"Qoy film çəkilməsin, kitab az çıxsın.., təki Vətən yaşasın"

 

Ömrü əzəldən Bakı ilə bağlı olanlar bu şəhərin yalnız ona məxsus özəlliklərini bilməmiş deyil. Bakı daha çox beynəlmiləl şəhər kimi tanınıb. Əslində elə də qalıb, çünki bu şəhərdə bütün millətlərə rahat yaşamağa məkan həmişə var. Lap elə geridə qalsa da, tariximizdən silinməyəcək 30 ildə belə, bizləri əzəli torpaqlarımızdan qovan toplumun nümayəndələri rahat şəkildə Bakıda öz həyatlarına davam ediblər. Bakıya gələn yenə də bu şəhərə qayıtmaq istəyir. Çox eştmişəm, deyirlər, sizin şəhər insanı bir daha geri çağırmağı bacarır. Heç uzağa getmirəm. Bir neçə gün əvvəl Çəmbərəkəndlə üzüaşağı düşəndə qarşıdan gələn bir xanım məndən soruşdu ki, köhnə şəhər yuxarıdadır? Baxan kimi üzündən yerli olmadığını hiss etdim. Təbii ki, marağımı boğa bilmədim və öyrəndim ki. Qırğızıstandan turist kimi gəlib və beş dəqiqəlik ünsiyyətimiz ərzində Bakıya heyranlığını heç cür gizlədə bilmədi. Köhnə şəhərin istiqamətini ona göstərib sağollaşanda soruşdum ki, yenədəmi gəlmək istəyərdiniz Bakıya? Turist cavabında dedi ki, bu gözəlliyi, bu mədəniyyəti, bu elit insanları dönə-dönə görmək istərdim. Bəli, elit insanlar həqiqətən Bakının sirli cazibəsinin unikal siması olub. Lakin aradan axan sular çox məqamları yuya bildiyi kimi, Bakının elit təbəqəsi bu gün barmaqla sayılacaq qədər qalıb. Sözlərimdən heç kəs incik düşməsin, çünki olan budur. Düzü, bu elit sözü bir neçə gün fikrimdən çıxmadı və növbəti şənbə müsahibəsini bu istiqamətdə qurmaq istədim. Əslində nəzərdə tutduğum insanla söhbətləşib yazı hazırlamaq kimi bir məqsəd vardı qarşımda. Amma görünür, bir təkan lazım imiş ki, onu da qırğızıstanlı turistin işlətdiyi kəlmə hərəkətə gətirdi.

Deməzdim ki, onunla ilk müsahibəni düşünürdüm. Müstəqilliyimizin ilk illərində o, "Azərkinovideo" İstehsalat Birliyinin baş direktoru idi. Həmin vaxtlarda bir telejurnalist kimi hazırladığım süjetdə müsahib kimi söhbətləşmişdik onunla və çox da razı qalmışdı hazırladığım materialdan (qeyri-təvazökarlıq kimi səslənməsin). Lakin həmin vaxtdan 30 ildən də artıq bir müddət keçir. Ona zəng çalıb qəzetimiz üçün müsahibə istəyəndə, səs həminki idi, kübarlıq da. Yalnız onunla vədələşdiyimiz məkanda görüşəndə gördüm ki, üst-üstə gələn illər öz sözünü deyib. Əslində onun təqdimatına ad və soyadı kifayət edir ki, dərhal tanınsın. Biz də öz növbəmizdə şənbə müsahibimizi elə kübarcasına da oxuculara təqdim etmək istədik. Qonağımız kinorejissor, ssenarist, professor, respublikanın Xalq artisti, ömrünün 81 yaşını haqlamış Oqtay Mirqasımovdur. Lakin başlanğıc bir qədər gözlənilməz oldu, çünki ilk sualı müsahib verdi.

- Xanım, əvvəlcədən fikrimi bildirmək istərdim ki, söhbətimizi bir məcraya yönəldə bilək.

- Buyurun...

- Yəqin ki, söhbətimiz kino, sənət, yaradıcılıqla daha çox bağlıdır. Bu da təbiidir, çünki bir rejissorla müsahibə nəzərdə tutmusunuz. Amma mən bu gün kimliyimdən, sənətimdən uzaq olaraq, bir vətəndaş, bir azərbaycanlı kimi torpağını, Vətənini, dövlətini daha çox düşünən, onun yanında daha çox olmağı özünə borc və vacib  bilən insan kimi danışmaq istərdim.

- O zaman söz sizdə, Oqtay müəllim...

