Bəy  

 

1921-ci ilin ağır günləri gəlirdi. Şura hökuməti öz gücünü göstərmək üçün əsasən xanlara, bəylərə, ziyalılara qarşı bütün tədbirlərə əl atır, elan etdiyi üzdəniraq demokratiyadan, bərabərlikdən tamamilə uzaqlaşaraq, həm zorakılığa, qəddarlığa, ədalətsizliyə və həm də əhalini təbəqələrə bölməyə başlamışdı. Vaxtilə xanların və bəylərin ev-eşiyində, bağ-baxçalarında nökərçilik edən savadsız adamları, xalq arasında hörməti olmayan şəxsləri açıqdan-açığa müdafiə edir, irəli çəkib onlara ağıllarına belə gəlməyən vəzifələr verirdilər.

Əliş bəy çox hörmətli, nüfuzlu, Gəncəbasar zonasında xüsusi nüfuza malik dəyərli bir insan idi. Çox hörmətli, xalq arasında sayılıb-seçilən nəsillərdən birinin övladı idi. Əliş bəy özü hamıya kömək duran, heç kimin paxıllığını çəkməyən, gözəl ailə başçısı, qabiliyyətli, savadlı, Avropada təhsil almış bacarıqlı və işgüzar, millətin gələcəyini düşünən, uzaqgörən bir ziyalı idi.

Şura hökuməti tərəfindən rayona təyin edilmiş şəxslərə hörmət edilmirdi. Xalq onların verdiyi sərəncam və tapşırıqları saymır, bütün göstərişlər havada qalır və onları yerinə yetirən olmurdu. Odur ki, hakimiyyət tədricən siyasətdən zora keçməyə başlamışdı. Yeni vəzifələrə təyin olunmuş "kadrlar" özlərini sığortalamaq, səriştəsizliyini ört-basdır etmək üçün günahlarını yerli xanların, bəylərin və nüfuzlu, savadlı ziyalıların üzərinə atmağa çalışır, hər cür bəhanələrlə onları gözdən salmağa, ictimaiyyətdən kənarlaşdırmağa səy göstərirdilər.

Əliş bəy xalq arasında son dərəcə nüfuzlu şəxs olduğu üçün rayonun bütün ağıllı adamları onunla məsləhətləşir, məsələlərin həlli yollarını öyrənirdilər.

Belə hallar yeni təyin olunmuş savadsız kadrlarla əl vermirdi. Çünki bu şəraitdə onların xalq arasında nüfuz və hörməti qalmırdı. Ona görə də, Əliş bəy və onun kimi nüfuzlu şəxslərə qarşı böhtanlar, şantajlar təşkil edilirdi. Onları hər vəchlə ləkələməyə çalışırdılar.

Əliş bəy bu təzyiqlərə, şantaj və böhtanlara əhəmiyyət verməyib öz xeyirxahlığından əl çəkmir, əvvəlki kimi xalq üçün canyanğısı ilə çalışırdı. Lakin yeni hökumətin yeni "kadrları" və onların əlaltılarının Əliş bəyə qarşı şər və böhtan kampaniyası səngimir, əksinə, günbəgün artırdı. Onu həbs etdirmək və yaxud Sibirə sürgünə göndərməyə çalışırdılar.

1923-cü ilin payızında ölkədə repressiyalar başlamışdı. O müdhiş günlərin birində Əliş bəyin öyrədilmiş nökəri Sirac onun üzünə durub, guya işlədiyinin haqqını vermədiyini, bir vaxtlar onu döydürüb guya xalq arasında rüsvay etdiyini, Şura hökuməti əleyhinə danışaraq onun ədalətsiz qərarlar və sərəncamlar verdiyini, qadınları kişilərin üzərinə qaldırdığını, əsassız olaraq sovet hökumətinin "ədalətli" tədbirlərinin əleyhinə çıxdığını əsas gətirərək, onun rayondan çıxarılıb sürgünə göndərilməklə cəzalandırılmasını, uşaqlarının isə həbs olunmasını tələb edir. Siracın bu üzədurma oyununa həmfikir olan nökər Alı da qoşulur. Nəhayət, nökərlər məqsədlərinə nail olurlar. Əliş bəy ailəsilə birlikdə Sibirə sürgünə göndərilir.

