Ərdəbil kitabxanası -
Darül-irşad: bəşəri möcüzələrdən
biri
Biz qədim dünya, o cümlədən, onun antik
tarixi haqqında çox az bilirik. Elə xalqlar olub ki,
onların tarixi insanların yaddaşından silinibdir. Elələri
də var ki, onlardan yaratdıqları bəzi tikililər
qalıbdır. Yazısı olmayanlar haqqında isə
qonşuların yaratdıqları salnamələrdən xəbər
tutmuşuq. Yəni hər hansı bir xalqın
keçmişi, keçdiyi tarixi yol qədim salnamələrdən
öyrənilir. Bu mənada əsrlərin keşməkeşlərindən,
zaman burulğanlarından qorunub, yaşadılan antik kitabələr
dəyəri ölçüyə gəlməyən xəzinədir.
Belə xəzinələri qoruyanlar isə tarix boyu ehtiramla
yad edilir. Fikrimizi dəqiqləşdirmək üçün
tarixə qısa bir ekskurs edək.
Makedoniyalı İsgəndərin ölümündən
sonra onun sərkərdələri imperiyanı öz
aralarında böldülər. Soter Ptolomeyə çatan hissə
Misir oldu. O, bu ölkəyə 40 il padşahlıq etdi. Bu illərdə
Misirin paytaxtı İsgəndəriyyə ən varlı
şəhərə çevrildi. Aralıq dənizinin lap
yaxınlığında isə dünyanı heyrətə gətirəcək
bir kitabxana tikdirdi. Eradan əvvəl 307-ci ildə həmin
kitabxananın təntənəli açılışı
oldu. Sidr ağacından düzəldilmiş rəflərdə
xüsusi qutuda papirus əlyazamalar yığıldı. Hər
bir qutuya onun içərisində olan əlyazma haqqında məlumat
verən cədvəl yapışdırıldı. Ptolomeylər,
onların övladları, nəvələri Yunanıstandan,
Romadan, Misirdən və Hindistandan çoxlu ədəbi əlyazmalar
aldılar. Kitabxananı zənginləşdirdilər. Bu yolda
varidatlarını belə əsirgəmədilər. Odur ki, qədim
dövrlərdə yaradılan əsərləri
qoruduqlarına görə bəşəriyyət onları bu
gün ehtiramla xatırlayır.
Təəssüf ki, bu zəngin kitabxana eradan əvvəl
273-cü ildə Roma imperatoru Avrelian tərəfindən
dağıdıldı. Burada çalışan alimlər
xilas edə bildikləri əlyazmaları Serapisə
apardılar və öz işlərini davam etdirdilər. Lakin
391-ci ildə imperator I Feodosiyanın xeyir-duası ilə
xristian fanatiklər bu kitabxananı da yandırdılar. Olan
qalan əlyazma əsərlərini 642-ci ildə ərəb sərkərdəsi
Xəlifə Ömər külə çevirdi və antik
dünyanın ən qiymətli elm xəzinələrindən
biri beləcə məhv edildi.
Eramızdan əvvəl I minillikdə Şərqdə
Assuriya adlı bir güclü dövlət yarandı. Onun
paytaxtı Nineviya əzəmətli bağlar şəhəri
idi. Bu dövlət 500 il yaşadı. Elm burada intibah mərhələsində
oldu. Axırıncı Assuriya padşahı dəmir iradəli,
zəhmli hərbi sərkərdə Aşşurbanipal (yunanca
Sardanapel) b.e.ə.669-cu ildən 633-cü ilə qədər
padşahlıq etmiş Assorxadonun oğlu idi. Tarixdə onun
apardığı çoxlu müharibələrdən yadda
az şey qaldı. Onu tarixdə əbədi yaşadan isə
yaratdığı unikal gil lövhələrdən ibarət
kitabxana oldu. Onun 2 min 500 il bundan əvvəl
yaratdığı kitabxanada 20 mindən çox gil lövhələr-kitablar
var idi. Onun kitabxanasında ən qədim Şumer mətnləri
də toplanmışdı. Kitabxanada Gilqamış
haqqında epos və Nuh tufanı haqqında kitablar da
saxlanılırdı. Və bu kitabxana xüsusi bir qayda ilə
qorunurdu. Elə gil kitablar var idi ki, onların üstündə
bu sözlər yazılmış, xüsusi möhür
vurulmuşdu: "Əgər kim bu cədvəlləri
aparmağa cürət etsə, qoy onda Aşşur və
Belitin qəzəbinə düçar olsunlar. Həmin
adamın və onun varislərinin adı həmişəlik bu
ölkədə unudulsun".
