YENƏ O DAĞLARDA ƏL-ƏLƏ
İnsana nəsib olan sərvətlər arasında
ömür qədər qeyri-bərabər paylananı yoxdur.
Niyə belədir, kimsə bilmir, bu da bir ayrı İlahi
sirdir. Kiminsə həyatdan çox erkən ayrılmasına
da heyifsilənirik, lap uzun ömür sürmüşlərin
də gedişinə acıyırıq ki, bir qədər də
yaşaya bilərdi, bizimlə daha uzun müddət birgə
qalsa idi, daha yaxşı olardı, elə quruca nəfəsi,
varlığı bəsimiz idi.
Ancaq bir var sıradan olan insanların ömür
möhləti, bir də var seçilmişlər, dahilər,
mənsub olduğu xalqın və insanlığın tarixində
iz qoyanlar. Axı varlıqları ilə, əməlləri ilə
digər Allah bəndələrindən fərqlənənlərin
ömür müddətinə münasibət də adi
insanların qismətinə yazılan ömür payına
olan kimi götürülə bilməz. Qiymətli şəxsiyyətlərin
irsini nəzərdən keçirirkən, onların həyatının
hansı yaşda bitməsindən asılı olmayaraq, həmişə
fikirləşirik ki, bir az da yaşasaydı, bizə yadigar
qoyduğu gözəlliklərin sayı bir qədər də
çox olardı.
Heyhat, bizdən asılı nə var ki! Təəssüflənməkdən,
arzulamaqdan savayı əlimizdən nə gələr!
Amma XX yüzildə, qasırğalı dövrlər
gedişində itirdiyimiz elə müstəsnalarımız
var ki, bəzən qatışıq zəmanəni, həmin
çağların istedada qənim qəddar siyasətlərini
düşünürkən onların öz əcəli ilə
nisbətən cavan getmələrinə acımaqdan daha
çox haqq qazandırırıq.
Elə Mirzə Cəlilin özü. Gözlərini əbədilik
yumanda ahıl yaşda idi, ancaq qoca ki deyildi, qələmi ki
işləyirdi, hələ nə qədər yaşaya,
yazıb-yarada da bilərdi. O cür zəka nəhəngi
üçün nə yaş idi ki bu - hələ 70-nin tamam
olmasına 7-8 il qalırdı. Ancaq 1920-ci illərin
ortalarından etibarən ildən-ilə sovet hökumətinin,
bolşevik siyasətinin kəc üzü ilə getdikcə
daha artıq qarşılaşdıqca daxilən əzab
çəkən Mirzə Cəlili 70 yaşının
astanasında - 1937-1938-ci illərin qırğınları
dövründə göz önünə gətirməyə
çalışın.
O illər içində onu diri təsəvvür etmək
olmur.
Nə onu, nə Əbdürrəhim bəy Haqverdiyevi,
nə Cəfər Cabbarlını, nə də onlar qəbilindən
olan və rəhmətə gedərək həmin qaramat illərə
çatmayan digərlərini.
Onları erkən ölüm əslində xilas edib.
Yaşayıb o illərə çatsaydılar, onlara da
"xalq düşməni" damğasının
vurulacağı şəksizdi. Sağ qalıb həmin illərə
yetişsəydilər, elə Cavid kimi, Seyid Hüseyn kimi,
Çəmənzəminli kimi... qurban gedəcəkləri
labüddü. Qurban getməksə yalnız onların fiziki məhvi
deyildi ki! Əli həbs orderli çekistlər 1937-də Mirzə
Cəlillə Həmidə xanımın mənzilinə gəlsəydilər,
ikisi də gedəcəkdi, övladları da sürgün
olunacaqdı və ən mühümü - nə qədər
kağız-kuğuzları var, hamısını
yığıb aparacaqdılar. Nə Mirzə Cəlilin əlyazmaları
qalacaqdı, nə məktublar, nə sənədlər, nə
fotolar, nə Həmidə xanımın qələmə
aldığı xatirələr.
Ehtimalımı təsdiqləyən, bu mülahizənin
quru fərzetmə deyil, qaçılmaz gerçəklik
olduğunu sübut edən həmin illərin bədbəxt təcrübələri,
qəmli örnəkləridir. O zaman ardınca NKVD-dən gəlinənlərin
özlərinin, əzizlərinin başına gələn
faciədən artığına onların ev-eşiyi,
var-yoxu, irsi düçar olub. Gəliblər, qəfil səmum
kimi hər şeyi silib-süpürüb gediblər,
qurbanlarını yox etdikləri kimi, onların izlərini də
biryolluq tarixdən silməkçün
çalışıblar - kitablarını, əlyazmalarını,
fotolarını, məktublarını (Həmidə xanım
vaxtilə Mirzə Cəlilin Elmlər Akademiyasına təhvil
verdiyi məktublarını bircə-bircə nömrələmişdi
və onların sayı 1.000-ə çatırdı.
Aparardılar, bircəsi də qalmazdı və
aparırlardısa da, bu o deməkdi ki, o vərəqlərin
ömrü bitirdi. Lakin indi həmin məktubları oxuyuruq,
hamısında həyat çırpınır və həm
də o kağızlar yalnız Mirzə Cəlilin
ömrünə deyil, oçağkı tariximizə
işıq tutur), sənədlərini...
yığışdırıblar, çox zaman o yükü
maşına da qurbanların özlərinə
daşıtdırıblar, sonra da mənasız kağız
qalağı kimi kibrit çəkib yandırıblar, əsərləri
kitabxanalardan, dərsliklərdən, səhnələrdən
qeybə çəkilib, elə vahiməli mühit
yaradıblar ki, adamlar onların adlarını dilə gətirməyə
belə çəkinib.
