Yaddaşlarda qalacaq lövhə
Xalq
yazıçısı Anarın “Qatardan qalan adam” hekayəsi
haqda
Düz on il əvvəl Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anarla qızı, yazıçı
Günel Anarqızı, Xalq artistləri, rejissor Ramiz Həsənoğlu
və Rasim Balayev Budapeştə gəlmişdilər. Dörd
gün birlikdə olduq. Səfirliyin böyük zalında
Macarıstanda yaşayan soydaşlarımızın, burada təhsil
alan tələbələrimizin qonaqlarla səmimi, maraqlı, ən
başlıcası isə interaktiv görüşü
keçirildi. Sosialist sistemi zamanından qorunub saxlanan
Macarıstan Yazıçılar İttfaqının rəhbərliyi
ilə iki ölkənin yaradıcı təşkilatları arasında
əməkdaşlıq məsələləri müzakirə
olundu. Mavritaniya üslubunda tikilmiş, yüz neçə
illik tarixə malik “Orient” kinoteatrında Anarın ssenari müəllifi,
Ramiz Həsənoğlunun quruluşçu rejissor, Rasim
Balayevin baş rolun ifaçısı olduğu “Sübhün
səfiri” filmi nümayiş etdirildi və mənim müəyyən
narahatlığıma rəğmən,
tamaşaçıların xoşuna gəldi. Osmanlı
hakimiyyəti dövründə
inzibati mərkəz olmuş memarlıq abidələri
ilə zəngin qədim Peç şəhərinə getdik.
Çoxlu ədəbiyyat və sənət söhbətləri
elədik. Anar müəllimin danışdığı
maraqlı tarixçələrə, yerinə düşən
mənalı lətifələrə qulaq asdıq. Maraqlı
“ədəbi axşama” çevrilən nahar və şam məclislərində
məşhur macar palinkasının, növbənöv macar
şərablarının dadına baxmağı da
unutmadıq.
Bir neçə gün bundan əvvəl “525-ci qəzet”də
Anarın “Qatardan qalan adam” adlı ibrətamiz hekayəsini
oxuyarkən fikrən uzaq 2014-cü ilə qayıtdım.
Doğrusunu deyim: həcmcə lakonik, məzmunca dərin, fəlsəfi
mündəricəli əsər xoşuma gəldi. Eyni zamanda
düşündüm ki,
maraqlıdır, görən haqqında
danışdığım səfər aradan on il keçəndən
sonra yazılan bu hekayəyə
hansısa impuls veribmi? Müəllifin dost ölkədə
gördüyü, müşahidə elədiyi hansısa məqamlar,
insan tipləri, münasibət çalarları, yaxud rəftar
ünsürləri naməlum macar şəhərciyini talesiz
İshaq Salmanzadənin son mənzilinə çevirməyə
səbəb olubmu?
Əlbəttə, dil amilini, ünsiyyət baryerini nəzərə
almasaq, məkan burada tam şərti xarakter daşıyır.
Hadisələr eyni məntiqlə Monqolustanda, Slovakiyada, yaxud
başqa bir ölkədə də cərəyan edə bilərdi.
Hər insan istək və iradəsindən
asılı olmayan fövqəlqüvvənin təyin etdiyi
saatda və dəqiqədə, gözəgörünməzin
seçdiyi yerdə öz qiyamət gününü
qarşılayır. Və həmin gün ona heç bir
şey – nə topladığı hesabsız mal-dövlət,
nə yüksək vəzifəsi və tanışlıq əlaqələri,
nə cəmiyyətdəki rolu və mövqeyi kömək
edir.
