Qələmsiz yazılanlar
status-esselər
Prezident İlham Əliyevin, təkcə tarixi
gerçəklikləri deyil, günümüzün yeni
reallıqlarını da hamıdan çox
düşünüb nəzərə aldığına, gələcək
hədəfləri tam dəqiqliklə müəyyən
etdiyinə hər gün dönə-dönə, əyani
şəkildə şahid oluruq. Böyük Zəfərdən
sonra, millət, cəmiyyət və dövlət olaraq,
qarşımızda duran məqsədləri ən doğru və
aydın şəkildə xarakterizə etmək
baxımından cənab Prezidentin keçən il mayın
10-da Şuşada səsləndirdiyi bu fikirlər olduqca ibrətamizdir:
"Bu Zəfərə, bu Qələbəyə hər zaman
layiq olmalıyıq: hər birimiz, hər bir yerdə. Bu Zəfər,
eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət
qoyur. Biz bu Zəfərə layiq olmalıyıq".
Göründüyü kimi, bu cümlələrdə,
dövlət başçısından sıravi azərbaycanlıya
qədər, hamılıqla qazandığımız möhtəşəm
Qələbəyə layiq olmağa çalışmaq
mühüm mənəvi vətəndaşlıq borcumuz kimi
önə çəkilir. Yeni dövrün şərtlərini,
Qalib Xalq olmağın üstün məsuliyyətini dərk
edib paylaşmaq, hər an bu məsuliyyətlə hərəkət
etmək zərurəti qətiyyətlə vurğulanır.
Əfsuslar olsun ki, həm cəmiyyət, həm də fərd
olaraq bu məsuliyyəti heç də lazımınca
anlayıb bölüşə bilmədiyimizi son günlərin
hadisələri bir daha ortaya qoydu. Məlum oldu ki,
canımız-qanımız bahasına
qazandığımız Zəfərə, 30 illik
işğala son qoymağımızla nəticələnən
Vətən Müharibəsinin parlaq nəticələrinə
layiq davranmaq hələlik cəmiyyətimizin xeyli qismi
üçün uzaq mövqedir.
Heç şübhəsiz, indi hamımızın
diqqət mərkəzində dayanan mövzular Böyük Zəfər
qazanmış Azərbaycanın regionda və dünyada
günbəgün artan nüfuzu, bununla əlaqədar ölkəmizdə,
xüsusən Şuşada ardıcıl keçirilən beynəlxalq
tədbirlər, azad edilmiş torpaqlarımızdakı nəhəng
quruculuq işləri olmalıdır. Bunun əvəzinə,
hansısa cılız qalmaqallar, fərdi kriminal olaylar, ötəri
məişət məsələləri gündəmə gəlir.
Belə olaylar hər gün, hər saat fərqli donda, müxtəlif
yozumda qarşımıza çıxıb həm
vaxtımızı, enerjimizi alır, həm də əsəblərimizi
korlayır, mənəvi-əxlaqi
tarazlığımızı pozur.
Səviyyəsi əksərən heç bir pozitivliyə
yer qoymayan bəzi sosial şəbəkə istifadəçiləri
bir yana, çox təəssüf ki, bir sıra hallarda
ayrı-ayrı media qurum və təmsilçiləri də
bu dağıdıcı "gündəm yaratmaq", stəkanda
fırtına qoparmaq prosesinin fəal
iştirakçısına çevrilirlər. Azərbaycanın
və dünyanın hazırkı reallığında belə
bəsit, məzmunsuz olaylara bu qədər diqqət ayırmaq,
neqativ hadisələri, düşük söhbətləri
diqqət mərkəzinə çəkmək son dərəcə
məsuliyyətsiz davranışdır. Bütün bunlar
yersiz və səviyyəsiz hərəkət olmaqdan əlavə,
milli və ictimai baxımdan da çox ziyanlı
addımlardır. Çünki bu cür qaramat yayan
halların ən yolverilməz formalarda, ən iyrənc
üsullarla gecə-gündüz gündəmdə
tutulması ümumən Azərbaycanın dünyadakı
Qalib və Məğrur obrazına, pak, ləyaqətli
simasına kölgə salmağa yönəlir.