Görün bu zavallı millət hansı qara əyyamlardan
keçib ki, Mirzə Cəlil kimi nurlumuzun da belə-belə
şeylərə görə həyatdan əslində
vaxtsız, öz əcəli ilə getməsinə
şükür edib təsəlli tapırıq, ölüm
kimi məşum kəlməyə də "vaxtlı"
sözünü əlavə etməyi özümüzə rəva
görürük.
O tarix parçasında ki Mirzə Cəlil
yaşayıb, zaman təqvimində balaca bir dövrdür.
Ancaq içərisinin doluluğu, hadisələrinin
çoxluğu, siyasətlərinin dəyişikliyi
baxımından sanki arasıkəsilməz zəlzələlərin
cərəyan etdiyi bir vaxt müstəvisidir ki, bu haqda
hansısa kitabda oxumaq, bu gedişatı bir macəra filmində
seyr etmək nə qədər maraqlıdırsa da, bunları
yaşamaq, bu axarın qoynunda olmaq əsla asan deyil, bəzən
cəhənnəm əzabıdır, insanı həyatdan
bezdirəcək qədər ağrılıdır.
Çar hökuməti dönəmi, Azərbaycan
Cümhuriyyəti dövrü, onun ardınca gələn
bolşevik hakimiyyəti zamanlarında, hələ üstəlik
bir ara İranda, Təbrizdə, büsbütün fərqli
ictimai-siyasi mühitdə yaşamaq və olub-keçəndən,
güzərandan baş çıxarmaq, dolanmaq özü belə
müşkül idi, onda qalmış Mirzə Cəlil kimi sadəcə
seyrçi qalmayasan, əli qələmli olasan, hər
çağın ən sərt dalğalarını
birbaşa öz taleyində hiss edəsən. Bu fərqli
dövrlər həm də bir neçə inqilabla
müşayiət olundu, bu çağın içərisinə
dünya müharibəsi də girdi. İnsanları, səciyyəsi,
baxışları tez-tez dəyişən həmin ləngərli
dövrlərdə müvazinətini itirməmək bir
ayrı hünər idi. Amma Mirzə Cəlilin əlində qələmi
də vardı və sürətlə dəyişən həmin
dövrlərin hər birində yazırdı,
yazdıqları da mücərrəd deyildi, bilavasitə zamana
və zəmanədəkilərə aiddi, o çağların
səmtvericiləri, hökm sahibləri də bu
yazılanlardan agahdılar və heç də həmişə
yazılanlardan xoşhal deyildilər.
Mirzə Cəlilin həmin dəyişən dövrlərin
hər birində başverənlərə tənqidi
münasibəti vardı, onun sözü, qələmi fərqli
zamanların hamısında dikbaş, etirazçı,
barışmaz idi, gerçəkləri
çılpaqlığı ilə əyan edən idi. O
qarışıq dövrlərin hər birininsə belə
açıq, tikanlı sözə öz münasibəti
vardı - çox zaman sərt, hikkəli, kinli, hətta bəzən
o qələm sahibini özünə düşmən sayaraq
onunla haqq-hesab çəkmək ehtirası ilə
alışacaq qədər amansız!
Lakin qələm, yaradıcılıq öz yerində,
Mirzə Cəlil həm də ailə başçısı
idi, böyük külfəti vardı. Bu mürəkkəb
dövrdə həm də dolanmaq, bala başı saxlamaq məsuliyyəti
daim onunla idi.
...Hərdən yaxın tariximiz haqqında bildiklərimiz
qədim dövrlər barədəki məlumatlardan daha az
olur. Burdan-bura hələ yerli-yataqlı agah deyilik ki, nədən
1917-ci ilin 25 dekabrında 26-cı sayı buraxılmış
"Molla Nəsrəddin" nəfəs dərdi və Azərbaycan
Xalq Cümhuriyyətinin yaşadığı 23 ay boyunca bircə
nömrəsi də çıxmadı? Gizlinlərə yol
aça bilən bir çox arxivlərimiz hələ də
qapalı qalır. Cümhuriyyət dövründə də,
Azərbaycanın sovetləşməsi dönəminin ilk
onilində də xüsusi xidmət orqanlarının
müşahidəsində olmuş Cəlil Məmmədquluzadə
ilə bağlı əməliyyat məlumatları var ki,
arxivlərdə kirimişcə qalır, onları
görüb, oxuyub, xalqa çatdıracaq
araşdırıcısını gözləyir. Təbii ki,
gərək bunun izni də ola. Nə acı ki, əsrlər və
minilliklər dəyişsə də, söz Mirzə Cəlildən
gedərkən, arada artıq 100 ilə yaxınlaşan vaxt məsafəsi
varkən yenə tariximizin qaranlıqlarını
aydınlığa çıxaracaq bir çox qaynaqlara aparan
yollarımız hələ də açıq deyil...
...1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti
devrildi və həmin ilin son may günlərində Azərbaycanın
şərəf tarixində qalacaq qəhrəmanlıq hadisəsi
baş verdi. Mayın 25-dən iyunun ilk günlərinə qədər
davam edən, minlərlə insanımızın həyatını
əlindən alan, neçə igidimizi Vətəndən didərgin
düşərək sonra bütün qalan ömrünü
mühacirətdə sürməyə vadar edən Gəncə
üsyanı, Ceyhun Hacıbəylinin sərrast ifadəsincə,
1920-ci ilin aprelində bu millətin üstünə
düşən ləkəni qanla yuyub təmizlədi.