Bizim eradan əvvəl 609-cu ildə Aşşurbanipolun
oğlanları Babil qoşunlarına məğlub oldular və
Assuriya dövləti süqut etdi. Barbar Babil qoşunları hər
şeyi tar-mar etdilər. Nineviya adlı gözəl bir şəhər
də qum təpələrinin altında qaldı.
XIX yüzilliyin 50-ci illərində Britaniyanın
arxeoloji ekspedisiyası Nineviyanı yenidən tapdılar.
Arxeoloq Ormuzd Rossam adlı birisi Aşşurbanipalın
kitabxanasını tapdı. Möhürdə yazılan
qadağana baxmayaraq, 1864-cü ildə o, gil kitabxananı
Londona apardı. Bunun əvəzində isə tezliklə Həbəşistanda
Britaniyanın konsulu təyin edildi. Və Ormuzdu orada bədbəxtliklər
izləməyə başladı. Konsul həbəş
padşahından tələb etdi ki, bir neçə ingilis əsirini
azad etsin. Həbəş hökmdarı isə bunun əvəzində
onun özünü tutdurdu və Rossam 4 il həbsdə
qaldı. Qəribəsi o idi ki, ingilis hərbi ekspedisiyası
da onu azad edə bilmədi...
Əgər İskəndəriyyə
üçbucağın təpə nöqtəsi idisə,
onun oturacaq nöqtələrindən biri Nineviya, o birisi isə
Ərdəbil idi.
Azərbaycan ən qədim şəhərlərindən
biri olan Ərdəbil və onun sufiləri haqqında Çar
Rusiyası və keçmiş sovet rejimi dövründə
çox yazılıb. Amma nədənsə məşhur,
möcüzəli Ərdəbil kitabxanası yada düşməyib.
Əlbəttə, bunun əsas səbəblərindən biri
bu barədə danışmağa qoyulan qəti qadağan
olub və heç kim başına cəncəl açmaq istəməyib.
Ərdəbilin "Darül-irşad"ı
böyük mütəfəkkir Şeyx Səfiəddin
İshaq Ərdəbilinin (1252-1335) vaxtından Azərbaycan və
Yaxın Şərqdə gedən ictimai-siyasi, məfkurəvi-məsləki
mübarizələrin ən güclü bir mərkəzi
olub. Azərbaycanın ən güclü elm xəzinəsi -
Ərdəbil kitabxanası da həmin illərdə məşhurlaşıb.
Sonralar ölümdən qorxmayan fədakar Sultan Güneyd və
Sultan Heydər də kitabxana üçün
varidatlarını əsirgəməmişdilər. Şah
İsmayılın hakimiyyəti illərində isə Ərdəbil
kitabxanası çiçəklənmə dövrünü
yaşamışdı.
Sənət və sənətkarlara dərin hörmət
bəsləyən hökmdar-şair Şah İsmayıl Xətai
elm adamlarını, rəssamları bu kitabxanaya cəlb
etmiş, onun zənginləşməsi üçün
dünyanın hər yerindən əlyazmalar gətirtmişdi.
Təəssüf ki, Ərdəbil kitabxanası da
1828-ci ilə kimi yaşadı. Azərbaycanı iki yerə
parçalayan Türkmənçay müqaviləsindən
sonra bu kitabxana da öz sələfləri kimi tar-mar edildi.
2005-ci ilin iyununda Tiflis kitabxanalarında işləyərkən
maraqlı bir sənədlər toplusuna rast gəldim. İndiyədək
çox şeylərdən xəbərsiz olmuşuq. Ərdəbil
kitabxanası biz düşündüyümüzdən də
ciddi məsələ imiş və Türkmənçayın
gizli danışıq mövzusu olub. Bu qiymətli xəzinə
Rusiyaya aparılıb.
Deyirlər, Ərdəbil kitabxanası aparılandan
sonra Abbas Mirzə az qala "dəli-divanə" olubmuş.
Rusiya çarından çox xahiş edib ki, onu geri
qaytarsınlar. Heç olmazsa rəssam Behzadın rəsmlərini
versinlər. Lakin çar ona çox qəribə, ibrət
olası bir cavab verib: "Artıq bunlar bizimdir, mümkün
olsa bəzilərinin surətini verə bilərik". Lakin məxəzlərdən
məlum olur ki, heç surətini də verməyiblər.
