Əmir Teymur
"Qarabağın
dostları və düşmənləri" silsiləsindən
Şərqdə "İkinci Çingiz", Avropada
isə "Tamerlan" adıyla məşhur olan və
"İslamın qılıncı" (Əmir Teymur
özünü heç zaman "xan" adlandırmayıb.
Çünki bu ad Çingiz xanın nəslindən olanlara
şamil edilirdi) adlandırılan Teymurilər
imperiyasının banisi, böyük sərkərdə və
hökmdar, dünya fatehi Əmir Teymur Turqay oğlu 1336-cı
il aprelin 9-da Qaşqadərya əyalətinin Xoca İlqar kəndində
doğulmuşdur. Körpəlikdən olduqca ağıllı
və diribaş olan bu uşaq gənclik
çağlarından Toğluq Teymurun yanında xidmətə
girmiş və Qaşqadəryanın idarəsi ona
tapşırılmışdı. Öz fərasəti ilə
Toğluq Teymurun hörmət və ehtiramını
qazanmış Teymurun müsbət kefiyyətlərini görən
əmir nəvəsi Olcay Tərxan xatunu ona ərə
vermiş və iyirmi yaşlı bu gənci qoşunda
minbaşı vəzifəsinə təyin eləmişdi.
Döyüş texnikasını və qaydalarını
öyrənib-mənimsəməsi üçün Toğluq
Teymur onu özü ilə həmişə hərbi səfərlərə
aparırdı. Lakin çox çəkmədən Teymur Səmərqənd
və Bəlx hakimi Hüseynlə gizlicə sövdələşib,
Toğluq Teymura və onun oğlu İlyas Xocaya qarşı
uzunmüddətli döyüşlərə girdi. 1366-cı
ildə Teymur və Hüseyn Səmərqənddə alovlanan
sərbadarilər üsyanını birlikdə yatırtdılar
və indi də hakimiyyət uğrunda onların öz
aralarında mübarizə başlandı. Bu çəkişmədə
məğlub olan Teymur xəcalətindən hamıdan
qaçmağa, tək gəzməyə
çalışır, heç kəsə
qaynayıb-qarışmır, sərgardan və səfil bir həyat
sürürdü. Lakin daxilən çox inadkar və
dözümlü olan bu gəncdə yenidən hakimiyyət
uğrunda mübarizə aparmaq iddiası yarandı. Onun
haqqında söylənilən bir rəvayətdə deyilir
ki, döyüşlərin birində məğlub olan Teymurun
qoşunu pərən-pərən düşür. Özü
isə düşmənin əlindən güclə qurtularaq
dalda bir yerdə gizlənir. Bu vaxt gözü
yaxınlıqdakı diki dırmaşıb çıxmaq istəyən
yüklü bir qarışqaya sataşır və oturduğu
yerdən diqqətlə o zəhmətkeş həşaratı
müşahidə etməyə başlayır. Qarışqa
ha çalışır, dikdiri çıxa bilmir, hər dəfə
lap yuxarı çatanda sürüşüb aşağı
düşür və özündə qüvvə
toplayıb təzədən yuxarı çıxmağa
çalışır. Müşahidə qabiliyyəti
çox iti olan Teymur qarışqanın bu hərəkətini
daim diqqətlə izləyir. Düz altmış doqquz dəfə
yuxarı çıxarkən
sürüşüb-düşdüyünü sayır və
nəhayət, yetmişinci dəfə qarışqa dikdiri
aşa bilir. Teymur "niyyətin hara, mənzilin ora"
köhnə türk deyimini xatırlayıb, bu işgüzar
qarışqadan ibrət dərsi götürür,
öz-özlüyündə utanıb xəcalət çəkir
və dərhal da gizləndiyi yerdən çıxır. Hərəsi
bir tərəfə dağılıb qaçmış
döyüşçülərini başına toplayaraq
düşmənləri üzərinə hücuma keçib,
qalib gəlir.
Döyüşlərin birində Teymur çiynindən
və sağ dizindən yaralanır. Aldığı ox
yarasından sonra ayağı qatlanmadığından şikəst
qalır. Bundan sonra o, Teymurləng (Teymur "dəmir" deməkdir,
"ləng" sözü isə bu ada axsadığı
üçün artırılmışdır), "Axsaq
Teymur", "Topal Teymur" ləqəbləri ilə məşhurlaşır.
