TÜKƏNMƏZ ANAR
YA YEDDİNCİ MƏRTƏBƏDƏ TƏNHA ADAM
Bakının növbəti qızmar yay günündə,
2024-cü ilin 25 iyulunda daha bir söz möcüzəsi
baş verib, bundan sonra Azərbaycan insanı ilə həmişəlik
qalacaq bir hekayə yaranıb. Əslində hekayə bir həftə
əvvəl – iyulun 18-də doğulub, ancaq adam içinə
çıxması, hamınınkılaşması həmin
günə təsadüf edib. Belə dəqiqləşdirmələrim
xırdaçılıq sayılmasın.
Bir insanın ruhundan doğmuş bir əsər
çox insanla və millətin mənəvi sərvətləri
sırasında həmişəlik qalmaq haqqını elə
doğuşundan qazana bilirsə, onu möcüzə
adlandırmaq nə təmtəraqlı deyişdir, nə
şişirtmə və tarixi mənası olan hər belə
hadisə ilə bağlı bu cür tarix dəqiqləşdirilməsinə
də ehtiyac var.
Böyük yazıçımız Anar yeni hekayəsini
Azərbaycana təqdim edib və onun indiyədək
yazdığı irili-xırdalı nə varsa, hamısı
ilə birgə bu əsər də yaşadıqca
yaşayacaq, duyğulandıracaq, düşündürəcək,
bütün başqa aşıladıqlarından əlavə
anlayanları, cövhərə enməyi bacaranları növbəti
dəfə sözün əbədiyyətinə və nəhayətsizliyinə
inandıracaq.
Bəzən şikayətlənirik. Niyə
çoxdandır ki, çox da uzaqda olmayan 1950-1960-70, hətta
80-ci illərdəki musiqimizdə olan sayaq – Fikrət
Əmirovun, Niyazinin, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Səid Rüstəmovun
və digərlərininki kimi canayatan və köhnəlməz
nəğmələr, rəssamlığımızda
Sadıq Şərifzadənin, Səttar Bəhlulzadənin,
Böyükağa Mirzəzadənin, Toğrul Nərimanbəyovun
və başqalarınınkı kimi tablolar, ekranımızda
o qəbildən filmlər, səhnəmizdə o biçimli tamaşalar
və digər belə-belə heyrətləndirən, sevindirən,
gələn kimi əzizləşən sənət inciləri
yaranmır?
Buyurun, yaranıb!
Anar elə çox onillər öncə olan
parlaqlığı ilə daha bir təzə əsərini
yaradıb. Lap elə bizim günlərin içində. Həminki
ali peşəkarlıqda, həminki misilsiz ifadə tərzində,
ana dilimizin bütün şirinliyi və plastikasından həminki
məharətli istifadə ilə.
“Qatardan qalan adam” başlıqlı bu hekayənin
içərisi qələm gücü, yazıçı
enerjisi ilə doludur və belə yazan Anarı Azərbaycan o,
30, 40, 50 yaşında olanda görmüşdü. Çox
şeylər dəyişdi, dünya büsbütün
başqalaşdı, ancaq Anar həmin Anardır. Dəyişən
vaxtın düz yolundan yayındırmadığı,
soldurmadığı, həvəsini, eşqini azalda bilmədiyi
parlaq Anar.
Artıq iki onildən də çoxdur ki, meydan oxuyub ədəbiyyata
yeni dalğa gətirəcəklərini deyənlərin
çoxusu o sayaq deyinə-deyinə yaşlaşdı, kimisi
ha “yazacam, yaradacam” deyə səs-küy salsa da, axıracan
qısır qaldı, kimisinin kimliyini vaxt faş elədi,
kimininkini özü, yaza bilənlərə həmlə
çəkərək “siz meydanı boşaldın ki, biz
yazaq” söyləyənlərin də səsi asta-asta batıb
eşidilməz oldu.
Anarsa həminki gedişindədir.
Yenə əvvəlki təzəliyi və cazibəsi
ilə heyran etməyi, düşündürməyi, sevindirməyi
bacarır, yenə “böyük ədəbiyyatın hələ
deyiləsi çox sözü var” həqiqətini
çatdırmaqda davam edir.
Növbətisi də 2024-ün iyulunda 86-sında
yaranmış bu yazı.
Azərbaycan nə xoşbəxtdir ki, onun Anarı var.
Bu, elə aydın həqiqətdir ki, indi deyil, 30-40 il əvvəl
də bütün aydınlığı ilə
görünürdü, bu gün də görünür və
gələcək zamanların ucalığından baxarkən
daha aydın və dürüst dərk ediləcək.
