Söz
azadlığı və jurnalist ləyaqəti
Azərbaycan hakimiyyəti söz azadlığına
qayğı göstərmək və onun real təsdiqi
üçün müxtəlif vasitələrdən istifadə
edir. Qəzetlərin
xeyli hissəsi il ərzində dövlətdən
böyük maddi yardım alır, bu, onların nəşr
üçün çəkdikləri xərci ödəməyə
və redaksiya işçilərinin maaşını
artırmağa şərait yaradır. Media
işçiləri üçün respublika Prezidentinin
göstərişi ilə çox mərtəbəli evlər
tikilir və oradakı mənzillər pulsuz şəkildə
ehtiyacı olan jurnalistlərə və televiziya-radio
işçilərinə paylanır. Ən
varlı dövlətlərdə belə, media əməkdaşlarına
bu qaydada qayğı göstərilmir.
Qəzet, oxucu zövqünün müxtəlifliyini nəzərə
alaraq bol ziyafət süfrəsi kimi olmalıdır, axı
burada geniş çeşiddə olan xörəklər, qəlyanaltılar
qonaqların tələbatını ödəməyə və
zövqünə uyğun gəlməyə xidmət edir. XIX əsrin
üçüncü rübündə (1868-1880-cı illər)
Böyük Britaniyanın Baş naziri olmuş Bencamin Dizraeli
isə təklif edirdi ki, ziyafətdə xörəklərin
sayı, əvvəllər güman edilən Muzaların - ilahələrin
sayından az, sonralar siyahısı artan
Muzaların sayından isə çox olmamalıdır.
Başqa sözlə, xörəklərin növü
üçdən az, doqquzdan çox
olmamalıdır. Deməli, hətta ziyafətdə də xörəklərin
çeşidində lüzumsuz ifrata yol vermək olmaz. Qəzetlərə gəldikdə, onlar guya
marağı artırmaq, sensasiya xatirinə çeşid
bolluğuna can atmamalı, özünün
reputasiyasını "sarı mətbuat" səviyyəsinə
endirməməlidir. Qəzetlərdə təhqirə,
söyüşə də kəskin tabu qoyulmalıdır.
Süfrəyə heç kəs üfunət yayan
xörək qoymur. Yəqin ki, Cənubi-Şərqi Asiyada
bol vitamininə görə olduqca faydalı meyvə hesab edilən,
kəsildikdə və yeyildikdə olduqca pis qoxu verən duryan
meyvəsini heç kəs ümumi məclisdə yemir, ona
olan iştahını yalnız tək olanda, ya da ailəsi ilə
birlikdə söndürür. Kəsilib
satılanda da həmin meyvə örtülü qabda olur.
Qəzet redaktorları da belə süfrə mədəniyyətini
əsas götürsələr, heç də səhv etməzlər.
Peyin torpağı münbitləşdirmək
üçün olduqca qiymətli vasitədir, lakin onun öz
təyinatından kənar istifadə edilməsi yolverilməzdir.
Baxmayaraq ki, Amerikada peyin satanlar malının
müştərini tez və yaxşı cəlb etməsi
üçün vaxtilə peyin nümunəsini
ağızlarında gəzdirirdilər, həmin qəribə
təcrübəni bu yaxınlada ABŞ-nin rəsmisi, admiral
Con Kirbi yada salmışdı. Oxucu isə
müəllifdən qələmdən çıxan
ağıl ifrazı deyil, təmiz və keyfiyyətli məhsul
gözləyir, özünə hörmət edən jurnalist
bu müddəanı yaddan çıxarmamalıdır.
Hər bir qələm əhlində Şerlok Holms kimi
müşahidə qabiliyyəti inkişaf edir və təsvir
etdiyi hadisələri ümumiləşdirmək meyli
yaranır, çünki bu, yazının təsir
dalğasını genişləndirir. Lakin ümumiləşdirmə
də ümumiləşdirmədən fərqlidir.