Bəlx hakimi Hüseyni məğlub edəndən
sonra artıq Türküstan hökmranlığına gedən
yolda Teymurləngin heç bir güclü rəqibi
qalmadı. O, ucsuz-bucaqsız bir ərazini tamamilə ələ
keçirdi. Səmərqəndi özünə paytaxt
seçdi və "Əmir" titulu qəbul edərək
Çingiz xanın adından böyük Türküstanı
idarə etməyə başladı. Beləliklə, Əmir
Teymur tarix səhnəsinə çıxdı.
Dünya fatehlərinin həyatını yaxşı
öyrənib-bilən Əmir Teymur fatehlik yolunu seçdi.
1380-ci ildən başlayaraq Çingiz xanın yolunu tutub, fəaliyyət
meydanını və yürüşlərinin
coğrafiyasını daha da genişləndirməyə
başladı. Köçəri türk əyanlarının
- Məhəmməd Qazan, Cahangir Barlas, Müzəffər
Uckar, Ağbuğa, Taban Bahadur, Seyfəddin Barlas kimi
bacarıqlı və mahir ordu başçılarına, sərkərdələrinə
arxalanaraq peşəkar və döyüşkən bir ordu
yaratdı.
"İkinci Çingiz xan" olmaq istəyən
Əmir Teymur çox çəkmədən
istilaçılıq yoluna düşdü. 1398-ci ildə
Hindistanı fəth elədi. On beş gün Dehlidə
qaldı və bu müddət ərzində böyük bir
şəhəri sallaqxanaya döndərdi. Ümumiyyətlə,
onun ayağı dəydiyi yerlərə böyük ziyan
vurulur, şəhərlərdə, kəndlərdə
aclıq, səfalət və xəstəliklər tuğyan
edir, əhalinin sayı sürətlə azalırdı.
Qılıncından daim qan damızdıran bu zalım və
qəddar hökmdar özündən sonra yalnız dəhşətli
dağıntı, talan izləri, göz yaşları
qoyub-gedir, törətdiyi cinayət və vəhşiliklər
haqqında acı xatirələrlə qalırdı.
Əmir Teymurun əsas əyləncəsi insan
başından nəhəng ehramlar ucaltmaq idi. Hindistandan
başlamış Kiçik Asiyaya qədər onun əmri ilə
yüz minlərlə insan məhv edilmiş, kəllələrindən
ehramlar qurulmuşdu. Tarixçilər söyləyirlər ki,
bir dəfə Əmir Teymur iki min adamı diri-diri bir-birinin
üstünə yığdırıb, qüllə
ucaltmış, sonra da onları əhənglə
qarışdırılmış palçıqla
hörülmüş kərpic divarın arasına
doldurtmuşdu.
Əmir Teymur gözlənilməz qasırğa kimi qəflətən
coşaraq ölkələr üzərinə yeriyir,
dünyanı lərzəyə salırdı. O, artıq
çətin və ağır bir yol keçərək
iyirmidən artıq ölkə fəth eləmişdi.
Türküstan səhralarından Mərmərə dənizinə
qədər geniş bir ərazidə "Teymurilər"
adı ilə tanınan böyük bir dövlət
qurmuş, nəhəng bir imperiya yaratmışdı.
Bəzi mənbələrdə göstərilir ki,
Əmir Teymur nə qədər qəddar,
dağıdıcı, viranedici bir hökmdar olsa da, zəbt elədiyi
yerlərdə xüsusilə də, Orta Asiyada və
Zaqafqaziyanın bir çox şəhərlərində bərpa
və quruculuq işləri aparır, yaraşıqlı,
geniş imarətlər tikdirirdi. Bunun üçün də
o, Hindistan səfərindən qayıdarkən bir çox sənət
və peşə adamlarını - tanınmış
memarları, mahir ustaları və inşaatçıları,
nəqqaşları və sair yığıb, özü ilə
aparırdı. Elə bunun sayəsində də Əmir
Teymurun dövründə və sonralar da bütün
Türküstan vilayətlərində memarlıq, ədəbiyyat,
mədəniyyət və incəsənət xüsusilə
inkişaf etməyə başladı. Türk dilində ərsəyə
gələn əsərlər sayca da, sanbalca da xeyli
çoxaldı. Özü də sadə türk dilində
"Tüzüklər" ("Qayda-qanunlar")
yazdırdı...