Anarın qələmində Azərbaycanın
bütöv mənəviyyat xəritəsi yeni bir diriliyini
tapıb, onun yaradıcılığından bütün
gözəllik irsimiz keçib və çoxrəngli,
çoxistiqamətli, genişmiqyaslı
yaradıcılığı, təfəkkürü, şəxsiyyəti
ilə Anar Azərbaycan maarifçiliyinin, Azərbaycan
ziyalılığının, Mirzə Fətəli, Həsən
bəy Zərdabi, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə,
Üzeyir Hacıbəyli və digər böyüklərimizin
vəhdəti və yekunu, onların yeni, daha müasir
davamı deməkdir.
Azərbaycanın bunca müstəsna bir sərvəti
ilə fəxr etməmək olarmı?
Əlbəttə ki, bu səviyyəli övladı
olan hər xalqın özünü bəxtiyar saymaq haqqı
var. Artıq Anar ucalığını və siqlətini
bütün türk dünyası duyur, qəbul edir və Anar
varlığı ilə Azərbaycanı daha böyük
göstərməyə qadir dəyərlərimizdəndir.
...Ədəbiyyatımızın indiki
kakafoniyasında, özündən müştəbehlərin
bol, əsl ədəbiyyat yaratmağa imkanlıların
barmaqla sayılacaq qədər seyrəkliyi əyyamlarında
olduğu bir vaxtda Anarın bu təzə hekayəsi kəsif
havalı otağa geniş açılan pəncərələrdən
saf havanın gəlməsi kimidir.
Hər yazı bir səsdir və indi ədəbi
mühitimiz o haldadır (o kökdədir yazmadım ki, qaba
çıxmasın) ki, yaza bilənin də, bilməyənin
də, babatın da, alababatın da səsi bir-birinə
qarışaraq qatmaqarışıq xora çevrilir və bu
gedişatda dəngəsər olmamaq çətindir. Odur ki, təntimiş
nəfəsimizi toxtadan, gözümüzü, ruhumuzu dincəldən
irili-xırdalı hər təzə uğurlu əsər
insana təsəlli kimi gəlir ki, sabahlara nikbin baxmaq
lazımdır və Müşfiq demiş, “şair yeni-yeni
sözlər bulacaq, Kainat olduqca şeir olacaq”.
Təbii ki, burada mən “şeir” sözünü
yalnız şeir deyil, elə gözəl sənət
anlamında qəbul edirəm.
Anarın “Qatardan qalan adam”ı onun böyük
yaradıcılığının, bir bəlli
bütövün yeni qəlbəyatan parçasıdır.
Yəni əslində Anarın bütün
yazdıqları Qatar, Qatardakılar, Qatardan enənlər
(“düşənlər” sözü burada həm Türkiyə
türklərinin qullandığı, həm bizim – Azərbaycan
türklərinin işlətdiyimiz anlamda tam yerində səslənir),
Qatar pəncərəsindən Qatardan qalanlara Baxanlar və Qərib
Perrondan Qatarın arxasınca boylananlar –
ömrümüz-günümüz, dünyamız, həyatımız
haqqındadır.
Bu təzə hekayə də Anarın daha bir qələm
möcüzəsidir (Hərçənd “qələm”
söhbəti də qalıb dünəndə. Qələmimiz
klaviaturaya dönüb. Ancaq qələm
çağlarının Anarı elə klaviatura əyyamlarının
da heyrətləndirəbiləni kimi öz yolundadır).
Sözlə sehr yaratmağa qadir Füzuli kimi söz
tilsimkarı sözün yoxdan var olub insanı riqqətə gətirməsinə
məsumluqla heyrətlənirdi, sözün ruhu hər dəfə
yenidən tərpədə bilməsini təzə bir
möcüzə sayırdı.
Hamını təsirinə ala bilən hər musiqi əsəri,
hamını valeh edən hər yeni üstün ədəbiyyat
nümunəsi, valeh etmək qüdrəti olan hər təzə
sənət əsəri o baxımdan möcüzədir ki,
var.
Anarın bu hekayəsini də azad Şuşaya ilk dəfə
qədəm basıb İsa bulağının suyunu içərkən
yaşadığım ləzzətlə ruhuma təpdim və
ədəbiyyatımızın möcüzə yaratmaq heyinin
davamlılığına və səngiməzliyinə
şükür etdim.
Anarın bu təzə hekayəsinin qəhrəmanı
İshaq Salmanzadə elə hər birimizik.
Elə “Otel Otağı”ndakı Kərim Əskəroğlu
öz taleyilə böyük ölçüdə hər
birimiz olan kimi.