Azərbaycan Mətbuat Şurası olaraq, sosial şəbəkə
istifadəçilərinə və vətəndaş mediası
fəallarına müraciətdə də
vurğulandığı kimi, çağdaş dövrün
əsas platformaları olan sosial şəbəkələr və
vətəndaş mediası bu gün cəmiyyətin məlumatlandırılmasında
əhəmiyyətli rol oynayır. Lakin bu platformalarda bəzi
şəxslər azad mühitin imkanlarından sui-istifadə
edərək etik qaydaları pozur, aşırı aqressiya və
qərəz sərgiləyir, böhtan və təhqirə,
vulqar ifadələrin işlədilməsi hallarına yol
verir, kin və nifrət təbliğatçılarına
çevrilirlər. Belə davranış tərzi verilən məlumatların
ictimai çəkisini heçə endirməklə bərabər,
ölkəmizin informasiya məkanına neqativ ab-hava gətirir,
hətta bəzi hallarda hüquqi məsuliyyət yaradır.
Halbuki sosial media mənsubları, bu platformanın fəalları
ilk növbədə insan şərəf və ləyaqətini
zədələmədən, cinayət, zorakılıq, qəddarlıq
və intihar hallarının təşviqinə yol vermədən,
cəmiyyətin mənəvi-psixoloji durumuna zərbə
vurmadan, terror, xurafat və cəhalət təbliğinə
meydan açmadan fəaliyyət göstərməlidirlər.
Əsas meyar, başlıca davranış
ölçüsü isə, Prezident İlham Əliyevin
vurğuladığı kimi, məhz Böyük Zəfərimizə,
Şanlı Qələbəmizə layiq olmaq,
yaşadığımız dövrün yüksək məsuliyyətini
dərk edərək hər addımda buna uyğun
davranmaqdır!..
lll
- Rəşad müəllim, Tural Dadaşovla bir dəfə
səfərə getmişdik, bilirsiniz nə qədər kitab
aldı?! Həm də uzun illər "Xəmsə"
intellektual verilişinin aparıcısı olub.
Bunu Avstriya-Türkiyə oyunundan iki gün öncə
futbol şərhçiləriylə bağlı söhbətdə
idman jurnalisti İbrahim Cəfərov dedi.
Futbol üzrə Avropa çempionatı başlanandan
həyəcanla birgə şərhçilərimizlə
bağlı ara-sıra iradların da şahidi oluruq. Minlərlə
insan diqqətlə qulaq kəsiləndə əlbəttə
ki, hansısa söz kiminsə ürəyinə yatmaya bilər.
Amma mən şərhçilərimizdən razı
qalmışdım. Ümumiyyətlə, idman jurnalistlərimizin
üstün səviyyəsi, məlumatlılığı,
öz işlərinə içdən sevgisi barədə
imkan düşdükcə həmişə fikir bildirmişəm.
Türkiyənin Avstriyanı məğlub etdiyi möhtəşəm
oyunun şərhçisi Tural Dadaşova qarşı sosial
şəbəkə istifadəçilərinin rəğbəti
və alqışı isə çox təsirləndirdi. Elə
bilirəm, bu alqışlar və təriflər həm də
neçə gündür əziyyət çəkən
bütün futbol şərhçilərimizə və idman
jurnalistlərimizə ünvanlanıb.
Kitab məsələsini isə elə belə
xatırlatmadım. Peşəkarlığın yolu həm də
kitab oxumaqdan keçir.
Elə "qəlbidaş" olmamağın da!..
lll
Din və qadınla bağlı mübahisə etmək,
müzakirə açmaq Don Kixotluqdur.
Belələri əvvəldən məğlubiyyətə
məhkumdurlar.
lll
"Dərd də azar kimi gələndə batmanla gəlir".
Yusif Səmədoğlunun "Qətl günü"
romanından bu məşhur fikri Ukraynanın futbol üzrə
Avropa çempionatındakı bəxtsizliyini düşünərkən
xatırladım.
lll
Pənah Hüseyn regional siyasi proseslərdən macəra
romanı kimi şövqlə danışır.
lll
Minlərlə gəncin olduğu zalda himn oxunanda gərək
divarlar titrəyə.
lll
Ən sərsəm fikirləri də bəyənənlər
tapılır.
lll
Bəxt üz döndərirsə, sakitcə
razılaşmaq lazımdır.
lll
"Oxunmaqdan" ötrü hər sifətə
düşməyə, bunu özünə rəva görməyə,
damla-damla yığılan etibarını İP-yə qurban
verməyə dəyərmi?
lll
Türkiyə millisi gözlənilməz komandadır.