Əsasını Batı xanın qoyduğu
Qızıl Orda qərbdə Dunaydan Fin körfəzinə,
şərqdə İrtış çayı hövzəsindən
Ob çayının aşağı axınına, cənubda
Qara dəniz, Xəzər dənizi, Aral dənizi, Balxaş
gölünə, şimalda Novqorod torpaqlarına qədər ərazini
əhatə edirdi. 1380-ci ildə məşhur Kulikovo
vuruşmasında Qızıl Orda xanı Mamay xan birləşmiş
rus knyazlarına məğlub oldu. Vaxtilə Əmir Teymura pənah
gətirmiş və onun köməyinə arxalanıb, tatar sərkərdəsi
Mamay xanı məğlub edərək Cənubi
Qazaxıstanın Otrar vilayətini və Sır-Dərya
hövzəsindəki Sauranı tutan Toxtamış xan
Qızıl Orda taxt-tacına sahib oldu. İmperiyanın
qüdrətini dirçəltmək, əvvəlki
şöhrətini qaytarmaq üçün o, düşmənləri
ilə mübarizə apara-apara uzaq Moskvaya qədər gedib-çıxmış,
1382-ci ildə Rusiya paytaxtını odlara qalayıb, rusları
məğlub etmişdi. Bu məşhur qələbədən
sonra onda "mənəm-mənəmlik" iddiası baş
qaldırmış, "İki qoçun başı bir
qazanda qaynamaz" prinsipini bayraq edərək böyük və
güclü hökmdar Əmir Teymurun yaxşılıqlarını
unutmağa, ona meydan oxumağa, ona qarşı mübarizəyə
başladı. 1386-cı ilin qışında Toxtamış
xan 90 minlik qoşunla Dərbənd yolu ilə Azərbaycana
hücum elədi. O, Xəzər dənizinin qərb vilayətlərini - Şirvanı,
Naxçıvanı, Təbrizi, Mərəndi və Sultaniyyə
şəhərlərini ələ keçirdi. Hətta
Şabranda və Bakıda öz adına sikkələr də
kəsdirdi.
Əmir Teymur təzə düşməni ilə
ölüm-dirim mübarizəsinə qalxdı. Lakin
Toxtamış xanın hücumları məğlubliyyətlə
nəticələndi. Əmir Teymurun oğlu Miranşahın
başçılığı ilə Ural çayı
sahilində onun qoşunları darmadağın edildi və
Toxtamış Volqadan şərqdəki torpaqlarını
itirdi. Qafqaz istiqamətində də Əmir Teymurun
qoşunları Toxtamışı
sıxışdırıb-çıxardı. Bir-birinin
ardınca Xorasanı, Əfqanıstanı, Kitanı və
Balucistanı özünə tabe elədi, Azərbaycanı və
Gürcüstanı ələ keçirdi, böyük
çətinliklərlə Səmərqəndə
döndü. Lakin çox çəkmədən
Toxtamış xan böyük bir qüvvə ilə yenə də
onun üzərinə hücuma keçdi. Hər iki tərəf
Şimali Qafqazda, Terek çayı sahillərində
qarşı-qarşıya gəldi. Bu həlledici döyüşdə
Əmir Teymur düşmən üzərində parlaq qələbə
çaldı. Toxtamış
xanın 1389-1396-cı illərdə Zaqafqaziya və Orta Asiya
torpaqları uğrunda Əmir Teymurla apardığı
mübarizə onun məğlubiyyəti ilə qurtardı.
Toxtamış xan geri çəkildi və 1406-cı ildə
Sibir xanı Şadi bəy tərəfindən
öldürüldü. O, bir hökmdar kimi daha ayağa qalxa
bilmədi və Qızıl Orda da bir dövlət kimi tarixdən
silindi.