- Tale elə gətirdi ki, zaman mən Oqtay Mirqasımovu ictimaiyyətə, içində olduğum cameəyə, istər ölkəmdə, istər onda kənarda peşəm daxilində olan insanlara, tamaşaçı auditoriyasına tanıtdıra bildi. Mən illərlə vurğunu olduğum sahənin içinə elə qarışdım ki, bu yolun  nazını da çəkdim, çətinliyinə də dözdüm, nöqsanlarını deməyi bacardım, haqsızlığına qarşı sözümü dedim. Yaradıcılığımla az-çox işimi ortaya qoymağı bacardım. Elmi fəaliyyətimlə professor da oldum və bu gün təcrübəmi istedadını, bacarığını, potensialını gördüyüm gənclərə sevə-sevə, ürəkdən öyrədirəm. Bu öz yerində. Lakin bu gün özümü daha çox artıq 4 ildir qalib bir ölkənin vətəndaşı olmaq  zövqünü, həzzini mənə yaşadan bir dövlətin, ölkə rəhbərinin yanında olmağı, onu dəstəkləməyi, qarşıya qoyulan böyük işlərdə fayda verməyi daha üstün tuturam.

- Bu, hamımızın vicdan borcudur... Lakin öz işimizi axsatmağa, kölgədə qoymağa da haqqımız yoxdur. Və hamı kimi özünüzə bir yol seçdiniz ki, onun da adı kinodur...

- Təbii ki, yoxdur, yenə də dediyiniz vicdan borcu daha vacibdir. Amma bu yola necə gəldim, onu necə seçdim xatırlamıram. Sözsüz ki, bir anın içində insan seçim edə bilməz. Burada həyatın epizodları üzərində toplanan təcrübə də var, oxuduğum kitabların təsiri də, mental proseslərin gedişatı da. Ona görə deyirəm ki, nə zaman bu yolu seçmək qərarına gəldiyimi bilmirəm.     

- Azərbaycan kinosunun məhsuldar dövründə çox uğurlu filmlər yaradan rejissorlardansınız. Kinomuzun bu günü...

- Bu sualı gözləyirdim. Açıq etiraf edirəm ki, hazırda bu istiqamətdə danışmağa heç həvəsli deyiləm və heç kəs də məni buna görə qınamasın. Çünki gündəlik aldığım məlumatlar, izlədiyim xəbərlər bu gün tək mənim yox, bütün cəmiyyətin yaşam tərzidir. Mənim dövlətim qüdrətli lideri ilə nəhəng işlər görərək möcüzələr yaradır. Onun qarşısında çətinliklər də var, təhlükələr də. Bütün bunlara rəğmən, bu insan ölkəsini həm iqtisadi, həm siyasi cəhətdən cəsarətlə irəli apara bilir və hər gün yeni uğurlarla bizi sevindirə bilir. Bu gün nədənsə gileylənməyin, narazı qalmağın zamanı deyil. Öz timsalımda bunu etmirəm, çox nikbinliklə irəli baxıram və nəvə-nəticələrimin gələcəyi üçün tam rahatam.

- Öz millətinin, xalqının gələcəyini düşünən dövlətin onun qarşısında öhdəliyi olduğu kimi, bizim də dövlətimizə xidmət etmək öhdəliyimiz qaçılmazdır. Sizinlə söhbətimizin də əsasında mənim müsahibə hazırlamaq kimi bir öhdəliyim var. Ona görə də sizə ünvanlanacaq suallara cavab almaq istərdim...

- Heç bir sualı cavabsız qoymaq kimi niyyətim yoxdur. Mən söhbətimin əvvəlində açıq şəkildə öz mövqeyimi bildirdim. Buyurun.  

- Azərbaycan tamaşaçısı bu gün 80-ci illərə qədər çəkilən filmlərə böyük həvəs və maraqla təkrar-təkrar hələ də baxır. Amma bu gün o qədər uğurlu filmləri tapa bilmir. Ya rejissor yoxdur, ya da ssenari...

- Ssenari də var, rejissor da var, filmlər də var. Mən belə anladım ki, siz tamaşaçı deyəndə televiziya izləyicisini nəzərdə tutursunuz. Televiziya nəyi göstərirsə, tamaşaçı ona da baxır. Bu günün televiziya proqramının əsasında nə dayanır? Əsas komediya, özlərinin düşüncə tərzində olan "komediya". İllərdir ki, tamaşaçı bu cür aşağı səviyyəli filmlərə baxa-baxa böyüyüb və onları sevməyə başlayıb. Çox şit, eybəcər, ziyalı təbəqəni ciddi narahat edən filmlər yığını əksər televiziyaları zəbt edib. Əlbəttə AzTV, İTV kimi yüksək səviyyəli, mədəniyyəti, tərbiyəni, milli-mənəvi dəyərləri təbliğ edən kanallarımız nə yaxşı ki var. Sualınızın ya rejissor yoxdur, ya da ssenari hissəsini cavablandırım. Uzun illərdir Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya kafedrasının professoruyam, kino rejissorluğundan dərs deyirəm. Mənim qrupum formalaşanda orada 12 nəfər tələbə vardı. Təqribən 20 gün əvvəl həmin qrupun diplom müdafiəsi oldu. Gələn 12 nəfərdən yalnız üçü müdafiəyə qədər çata bildi. Biri-birindən keyfiyyətli, maraqlı və uğurlu filmlər nümayiş etdirdi tələbələr. Niyə görə yalnız üç nəfər? Çünki istedadı, zövqü, həvəsi, ziyalılığı, iradəsi olmayanları bu universitetə qəbul etmək lazım deyil. Belə tələbələri mən həmişə uzaqlaşdırıram. İndi bu istedad filmi ilə birlikdə hansısa bir şirkətə gedib işləmək istədiyini bildirsə, onun filminə gözucu baxıb deyəcəklər ki, yerimiz yoxdur. Çünki orada əyləşənlərin də zövqü elə tamaşaçıya təqdim olunan "komediya" səviyyəsindədir. Deyirlər ki, çox mütəxəssis yetişdirmək lazımdır. Hamı mütəxəssis ola bilmir axı. İncəsənət elə bir sahədir ki, orada istedad, qabiliyyət, zövq mütləq şəkildə olmalıdır, onları öyrənməklə, oxumaqla qazanmaq olmur.