İlk baxışdan uğurlu biznes adamı, əliaçıq
centlmen təsiri bağışlayan İshaq Salmanzadə belə
acınacaqlı sonluğa layiq idimi? Onu naməlum şəhərin
iyli-qoxulu dəmiryol vağzalında, salındığı dəmir
qəfəsdə insafsızcasına “öldürməkdənsə”,
Egerdə keçirəcəyi romantik günlərdən sonra
amerikan şərikləri ilə birlikdə məşhur
“Empire State Building”in damından Nyu-York panoramını seyr edən
və yeni biznes planları cızan vəziyyətdə
göstərmək olmazdımı? Yəqin ki, yox.
Çünki əsl ədəbiyyatda hər şey
yazıçıdan asılı deyil. Ona qalsa, Flober də
eyni adlı romanının qəhrəmanı madam Bovarini
öldürmək istəmirdi. Amma bədiiliyin öz
qanunları, öz məntiqi var. Ortaya suallar
çıxır: bir insan kimi İshaq xoşbəxt
sonluğu haqq etmişdimi? Məqsədə doğru gedən
qatarda mənzili başa vurmağa mənəvi hüququ
vardımı? Hekayədə bəzi ipucları verilməklə
bir sırada qəhrəmanının portretini tamamlamaq oxucunun
öhdəsinə buraxılır.
İshaq Salmanzadə dünyada yalnız özü
üçün yaşayan insanlardandır. Şəxsi həyatına,
şəxsi rahatlığına dəxli olmayan heç bir
qurbana, fədakarlığa hazır deyil. Şəhərin
prestijli rayonlarından birində bütöv mərtəbəni
tutan mənzilində tək qalır. Qısqanc
xanımının nazına dözməyib bir il sonra
boşanmaqla canını qurtarır. Eger yolçuluğu
zamanı da kiminsə əlavə sualına, anlaşılmaz
baxışına məruz qalmamaq üçün kupeni təkbaşına
tutur. Təbii ki, bütün bunları şəxsi
imkanları hesabına, cibinin pulu ilə edir. Düzdür, pul
qazanmaq da asan olmayıb. Böyük sərvətlə birlikdə
həm də onu bütün həyatı boyu təqib edəcək
sağalmaz xəstəlik tapıb. Yenə də heç nəyə
fikir vermədən daha çox pul qazanmaqla bağlı
planlar, ideyalarla yaşayır. Amma taleyin işinə bax ki,
sayını bilmədiyi qədər pulu olduğu halda kritik məqamda,
ölüm-dirim anında cəmisi bir neçə avro, yaxud
dollar ucbatından adına, bacarığına, mövqeyinə
yaraşmayan bir şəkildə tələf olur. Deməli,
çox pul hələ bütün qapıların
açarı deyil. Allah da sanki İshaqa istehza edir, tənə
vurur. “Bax, - deyir, - bütün həyatını pul
qazanmağa sərf elədin, amma indi pulsuzluq ucbatından
ölürsən”. Ya da böyük Füzulinin dediyi kimi: “Cəmi-mal
eylədiyin rahət üçündür, amma, Rahətin əskik
olur hər necə artar malın...”
Əslində İshaq Salmanzadənin faciəli aqibətinin
arxasında onun ani ehtiyatsızlığından, tədbirsizliyindən
çox dünyanın, insanların mərhəmət və
şəfqət hissindən get-gedə daha artıq dərəcədə
məhrum olması dayanır. Dünya gözümüz
görə-görə yenidən qədim latınların
“homo homini lupus est” – “insan insanın canavarıdır” - dediyi
dövrə qayıdır. Yalnız dövlətlər və
xalqlar deyil, ayrı-ayrı fərdlər də sanki bir-biri ilə
aramsız savaş aparır. Əlbəttə, hekayədə
təsvir olunan kolliziyada tək acgöz tualet
baxıcısını, yaxud kobud, insafsız polis məmurunu
günahlandırmaq düzgün çıxmazdı. Sadəcə,
çağdaş dünyanın münasibətlər sistemi
belə qurulub. İshaq Salmanzadənin mənsub olduğu cəmiyyətdə
adamlar bir-birlərinə dəyəri on min dollarlarla
ölçülən “Rolex” saatı hədiyyə edəcək
dərəcədə comərd, səxavətlidirlər.