Əmir Teymur Azərbaycana üç dəfə -
1386-1387-ci, 1392-1395-ci və 1399-1405-ci illərdə hücum
etmişdir. Onun bütün Şərqi lərzəyə salan
yürüşləri, tutduğu əraziləri qarət və
qırğınlarla müşayiət olunurdu. Əmir Teymurun
qoşunları Azərbaycanda ilk dəfə 1386-cı ildə
göründü. Getdikcə o, içərilərə
doğru irəliləməyə başladı. Əvvəlcə
Sultaniyyəni ələ keçirdi, sonra Təbrizi,
Naxçıvanı, Qarabağı, Şəkini, Tiflisi,
Qarsı zəbt elədi. Qəbələni tutub, Kür
çayı sahilində məskən saldı. Sonra Bərdəyə
üz tutdu, Qarabağ əhalisini itaətə məcbur elədi.
Bir müddət əvvəl həbs edilib, Qarabağda
saxlanılan Tiflisli Baqratı hüzuruna
çağırtdırdı. İslam dinini qəbul edəcəyi
təqdirdə onu həbsdən buraxacağını və
vaxtilə ona məxsus olan Gürcüstan torpağını
özünə qaytaracağını bəyan elədi və
vədini yerinə yetirdi. Həmin ilin sonunda və 1387-ci ilin
yanvar ayında Qarabağda - Araz sahilində
qışlayıb, sonda yürüşlərini davam etdirərək
Salmas, Urmiya, Marağa və Gilanı tutdu. Demək olar ki,
bütün Azərbaycanı ələ keçirdəndən
sonra öz paytaxtı Səmərqəndə qayıtdı.
Sonralar Əmir Teymur 1392-ci ildə beşillik və
1399-cü ildə yeddiillik yürüşləri zamanı da
Azərbaycanda oldu. Həmin ilin qışında Təbrizə
səfər elədi, sonra yenidən Qarabağa gəldi. Bu
diyarı o öz ordusunun iqamətgahına çevirdi.
"Sahibqıran" (Sahibqıran orta əsr münəccimlərinə
görə Zöhrə və Müştəri
ulduzlarının bir-birinə rast gəldiyi uğurlu bir
zamanda anadan olmuş xoşbəxt şəxs. Bu ləqəb
ilk dəfə Əmir Teymura aid edilmiş, daha sonra isə
Müsəlman Şərqinin bəzi digər
hökmdarları da bu ləqəblə
xatırlanmışlar) - Əmir Teymur Sultaniyyəyə
çatdı və ordan Qaradərə və Ərdəbil
yolu ilə Qarabağa yollandı. Muğan səhrasında ov
elədi, Araz çayının kənarında mənzil
saldı. Çayın üzərində qayıqlardan
körpü saldılar və sağ-salamat çayı
keçdi və Arran Qarabağını özünə məskən
elədi" (Şərafəddin Əli Yəzdi. "Zəfərnamə",
Bakı, Azərbaycan Dövlət Nəşriyyatı,
1996-cı il, səhifə 60).
On doqquzuncu yüzilliyin ikinci
yarısında müsəlman aləmində Teymurilərdən
başqa, ilk böyük və güclü imperiya da vardı:
Kiçik Asiyada qüdrətli Osmanlı dövləti və
Qızıl Ordada digər türk-monqol imperiyası.
Dünyanın yarısından çox əhalisi bu
üç nəhəng, hegemon dövlətin
qılıncının gücü ilə idarə olunurdu.
Əmir Teymur şərqdə, İldırım Bəyazid isə
qərbdə güclü və möhtəşəm bir
dövlətə başçılıq edirdi. Ancaq
"ingilis barmağı" bu müsəlman dövlətlərinin
hökmdarlarını bir-biri ilə yaxın olmasına imkan
vermirdi. Onların arasında bilərəkdən
yaradılmış ziddiyyətləri daha da kəskinləşdirirdi.
Ona görə də bir yandan bu hamilərin şəxsi
maraqları, müsəlmanlara məxsus "mənəm-mənəmlikləri",
bir yandan da bu böyük güclərin qorxusundan kürklərinə
birə düşmüş Avropa dövlətləri
başçılarının qızışdırıcı
fəaliyyəti hər üç türk dövlətini
bir-birinə düşmən etmişdi. Bir tərəfdən
qanı qanından, dini dinindən, dili dilindən olan Əmir
Teymur və İldırım Bəyazid dünyanı şərikli
idarə etmək fikrindən uzaq idilər, digər tərəfdən
də türklərin birgə hücumundan qorxub-çəkinən
Qərbin xristian dövlətləri əl altından hər
iki fatehlə gizli
danışıqlar aparırdılar və məqsədləri
də yuxarıda dediyimiz kimi, bu iki yenilməz imperatoru
qarşı-qarşıya qoymaq, onları zəiflədib, taqətdən
salmaq, sonra isə...