Və 1920-ci ilin son may günlərində, iyunun əvvəlində
elə Gəncə üsyanının havası ilə
Qarabağda da qarışıqlıq idi. Azərbaycan nə
boyda yerdir ki, Gəncədəki atəşlərin səsi
yurdun dörd bucağında əks-sədalanmayaydı. Vaxtilə
misilsiz və müdrik sənətkarımız Cabbar
Qaryağdıoğlu söyləyəndə ki, "Xəzərin
o tayında atılan bir güllənin Xəzərin bu
tayında xanəndənin səsinə təsiri var", əslində
xeyli dərin mətləblərə işarə etmişdi.
Allah şahidi, Gəncə üsyanının sədalarının
Qarabağa necə gəlib çatdığını
olduğu kimi təsvir edən Həmidə xanım
Cavanşir: "Mirzə Cəlil və bütün ailəmiz
Qarabağda, Ağdamın 18 verstliyində yerləşən,
Əhməd bəyin xüsusi mülkiyyəti olan Kəhrizli kəndində
yaşayırdıq. 1920-ci il mayın sonlarında xəbər
yayıldı ki, Gəncədə qiyam qalxmışdır.
Şuşada və Ağdamda yerləşdirilmiş qoşun
hissələri qiyamla əlaqədar Yevlax dəmir yolu
stansiyasına tərəf hərəkət etməyə
başlamışdı. Qarabağda addımbaşı rast gəlinən
qaçaq dəstələri geri çəkilən
kiçik hərbi dəstələrə hücum edir,
yalqız əsgərləri öldürüb
silahlarını götürürdülər. Xalq arasında
şayiələr dolaşırdı, deyirdilər ki,
Bakıda və Gəncədə vəziyyət yaxşı
deyil, bolşeviklər geri çəkilir. İyun
ayının əvvəllərində Şirvanlıpoçt
stansiyası və Bərdə şəhəri tərəflərdən
top səsləri, yaylım atəşləri eşidilməyə
başladı. Sonra isə yaxın dağ kəndlərindən
ard-arda güllə səsləri gəlməyə
başladı. Hamı narahatlıq, təşviş və təlaş
içində idi. Danışırdılar ki, Gəncə
üsyanını yatırmış qoşun hissələri
qəzəb içində Qarabağa qayıdır,
qarşıya çıxan nə varsa, yandırıb, qana
boyayıb yerlə-yeksan edirlər. Hamı qaçmağa
hazırlaşırdı. Çox qorxunc söhbətlər gəzirdi.
Deyirdilər ki, qoşunlar 5-7 yaşdan yuxarı rast gəldikləri
başıpapaqlıları aman vermədən
öldürürlər".
Orda-burda fürsətdən istifadə edən ermənilər
də yenə baş qaldırıbmış. Mirzə Cəlilin
Naxçıvandan Qarabağa qayıdan qardaşı Mirzə
Ələkbər nə qədər təkid etsə,
inandırmağa çalışsa da ki, özünü,
uşaqları təhlükənin ağzına
atmamaqçün müvəqqəti olaraq İrana qaçmaq
lazımdır, Mirzə Cəlil qulaq asmır, ümid edir ki,
bu həngamə tezliklə səngiyəcək.
"Mirzə Cəlil də, mən də qərara gəldik
ki, evimizdən heç yerə tərpənməyək.
Tüfəng və top səsləri get-gedə daha aydın və
daha yaxından eşidilməkdə idi. Həmin vaxt hər tərəfdən
axışan qaçqınların sayı artmağa
başlamışdı. Qətllər, qırğınlar
haqda dəhşətli hadisələr
danışırdılar. Bir də gördük ki,
bütün kəndlilər, bütün qohum-əqrəba,
evlərimizi tərk etməmək haqqında verdiyimiz sözə
baxmayaraq, tələm-tələsik yığışıb
şələ-küləni arabalara yerləşdirir,
mal-qaranı sürüb çöldən gətirir, evlərini
tərk edir, uzanıb gedən qaçqın
köçünün ardınca yola düzəlirlər".
Mirzə Cəlilgil məcbur qalıb o günlərdə
İrana, Təbriz tərəfə səmt götürürlər.
Qarşıdakı bütün təhlükələri nəzərə
alaraq yaraqlanmışdılar - Həmidə xanım da, Mirzə
Cəlil də belində patrondaşlar, mauzerlər qorxulu
yollardan keçib gedirdilər.
Mirzə Cəlillə Həmidə xanıma adətən
yalnız "ömür-gün yoldaşı" deyil,
qoşa adladıqları keşməkeşli
aşırımlara görə sözün məcazi mənasında
"silahdaş" deyilib. Həmin həyəcanlı
günlərdə isə onlar elə sözün birbaşa
anlamında da silahdaş idilər.
Çox əziyyətlərdən sonra gəlib
yetişmişdilər Təbrizə. Həmidə xanım
xatırlayırdı ki, küçələrdən
keçib gedirdik, heyrətdə qalmışdıq,
sağda-solda sanki uzun, çox uzun bir divar idi.
Sıralanmış evlərdən heç birinin
küçəyə açılan pəncərəsi
yoxmuş, evlərin hamısının pəncərələri
öz həyətlərinə açılırmış.
İndi, XXI əsrin il-il irəlilədiyi günlərdə
köhnə xatirələrin cığırı ilə
1920-ci il İranına, Təbrizin küçələrinə
qayıdaraq bütöv bir divar kimi uzanan, sıralanmış
pəncərəsiz evləri düşünürkən həm
də Mirzə Cəlilin uğrunda
çalışdığı amallar keçir xəyaldan. O
bütöv divar kimi uzanan və qıraq gözlərə
qapalı, özü də kənar aləmdən təcrid
olunmuş kimi qalan pəncərələrsiz evlər əslində
Mirzə Cəlilin ömrü boyu içərisində
yaşamış olduğu və heç vaxt
sığışmadığı qapalı mühit idi. Mirzə
Cəlilin apardığı mübarizələrin də məqsədi
ondan ibarət idi ki, o divarlar sökülsün,
dağılsın, insanların hamısının
geniş-geniş açılan pəncərələri olsun.