- Demək ki, narazısınız...

- Təsəvvür edin ki, bir ailənin daxili həyatını əks etdirən film gedir. Qadın da, kişi də bir-birinin üstünə bağırır. Azərbaycan ailəsinin özünəməxsus ailə davranış qaydaları var. Ən birinci yerdə hörmət dayanır. Valideynlər uşaqların yanında kobud mübahisə etməyib axı. Bütün bunlar bizin mentallığımızın faciəsidir. Bizim çox gözəl sənət nümunələrimiz var ki, onları efirə buraxmırlar. Çünki televiziyalar əsl sənətə qapalıdır. Tamaşaçıya o qədər bayağılıqlar göstərilib ki, bir dənə mükafat almış film nümayiş edilərsə, izləyici üzünü çevirib televizoru qapadacaq. Mən ad çəkmək istəmirəm, çünki bu cameədə mən də varam. Lakin bir-iki nəfərin etiraz səsi təəssüf ki, heç nəyi həll etmir.

- Bir az da kinodan danışaq...

- Kino elit sahədir. Əgər televizora əlində kartof soya-soya baxmaq olursa, kinoteatra film izləməyə getmək tamam başqa aləmdir. Tamaşaçının geyimindən başlayan zövqü, ətrafına münasibəti, davranışı, biri-birilə danışığı, gülüşü - bir sözlə, hər şey bir gözəllik çərçivəsindədir. Film bitdikdən sonra gedən fikir mübadiləsi, səmimi söhbətlər saat yarımlıq zamanın səviyyəsinin göstəricisidir. Amma təəssüf ki, bu gün kinoteatra gedən həmin təbəqənin də sayı azdır. Deməyin ki, mən yenə geri qayıdıram, amma görünən yalnız budur. Ona görə ki, təbliğat maşını adlanan televiziya "Komedixana"larla insanları elə ovsunlaya bilib ki, tamaşaçı əsl şedevr komediyaları görsə, inanın dodağının ucu belə qaçmaz. Çünki onun üçün gülüş yalnız "Komedixana"da ola bilər. Təsəvvür edin ki, 7 yaşından bu eybəcərlikləri seyr edə-edə böyüyən uşaq artıq baba olanda hansı çərçivədə ola bilər. Axı bizim çox gözəl, hətta bir neçə mükafata layiq görülən filmlərimiz az deyil. Onlar niyə nümayiş olunmur? Amma elə hey deyirsiniz ki, kinodan danışım.

- Dövlətin kino sahəsinə diqqəti böyükdür, kifayət qədər vəsait ayrılır, amma ortada heç nə yoxdur...

- Artıq kino haqqında danışmaq istəmirəm. Mən əvvəldən sizə mövqeyimi bildirdim. Bu gün biz yalnız bir siyasət ətrafında birləşməliyik. Dövlət bütün gücünü "Böyük qayıdış" proqramına yönəldib və var gücü ilə dayanmadan çalışır. Bütün vəsaitlər yalnız ora yönəlməlidir. Qoy film çəkilməsin, kitab az çıxsın, rəssamın boyası bir qədər keyfiyyətsiz olsun, lakin təki Vətən yaşasın.

SÖZARDI: Bəzən sakit, bəzən danışanda emosiyalarını gizlədə bilməyən müsahibimin söhbət əsnasında iki dəfə çox həssas qəlb sahibi olduğunu gördüm. "Lazım gələrsə, evimi satıb küçədə belə yaşayaram, dövlətimə dəstək olaram ki, təki Vətən sağ olsun" deyən bu ahıl yaşlı insan kövrəldiyini də gizlətmədi və əlini ehmalca masanın üstünə vurub dedi ki, mən bu otağı sahibindən yarım saatlıq almışam, müsahibə bitdi. Düzü, belə bir sonluq gözləmirdim, lakin otağı tərk etməkdən başqa çarə yox idi. Müsahibə üçün bizə iş otağını verən Xalq yazıçısı Çingiz Abdullayev idi. Təşəkkürümü bildirib çıxanda bir vaxta baxdım, bir yarımçıq qalan suallara... Geri çevrilib çox səmimi söhbət edən bu iki insana tərəf bir daha boylananda gördüyüm mənzərəni  ani bir filmin elə ani və təbii epizodu da zənn etdim...

 

Tamilla M-zadə

525-ci qəzet .- 2024.-27 iyul,¹(132).-S.16;17.