Qarşısında Çingiz xanın
imperatorluğunun sərhədlərini bərpa etmək məqsədi
qoyan Əmir Teymur həmin vaxt ərazisini xeyli genişləndirmişdi.
Bu dəfə isə onun hərbi səfəri Anadoluya idi.
Əmir Teymurun hücum xəbərini eşidən Azərbaycan
və Bağdad əmirləri vahimələnib, Osmanlı
sultanına pənah apardılar. Onların bu hərəkətindən
qəzəblənən Əmir Teymur hər ikisinin geri
qaytarılmasını İldırım Bəyaziddən tələb
elədi. Lakin müxtəlif döyüşlərdə
xüsusi şəxsi cəsarət nümunəsi göstərərək
"İldırım" ləqəbi alan və
sözündən dönməyən Osmanlı sultanı onun
tələbindən qətiyyətlə boyun
qaçırtdı, belə şeyə yol verə bilməyəcəyini
bildirdi. Məhz bundan sonra Əmir Teymurun qoşunları
Anadolunun içərilərinə doğru irəliləməyə
başladı. Osmanlı sultanına, "Rum məliyi
İldırım Bəyazidə" sözləri ilə
başlayan bir məktub yazdı. Məktubda o, hər iki əmirin
geri qaytarılmasını, İldırım Bəyazidin ona
tabe olmasını qəbul edərsə, xristianlarla
osmanlıların apardıqları döyüşlərdə
ona hərbi yardım edəcəyini bildirdi. Lakin məktubu
sona qədər diqqətlə oxuyan Osmanlı sultanı
Əmir Teymura çox sərt cavab yazıb göndərdi. Məktub
"Ey Teymur deyilən qaniçən köpək, təkurlardan
daha kafir olan adam!.." və sair təhqirli sözlərlə
başlayırdı.
1400-1401-ci illərdə Əmir Teymur Kiçik Asiyaya
qoşun çəkib, Dəməşqi, Sivası,
Bağdadı tutdu və ordusunu Osmanlı paytaxtına tərəf
yönəltdi. Nəhayət, 1402-ci il iyulun 28-də
Osmanlı ordusu ilə Əmir Teymurun qoşunu Ankara
yaxınlığında Çabun Ovasında üz-üzə
gəldi. Döyüş başlanmazdan əvvəl
osmanlılar tərəfindən vuruşan qara tatarlar Əmir
Teymur tərəfə keçdi. Teymurilər qat-qat
üstün olan Osmanlı qoşunu ilə döyüşə
girdi və düşmənini böyük məğlubiyyətə
uğratdı. Türk sultanı oğlanları ilə birlikdə
əsir götürüldü və yeddi aydan sonra əsirlikdə
öldü. Beləliklə, məğlub olmuş Osmanlı
ordusunun Qərbi Avropaya doğru gedən qalibiyyətli
yürüşü müvəqqəti olsa da, dayandı. Bu
isə əsl türk faciəsi - xristianları müsəlmanlara
qarşı birləşdirən bir faciə idi.
Hələ on üçüncü yüzilliyin ikinci
yarısında Elxanilər dövlətinin ilk hökmdarı,
Çingiz xanın nəvəsi Hülakü xan İranda
Abbasilər sülaləsinin axırına çıxandan
sonra Əfqanıstanı, Türkmənistanı, Qafqazı,
Kiçik Asiyanı və başqa əraziləri öz
dövlətinin tərkibinə qatmış və hakimiyyətini
daha da möhkəmləndirmək məqsədi ilə
Türküstandan özü ilə gətirdiyi qaçar,
cavanşir, əfşar, kəngərli, sorsor, cobani,
ustacallı, zülqədərli, baharlı, bayat,
şamlı, qaramanlı və başqa cəsur,
döyüşkən türk tayfa birləşmələrindən
ibarət minlərlə ailəni, əsasən, İraq,
Suriya, Rum (indiki Türkiyə) torpaqlarında məskunlaşdırmışdı.