Və Mirzə Cəlilin bütün
doğurduqları da mahiyyətcə onun öz əli, zəkası
və qəlbi ilə milləti üçün
yaratdığı böyükdən-böyük, taybatay
açılı PƏNCƏRƏ idi...
Mirzə Cəlil Təbrizdə olduğu qısa
müddətdə də Cümhuriyyət dönəmində
susmuş "Molla Nəsrəddin"ini dirçəltmiş,
yenidən buraxmışdı.
Həmidə xanımın Mirzə Cəlilli xatirələrinin
hər səhifəsi, hər sətri qiymətlidir. Ancaq o
çağın İranına, o günlərin Təbrizinə
və təbrizlilərinə, o dövrdə çıxan
"Molla Nəsrəddin"ə aid xatirələrin misli-bərabəri
yoxdur. Çünki Həmidə xanımın xatirələri
yeganə mötəbər qaynaqdır ki, "Molla Nəsrəddin"in,
Mirzə Cəlilin ozamankı Təbrizdə göstərdiyi fəaliyyətləri
bütün ayrıntıları və
aydınlığı ilə əks etdirir. Bu, bütün
xırdalıqlarıyla müfəssəl təqdimə layiq
tarixi hekayətdir ki, ona ayrıca dönməyə ehtiyac var,
çünki indiyəcən bir para məqamları hələ
də üzə çıxarılmayıb. Onu sonraya
saxlayaraq Həmidə xanımın bir müşahidəsini
bölüşməyin hər halda yeridir. Təbrizlilər
Mirzə Cəlilin cəsur qardaşı, Səttarxan
çiyindaşı Mirzə Ələkbəri yaxşı
tanıyırdılar, ona heyran idilər, amma Cəlil Məmmədquluzadənin
onlar kimi adi adam olmağına inanmaqları gəlmirdi. Bu
sorağı bir başqası çatdırsaydı, bir az
şübhə ilə yanaşardım. Ancaq bunları soyuq
ağıllı, həqiqətləri ağı və
qarası ilə dəqiq nişan verən Həmidə
xanım Cavanşir xəbər verir: "Hamı Molla Nəsrəddinlə
görüşmək istəyirdi. Sonradan eşitdim, Təbrizdə
söhbət gəzirmiş ki, Molla Nəsrəddin qeyri-adi
adamdır, səmada yaşayır, jurnalı da göydən
yazıb göndərir. Elə hallar olurdu ki, bizim evə Molla
Nəsrəddinə tamaşa etmək və onun necə
göründüyünü gözləri ilə görmək
üçün yad qadınlar gəlirdilər. Onlar baxır
və inana bilmirdilər ki, Molla yerdə yaşayır".
...Bakıdan Azərbaycan hökuməti teleqram göndərmişdi,
Mirzə Cəlili dəvət edirdilər ki, gəlin, sizə
yüksək vəzifə vermək, xalq maarif komissarı təyin
etmək istəyirik. Ancaq Cəlil Həmidə xanıma etiraf
edibmiş ki, mən özümü bu iş üçün
yararlı hesab etmirəm, orada xahiş edəcəyəm ki, mənə
köhnə qayda ilə "Molla Nəsrəddin"i nəşr
etməyə icazə versinlər.
Gəlmişdi, büsbütün yeni zaman içərisində
"Molla Nəsrəddin"i elə yeni günün ruhuna və
tələblərinə uyğun buraxmağa
başlamışdı. Yeni günün və təzə
hökumətin arzuladığı sözü deyənlər
çox idi. Lakin Mirzə Cəlilin yazı ilhamı və
istedadından, sözündən və qələmindən
savayı, həm də onların hamısını birləşdirən
və hamısından da ucada dayanan GÖZLƏRİ
vardı. Hətta bəzən onunla eyni yolu tutub gedənlərin
belə yanından keçib sezmədiklərini elə
uzaqdan-uzağa alıcı quş kimi tutan və bunu sözə
döndərməyi qələminə həvalə edən
itidən-iti gözləri. Fəqət Molla Nəsrəddini
mübarizələrində müttəfiqi kimi böyründə
görmək istəyən Şura hökumətinin yüksək
məmurları bir mühüm həqiqəti unudurdular ki, o
gözlərin bir əmması da var - yalnız sənin
görülməsini istədiyini yox, hər şeyi
görür, o sıradan sənin qüsurlarını da və
görürsə, onu saxlamaq da mümkün deyil, nə yollasa
bir üsul tapıb deməli olduğunu söyləyəcək,
yazmalı olduğunu qələmə alıb faş edəcək,
üstəlik yan-yörəsini də şəkillə-filanla
bəzəyəcək.
Lakin bolşevikə də bolşevik deyərlər, hər
halda dalaqları sancıbmış ki, Cəlil Məmmədquluzadəyə
sona qədər əmin olmaq çətindir və belə
anlaşılır ki, jurnalın buraxılmasına rüsxət
verilənəcən Mirzə Cəlillə heç də sadə
olmayan söhbətlər aparıblarmış və yəqin,
şərtlər də qoyurmuşlar. Hər halda Həmidə
xanımın İrandan yenicə gəldiyi günləri
xatırlayaraq yazdıqlarından çıxan nəticə
budur: "Mirzə Cəlilin "Molla Nəsrəddin"
jurnalı ilə bağlı rəhbərliklə
danışıqları da qaydasınca getmirdi. O, fikir edir,
iztirab çəkirdi".
Bu diltapma da uzun çəkir və yalnız 1922-ci
ilin payızında Mirzə Cəlilə jurnalı buraxmaq izni
verilir.