Hekayət sadədir. Bir geniş imkanlı və
perspektivli iş adamı – İshaq Salmanzadə qatarla səfərə
gedir. Bütün kupeni tək götürüb ki, yolda öz
fikirləri ilə tənha qala bilsin, onu narahat edən,
maneçilik törədən olmasın.
Yolüstü dayanacaqlardan birində qatardan enir ki,
siqaret alıb qayıtsın. Ancaq bir də onu görür ki,
onu gətirən qatar tərpəndi. Ardınca qaçsa,
yüyürsə də, çata bilmir. Qərib yer, dil bilmir,
cibində qəpik belə yox, nəyi var
qaçırdığı qatarda qalıb. O cümlədən,
cib telefonu da.
Tam ümidsizlik.
Cavan olmasına baxmayaraq, həm də şəkər
xəstəsidir. Gərək vaxtında yeməyini yeyə,
iynəsini vura. Tutalım, saatlar sonra gedəcəyi yerə
yönələcək qatarlar olacaq, o qatara bilet almağa pulu
da yoxdur axı. Vağzaldakı ayaqyoluna getmək ehtiyacı
yaranır. Ancaq nəzarətçi qarşısını kəsir
ki, bura pulludur. Pul da yox. Amma xəstə adamdır, baxır
ki, daha dözə bilmir, basıb keçir içəri.
Dışarı çıxanda nəzarətçinin
yanında polisi görür.
Onu polis məntəqəsinə aparırlar. Artıq
gecdir, iş saatı bitib, buradakı növbətçi
polisdir, odur ki, məsələsinə səhər 8-dən
sonra baxılacaq. Demək, onu hər şeyinin
qaldığı qatarın ardınca aparacaq növbəti
qatara da çatmayacaq.
Polis nəfərinə işarə ilə başa
salmağa çalışır ki, acam, şəkərəm,
iynə vurmalıyam, nəsə yeməliyəm.
Polis onu anlamır.
Və səhər komaya düşüb
keçinmiş, cansız halda döşəməyə sərilmiş
halda İshaqı ölü tapırlar.
Nə kimliyi bilinir, nə
milliyyəti, nə yeri-yurdu. Naməlum cəsəd kimi
yandırıb külünü havaya sovururlar. Son iz də beləcə
uçub gedir.
Hər şeyi varkən qısaca zaman içində
heçnəsiz qalmış və heçkimə
çevrilmiş bir insanın faciəsi.
İshaqın bir qutu siqaret dalınca perrona endiyi və
qatarı qaçırması üzdən baxanda gerçək
həyatdır. Elə işdir ki, hamının başına
gələ bilər və o qədər də olub ki. Ancaq
bütün bunlar həm də rəmzdir.
İshaqın düşdüyü o qatar həyatın
özüdür. Enmisən və daha heç vəchlə təzədən
qayıdıb o qatara minə bilməzsən.
O qatarda sənin hər şeyin vardı.
O qatarda sən güclü idin, bir ömür boyu
qazandığın nəyin varsa əlindəydi, ən
azı bir telefonun vardı ki, onunla lap dünyanın o
başına ismarışını çatdıra, hər
istəyini yerinə yetirə bilərdin.
Sən qatardan enmisən və qatar sənə aid olan
nə varsa hamısını aparıb.
Bu dəmiryol vağzalında qalan ruhmudur?
Hər şeyi bilən, görən, hər şeyin
harada olduğundan xəbərdar olan, ancaq heç birinə əli
çatmayan ruhun.
Eynən o cür ki, haçansa hər birimizin yuxuda
başına gəlib – qaçmaq istəyirsən,
ayağın tərpənmir, bağırmaq istəyirsən,
səsin çıxmır.
Bəlkə bizim ümid
bağladığımız, bədənimiz öləndən
sonra yaşamaqda davam edəcəyinə inanmaq istədiyimiz
ruhun aqibəti elə belə olur – düşdüyü təzə
aləmdə o, yaddır, kimsəsizdir, adsız,
ünvansızdır.
Nə oradakıların dilini bilir ki, dərdini desin, nə
oradakılar dərd anlayır ki, sənə mərhəmət
göstərsin.
Bəlkə elə Rəsul Rza görən buymuş:
Belə olurmuş demək
Ömrün-günün sonunda...
Hər adam taleyini özü yazır. Elə bu
İshaq da hadisələr zəncirini özü belə
qurmuşdu ki, hər şey belə bitdi. Cavan idi, güclü
idi, imkanlı idi və qətiyyən
düşünmürdü ki, bircə an içində hər
şeyi itirə bilər. Ona görə belə fikirlər ona
əsla yaxın düşmürdü.