Ankara yaxınlığında baş verən yuxarıda təsvir
etdiyimiz bu məşhur və tarixi döyüşdə
çaldığı qələbədən sonra Əmir
Teymur Qarabağda - türk müsəlman əhalisini
artırmaq məqsədi ilə vaxtilə Hülakü
xanın bu ərazilərdə məskunlaşdırdığı
tayfaları, o cümlədən də, qaçarları və
cavanşirləri özünün qışlağına
köçürüb, yerləşdirdi. Qaçarları, əsasən,
Bərdə şəhərindən Şəmkirə qədər
olan ərazilərdə, cavanşirləri isə Araz
çayına qədər olan torpaqlarda məskunlaşdırdı.
İran tarixçisi Əbdürrəzzaq bəy İbn Nəcəfqulu
1826-cı ildə Təbrizdə nəşr etdirdiyi "Məasiri-Sultaniyyə"
əsərində yazır: "Teymur onlardan (qaçarlardan) əlli
min ailəni gətirib, İrəvan, Gəncə və
Qarabağ nahiyələrində yerləşdirdi. Onlar
gündən-günə artıb, cəh-cəlal sahibi oldular.
Qaçar əmirlərindən bir çoxu da Səfəvilər
dövründə etibarlı hökumət adamları olub,
İrəvanda və Şirvanda yüksək iqtidara malik idilər.
İrəvan hakimləri həmin nəsildən olmuşlar, Gəncə
və Qarabağ hakimləri "Ziyadoğlu" ləqəbi
ilə Xudafərin körpüsündən başlayaraq
Sınıq körpüdən yuxarı olan Şulaver kəndinə
qədər hökmranlıq edirdilər".
Əmir Teymur Azərbaycana birinci yürüşündən sonra
Qarabağda vəzifələrə demək olar ki, tamamilə
öz əyanlarından qoymuşdu və bütün əhalini
onlara tabe etdirmişdi. Üçüncü
yürüşü zamanı isə Qarabağda qurultay
çağıraraq vaxtilə burda qışlayan
Hülakü xanın və Cəlair
şahzadələrinin torpaqlarını öz canişini
Əmir Ömərə verməsi barədə müzakirəyə
çıxarmış və Qarabağın
özünün qış iqamətgahı olmasını
elan eləmişdi. Onun məqsədi bu ərazidən Qərb
düşmənlərinə qarşı mübarizədə
bir istinadgah kimi istifadə etmək idi. Onu da qeyd etmək
lazım idi ki, Əmir Teymur dünyagörüşlərini
artırmaq, gələcəkdə döyüş
taktikalarını öyrənib-mənimsəmək
üçün oğlanları Miranşahı və
Şahruxu, nəvəsi Uluqbəyi də özü ilə hərbi
səfərlərə aparırdı. Hətta nəvəsi
Uluqbəy öz vətənində yox, atasının növbəti
yürüşlərinin birində, 1394-cü ilin martın
22-də Sultaniyyə şəhərində doğulmuşdur.
Oğlanları da, nəvəsi də Əmir Teymurun
bütün müharibələrində, o cümlədən,
Azərbaycanda hər üç yürüşdə onu
müşayiət etmişlər.
Teymurləngin talançılıq xarakteri
daşıyan hərbi yürüşləri və səfərləri
işğal etdiyi ölkələrə böyük iqtisadi, mədəni
və mənəvi zərər vurmuşdur. Lakin eyni zamanda o,
bu ərazilərdə böyük quruculuq və bərpa
işləri aparmış, özündən sonra tarixdə
bir çox yadigarlar-izlər qoyub-getmişdir.