1922-ci il noyabrın 2-də dərginin həmin il
üçün 1-ci sayı nəşr edilmişdi və elə
həmin ağır danışıqların yekunu olaraq
"Şura" sərlövhəli yazı ilə
başlayırdı: "O şey ki qoca Molla Nəsrəddinin
qəlbinə və məzaqına hər babətdən
müvafiqdir, onun adı Şuradır". Ardınca da
"Bakı nefti" şeiri, "Yeni yol" qəzeti
haqqında məqalə və "Molla Nəsrəddin dəst-i
xəttinə dəxli olmayan belə-belə dişsiz
xırda-para yazılar.
Oxucusu ilə noyabrın 9-da görüşən
sayında xırda-xırda "Molla Nəsrəddin"
"Molla Nəsrəddin"liyini büruzə verməyə
başlayır. Üz səhifəsində neft buruqları
arasında bir milli geyimli xanım. Rəsm onun adını da dəqiqləşdirir:
"Azərbəyim". Sağdan ona bir yumruq uzanıb, soldan
daha bir neçə əcnəbi göz dikib. Azərbəyim əslində
bu rəsmdə elə sərvətlərinə yadellilərin
əl qoyduğu, göz dikdiyi bəlakeş Vətəndir. Bu
sayda da rəhbərliyin öncədən sifariş etdiyi
üsluba uyğun yazılar və deyiş tərzi yer
alırsa da, tədricən dərgiyə əskilərdən
xas olan neştərin ucu da görünməyə
başlayır. "Molla Nəsrəddin" bu dəfə bir
"Lüğətçə" düzəldib idarə
adlarını şərh edir. Yazır ki, "azneft"in
adı ona görə belədir ki, günü-gündən
qulluqçularının məvacibi artdıqca nefti azalır.
Nömrədən-nömrəyə bir çimdik-bir
çimdik "Molla Nəsrəddin" istiotu
artırmağa, barıtı çoxaltmağa başlayır
və təbii ki, bu qırmızı hökumətlə
ikibaşlı oynamaq çətindi, onunla belə rəftarın
yazanın başında çatlaması da özünü
çox gözlədəsi deyildi.
1923-cü ilin mayında "Molla Nəsrəddin"in
Bakıda, Sovet Azərbaycanında nəşrə
başlamasının heç 1 ili tamam deyildi, amma artıq
Mirzə Cəlilə İrandan təzə gəldiyi
çağlarda bəslənən münasibət yox idi.
Zahirdə hiss edilməsə də, həssas Mirzə Cəlil
bunu duyurdu, ona görə pərişan idi və çox
keçmədən elə açıq zərbə də gəlir.
Mirzə Cəlil "Molla Nəsrəddin"in nəşrinin
18-ci ilini qeyd etməyə hazırlaşırmış.
İki bayramın bir-birinə qarışması gözlənilirmiş
- "Danabaş kəndinin əhvalatları" da səhnələşdirilibmiş,
mayın 12-də Mayılov teatrında premyera olacaqmış.
O ərəfədə Həmidə xanım Qarabağda idi.
Mirzə Cəlil məktub yazaraq həm öz adından, həm
uşaqların dilindən rica edirdi ki, zövcəsi
oradakı işlər nə qədər təxirsiz olsa da,
hamısını qısa müddətə də olsa
yarımçıq qoyaraq Bakıya gəlsin, onlarla birgə
olsun.
"Kommunist" qəzeti isə aprelin 30-da elan edirdi
ki, mayın 2-də elə həmin Mayılov teatrında təntənəli
"Molla Nəsrəddin" gecəsi təşkil ediləcək.
Müsamirənin fəxri sədrləri təzə hökumətin
ən öndəgedənləri Səmədağa
Ağamalıoğlu və Qəzənfər Musabəyovdur.
Ancaq gecə baş tutmur, qəzetlərdə bildiriş
verilir ki, müsamirə təxirə salınır, amma
ayın 2-nə alınmış biletlər mayın 11-nə
qüvvədədir.
Sanki narahatlığa ciddi əsas yoxdur, hansısa səbəblərdən
belə təxirəsalmalar əlbəttə ki,
mümkündür, adətən az da rast gəlinmir. Xeyirlisi
- bəlkə bu daha yaxşıdır ki, mayın 11-i
"Molla Nəsrəddin gecəsi" olacaq, düz ardınca
da ayın 12-sində tamaşa.
Lakin 1923- aprel
ayının 5-də "Bakinskiy raboçiy" qəzetində
S.Şadunts imzalı müəllifin "Zemlya krestyaninu"
("Torpaq kəndliyə")
o çağların səciyyəvi ifşaçı
məqalələrindən biri dərc edil ( “”
5 6- ) və həmin kəskin
yazının hədəfə götürdüyü də Həmidə
- idi. Məqalədə dırnaqarası "keçmiş
xeyriyyəçi" adlandırılan Həmidə
xanımın fəaliyyətlərindən həqarətlə
bəhs edilir, guya kəndlilərin kəhrizini zəbt etdiyi,
suyu onlara pulla satdığı barədə hərzə-hədyan
ifraz olunurdu.
rməni müəllif belə yazırdı:
"Şuşa qəzasının dördüncü sahəsində
naməlum olmayan mülkədar-"xeyriyyəçi" Həmidə
xanım molla vasitəsiylə kəndliləri inandıraraq
bildirib ki, əgər onlar kəhrizi bu xanımdan alsalar, Allah
onların namazlarını qəbul etməyəcək.
Çünki dəsamazlarını oğurluq suyla alıblar.
Beləliklə, Həmidə xanım asanlıqla nail olub ki, kəndlilərdən
kəhrizin təmiri üçün bir neçə dəfə
artıq taxıl qoparsın. Həmin
kəhrizin suyunu isə kəndlilərə pulla satır".