Bunun əvəzində "Novruz" bayramında Abbas Mirzəyə
1000-ə yaxın qızıl onluq göndəriblər. Bax,
bütün bunlar Aşşurbanipalın kitabxanasının
taleyindən də faciəlidir.
Ərdəbil kitabxanasının Rusiyaya
aparılmasında hərbçilər başlıca rol
oynayıblar.
Qafqaz canişini, baş komandan, general-feldmarşal
İ.F.Paskeviçin 6 iyun 1828-ci ildə süvari
qoşunlarının başçısı, general
A.İ.Çernışevə yazdığı 171 №-li rəsmi
məktub bu əməliyyatın çox ciddiliyini bir daha təsdiqləyir:
Məktubdan öyrənirik ki, Tiflis qubernatoruna göndəriləcək
qənimətlərin siyahısında Ərdəbildə əldə
edilmiş kitabxananın fondu xüsusi yer tutub: "Ərdəbil
kitabxanası ilə bağlı vəziyyəti siz əlahəzrətə
bildirməyi özünə şərəf bilirəm.
Əvvəlcə onu deyim ki, tezliklə Təbrizə gələcəyəm.
Mən general-leytenant Vadbolskiyə əvvəlcədən
yazmışam ki, Ərdəbil işğal edilən kimi həmin
şəhərdə yerləşən kitabxananı salamat
saxlayın və imkan daxilində bizim sərhədlərimizin
içərisinə köçürün. Əlahəzrət
imperatorun arzusuna əsasən general-leytenant Suxtelenə bir vəzifə
olaraq tapşırmışam ki, şəhəri tutanda
bütün ciddi-cəhdlə Şeyx Şəfi məscidində
qorunan asiya əlyazmalarını əldə etsin. Ancaq bu
işi o qədər ehtiyatla görsün ki, xalqı əsəbləşdirməsin.
Çünki həmin məsciddə saxlanılan kitabları
çox müqəddəs bilirlər.
Buna görə də qraf Suxtelen Ərdəbil
işğal edəndən sonra adı çəkilən
kitabxananı ələ keçirmək işinə girişmədi.
Əvvəlcə məndən xüsusi icazələr tələb
etdi. Amma sonra Ərdəbildən Türkmənçaya
getdiyindən qərara aldı ki, Şeyx Şəfi məscidindəki
bütün əlyazmaları götürsün. Xalqın
narazılıq edəcəyindən ehtiyat edərək
"Quran"a və dua kitablarına dəymədi. Ərdəbil
mollaları bu kitabxananın aparılmasına icazə verdilər.
Abbas Mirzə əvvəlcə təkid edirdi ki,
kitabxana dəbildə, öz yerində qalsın. Mən onun
israsını rədd etdim və Ərdəbildən sərhədlərimiz
içərisinə yola düşən qraf, general-leytenant
Suxtelenə əmr etdim ki, Şeyx Səfinin məzarına 800
çervon (qızıl pul) qoysun. Əldə olunmuş
Ərdəbil kitabxanasını yubanmadan Gürcüstana yola
salsın. Bundan sonra Abbas Mirzə özünün digər əşyalarını
təkidlə tələb etməyə başladı. Ancaq
Ərdəbil kitabxanası haqqında daha tələblər
irəli sürmədi. Məncə, əmrimlə məscidə
qoyulan qızıllar onu razı salmışdı. Buna görə
də onun o biri əşyaları istəməsini gözləmək
olmazdı. Əgər belə bir iş olsaydı da, mən əlahəzrət
İmperatorun arzusuna rəğmən, onun istəklərini
münasib bəhanələrlə rədd etmək
üçün əlavə vəsait tapardım.
Onu da bildirməyi borc bilirəm ki, əldə edilən
Ərdəbil əlyazmaları haqqında həmin vaxt cənab
İmperatora xəbər vermişdim. Ümumiyyətlə, mənim
Təbrizdə və Türkmənçayda verdiyim əmrlər,
sərəncamlar Əlahəzrət İmperator tərəfindən
bəyənilmişdir".
Beləcə, A.S.Qriboyedov və O.İ.Senkeviç Təbriz
mücahidi Mir Fəttahla gizli alver edərək, 800 çervon
qızıla Şeyx Şəfi məqbərəsindən 96
müəllifin 166 cild kitabını Rusiyaya aparıblar.
Musa QULİYEV (RƏHİMOĞLU)
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix
üzrə fəlsəfə doktoru
kuliyevm@yandex.ru
525-ci qəzet .- 2024.-30 iyul,№(133).-S.14.