Xeyli vaxt Əliş bəy sürgündə ağır vəziyyətdə yaşamalı olur. Sibirin sərt iqliminə maddi çətinliklərə, ağır iş şəraitinə dözməyən ailənin yarpaq tökümü başlayır. Bəyin həyat yoldaşı və 18-20 yaşlı oğlanları dünyasını dəyişir. Aradan bir xeyli müddət keçir və siyasi iqlim az da olsa yavaş-yavaş dəyişməyə başlayır. Onun SSRİ hökumətinə və SSRİ Ali Məhkəməsinə yazmış olduğu (əsassız sürgün olunması barədə) ərizələrə baxılır. Əliş bəy və onun ailəsinin tamamilə əsassız olaraq sürgün olunması sübuta yetirilir və o, bəraət alaraq öz vətəninə qayıdır. Rayona qayıdandan sonra Əliş bəy yaşamaq üçün şəxsi mülkünün özünə qaytarılmasını xahiş edir. Ona izah edirlər ki, o, sürgünə göndəriləndən sonra ev sahibsiz qalıb, ona görə də sahibsiz əmlak kimi onun mülki dövlətin hesabına keçirilib. Hazırda mülkdə başqa şəxslər yaşayırlar. Nə qədər çalışsa da, onun haqlı tələbinə heç kim əhəmiyyət vermir. O, öz evinin qarşısında heç bir normal şəraiti olmayan birotaqlı mənzil kirayə edib orada yaşamaq zorunda qalır. Hər gün yuxudan durub başqaları yaşayan mülkünə baxır və yeni hökumətin törətdiyi haqsızlıqlara təəssüflənsə də, nəalac qalıb dözməli olur.

Zamanın sərt üzünə, ruhi əzablara baxmayaraq, o öz əvvəlki nüfuzunu tədricən bərpa edir. Bəy kimi özünün xeyirxah əməllərini davam etdirir. Xeyli çətinliklərdən sonra öz mülkünün bir hissəsini ala bilir və köçüb orada yaşamağa başlayır. Rayonda əvvəlki nüfuzunu, inam və etibarını bərpa edir. Hətta onu kənd sovetinə sədr vəzifəsinə seçirlər. Əliş bəyin kənd sovetinin sədri seçilməsinin əleyhinə olanların içərisində Sirac və Alı daha çox fəallıq göstərir. Bu hadisələrdən Əliş bəy xəbərdar olsa da, üstünü vurmur, yenə öz ağayanalığını saxlayır. Xalq onu kənd soveti sədri seçir. Əhali onun təklif və məsləhətlərini eşidir və müdafiə edir. O öz alicənablığı, sadəliyi, qərəzsizliyi, təmannasız yaxşılıqları ilə böyük nüfuz qazanır. Kənd əhalisi onun görmüş olduğu işləri bəyənir və qiymətləndirir.

Əliş bəy Siracla Alının müharibə vaxtı düşmən əsirliyində olduqlarını bilsə də, onlara qarşı hansısa qərəzli hərəkət etmək fikrində deyildi, olub-keçənləri unutmağa çalışırdı. Sirac və Alı isə yaramaz keçmişlərini unuda bilmir, daxilən onları didib parçalayırdı. Onlar öz aləmində tutduqları əməllərə görə Əliş bəydən və onun qohum-əqrabasından həmişə zərbə gözləyirdilər. Bu qorxu onları gecə-gündüz təqib edirdi. Ona görə də bacardıqca Əliş bəydən kənar gəzirdilər.

Əliş bəyin adi iş günlərindən biri idi. Kənd də öz sakit həyatını yaşayırdı. Qəfildən xəbər yayıldı ki, Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı kəndə gəlib. Əliş bəy dərhal məsələni anladı. Sıracla Alı da sövq-təbii duymuşdular ki, DTK-nın əməkdaşı vaxtilə bu kənddən düşmənə əsir düşənlərin dalınca gəlib. Çünki hökumət artıq bu barədə çox ciddi tədbirlər görməyə başlamışdı. Onlar şübhə etmirdilər ki, Əliş bəy sözsüz bu fürsətdən Siracla Alının əleyhinə çox asanlıqla istifadə edəcək. Ən azı onları həbs etdirərək, qisasını alacaq.

Əliş bəy DTK-nın əməkdaşını qarşılayıb lazımi səviyyədə qəbul etdi. Kənddəki vəziyyət barədə ona ətraflı məlumat verdi. DTK-nın əməkdaşı müharibə vaxtı əsirlikdə olan Sirac və Alını həbsə almağa gəldiyini bildirdi. Bu ağır vəziyyətdə Əliş bəy yenə öz alicənablığını, insanlığını göstərir, bəy kimi hərəkət edib onların məsuliyyətə alınmalarını istəmir. Başa düşür ki, onlar məsuliyyətə cəlb olunsalar, ailələri başsız qalacaq, uşaqları əziyyət çəkəcək. Qərara gəlir ki, hansı yolla olursa-olsun onları müdafiə etsin. Ona görə də riskə girib məsuliyyəti öz üzərinə götürərək onları xilas etmək haqqında düşünür. DTK-nın əməkdaşına rəsmi sənəd verir. Əməkdaş sənədi alıb tanış olur. Orada belə yazmışdı: "Sirac və Alı bir neçə il bundan əvvəl vəfat edib".

 

Bakı, 2004-cü il

Akif RƏFİYEV

Qarabağ müharibəsi veteranı, Ədliyyə general-mayoru, Binəqədi rayon Ağsaqqallar Şurasının sədri

525-ci qəzet .- 2024.-30 iyul,№(133).-S.15.