Əslində isə Həmidə xanım
atasının yadigarı, qəlbən
bağlandığı Kəhrizlini dirçəltmək
üçün gecə-gündüz zəhmətə
qatlaşırdı, uçub-dağılmış kəhrizləri
kəndlilərdən ağır şərtlərlə icarəyə
götürmüşdü, vəsait tapmışdı,
özü demiş, "əldən-dildən düşərək"
kəhrizləri təmizləyib bərpa elətdirməklə
məşğul olmuşdu.
Qəfilcə hökumət adamları
çağırıb demişdilər ki, icarəyə
götürdüyünüz kəhrizləri sahiblərinə
qaytarmalısınız. Həmidə xanım da
soruşmuşdu ki, təmizləmə, bərpa işlərini
dayandırımmı, işçiləri buraxımmı? Bu
suala da əcaib cavab vermişdilər ki, yox, davam edin, işləri
bitirməsəniz, məsuliyyətə cəlb oluna bilərsiniz,
biz sonra sizin xərcləri qaytararıq.
"Bakinskiy raboçiy"dəki şər-böhtanlı
məqalə Mirzə Cəlili hövsələdən
çıxarmışdı, bunu yalnız Həmidəyə
hücum deyil, özünə qaşı da qəsd kimi qəbul
etmişdi, respublika rəhbərliyinə elə həmin gecə
üç əsəbi məktub yazmış, komissiya
göndərərək məsələləri yerində
araşdırmağı xahiş etmişdi.
Mirzə Cəlilə
növbəti sarsıdıcı zərbəni mayın 12-də,
premyera günü endirmişdilər.
Həmidə xanım xatırlayırdı ki, ilk
tamaşa günü gəlib çatdı, hamımız
orada idik, lojada ikinci yarusda oturmuşduq, Mirzə Cəlil həyəcanlı
idi, deyəsən, nəsə qaydasında deyildi, nəyə
görəsə antraktlarda musiqi çalınmırdı,
ikinci aktdan sonra pərdəni açmadılar,
tamaşaçılar çaşıb qalmışdı,
böyük bir mərəkə qopdu, Mirzə Cəlil
başını itirmişdi, o, bizdən həmin anda evə
dönməmizi tələb etdi, biz evə qayıtdıq, Mirzə
Cəlil yolda dedi: "Bundan sonra bir daha yubiley keçirməyə
razılıq vermərəm".
Mirzə Cəlilin bayramlarını burnundan belə gətirmişdilər,
sevinclərini ovsanadan bu cür
çıxarmışdılar.
Yazıçı üçün əsərinin səhnəyə
gəldiyi gün övladın doğulmasına bərabər
xoşbəxtlikdir. Mirzə Cəlilə qarşı sifəti
çönmüş, mədəsi onu qəbul etməyən
yeni quruluş, bicdənəmələgəlmə ideoloji onu
bu cür burunlayırdı, bu cür zəhərləyirdi.
Altıca gün ötür. Bu, qəza vü qədər
idimi, bəxtin dönməsi idimi, ya nəsə mübhəm əl
işə qarışmışdı? Cavabsız
suallardır.
Xeyli sonralar, ötmüş illər faciənin
göynəyini soyudandan sonra Həmidə xanım yada
salırdı ki, Mirzə Cəlil mövhumatçı
deyildi, cürbəcür röyaların əlamətlərinə,
yuxuyozmalarına inanmazmış, ancaq mayın 18-də yuxudan
çox kefsiz oyanır, deyir ki, pis yuxu görmüşəm,
yuxusunu ötəri danışır ki, can verən, ölən
adam, qan görmüşəm.
Həmidə xanım bunu da yazır ki,
axşamüstü qızı Minagilə gedəcəkmiş,
amma nəsə yubanır, bir də onu görür ki, 11
yaşlı oğlan nəvəsi yüyürə-yüyürə
dəhşətli xəbərlə gəldi ki, anam
özünü güllə ilə vurdu.
Böyük dərd, yas içində olan adam sanki ətrafdakıları
daha iti, daha dəqiq görməyə başlayır. Fikir verməmisinizmi,
hüzr sahibi nə qədər dalğın, üzgün, qəmgin
olsa da, məclisə gəlib-gedənlərin birini də nəzərdən
qaçırmır, hamısını yadda saxlayır. Həmidə
xanım istəkli balasının ölüm xəbərini
aldığı, başdan ağıl çıxaran, bir ana
gözünə dünyanın görünmədiyi anda belə
görə bilmişdi - uşaq gətirən xəbəri
eşidincə Mirzə Cəlilin o anlarda daha təbii ola biləcək
sarsılmaqdan, kədərlənməkdən,
halsızlaşmaqdansa mat qalmasını, heyrətə
düşməsini.
Bu ani hiss nə hissmiş? Gizlinci Həmidə
xanıma Cəlil özü açıbmış. Sən
demə, ötən gecə yuxusunda elə qanına qəltan
olmuş, can verməkdə olan Minanı
görübmüş. Sadəcə, ürəyi gəlməyibmiş
ki, yuxusunu Həmidəyə elə gördüyü kimi
danışsın.
Mirzə Cəlilin beynində, könlündə
daşıdığı sirlərini, kimsəylə
bölüşmədiklərini, xüsusən ömrün
son parçasında yad gözlərə göstərmədən
çəkdiyi iztirabları onunla bir yastığa baş
qoyan, həm də ona düşüncə, ruh, duyğu,
zövqcə yaxın olan həmdəmindən yaxşı kim
bilər ki!