Qısa ömründə qazanmış olduqları elə
çox idi ki, təsəvvürünə belə
sığışdırmırdı heç olarmı bir an
içində bunların hamısı bütünlüklə
əlindən çıxsın – birini itirərsən, ikisini
qeyb edərsən, hər halda nəsə qalacaq.
Ancaq axı bir nəfəs dərimində sənin
özünün getməyin də ola bilərmiş. Göz
qırpımı qədər ani vaxt kəsiyi – Qatarın
çıxıb gedir və sənə bağlı hər
şeyi aparır.
Orada perronda qalanın daha heç nəyi yoxdur – nə
gələcəyi, nə keçmişi.
Bəlkə təzədən minməkçün
qatardan düşəndə o barədə də
düşünəsən ki, axı bu qatarı
qaçıra da bilərəm.
Əslində hər birimizin hər gecə o perrona
siqaret dalınca enməyimiz var axı. Siqaretimiz uyqumuzdur. Onsuz
qala bilmirik. Ancaq hər növbəti günün birində o
bizi alıb apara bilər.
Bəlkə elə bu gecə perrona enməzdən,
növbəti yuxuya girməzdən, təzə kiçik
ölümlə görüşməzdən əvvəl
bizsiz Qatarda bizdən qalanlar haqqında düşünək.
İshaq burada qaldı. Naməlum, kimsəsiz, tam tək.
Ona bu qərib stansiyada yanaşan ənlikli-kirşanlı
xanım bilirsiniz kimdir?
Geci-tezi var, hamınız hökmən biləcəksiniz
– gələcək, görəcəksiniz. “Gedək mənimlə”
deyəndə getməsəniz də, özü üsulunu
tapıb sizi aparacaq...
Qatar gedib çatmalı olduğu dayanacaqda duracaq.
Görəcəklər kupelərdən birində çox
şey var, o şeylərin sahibi yoxdur.
Səni qatarın hərəkət etdiyi dünyaya
bağlayan şeylər oradakı kupendə qalıb – sənədlərin,
telefonun, geyim-kecimin.
Söz yox, burda da polis işə qarışacaq, izinlə
kimliyini tapacaqlar. Tapacaqlar deyəndə ki, daha səni yox,
keçmiş səni müəyyənləşdirəcəklər.
Yox olmağın xəbəri saatını
bağışladığın o dostuna da çatacaq.
Amma daha heç vaxt, heç kəs bilməyəcək
ki, sən haradasan.
Qeyb olmusan, buxarlanmısan, uçub getmisən.
Məzarın da olmayacaq.
Qatarda bir çox şeylər necə şərtiymişsə,
elə Perronda da o cürmüş. Qatarda - əvvəlki dünyanda
soyadındakı “zadə”ni ixtisara salıb ilk baxışda səni
İsaak Salman deyə bir yəhudi kimi qələmə vermək
mümkünsə, Perronda – son dünyanda, sənin
vücudunun qərar tutduğu məchulluqda üstündəki
yeganə sənədinə – yəhudiliyə, ya müsəlmanlığa
aidliyinə işarə olan əmanətinə baxıb oraya,
ya buraya məxsusluğunu şərtiliklə söyləmək
olacaq. Ancaq orada da bir şübhəcil tapılacaq ki, sənin
bu əlamətinə görə qəti şəkildə o,
ya bu tərəfə aidliyini sual altına alacaq.
Qalacaqsan arada, yuvarlanacaqsan daha dərin namüəyyənliyə...
Orada – kiçik bir əyalət şəhərindəmi,
qəsəbəsindəmi – polis bölməsində məcburən
gecəni keçirməli olduğu qəfəsdə kədərli
düşüncələrdən yorulan İshaq Salmanzadəni
qəfilcə ani yuxu da tutur və görür ki, Bakıda,
bütün 7-ci qatı alan geniş, rahat mənzilindədir,
pəncərədən qayğısız şəhərin
dinc mənzərələri görünür və heç
bir səksəkə, nigaranlıq vəd etməyən həmin
anlarda gözlənilmədəni nəhəngdən-nəhəng
bir sal divar bu binanın və hər qarşısına
çıxanın, əmin-amanlıqla, həyatla daşan
bütün şəhərin üstünə məşum
kölgə kimi əyilməyə başlayır.
O anda İshaq indiki çaparaq yuxusunun içində əvvəllər
gördüyü bir başqa röyanı xatırlayır ki,
elə dünyanı məhv edəcək nüvə müharibəsini
də bu cür görübmüş.
