hamısı modern tərzdədir.
Hətta telefonun sənət həyatındakı önəmini
burada bir daha anlayırsan. Çünki bəzi əsərlər
kamera ilə daha çox məna tapır.
Tikə-tikə bölünmək
Dünyanın fərqli coğrafiyalarından izlər
daşıyan sərgidəki ilk qarşılaşma, sənətçinin
İstanbul Modern Muzeyi üçün xüsusi tərtib
etdiyi "Sənin gözlənilməz səyahətin" ilə
başlayır. Düz bucaqlarla zidlik yaradan dairəvi aynalar
bir-birinə bağlanaraq özünü-özünlə
qarşılaşdırır. Getdikcə parçalara
bölünürsən, hissə-hissə qalırsan, tikə-tikə
olursan. Bu vaxt keçmişi düşünürsən, nə
qədər yaralandığını, nə qədər
bölündüyünü, bölündüyün yerlərdən
birləşdiyin, gücünü itirdiyin yerdən gücləndiyin
ağlına gəlir.
Boğazın sehri
Muzeyin ikinci mərtəbəsində müddətli sərgi
zalında açılan bu sərgi, sənətçinin
bütün karyerası boyu ərsəyə gətirdiyi əsərlərdəki
qavram, rəng, işıq, heykəllərlə, fiqurlarla
birlikdə dünyadakı gündəlik məsələləri
də düşünməyə vadar edir. Sərgi
üçün xüsusi olaraq yaradılan və İstanbul
Boğazının dəyişən rənglərini sərgi
zalına daşıyan "Günəşin
batışından şəfəqə doğru
Boğaziçi" adlı əsər, yeni rəng təcrübələri
və sulu boyalarla işlənmiş əsərlərlə, tək
rəngli otaqla muzeydə bambaşqa ab-hava yaradır.
Yalos olaraq adlandırılan odun parçaları
üstündə üfürülmüş şüşələrlə
yığılan panel görülməyə dəyər.
Əsərlərdə önə çıxan obyektlər,
şüşələr, projektorlar, rəngli aynalar,
kaleydoskoplar, sənətçinin yönəldiyi nöqtələrdir.
Yeri gəlmişkən, Olafur Eliasson qlobal istiləşməni,
iqlim krizisini əsərləri ilə göstərən və
bundan nə qədər narahat olduğunu bəlli edən sənətçilərdən
biridir. Sənətin dünyadakı mənasını və əhəmiyyətini
sorğulayır. Eliassonun əsərləri 1997-ci ildən bəri
dünyanın müxtəlif ölkələrindəki muzeylərdə
sərgilənir.
"Fotoqrafın tıxanıqlığı"
Beş mərtəbə və böyük əraziyə
sahib olan İstanbul Modern Muzeyində hazırda altıdan
çox çox aktiv sərgi mövcuddur. Eliassonun əsərlərinin
sərgiləndiyi zalın qarşısında Türkiyənin
məşhur fotoqraflarından olan Ozan Sağdıçın
əsərləri sərgilənir. "Fotoqrafın tıxanıqlığı"
adlı sərgi, Türkiyənin 1950-ci illərdən etibarən
sosial, siyasi, iqtisadi, mədəni, ədəbi, tarixinin bəzi
anlarını, adamlarını sanki donduraraq divarlara asıb.
Sərgidə, cümhuriyyətə yön verən siyasətçilərin,
sənət və ədəbiyyatın öndə gələn
adamlarının portretləri ilə bərabər, digər
sahədə çalışan işçilərin,
balıqçıların, fəhlələrin,
uşaqların, qocaların, əylənənlərin,
qucaqlaşanların, kövrələnlərin,
qısacası, sadə insanlarla dolu fotoları görmək
mümkündür. Sərgi sayı 127 olan ağ və qara
fotodan ibarətdir.
Əslində, İstanbul Modern Muzeyi özü
başlı başına sənətdir. Olduqca rahat,
işıqlı və şəffaf bir dizaynla
ışım-ışım ışıldayan
memarlığa sahibdir. Açıldığı son bir ildə
ziyarətçi sayı bir milyon yarımı keçən
muzeyə maraq durmadan artır. Bu yeni bina sərgi və
proqramlara ev sahibliyi edən, beşmərtəbəli möhtəşəm
memarlıq incisidir. Yeri gəlmişkən, on min beş
yüz kvadratmetrlik beşmərtəbəli binada
dünyanın simvoluna çevrilmiş kültür sənət
mərkəzlərini inşa edən Renzo Pianonun imzası var.
Baxan kimi hiss edilir ki, bu memarlıq abidəsi ciddi və
qüsursuz əməyin bəhrəsidir. Mütləq görməyə
dəyər.
Türkan TURAN
525-ci qəzet .- 2024.-27 iyul,№(132).-S.17.