Həmidə xanımın xatirələrini oxuduqca o
gümanım da yaranır ki, deyəsən, axı o vaxt Mirzə
Cəlili göydə yaşayan adam kimi qavrayan təbrizlilər
haqlıymış.
Bu kişi sabahları, özünün və
doğmalarının gələcəyini öncədən
görə, sezə bilirmiş, hələ gəlməmiş
günlər ona yuxularında nazil olurmuş.
Həmidə xanım 1925-ci ilin yanvarını
anır. Özünü yaxşı hiss etməyən,
başı ağrıyan Mirzə Cəlil o axşam heç
nə yazmır, yatağına da həmişəkindən tez
girir. Həmidə xanım gecə yarısı inilti səsinə
oyanır. Baxır ki, Cəlil boğulan kimidir, xırıldayır,
oyatmağa çalışsa da, buna handan-hana nail olur. Cəlil
xeyli susur, məyus-məyus ətrafa baxır, əvvəl
danışmaq istəməsə də, Həmidə xanım
çox israr edəndən sonra gələcəyin gerçəklərindən
xəbər gətirən xoflu-vahiməli röyasını
nağıl edir. Başlayır danışmağa ki, yuxuda
gördüm məni mühakimə edirlər, suçlu
sayır və bir divarın içərisinə hörmək
istəyirlər. Əvvəlcə məni zorla zirzəmiyə
gömürlər, sonra qapını kərpiclə
hörürlər, sonra tavandakı yeganə nəfəsliyi də
yuturlar. Qışqırıb yalvarıram ki, heç olmazsa
bu balaca pəncərəni bağlamayın, qoyun bir nəfəs
ala bilim, məni havadan məhrum etməyin.
Özü getməsəydi, axırının mütləq
buna bənzər olacağına şəkk yoxdu.
Çünki o vaxtacan Azərbaycan zindanlarında
oxşar hadisə olmasa da, məhz 1937-ci ildən etibarən,
işgəncələrin şahə qalxdığı
çağlarda məhbusların diri-diri divara
hörüldüyü, elə biçarə Müşfiqin
belə müdhiş sonluqla üzləşdiyi haqda şahid
ifadələri qalmaqdadır.
Nəfəslikdən, havadansa Mirzə Cəlili
artıq elə 1925-ci ildə - hələ ölümünə
xeyli qalmış məhrum etmişdilər.
Həmin o yuxuda boğulduğu narahat gecədə
ürəyindəki bir başqa gizlinci də Həmidə
xanıma açıbmış ki, jurnalın işləri
heç yaxşı deyil, cox ciddi gərginlikləri var.
Gərginlik yazmağa söz tapmamaqla yox, istədiyi
kimi yazmağına macal verilməməsində, güclü təzyiqlərdəymiş.
Belə hiss olunur ki, Mirzə Cəlil və komandasına
yalnız dar bir çərçivədə hərəkət
imkanı verilibmiş. Yalnız din əleyhinə, bir də
xırda məişət məsələlərini tənqid
etmək olar. Ciddi ictimai-siyasi mövzulara toxunmaq
yasaqlanmışdı. 1925-ci il yanvarın 31-də "Molla Nəsrəddin"in
5-ci nömrəsi işıq üzü görür. Sonda
baş redaktorun adı gedir: "Müdir-i məsul Cəlil Məmmədquluzadə".
1925-ci il fevralın 7-də nəşr edilən növbəti,
6-cı sayda isə daha Mirzə Cəlil öz adını
yazmır. "Baş redaktor" əvəzinə "Heyət-i
təhririyyə" gedir.
Böyük məslək adamını belə
çiyrindirirdilər, belə çərlədirdilər.
Bir yandan öz xəstə məfkurəsi ilə
Şura hökuməti, o biri yandan da ətrafdakı
paxıllar, bədxahlar, nacinslər Mirzə Cəlilə
doğru gələn bütün işıq yollarını
qapadır, nəfəslikləri bağlayırdılar.
Hələ 1925-ci il idi. Hələ qarşıda Mirzə
Cəlilin bu qəbil löyün-löyün
sıxıntılara dözərək yaşayacağı 5
il də vardı.
Allah hər halda bir məqamda ömrün son nisgilli
parçasında Mirzə Cəlilin üzünə baxır
və ona bir ölümü görmək məşəqqətindən
nicat verir. Həmidə xanımın yazmasınca, Cəlil
oğlu Midhəti "canından artıq" istəyirmiş.
Midhət çox oxuyan, çalışan, istedadlı
yeniyetməymiş. İxtiraçılığa mailmiş,
aeroplanlar düzəldirmiş, dövri mətbuatdan radioqəbuledici
quraşdırmaq qaydaları haqqında oxumuş, ona məktəbə
gedərkən yemək üçün verilən xərcdən
qənaət edərək, boğazından kəsərək
lazımi hissələri alırmış, damlarının
üstündə özünün düzəltdiyi radioanteni
ucaldıbmış, bunun sayəsində evdəki radio
Moskvanı, xarici ölkələri tuturmuş, yenə Həmidə
xanımın xatırlamasınca, qonşular gəlib onlarda təəccüb
və maraq içində xarici radiostansiyaların verilişlərini
dinləyərmişlər.
Bu istedadla daşan gənci o vaxtlar sağalmaz olan azar
aparır. Allah Mirzə Cəlili ömrün son əzablı
parçasında ciyərparası Midhətinin
ölümünə şahid olaraq diri-diri ölmək
müsibətindən qoruyur. Həmidə xanımın qələmindən
çıxmış gözü yaşlı sətirlər:
"Midhət atasından düz beş ay sonra, vərəmdən
vəfat etdi və elə onun yanındaca dəfn olundu".
