Türkiyənin ilk
qadın vəkili
KİMSƏSİZLƏR ANASI SÜRƏYYA
AĞAOĞLU
Sürəyya Ağaoğlunun adı türk qadın
hüquqşünaslığı tarixinə qızıl hərflərlə
yazılıb. 1903-cü ildə Şuşada böyük
mütəfəkkir Əhməd bəy Ağaoğlunun ailəsində
doğulan S.Ağaoğlu Türkiyənin ilk qadın
hüquqşünası olmaqla yanaşı, eyni zamanda öz
ölkəsinin hüquq sahəsində ən güclu mütəxəssislərindən
biri olub. Türkiyədə insan, qadın və uşaq
hüquqlarının qorunması sahəsində fəal
iştirak edib, şəxsi təşəbbüsü ilə
bir çox mühüm işlərə imza atıb. Sadəcə
qadın və uşaq hüquqlarının qorunması ilə
məşğul olmayıb. Həm də Türkiyədə
öz maliyyəsi hesabına ilk dəfə uşaq
sığınacağı yaradıb. İstanbulda kimsəsiz
qalmış, qayğıya ehtiyac duyan insanları bir araya gətirərək
öz pulu ilə onların yaşayışını, təhsil
haqlarını təmin edib. Onların peşə təhsilinə
yiyələnməsinə, ali təhsil almasına yardım
göstərib.
Dövrün nəşrlərinin yazdığına
görə, uşaqlar Sürəyya xanıma "ana" deyə
müraciət ediblər, ona davamlı məktublar yazıblar.
Türkiyə mətbuatına verdiyi çoxsaylı
müsahibələrdə və açıqlamalarında,
yazdığı memuarlarda həyatının ən
böyük ürəyincə olan fəaliyyətini Sürəyya
Ağaoğlu kimsəsiz uşaqları bir araya gətirməsi
və dərnək yaratması hesab edir. Valideyn himayəsindən
məhrum olan, küçədə səfil həyat tərzi
keçirərək bir qarın çörəyə
ehtiyacı olan uşaqların həyatın çətin
sınaqlarına hazırlanmasında, onların təhsil
alıb cəmiyyətə yararlı insanlar kimi yetişmələrində
Sürəyya Ağaoğlu Türkiyədə ilk
cığırı açıb və bu cığır artıq
uzun bir yol olub. Bu çətin, şərəfli işə
başlamasının qısa tarixçəsini
S.Ağaoğlu xatırlayaraq yazır: "1949-cu ildə həyatımda
ən çox ürəyimcə olan bir işin ilk
addımlarını atdım. İngiltərə və
Amerikada sahibsiz qalan uşaqlara dövlət və xüsusi təşkilatlar
tərəfindən göstərilən münasibəti xeyli
araşdırdım, bu uşaqlar üçün qurulan
müəssisələri gəzdim". İnkişaf
etmiş bu dövlətlərdə kimsəsiz uşaqlara
dövlət və qeyri-hökumət təşkilatlarının
göstərdiyi dəstəyi, uşaq evlərinin
yaradılmasını və maliyyələşdirilməsinin
bütün incəliklərini öyrənən
S.Ağaoğlu Türkiyədəki duruma uyğun necə etməli
olduğunun yollarını arayır. Türkiyənin sosial
münasibətlər tarixində S.Ağaoğlunun
"Uşaq Dostları Dərnəyi"nin qurulmasının
incəliklərini araşdıranlar, xüsusən professor
Dilarə Uslu tədqiqatlarında bir neçə önəmli
fakta diqqət yönəldir. London və Amerika səfərlərində
insan hüquqlarının qorunması sahəsində xeyli
inkişaf mərhələləri adlayan bu dövlətlərdə
kimsəsiz uşaqların taleyi və dövlətin sosial həyatında
zamanın acı təsirləri ilə bir küncə
atılan, ailə qayğılarından məhrum olan və
küçə həyatı sürməyə məcbur
buraxılan kimsəsiz uşaqların taleyi ilə
bağlı S.Ağaoğlunun ciddi araşdırmaları diqqət
çəkir. Bu barədə S.Ağaoğlu memuarında
yazır: "Bu arada Çikaqoda, Ceyms Adams adlı bir xanımın
cinayətə meyilli uşaqlar üçün
yaratdığı evdə bir neçə gecə qalaraq