Tualet xidmətçisinin aylıq maaşı isə təbii
ehtiyacını rəf etmək istəyən adamların
verdiyi qəpiklərdən formalaşır. Nəticədə
o da kiminsə haqqına girməsini istəmir, buna yol vermir. Bəlkə
də balaca vağzal şəhərciyində İshaqı
başa düşə biləcək yeganə adam bədənini
satan fahişə ola bilərdi. Lakin burada da nəticə
etibarı ilə məsələ pula dayanır. Çünki
onun da insani münasibəti, canıyananlığı
yalnız pulunu alıb “xidmət göstərəndən”
sonra başlanır. İlya İlf və Petrovun məşhur
qəhrəmanının dediyi kimi, “səhər pul, axşam
stullar”. Ya da əksinə... Beləcə, qapalı dairəyə
düşən qəhrəmanın son çıxış
yolu ölümdən keçir.
Dünya ədəbiyyatında “lənətə gəlmiş
sarı metalın” - pulun insan həyatındakı rolu,
doğurduğu fəlakətlər haqqında saya gəlməz
dərəcədə çox əsərlər yaranıb. Yəqin
ki, bu müstəvidən yanaşdıqda pul-mənəviyyat-insanlıq
üçlüsünün əsas
götürüldüyü hadisə və süjetlərlə
oxucunu maraqlandırmaq, düşündürmək, onda
yanğı, acıma, təəssüf, yaxud heyrət hissi
doğurmaq da o qədər asan deyil. Amma Anar hansısa didaktika
ünsürlərinə yol vermədən, bəlli sxematik
priyomlardan yararlanmadan buna nail ola bilib. Yəqin ki,
günümüzün lokal ədəbi hadisəsinə
çevrilən hekayəyə böyük maraq da bundan irəli
gəlir.
Əsərin məzmununa, təsir gücü və bədii
mükəmməlləyinə xüsusi ziyan toxundurmayan, necə
deyərlər, daha çox texniki xarakter daşıyan iki
xırda, epizodik “qüsuru” da göstərmək istərdim.
Macar dilində “yox” anlamını hekayədə deyildiyi kimi,
“ninç” deyil, “nəm” sözü ifadə edir (Budapeştdə
dilimizdəki frazeoloji mənada “yox” mənasını bildirən
“nəm-nüm eləmək” ifadəsini misal gətirib
zarafatla hərdən macar dostlarıma deyirdim ki, əcdadlarınız
Azərbaycandan keçib Böyük Macar Ovalığına
yollanarkən bu sözü bizdən öyrəniblər). Daha
sonra. Müəllifin təsvirinə görə İshaq cibindən
“bir neçə forint” götürüb vaqon-restorana
yollanır. Tənbəllik eləməyib baxdım: hekayə
çapa gedən gün Milli Bankın valyuta məzənnəsinə
görə 1 Azərbaycan manatı 212 forintə bərabər
olub. Təbii ki, belə olan təqdirdə “bir neçə
forintə” heç bir şey, xüsusilə də bahalı
“Kent” siqareti almaq mümkün deyil.
Anarsevərlər məni ifrat
xırdaçılıqda günahlandıra bilərlər.
Amma düşünürəm ki, konkret bilgilərə istinad
edilən mətndə ən xırda detallar da dəqiq
olmalı, həqiqəti əks etdirməlidir. Ümumiləşdirmə
gücü, bəşəri qayəsi və sərt tragizmi ilə
yaddaşımızda uzun müddət, bəlkə də həmişəlik
qalacaq “Qatardan qalan adam” isə həqiqətən də belə
uğurlu örnək, bitkin bədii lövhədir.
28 iyul 2024-cü il
Sarayevo
Vilayət QULİYEV
525-ci qəzet .- 2024.- 31 iyul,¹(134).-S.8.