...Mirzə Cəlilin
adamayovuşmazlığını, qaradinməzliyini, az
danışan olmasını müasirlərinin bir çoxu təsdiq
edir. Amma daha dəqiqini Həmidə xanım
çatdırmaqla bunun səbəbini də açır.
Yazır ki, Mirzə Cəlil öz işinə o qədər
aludə bir adam idi ki, kiminsə gəlib ona mane olmasına
heç cür dözə bilmirdi. Səs-küy,
taqqıltı-gurultu onu düşünməkdən və
yazmaqdan qoyurdu. Tərs kimi son dərəcə iti eşitmə
qabiliyyəti vardı. Ən zəif səsləri belə
eşidir, fikri yayınır, bundan da əsəbiləşir
və hövsələdən çıxırdı. Ona
görə Mirzə Cəlil nə qonaq gedirdi, nə də
qonağın gəlməsini istəyirdi. Ziyafətlərdən,
iclaslardan və bu kimi tünlüklərdən zəhləsi
gedirdi. Onun belə qaradinməzliyi ətrafındakı
insanlara qəribə gəlirdi. İnsanlar onun
davranışına əsəbiləşir, onu lovğa
sayırdılar. Əslində isə onun beyni daim
düşüncə, fikir və xəyallarla dolu olurdu. O,
ağlına gələn fikirləri yayındırmaqdan,
yaddan çıxarmaqdan qorxur, düşüncələrini
daim tələm-tələsik kağızlara
köçürürdü.
Kağıza köçürməyə girəvə
tapmadıqlarına heyif! Zəli olub Mirzə Cəlilin
ömrünü sovuranlar ondan və millətdən bizlərə
miras qoya biləcəyi nə qədər inciləri
qopardı...
Mirzə Cəlil həyat eşqi ilə dolu
insanmış və ölməkdən çox
qorxarmış. Təbiətcə o, məğrur, ötkəm
adamdı və həyatı boyu da qətiyyəti, cəsarətliliyi
ilə seçilmişdi. Ölümdən qorxması da onu
alıb aparacaq bu məşum qüvvədən daha artıq
yazmağa imkan tapmayacaqlarının onunla gedəcəyi
hürküsü idi.
1930-cu ilin dekabrında Mirzə Cəlil müalicədən
ötrü Kislovodska gedibmiş. Qayıdanda oradakı həkim
açmamasını bərk-bərk tapşıraraq ona bir zərf
verir ki, Bakıdakı müalicə həkiminə
çatdırsın. Mirzə Cəlil də Bakıya gəlib
çatanacan zərfə toxunmur, ancaq son anda səbrini basa
bilmir, zərfi açır, məktubu oxuyur. Bu, ölüm
hökmü idi: "Xəstənin kitabı bağlanıb,
iki aydan çox çəkməz".
Açmamalı olduğu zərfi açmasıyla ona
bəlli olmuş bu həkim ehtimalı Mirzə Cəlili, ya elə
istənilən adamı bir kabus kimi pəncəsində
sıxa, elə vəd edilən vaxtda da canını ala bilərdi.
Mirzə Cəlil güclü adammış ki,
ölümü də yenir, bu psixoloji bataqlığı da
keçir.
1931-ci ilin dekabrında bir axşam yorğun-yorğun
gülümsəyərək Həmidə xanıma deyir ki, həkim
düz bilməyibmiş, onun hökmündən sonra düz 10
ay yaşadım.
Mirzə Cəlilin bu sözlərində də əslində
onun daha bir öncəgörümü varmış. Deyə
bilərdi ki, "10 aydır yaşayıram", yəni
ömrüm davam edir. "10 ay yaşadım" söyləyir,
sanki hiss edir ki, möhlət elə bu qədərmiş...
...Mirzə Cəlilin həyatının son
parçasıyla bağlı Həmidə xanımın kədərli
xatirələrində bu da var ki, 1931-ci ilin iyulunda əvvəlcə
gedirlər Kürdəmirə. Uşaqlar orada yaşayıb
işləyirdilər. Bir neçə gün burada qalır,
sonra Qarabağa yola düzəlirlər.
Və Mirzə Cəlilin Qarabağa axırıncı
səfərində söylədiyi, Həmidə
xanımın da xatirələrində bizə gəlib
çatan sözlər həm kədərləndirir, həm
düşündürür, həm də arzu oyadır.
İsa bulağına baş çəkirlər, gəlib
Cıdır düzündə gəzirlər və Mirzə Cəlil
qayıdır ki, "öləndə məni bu təpələrdən
birinə quylayın".
Mirzə Cəlilin son mənzili Bakıda Fəxri
xiyabandadır - Azərbaycanın müqəddəs bir
ünvanında, millətin ən seçmə
övladlarının qovuşduğu əziz məkanda. Və
Həmidəsi də yanındadır. Amma Mirzə Cəlilin
1931-ci ilin iyulunda, növbəti ilin ilk yanvar günlərində
gəlib çatacaq əbədi ayrılığından
öncə orada - Şuşa dağlarında söylədiyi
sözlər də yaddaşdadır.
Baxdıqca uzanan o ənginliyi, yaşadıqca
yaşamağa ilhamlandıran o gözəllikləri seyr edirdi
və çox istəyirdi ki, ömrü boyu həmin gözəlliyin
qoynunda qalsın. Ya bəlkə o anlarda dilə gətirdiyi həmin
sözlər Mirzə Cəlilin bir başqa öncəgörümü
imiş? Bəlkə o gün də uzaqda deyil ki, Mirzə Cəlilin
bu son diləyi də çin çıxacaq, o, sevimli
Qarabağa, füsunkar Şuşaya abidəyə çevrilərək,
həm də tək yox, Həmidəsiylə əl-ələ
qayıdacaq?!
23 iyul 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2024.-27 iyul,¹(132).-S.14-15.