araşdırma apardım. İngiltərədə də
kasıb məhəllələrdə yaşayan uşaqlarla
maraqlanan təşkilatları tədqiq etdim. Onlar arasında
tanınmış uşaq məhkəməsi vəkilinin bu
uşaqlara təsis etdiyi böyük evə heyran
qaldım". Amerikada kimsəsiz, bəzən isə cinayətə
meyilli uşaqlara yaradılan şəraitdən təsirlənən
S.Ağaoğlunun gözləri önünə Türkiyənin
yoxsul bölgələrində səfil həyat tərzi
keçirən, heç kəsin maraqlanmadığı kimsəsiz
uşaqlar gəlir. Amerika ilə yanaşı, İngiltərədə
də acınacaqlı həyat yaşayan, valideyn nəzarətindən
kənar qalan, doğma ocağın hənirtisini duymayan, kimsəsiz
uşaqların taleyi ilə bağlı S.Ağaoğlu ciddi
araşdırmalar aparır, səfərdə onu müşayiət
edənlərə suallar verir, özü üçün
qaranlıq qalan mətləblərə aydınlıq gətirir.
Amerika, İngiltərə, Almaniya, bəzi Avropa dövlətlərinə
çoxsaylı səfərlərindən sonra Türkiyəyə
dönən S.Ağaoğlu kimsəsiz, sahibsiz və təhsilsiz
uşaqların taleyi ilə bağlı ilk qeyri-hökumət
təşkilatının yaradılmasına başlayır.
İstanbuldakı evinə dövrün tanınmış
iş adamlarını, cəmiyyətdə hörmət sahibi
olan fərqli məslək sahiblərini, ictimaiyyətçi,
fəal xanımları toplayır, istəklərini
anladır. Bu toplantıda Türkiyənin fəal
xanımlarından Şövkət Rana, İffət Halim Oruz,
Safiyyə Elbi, Hasanə İlqad, Nemət Selen, Fəxrənnisə
Sezən və başqaları qatılır. S.Ağaoğlu dərnəyin
qurulması ideyasının və coşğulu keçən
ilk toplantının iştirakçılar tərəfindən
maraqla qarşılandığını yazır:
"İkinci yığıncaqda
iştirakçıların sayı yarıya endi.
Üçüncü yığıncaqda isə 10-15 nəfər
qalmışdıq. Bax, bu 10-15 nəfərlə 1949-cu ilin
mayında "Uşaq Dostları Dərnəyi"nin ilk
nüvəsini yaratdıq".
Dərnəyin təsisindən sonra İstanbul
küçələrindən kimsəsiz uşaqların bir
araya gətirilməsi, toplanması və sığınacaq
evinin axtarışına başlanılıb. Kimsəsiz
uşaqların məskunlaşma yerlərinin müəyyən
edilməsində və toplanmasında S.Ağaoğlu Qalata qəza
müdiri və polisin yardımından istifadə edir.
Bu çətin, ağır prosesdə cəmiyyətin
gücündən istifadə etməyə çalışan
S.Ağaoğlu mətbuatın diqqətini də bu məsələyə
yönəldə bilir, bir neçə müxbiri görəcəkləri
işin əhəmiyyətini dövlətə və cəmiyyətə
anlatmaq üçün kimsəsiz uşaqların reabilitasiya
işinə cəlb edir.
Belə çətin, ağır vəziyyətdə
"Uşaq Dostları Dərnəyi"ni yaradan
S.Ağaoğlu o günləri kövrək notlarla
xatırlayır və ona dəstək olanları böyük
hörmətlə yad edərək yazır: "Bu işdə
ən böyük köməkçim, gündüzlər
"Mobel Oya"da işləyən və gecələr də
saat 12-yə qədər internatda olan bu uşaqları
qarşısına alıb onlarla məşğul olan Nemət
Selen xanım idi". İlk vaxtlar uşaqların dərnəyə,
tərbiyəçilərə alışmasının
psixoloji çətinlikləri ortaya çıxır, hətta
sığınacağa cəlb olunan uşaqlar qaçır:
"Böyük səy nəticəsində internatdakı
uşaqları nizama sala bildik, məktəbə və işə
düzəltdik. Uşaqlarımız arasından Almaniyada
avtomobil zavodlarında baş usta və elektrik xidmətinin rəisi
olanlar belə çıxdı".
