"Arlda yataq otağı"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Cəmilə
Qurbanovadır. Onunla məşhur niderlandlı rəssamı
Van Qoqun "Arlda yataq otağı" əsərindən
danışmışıq.
Vinsent Villem van Qoq (1853-1890) postimpressionist rəssamdır.
O, ölümündən sonra Qərb incəsənət
tarixinin ən görkəmli simalarından birinə
çevrildi. Halbuki həyatda olduğu zaman yalnız bir əsəri
satılmışdı. Rəssamın 10 il ərzində
yaratdığı təxminən 2100 sənət əsərinə
peyzaj, natürmort, portret və avtoportretlər daxildir. O, 860
yağlı boya rəsminin əksəriyyətini
ömrünün son iki ilində çəkib. Aydın rəng
çalarları və Vinsentin fırçadan özünəməxsus
istifadə tərzi ilə xaraterizə olunan bu rəsm əsərləri
müasir incəsənətin təməl daşları hesab
olunur. Bütün bunlara baxmayaraq, rəssam həyatı
boyunca daim maddi çətinlik içində yaşayıb,
uzun illər ruhi xəstəlik, depressiya və yoxsulluqdan əziyyət
çəkdikdən sonra 37 yaşında vəfat edib. Vinsent Qan Qoq
yaradıcılığında "Ulduzlu gecə" (1889),
"Günəbaxanlar" (1888), "Süsən
çiçəkləri" (1889), "Doktor Qaşenin
portreti" (1890), "Terrasdakı kafe gecə vaxtı"
(1888), "Sarğı dolanmış qulaqla avtoportret"
(1889), "Kartof yeyənlər" (1885), "Buğda zəmisi
və sərvlər" (1889), "Çiçəkləyən
badam budaqları" (1890) kimi
dünya şöhrətli əsərlər var.
- "Arlda yataq otağı" tək gözəlliyi
ilə yox, həm də hekayəsi ilə anılır.
İstərdim söhbətimizə tablonun hekayəsi ilə
başlayaq.
- "Arlda yataq otağı" əsəri 3 versiyada
işlənib. Belə hesab edilir ki, rəssam ayı 15 franka
dörd otaqlı fligel (əsas binanın yanında tikilmiş
ev və ya əlavə tikili, bina) kirayələyir və ora
300 franklıq mebel alır. Heç vaxt pulu olmayan Van Qoqun pula
belə münasibəti hamıda təəccüb doğurur.
O zaman mehmanxanada 5 franka otaq tutmaq mümkün olduğu halda rəssam
təsadüfi əldə etdiyi mirasla arzusunu
reallaşdırır. 1888-ci ilin mayında Fransanın cənubunda
yerləşən Arlda emalatxana tutaraq Van Qoq onu anlamayan Paris tənqidçilərindən
və rəssamlardan qaçır. O, dörd otaqdan birini
öz yataq otağı etmişdi. Rəssam buranı
"Sarı ev" adlandırırdı.
Oktyabrda hər şey hazır olur və rəssam yataq
otağını çəkmək qərarına gəlir.
Əsərdə yaratdığı çarpayı - mebeli Van
Qoq qardaşı Teonun göndərdiyi dayısından ona
qalan mirasdan 300 franka almışdı. "Mən dəmir
çarpayı əvəzinə yerli ikinəfərlik taxta
çarpayı aldım. Taxta çarpayı nəsə
davamlılıq, sabitlik və sakitlik təsiri
bağışlayır" - Teoya məktubunda Van Qoq
yazırdı. Ailə rahatlığı təəssüratını
yaratmaq üçün rəssam çarpayıda
çılpaq qadın təsviri vermək və
çarpayının yanında beşik də çəkmək
istəyirmiş, sonradan bu ideyalardan vaz keçib.
- Əsərin rəng həlli və kompozisiyası
necədir?
- Əsərdə istifadə olunan sarı rəng Van Qoq
yaradıcılığınında xüsusi yer tutur. Rəssam
üçün sarı günəşin
rəngi, yetişmiş buğda (bolluq, bərəkət,
çörək) günəbaxanların, gün
işığının rəmzinə çevrilmişdi. Tədqiqatçıların
mülahizələrinə görə, Van Qoqun əsərlərində
ən çox sarı rəngdən istifadə etməsi rəssamın
qəbul etdiyi pişikotu dərmanın təsirindəndir. Belə
ki, bu dərmanı qəbul edənlər ətrafda hər
şeyi yaşıl-sarı rəngdə görürlər.
Əsərdə təsvir olunan cüt stul - cüt əşyalar
(iki qapı, iki balış, iki portret, iki qravüra) Vinsent
üçün hüzurun simvolu idi. Bütün bunlar tənhalıq
hissini uzaqlaşdırırdı.
Təsvirdəki bağlı pəncərə
taxtaları - Van Qoqun sözlərinə görə, ona
özünü müdafiə olunmuş hissini
yaşadırdı. Yuyunma vasitələri olan kiçik stol rəssam
üçün sadə və sağlam həyat tərzinin
simvoludur. Divardaki rəsmlər Van Qoqun öz əl işləridir.