Hansısa terror təşkilatının, istər onun hərbi,
istərsə də siyasi qanadının cinayətkar fəaliyyətini
bütöv bir millətin, xalqın adına
şamil etmək heç də məqbul
sayılmamalıdır. Bu məsələdə
Türkiyənin təcrübəsi ibrətamizdir. Burada
PKK terrorunu, kürd separatçılarının cəhdlərini
bütövlükdə millətin adına
yazılmasına, milli ədavət yaranmasına imkan verilmir,
bu, dövlətin həm terrora, həm də separatizmin eybəcərliklərinə
qarşı uğurlu mübarizə aparmaq səylərini nəinki
zəiflədir, əksinə, onun səmərəsini daha da
yüksəldir. Bu problemdən daha iri ziddiyyətlər
yaranmasının mümkünlüyü bütünlüklə
yoxa çıxır. Türkiyə
Respublikası vətəndaşlarının vətənpərvərlik
potensialı, ölkənin iqtisadi və hərbi qüdrəti
PKK terrorçularını zərərsizləşdirməyə,
əsasən, sıradan çıxarmağa imkan verir. Dünya da Türkiyə dövlətinin
apardığı mübarizənin haqlı xarakter
daşıdığı qənaətinə gələrək,
onu müdafiə edir.
Bizdə
isə bəzən rüşvətxorların ifşası,
onlara qarşı ittihamlar öz mahiyyətini itirmək təhlükəsi
ilə üzləşir, hansısa regiondan olan xırda bir
qrup, onlara qarşı hücuma keçildiyi barədə
haray qaldırırır... Regionçuluğun belə ifrat
qaydada şişirdilməsi, az qala,
adamların DNK (və ya DNA) müayinəsindən
keçirilməsi kimi ağılsız tələblərə
gəlib çıxır. Belə şəraitdə
hamının, açıq şəkildə olmasa da, nifrət
bəslədiyi ən mənfur cinayətkar bütün təqsirləri
sübut edilib, layiqli cəzaya məhkum edisə də, öz
yaxınları və yerliləri arasında az qala "qəhrəmana"
çevrilir, məhbəsdə də özünü guya
qisasın qurbanı olduğu kimi aparır. Bundan
həm də həmin cani özünə əlavə tərəfdarlar
yığmaq üçün istifadə etməyə
çalışır, guya o, region adamlarının mənafeyini
qoruduğuna görə cəzalandırılmışdır,
onun başqa hansısa elə bir günahı yoxdur. Əslində isə o, özünün hədd bilməyən
yerliçilik fəaliyyəti ilə çoxlarında qəzəb
hissləri yaradırdı. Axı traybalizm
ideyasını yaymaq və özünü onun lideri kimi qələmə
vermək kiməsə nə vaxt fayda vermişdir? Bu məsələdə xalqı süni surətdə
parçalamaq cəhdindən, yerliçilikdə ifrata
varmaqdan yalnız ziyan görmək olar.
Xalqın vahid birliyini pozmaq cəhdləri müxtəlif
şəkillərdə meydana çıxır. Tarixi misallar
da bunu təsdiq edir. XX əsrin birinci
yarısında Əlcəzairdə fransız müstəmləkəçilərinə
yarınmaq üçün dərs kitablarında
yazırdılar ki, "bizim əcdadlarımız (fransızların
ulu babası olan) qallardır". Bunu məhz
milli xəyanətə yol verən ziyalılar edirdi,
çünki xalq dərs kitabları yazıb, nəşr
etdirmir. Belə münasibət öz
acı nəticəsini göstərməkdə gecikmədi.