21 mart 1954-cü il tarixli "Cümhuriyyət" qəzetində
"Bunlar da bizim şəhərin uşaqları"
reportajında S.Ağaoğlunun yaratdığı
"Uşaq Dostları Dərnəyi"nin fəaliyyəti
ilə bağlı geniş məlumatlar dərc olunub.
Sürəyya Ağaoğlu dərnəyin ilk mənzil
qərargahının İstanbulda "Çiçək
bazarı"nın yanında olduğunu qeyd edərək
yazır: "Müxtəlif çətinliklərdən sonra
"Çiçək bazarı"nda Uşaq Müdafiə
Fondunun Əmlakı olan köhnə mədrəsə
binasında uşaq evi açdıq". "Uşaq
Dostları Dərnəyi" sonralar Fənər yolunda, bir qədər
vaxtdan sonra isə Ayazağada yerləşib. "Cümhuriyyət"
qəzetinin 1952-ci il 15 sentyabr tarixli sayında "Mədəni
aləmdə insan qiyməti" adlı köşə
yazısında S.Ağaoğlu Almaniyaya səfərinin sonunda
uşaq evlərinə və qadın həbsxanalarına
baş çəkdiyi, müşavirələr
apardığını yazır və qənaətlərini
oxucularla bölüşür. Səyahətin sonunda Berlində
ümumi həbsxanalar müdirinin S.Ağaoğlunun istəyinə
uyğun qadın həbsxanalarına və uşaq islah
düşərgələrinə baş çəkib
müşahidə etməsinə yaxından kömək edir.
S.Ağaoğlu qadın həbsxanasına səfərindən
sonra şəhərdə təşkil edilən iki uşaq
islah mərkəzinə baş çəkir. Bu mərkəzlərin
biri Ədliyyə Nazirliyinin tabeliyində olan uşaq islah mərkəzidir,
ikincisi isə dini təşkilatların qurduğu müəssisədir.
Hər iki kimsəsiz uşaq mərkəzində təhsilə,
təlimə önəm verildiyini xüsusi diqqətə alan
S.Ağaoğlu yazır: "Bir qismi məhkəmələr,
bir qismi isə sosial təşkilatlar tərəfindən
göndərilən uşaqlar burada 12 yaşından 20
yaşınadək saxlanılır, islah olunur, xarakter və xasiyyətlərinə
uyğun işlə təmin olunurlar. Böyük hərb fəlakətinə
uğrayan Berlinin özünə gələr-gəlməz bu
işləri təşkil etməsi heyrət doğurur.
İslah evlərini dolaşarkən mənim qurduğum
uşaq dostları yurdumu düşündüm. Nə olar, bu
gördüyüm müəssisələrin bir emalatxanasını
qura bilərəmmi?"
Uşaqlığını bu dərnəkdə
keçirən Hırzı Topuz sonralar "Axşam" qəzetinin
7 iyun 1952-ci il tarixli sayında S.Ağaoğlunun xeyirxah fəaliyyətindən,
kimsəsiz uşaqlar üçün açdığı
ilk sığınacaqdan geniş bir reportaj dərc edib. Bu reportajda
Sürəyya xanım kimsəsiz, yetim, ata-ana nəvazişindən
kənar qalan uşaqların küçələrdə səfil
həyatdan qurtulmasının sevincini
yaşadığını söyləyir. "33 uşaq
ölümdən qurtuldu" adlı reportajda "Uşaq
Dostları Dərnəyi"nin səyi ilə görülən
işləri, fəaliyyət çərçivələrini,
çoxsaylı faktları sadalanır və qeyd olunur ki,
küçələrdə yaşamaqdan xilas olan bu uşaqlar
peşə təhsilinə, elmə cəlb edilərək cəmiyyət
üçün yararlı şəxsiyyətlər kimi
formalaşırlar.