Qızğın ov həvəskarı olan Əmir Teymur
1403-cü ildə Qarabağda qışlayarkən tez-tez
öz məiyyəti ilə ova çıxır, bəzən
günlərlə Araz çayı boyu çöllüklərdə
və qamışlıqlarda gecələyirdi. Səfərlərinin
birində Qarabağ düzünün tən ortasında bir
xarabalıq onun diqqətini cəlb elədi. Bura orta əsr
şəhərlərindən olan, böyük ticarət və
sənət mərkəzi kimi tanınmış Beyləqan
idi. 1221-ci ildə Çingiz
xanın qoşunları bu şəhəri də
dağıdıb, yerlə-yeksan eləmişdi. Əmir Teymura
məlumat verildi ki, bura Çingiz xandan yadigar qalmış
Beyləqan şəhərinin yeridir. Lakin şəhər elə
günə salınmışdır ki, onun tikintilərindən
heç bir əsər-əlamət yoxdur. Burda bayquş
ulayır, qurt-quşdan başqa, bir canlı da yoxdur. Şərafəddin
Əli Yəzdi "Zəfərnamə" əsərində
bu barədə yazır: "Əmir Teymur 1403-cü ilin
qış fəslində ordunun bekar olmasından istifadə edərək
Beyləqan şəhərini tikdirmək, oranı bərpa
etdirmək fikrinə düşdü. Onun əmri ilə
mühəndislər və bənnalar şəhərin
planını cızdılar, bürc, xəndək,
çarsu, çoxlu evlər, hamam, karvansara, bağ-bostan yerləri
ayırdılar. Şəhərin əsasını qoydular.
Sahələrini ölçüb şahzadələrə və
əmirlərə payladılar. Qoşun əhli də
böyük bir ciddiyyətlə işə girişdi. İmarətlərin
hamısını bir ay içərisində bişmiş kərpicdən
tikib qurtardılar. Böyük arşınla (o dövrün
arşını təxminən 63 santımetrə bərabər
idi) 2400 arşın uzunluğunda bir barı (qala) düzəltdilər
ki, divarının qalınlığı 11,
hündürlüyü 15, xəndəyinin eni 30, dərinliyi
20 arşına yaxın olub, hər bürcünün dörd
küncündə mötəbər qalalar tikib, göyə
qaldırdılar. Arada da başqa bürclər tikdirdilər.
Hamısına seyvan, künkürə və daş atmaq
üçün səngər düzəltdilər... Teymurləng
əmr elədi ki, Arazdan arx çəkilib, Beyləqanın
yanından keçirilsin. Tavaçılar arxın məsafəsini...
əsgərlər arasında bölüşdürdülər
və altı ağac uzunluğunda bir çay yaratdılar ki,
eni 15 şəri arşın idi. Təqribən bir ayın
içərisində bu da sərəncam edildi" (Şərafəddin
Əli Yəzdi. "Zəfərnamə", Bakı, Azərbaycan
Dövlət Nəşriyyatı, 1996-cı il, səhifə).
Deyildiyinə görə, bayram günü şəhərə
çoxlu qar yağdı və soyuqda-qarda 400
inşaatçı tələf oldu. Ölənlərin
hamısı onun qoşunundan idi. Əmir Teymurun tikinti işləri
elə həmin gün də dayandırıldı. Teymurləngin
oğlu Şahrux tikintini davam etdirmək fikrinə
düşdü, lakin ölkənin ağıllı və tədbirli
adamları onu bu fikrindən daşındırdılar.
Əmir Teymur Qarabağda quruculuq işlərini
dayandırmırdı. Növbəti dəfə yenə ova
çıxarkən indi də xaraba qalmış bir su
arxına rast gəldi. Uzunluğu təxminən on fərsəng
(yetmiş kilometrə yaxın) idi və
başlanğıcını Araz çayından
götürüb, Beyləqan yaxınlığındakı Sərçəbil
adlı yerdə, Pir-Kəmər məzarı
yaxınlığında qurtarırdı. Bu yerlərin gələcəyini
yaxşı görən Əmir Teymur Qarabağın
dağlıq və dağətəyi ərazilərində
heyvandarlığın inkişafı və suvarma sistemi
üçün, təsərrüfatın inkişafı
üçün bu arxı təmizləmək barədə
göstəriş verdi və qısa müddətdə, təxminən
bir ay müddətində arx təmizlənib, istifadəyə
verildi.