Buradakı fransız generalları əsrin
ortalarında prezident Şarl de Qollun Əlcəzairə
müstəqillik vermək istəyinə qarşı qiyam
qaldırdılar və öz ölkəsinin istiqlaliyyəti
uğrunda yerli xalqın mübarizəsini yatırtmaq
üçün, kütləvi qırğın vasitəsinə
əl atdılar. Erməni separatizminin dəhşətlərindən
əzab çəkmiş Azərbaycan, öz daxilindəki tam
fərqli olduğunu sübut etməyə çalışan
və bundan daha böyük mənfəət əldə etmək
istəyən qrupların mübtala olduğu xəstəliyin
işartılarının epidemiyaya çevrilməsinə yol
verə bilməz. Erməni separatizminin bəlaları
bizə çox şeyi öyrətmişdir.
Hər şey öz adı ilə adlanmalıdır. Hansı regiona və ya qrupa
məxsus olmasından asılı olmayaraq, hər bir cani layiq
olduğu ifşa payını almalı, kənar dövlətin təsiri
ilə, dini qaydaları qorumaq adı altında terrorçulara
dəstək verənlər, onlara maddi yardım göstərənlər
aşkar edilməklə, qanun qarşısında cavab verməlidirlər.
Bu mübarizə pərdəsi altında vətəndaşların
konstitusiya hüquqlarının pozulmasına da yol vermək
olmaz. Milli, region mənsubiyyətindən
asılı olmayaraq hər bir vətəndaş
özünün toxunulmaz hüquqlarından maneəsiz istifadə
etmək imkanına malik olmalıdır. Bir qrup əclafa
görə bütöv region barədə şübhə
toxumu səpmək, ölkədəki vətəndaş həmrəyliyinə
ziyan vurur, ayrı-seçkilik, bir-birinə qarşı şübhə,
yadlaşma kimi arzuolunmaz prosesə əlavə intensivlik verir. Klan ədədi əmtəədir, onu ovlamaq
üçün sığınacaq tapmaq istədiyi
bütün meşəni yandırmaq zərurəti
böyük ağıldan xəbər vermir. Bu məsələyə
münasibətdə Qədim Romanın nəcib
imperatorlarından biri olan Trayanın qanunlara etdiyi bir düzəlişdən
istifadə etmək daha düzgün olardı:
"Yaxşı hal odur ki, qoy cinayət törətmiş bir
günahkar cəzasız qalsın, nəinki bir günahsız
olan cəzalansın".
Qanun hamı üçün mütləq xarakter
daşıyır, təqsiri sübut olunmamış heç
kəs məsuliyyətə cəlb edilə bilməz. Çünki
səhv hesabına verilən hər bir cəzanın
özündə böyük ədalətsizlik payı
vardır və bu, kimin üçünsə bəlaya səbəb
olan cəhətin isə xeyiri guya ondan ibarət olur ki, onun əvəzi
ictimai fayda ilə ödənilir. İstənilən cəza
ayrı-ayrı fərdlər üçün ağır məhrumiyyət bəxş
edir, cəza ədalətsiz olduqda isə onun vurduğu yara
daha dərin olur, ictimai rifahın yaxşılaşması belə,
həmin əziyyətləri unutdurmağa qadir olmur. Allah, Bibliyada göstərildiyi kimi, İovu
sınağa çəkmək üçün ağır əzablara
düçar etmişdi, qanun isə belə təcrübələri
bütünlüklə inkar edir.
Söz yarası güllə yarası qədər
dağıdıcı, bəzən məhvedici olmasa da,
heç də onun qədər tez və asanlıqla
sağalmır. Evdə tüfəng saxlandıqda,
uşaqların onunla ehtiyatsız davranması təhlükəsi
olan kimi, sözdən naşılıqla istifadə etmənin
də başqalarının əsəbinə, əhvali-ruhiyyəsinə
zəhər qatmaq qorxusu vardır. Dodaqdan
çıxan söz, qələm ucundan süzülən hərflərdən
əmələ gələn ifadə uçan quşa bənzəyir,
sərbəstlik, azadlıq mühitini sevir. Lakin hər bir azadlığı qoruyan, həm də
onun üçün daşınan məsuliyyət hissidir.