Bu uşaqlardan Nevzat adlı bir gənci
ömrünün sonlarında xatırlayan Sürəyya
xanım yazır: "Uşaqlardan Nevzat adlı bir gənc
Koreya müharibəsində iştirak etdi. Getməmişdən
əvvəl və oradan mənə "ana" xitabıyla
yolladığı məktublar həm məni dərin bir
xoşbəxtliklə, həm də dərin bir iztirabla
boğurdu. Ana həsrətiylə böyüyən bu gənci
Koreyadan geri dönəndən sonra Dəniz Yollarında işə
düzəltdik. Təəssüf ki, Nevzat İzmit körfəzində
baş verən dəniz faciəsində həyatını
itirdi. Deyərdim ki, internat məsələsində məni və
dostlarımı ən çox sarsıdan bu hadisə
oldu".
Kimsəsiz uşaqlara sahib çıxan, ailə qursa
da, övladı olmayan Sürəyya xanım 1949-cu ildən
ömrünün sonunadək "Sürəyya ana"
xitabının, müraciətinin xoş təsirlərini
yaşadı. Göstərdiyi çeşidli fəaliyyətlərdən
dolayı bir çox önəmli məqamlara yüksələn
S.Ağaoğlunun Türkiyədə ilk dəfə kimsəsiz
uşaqları bir araya yığması, onların təlim-tədris
işinə cəlb olunması, vətənpərvər ruhda
böyümələrinə etdiyi yardım bu nəcib
türk xanımının qətiyyəti və iradəsi sayəsində
mümkün oldu. Ömrünün ahıl vaxtında türk
xalqına yararlı olmağa çalışan fəal,
dinamik, yeni ideyalarla cəmiyyəti zənginləşdirən
S.Ağaoğlu "Səssiz gəlişi" gözləyən
dönəmlərdə həmin günləri xatırlayaraq
yazır: "Şübhəsiz, kimsəsiz, pis yola
düşmüş bir çox uşağı
böyüdüb onlara mənəvi, maddi cəhətdən
özlərinə və cəmiyyətə yararlı insanlar
etmək mənim qədər dostlarıma da hədsiz bir həzz
və sevinc hissi verirdi. Uşaq evini əvvəl Fənəryoluna,
sonra isə Ayazağada Xəzinənin tenderlə
satdığı bir ərazidə tikilən binasına
köçürtdük". Bu kiçik xatirədə diqqəti
çəkən məqamlardan biri S.Ağaoğlunun kimsəsiz
uşaqların taleyi ilə təkcə onun deyil,
dostlarının da məşğul olduğunu, bu dostları
minnətdarlıqla xatırlatmasıdır.
S.Ağaoğlu ömrünün sonunadək kimsəsiz
uşaqların sığınacaq və reabilitasiya yeri olan
"Uşaq Dostları Dərnəyi"nin fəaliyyətinə
mənəvi ana kimi nəzarət edərək, xeyirxah əməllərini
davam etdirir. Vəfatından sonra isə bu dərnək öz
qurucusu S.Ağaoğlunun adını daşıyır. Bu
xeyirxahlıq missiyasını davam etdirənlər 1996-cı
ildən etibarən fəaliyyətlərini bir qədər də
genişləndirir və dərnək S.Ağaoğlu adına
Təhsil və Təlim Vəqfi adlandırılır. Hər
il lisey, universitet və lisanüstü təhsil alan gənc tələbələrə
təqaüd verir. İndi S.Ağaoğlunun adını
daşıyan bu vəqf Türkiyədə onlarla tələbənin
təhsilini stimullaşdırır, gənclərə
qarşılıqsız maddi yardım göstərir.
S.Ağaoğlu 1989-cu ilin dekabrın 29-da İstanbulda
beyin qanaxmasından dünyasını dəyişib, ailə
məzarlığında dəfn olunub.
Akif AŞIRLI
P.S. Məqalə Azərbaycan Respublikası
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin maliyyəsi hesabına Azərbaycan Türk
Ocağı İctimai Birliyi tərəfindən
hazırlanıb. Məqalədə əksini tapan faktlara
Agentlik deyil, İctimai Birlik cavabdehdir.
525-ci qəzet .- 2024.- 31 iyul,№(134).-S.10.