Və anlayır ki, bu, məhşərdir,
dünyanın sonunun çatdığı deyilən qiyamət
günüdür. Sevinən, fərəhlənən kimi olur,
özünü məsud sayır ki, hamı ilə birlikdə
gedir.
Bəlkə də İshaq o anda dünyadan və həyatdan
elə bezibmiş ki, onunla birlikdə dünyanın nəinki
viranəliyə çevrilməsini, hətta planetimizin də
parça-parça olub Kainatın boşluqlarına
tökülməsini rəva görür, üstəlik, bunu
xoşbəxtlik sayacaq qədər soyuqqanlı ola bilir.
Təkmənçilik köhnə fəlsəfədir
və “mən yoxamsa, dünya da yoxdur, ya olmasın” qənaəti
ara-sıra çox beyinlərdən keçib, illah da hər
şeydən bezar insanın ömrün hansı ən
naçar qırpımındasa belə fikirləşə biləcəyi
mümkündür.
Düşünürəm – görəsən,
axarında yaşadığımız qatmaqatışıq
dünyada ehtimalı əvvəlki çağlardan daha üzdə
olan, dünyanı xarabazara, insansız dəhşət səhrasına
çevirə biləcək nüvə savaşı, Yer
kürəmizin qiyaməti gələn anı, iraq-iraq,
görsəm, təkcə deyil, hamı ilə birlikdə məhv
olmağıma görə mən də özümü bəxtəvər
sayardımmı?
Əsla! Heç vəchlə! İnsanı dünyaya
bağlayan həm də sənə əziz olan insanlar, sevdiklərin,
ayrılmaq istəmədiklərindir. Elə ən azı
onların xatirinə arzulayardım ki, nə
dağıdıcı zəlzələlər qopsun, nə
nüvə savaşı olsun, nə qiyamət gəlsin, hətta
hansısa bəla fırtınaları qopar, dərd selləri
gələrsə də, mənə nə olursa-olsun, kimlərsə
nicat tapsın, o salamat qurtaranların arasında da mənmkilər.
Amma Anar hekayəsinin bu məqamında da ayrı bir
ibrət var – ortaq yuvamız Yer kürəmizi cəhənnəmə
döndərməyə şitənənlər, yoxluğa
sürükləyənlər dinə-imana gəlsin, bu
zavallı dünyamızı, bu fağır insanı elə
küskün, elə bədbin, elə naəlac həddə
çatdırmasınlar ki, heç bir bəşər
övladı həyatın daha bir an da uzanmasını
arzulamaqdan vaz keçərək hamı ilə birgə
yoxolmanı bəxtəvərlik sayacaq qədər
acınacaqlı xəyallara düşsün.
...60 il əvvəl, 1960-cı illərdə azərbaycanlıların
düşüncəsini, ürəyini, zövqünü təzə
sözüylə fəth etməyə başlayanda Anar nə
qədər güclü idisə, bu gün də elədir.
Köhnə alma ağacında, qocaman tutda heç
vaxt köhnə alma, əski tut bitmir.
Hər yeni baharda o ağaclar puçur-puçur
tumurcuqlayır, təzə pöhrələr verir, “keçən
ilki, keçən keçən ilki, keçən keçən
keçənilki” kimi çiçəklər açır,
elə əvvəlki şirinlikli tər-təzə meyvələr
verir. Sonra payız gəlir, küləklər əsir,
yağışlar tökür, sonra qış gəlir, sazaq
düşür, qar səpir, ancaq yenə yaz qayıdr.
Çılpaqlaşmış budaqlar yenə
yarpaqlanır, yenə tumurcuqlanır və 60 il əvvəlki
kimi yenə gözəl bəhrələrini verən, yenə
heyrətləndirən, yenə diksindirən, yenə sevindirən
Anar elə təbiətin o sadədən-sadə hadisəsi, sadəliyində
əbədi möcüzə gizlənən daimi
qayıdışı kimidir.
Mən özümü bəxtəvər hesab edirəm
ki, Anarım var.
İftixarla təkrar edirəm ki, Anarlı Azərbaycan
– qocalmayan Anarlı, tükənməyən Anarlı, hər
yeni zamanla ayaqlaşan və o yeni zamandan yenə bir addım irəlidə
olmağı bacaran, yenə onillər öncə olduğu
kimi düşündürən, duyğulandıran, təzə-təzə
sevimli bəhrələr verməkdə davam edən Anarlı
millət xoşbəxtdir.
İndilik ən böyük arzumdur ki, Azərbaycan
adına, sözümüz, dilimiz, ədəbiyyatımız,
milli ruhumuzun diriliyi naminə hələ çox illər də
belə qalsın.
25 iyul 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2024.-30 iyul,¹(133).-S.8;9.