Bu məsuliyyət quşun qanadları
üçün dayaq rolunu oynayan hava ilə müqayisə
oluna bilər. Havasızlıqda isə nəinki
uçuş, hətta quşun özünün
mövcudluğu da sual altında olur.
Mətbuat növləri olan qəzetlərin, jurnalların məzmunlu çıxması, oxucu marağını cəlb etməsi üçün məhz savadlı, həm də istedadlı adamların, onların redaksiyalarında işləməsi ehtiyacı vardır. Axı insanın sağlamlığı keşiyində duran həkimə bu sənəti mənimsəməsi və bilməsi lazımdır. Jurnalist də özündən əsrlərlə yaşlı olan yazıçılar kimi insanların ruhi sağlamlığı qayğısına qalır. Yazıçı yaradıcılıq sahəsində sərbəst olduğu halda, jurnalist muzdlu işçi kimi çalışır, gündəlik fəaliyyət göstərir. Jurnalistin istedadı onun yaradıcılığında üzə çıxır. İstedad isə sağlamlığın özü kimi cazibədarlığa malikdir, istedadsızlıq isə L.N.Tolstoyun sözləri ilə desək, "çirkinlik, xəstəlik kimi cazibəsizdir". Yaradıcı insan üçün isə yalnız çörək qazandıran iş, dahi yazıçının qeyd etdiyi kimi, əslində heyvana məxsus olan bir həyatın zəruri şərtidir.
İstedad jurnalist üçün vacibdir, lakin ondan necə və nə məqsədə istifadə edilməsi də az əhəmiyyətli məsələ deyildir. İstedadı şərə xidmət üçün də işlətmək olar, bunun iyrənc nümunələri tarixə məlumdur. Faşist Almaniyasında, Ermənistanda isə XX əsrin sonundan başlayaraq, yaradıcı ziyalılar irqçilik və qatı millətçilik ideyalarını yaymaq sahəsində geniş fəaliyyət göstərmişlər. Azərbaycan jurnalistikası, xoşbəxtlikdən bu qorxulu xəstəliyə sirayətlənməmişdir. Lakin söz azadlığının hakim kəsildiyi şəraitdə büdrəmələr də mümkündür. Mühitdən də çox şey asılıdır. Hitler və Ermənistan rəhbərliyi insanlığa qarşı cinayətlərə və onları tərənnüm edənlərə rəvac verirdilər. Britaniyalılar isə Hindistan subkontinentində müstəmləkəçilik siyasətini daha uğurlu etmək üçün, XIX əsrin 30-cu illərində belə məqsəd güdürdülər ki, burada adam "dərisinin rənginə və qana görə hindli olaraq qalsa da, lakin öz idrakına, hisslərinə və zövqlərinə görə ingilis olacaqdır". Bununla onlar özlərinə fayda verən kifayət qədər möhkəm hindli təbəqəsi yetişdirmək istəyirdilər. Belə tədbirlər hesabına, Hindistanda Britaniyanın ağalığı sonrakı dövrdə bir əsrdən də artıq müddətdə davam etdi.
Yaradıcı ziyalılar, o cümlədən, jurnalistlər də müəyyən təsir altında öz borclarını unudub, aza bilər, hansısa "novatorluq" xatirinə milli xüsusiyyətimizə, mentaletitimizə yad olan fəaliyyət cərəyanına düşə bilərlər. Bu məsələyə qarşı münasibətdə yumşaqlığa, xüsusən laqeydliyə qətiyyən yol vermək olmaz. Biz son vaxtlar yaxşı nüfuz qazanan milli mətbuatımızın ideya səviyyəsini itirə bilərik və bununla da düşmənlərimizi də sevindirərik.
Telman ORUCOV
(Ardı var)
525-ci qəzet 2024.- 31 iyul, ¹(134).-S.14.