Govurarx (Govurarx - Mil düzündə qədim suvarma
kanalı. Arazdan Qarqar çayına qədər
uzanırdı. Ərəb işğalından sonra
"Govurarx" adlanırdı. Monqol-tatar hücumları zamanı
dağıdılmışdı. Əmir Teymur bərpa
etdirmiş, Nadir şah Əfşar yenidən
dağıtmışdı. Əmir Teymur arxı əcdadının
şərəfinə "Barlas arxı" qoymuşdu. Lakin
sonralar bu ad unudulmuş, əvvəlki adı ilə
yaşamaqda davam etmişdir) adlanan bu arx, doğrudan da, Mil və
Qarabağ düzlərinə böyük fayda verdi. Arxın
su ilə suvarılan əkin yerlərinə taxıl, çəltik,
pambıq, çəkil (tut) ağacları, bol məhsul əldə
edilən hər cür kənd təsərrüfatı bitkiləri
beçərildi, əhalinin
ehtiyacları ödənildi. Qarabağ öz ipəyi ilə
məşhurlaşdı, ümumiyyətlə, kənd təsərrüfatının
daha da inkişafına geniş imkanlar yarandı. Şərafəddin
Əli Yəzdi məlum əsərində Bərlas (Gavur)
arxı haqqında yazır: "...Keçmiş məliklər
Araz düzünün ərazisində həmin çaydan
böyük bir arx çəkmişdilər və o, uzun
müddət ərzində dolub-boşalaraq tamamilə
silinmişdi. Ov zamanı kama çatmış
Sahibqıranın (Əmir Teymur Barlasın) diqqəti ona
yönəldi. Padşahanə hümmət ilə o, arxın
yenidən qazılmasını lazım bildi. Bu məqsədlə
Araz çayını keçdi və həmin nəhrin
qazılması (təmizlənməsi) barədə fərman
verdi. Əlahəzrətin işarəsi ilə əsasən,
tavaçılar onu əmirlər və qoşun əhli
arasında böldülər. Bir ay ərzində 10 fərsəng
uzunluğu olan arx elə qazıldı ki, orda qayıq sürmək
mümkün idi. Həmin arxın Arazdan başlayan mənsəbində
"Cənkeşi köşkü" kimi tanınan bir yer var, sonu isə Sərcəbil
adlı yerdə qurtarır. Həmin arx "Bərlas nəhri"
adlanırdı. Sudan çoxlu şeylər hazırlanır,
bağlar, bostanlar abadlaşırdı. Humayunun əsas
vaxtı və günləri əvvəlki hissələrdən
və hekayətlərdən göründüyü kimi, həmişə
səfərlərdə və çətin yürüşlərdə...
keçdiyinə baxmayaraq, abadlığa aid məsələlərdə
bir ölkədə elə
müxtəlif işlər görmüşdür ki, məzkur
nəhrin qazılması onların müqabilində kiçik
bir işdir.
Beyləqanın ətrafında olan bütün
bağ, bostan, əkin yerləri Govur arxı vasitəsilə
suvarılırdı".
Əmir Teymur Qarabağdan geri qayıdandan sonra, 1405-ci
ildə Çinə hərbi yürüşə
başladı. Lakin qəflətən xəstələnməsi
onun bu niyyətinin həyata keçməsinə mane oldu. Səfər
ərəfəsində 71 yaşında Otrar (Fərab) şəhərində
Allahın əmrinə tabe oldu. Böyük hökmdarla birlikdə,
az qala, bütün Qərbi Asiyanı tutan böyük
imperiyası da süqut etdi. Onu Səmərqənddə dəfn
etdilər. Qəbrinin üzərində türbə
ucaltdılar. Başdaşında onun "Gur Əmir"
adlandırırdılar. Türbənin giriş qapısı
üzərində isə bu sözlər yazılmışdı:
"Burda şan-şöhrətli, rəhmli hökmdar,
möhtəşəm sultan, yenilməz əsgər,
bütün dünyanın fatehi Əmir Teymur uyuyur".
Aradan yüz illər keçdikdən sonra İran
hökmdarı Nadir şah Əfşar Səmərqəndi fəth
edərkən Əmir Teymurun sinə daşını və
ordakı mədrəsənin darvazalarını Xorasana gətirmiş
və onları Məşhəd məqbərəsində yerləşdirmək
fikrinə düşmüşdü. Lakin Nadir şah Teymurləngin
sinə daşına baxıb, ani olaraq xəyala dalmış
və pərəstiş etdiyi böyük xələfinə
olan sevgi və ehtiramı öz fikrinin qarşısına bir
sədd çəkmişdi. Əmir Teymurun sinə
daşını və mədrəsə darvazalarını Səmərqəndə
qaytarmış və yenidən məzarının
üstünə qoymağı əmr eləmişdi...
Vasif QULİYEV
525-ci qəzet .- 2024.-30 iyul,¹(133).-S.12-13.