Uzaq divarda Valun və palıd təsviridir, sağ divarda rəssamın
dostları Ejen Boş və Pol Ejen Millenin portretidir, onların
altında iki yapon qravürasıdır. O dövrlərdə
Van Qoq yapon incəsənəti ilə dərindən
maraqlanırdı.
Rəssam bu əsərdə impasto (yaxma)
texnikasından istifadə edib. Ancaq kölgə effektini
görmürük. Van Qoq deyirdi: "Mənim gözümdə
heç bir sistem yoxdur. Mən necə gəldi zərbələrlə
çəkirəm və necə alınırsa, rəsmi elə
də qoyuram". Rəssam bu əsərdə hər bir
detalı incəlikləri ilə işləyib.
- Tabloda ən çox maraq doğuran nüanslardan biri
də əyri divarlardır.
- Divarlarının həqiqətən əyilməsini
Vaq Qoq əyri xətlərin köməkliyi ilə
tamaşaçıya böyük məharətlə
çatdırmağı bacarıb. Bu da rəssamın daxili
aləminin zənginliyindən və yaratdığı sənət
əsərini duymağından xəbər verir.
- Qeyd etdiniz ki, əsər üç variantda işlənib.
İkinci və üçüncü versiyaların yaranması
hansı zərurətdən doğub?
- Sarı evdə (Fligelində) baş verən
daşqınlar rəssamın bəzi kətanlarına, o
cümlədən, birinci yataq otağına ziyan vurur.
Saint-Remydə olarkən Van Qoq qardaşı Teodan rəsmini
astarla möhkəmləndirməsini xahiş edir, lakin Teo Van Qoqa
belə riskli bir prosedura başlamazdan əvvəl onun surətini
çəkməyi təklif edir. 1889-cu ilin sentyabr
ayının əvvəlində Van Qoq nəhayət öz
işini gördüyünü hiss edir və Teoya yazır:
"Mən yataq otağının kətanını yenidən
düzəltdim. Bu araşdırma, şübhəsiz ki, ən
yaxşılarından biridir".
"Yataq otağı"nın ikinci
versiyasını çəkdikdən üç həftə
sonra Van Qoq anası və bacısı Villemienə hədiyyə
olaraq bir qədər kiçik miqyasda üçüncü
versiyanı yaradır. Rəssam ailəsinin evlərini bəzəmək
üçün ən yaxşı işlərindən bəzilərinin
kiçik nüsxələrini çıxarmaq qərarına
gəlir. Onlar hədiyyə kimi nəzərdə
tutulmuşdu, lakin daha da əhəmiyyətlisi, onun bir rəssam
kimi tərəqqisinin bariz sübutu idi. Üçüncü
versiya indi Parisdəki Orsey Muzeyindədir. Üç tablo da
ilk baxışda eyni görünsə də, daha yaxından
baxdıqda hər birinin fərqli və unikal detalları
üzə çıxır.
Van Qoqun "Yataq otağı" rəsmindəki
sarı yataqda artıq yatmaq mümkündür. Əsərdəki
interyer məhşur rəssamın doğulduğu
Şimalı Brabant əyalətinin Boksmeyer qəsəbəsindəki
bir oteldə yaradılıb. Otel otağı tarixçi Peer
Meurkensin köməyilə "Yataq otağı" rəsminə
uyğun olaraq hazırlanıb. Mavi divarlar, taxta döşəmə,
divardakı şəkillər və əlbəttə ki, bir
metr genişliyində və 180 santimetr uzunluğundakı
sarı yataq unudulmayıb. Şəkildəki sürahi və
pəncərə çərçivələri kimi
xırdalıqların yer tapdığı otaqda lüks vanna
otağı və televizor taxta bir şkafın arxasında
gizlədilib.
Van Qoqun işi ilə yaxşı tanış olanlar
otaqdakı radiator borusunu və televizor şkafını tənqid
etsələr də, otağın ilk qonağı olan Brabant
Televiziyasının (Omroep Brabant) müxbiri Noel van Hooft hisslərini
bu cür ifadə edir: "Özümü həqiqətən,
rəsmin içində hiss etdim. Elə bu səbəbdən
də əşyalara toxunmağa qıymadım", - deyə
niderlandlı jurnalist deyib.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Tablodakı hər detal rəssamın hekayəsindən
xəbər verir. Məsələn, Van Qoq otaqdakı
güzgünü xüsusi olaraq avtoportretlər çəkmək
üçün almışdı. Ona heç kim modellik etmək
istəmirdi. Yerli sakinlər rəssamın işlərini əyləncə
sayırdılar və gülünc görünəcəklərindən
ehtiyat edirdilər. Van Qoq məşhur kəsilmiş qulaqla
avtoportretini bu güzgü ilə çəkib.
Çarpayının üzərində qırmızı ədyal
təsvir olunub. Van Qoqu 23 dekabr 1888-ci ilin səhəri
qulağını kəsdikdən sonra qıc olmuş halda
qırmızı ədyala bükülmüş tapırlar.
Bu, rəssamın ilk psixi pozuntusu olur və bundan sonra dəlixanaya
düşür. Beləcə Van Qoqa öz otağında bir
daha rahat yaşamaq qismət olmur...
Aytac SAHƏD
525-ci qəzet .- 2024.- 31 iyul,№(134).-S.11.