Onları ruh idarə edir. Coşub ən güclüyə
qalib gəlmək imkanları da var, süstləşib ən
zəifə uduza da bilərlər.
Əminəm ki, bu gün coşqu və ruh stadionu da,
oyunçuları da bürüyəcək, Türkiyə
millisi bütün türk dünyasını sevindirəcək.
lll
İnsanlardakı gözəl keyfiyyətlərin bəzən
yoxa çıxmasına sakitcə köks ötürməkdən
başqa əlacın qalmır.
lll
Hərdən kənd həyatı yadına
düşür; kəndin ilkinliyi, sadəliyi, təbiiliyi
üçün darıxırsan, qəribsəyirsən.
Yarpaq xışıltısını, arx şırıltısını,
quşların səsini, təbiətin sükütunu dinləmək,
dinşəmək istəyirsən.
Sonra görürsən ki, ötəri xiffətmiş.
Öyrəşdiyin həyat tərzi daha rahatdır.
lll
Ehtiyacından daha çoxunu istəmək də,
israfçılıq da harınlıqdır.
lll
İsti olur şikayət edirlər, sərin olur gileylənirlər.
Təbiət də yorulur bəzi adamların
vasvasılığından.
lll
Bütün müzakirələri votsapda aparırlar
deyə üz-üzə oturanda söhbətə mövzu
qalmır.
lll
Yaxşılıq etmək insana güc verir.
Bir az fikrə getdim. Bəlkə bunu hamıya şamil
etmək olmaz? Pislik etməkdən, quyu qazmaqdan, badalaq vurmaqdan
da enerji alanlar var...
lll
Yeganə istedadı abırsızlığı idi...
lll
İndi adamları tanımaq çətin deyil ki!
Sosial şəbəkələr heç nəyi gizləməyə
imkan vermir; xarakterdəki qüsurlar bir gün özünü
mütləq büruzə verir.
lll
Çılğın, emosional reaksiyaların
zamanı keçib. Yaş öz sözünü deyir.
lll
İngiltərə millisinin azarkeşləri bizdə
də çox imiş.
lll
Şuşa şəhəri Düsen Kaseinovun
TÜRKSOY-un Baş katibi çalışdığı zaman
- 2023-cü ildə "Türk dünyasının mədəniyyət
paytaxtı" seçilib.
O zaman bu qərarı şərh edən Düsen
Kaseinov bildirmişdi: "Azərbaycana dahi sənətkarlar, mədəniyyət
xadimləri bəxş etmiş Şuşa şəhərini
dünyaya tanıtmaq istəyirik. Bu mübarək yurda yeni nəfəs
gətirmək üçün əlimizdən gələni
edəcəyik".
Sonra Düsen bəyin TÜRKSOY-un Baş katibliyində
vəzifə müddəti başa çatdı. Sən demə,
bu müddətdə Düsen bəy heç Şuşada
olmayıb. Yazıçılar Birliyinin 90 illik yubiley tədbirinə
gələn qonaqlarla birgə Düsen Kaseinov da ilk dəfə
Şuşaya gedir.
Xoş gəliblər! Yolları açıq olsun!
Şuşa sevgisinə və tarixi qərarda roluna
görə Düsen Kaseinova bir daha minnətdarlığımızı
çatdırdıq.
lll
Adam gərək yaxşılıq etməkdən
yorulmasın.
lll
Cırlaşma baş alıb gedir.
lll
Yuxu futbolu üstələyir...
lll
Şəkil çəkdirməyi
yığışdırmaq lazımdır...
lll
Yayın fəsadlarıdır - hamı halsız və
yorğundur.
lll
Xocalıda həmkarımız Səriyyə
Müslümqızının evində samovar çayı
içdik
8 sadə söz! Amma nə qədər hissiyyat,
duyğu, enerji, həyəcan daşıyır birləşəndə.
Şükür bu günlərə!
lll
Hər sözü məqsədli deyənlərdən
səmimiyyət gözləmə.
lll
İndi xoruzun quyruğunu gizlətmək mümkün
deyil.
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini
525-ci qəzet .- 2024.-27 iyul,№(132).-S.9