Ədəbiyyatın təsir
dairəsi: fərdi düşüncədən ictimai
şüura
Söz bəşəriyyətin ən böyük kəşfidir. Bu, elə-belə deyilməyib,
əsası var. Gəlin bir az
düşünək, söz olmasa idi, dünya, insanlıq nələrdən
məhrum olardı, nələr itirərdi?! Doğrusu,
sizi bilmirəm, amma mən bunu heç düşünmək
istəmirəm. Yəqin, o halda tarixdən,
qədim insan məişətindən, həyata
baxışından, düşüncə tərzindən, əsas
etibarı ilə bixəbər olardıq. Düzdür,
tarixi abidələr, maddi-mədəniyyət nümunələri
və sairələr insanlıq tarixinə müəyyən dərəcədə
işıq salır, amma bu kifayətdirmi?! Məncə, xeyr. Əgər belə
olsa idi, əşya (onun şəkli, insan təxəyyülündə
yaratdığı ideya) bəs edərdi (burada yazının əşyəvi,
şəkli və fikri növlərini nəzərdə
tuturam), hərfi (fonoqrafik) yazıya nə hacət olardı?!
Məsələn, söz olmasa idi, insan necə,
yaradılışı, Uca Yaradanın insanlara "çatmasını",
səmavi kitabları öyrənə bilərdi?! Nizamini, Nəsimini,
Füzulini... heç tanıyardıqmı?! Dünya
klassiklərindən məlumatlı olardıqmı?! Tarixi necə, bilərdikmi?! Tarixi
saxtalaşdıranların bu gün dünyada meydan
suladığı bir zamanda həqiqətləri müəyyən
etmək necə, mümkün olardımı?!
Söz haqqında çox danışmaq olar. Nizamidən, Füzulidən...
çoxlu nümunələr gətirmək
mümkündür, amma onun mahiyyətinə, arealına, təsir
dairəsinə hələ heç kim vara
bilməyib, çünki söz sərhədsizdir, onun təsir
dairəsi, Nəsimi demişkən, insan kimi bu dünyaya
sığmazdır, iki dünyanı, hətta yerləri və
göyləri əhatə etmişdir. Həkim Nizaminin elmin əhəmiyyətinə
işarə etdiyi "Qüdrət elmdədir, başqa
cür heç kəs, heç kəsə üstünlük
eyləyə bilməz", Nəsiminin insan mərtəbəsinə
verdiyi qiymətin təzahür olunduğu "Məndə
sığar iki cahan, mən bu cahanə sığmazam",
Sabirin texniki tərəqqidə geri qalan millətimi
oyanmağa çağıran "Əcnəbi seyrə
balonlarla çıxır, biz hələ avtomobil minməyiriz",
dahi Cavidin dünyada sülhə çağırış
motivlərini əks etdirən "Kəssə hər kim
tökülən qan izini, qurtaran dahi odur yer
üzünü", eləcə də dəyərlərin
qorunmasının əhəmiyyətini bizə
çatdıran Mir Cəlalın "İtə ataram, yada
satmaram", Məmməd Arazın Vətən sevgisini, vətənpərvərlik
motivini özündə cəmləşdirən "Vətən
mənə oğul desə, nə dərdim, mamır olub
qayasında bitərdim" kimi müdrik deyimlərini
sözün möcüzəsi kimi qiymətləndirə bilmərikmi?!
Milyonlara belə nümunələr var. Çox güman ki, bu
sətirləri oxuduqca hər birimizin ağlına daha
neçələri gəlir...
Sözdən, onun sehrindən bəhs edərkən
"Söz sənəti" adlandırılan Ədəbiyyatı
xüsusilə vurğulamaq lazımdır. Elmlər
çoxdur, hesab haqqında, təbiət haqqında, tibb
haqqında, nə bilim, hər hansı bir sənət, mühəndislik,
əkinçilik, hətta sehr, cadu haqqında olan elmlər və
sair. Bir çoxları bu elmlərin şahı olan(lar)ını da müəyyən etmişlər.
Məsələn, bu sıradan fəlsəfəni
elmlərin şahı hesab edənlər çoxluq təşkil
edirlər. Məncə, elmlərin
şahı ədəbiyyatdır - söz sənətidir.
Axı ədəbiyyat həyatı öyrədir,
həyatın özüdür. Həyatı öyrədən
elmdən daha şah, daha üstün elm ola
bilərmi??? Həyatın hansı anı,
hansı vərəqi, insan qəlbinin ən dərin
qatlarındakı hansı hisslər ədəbiyyatda öz əksini
tapmayıb?! Keçmişə, bu günə
və gələcəyə ədəbiyyatda rast gəlmirikmi?!
Xeyiri, şəri, humanizmin əsl mahiyyətini ədəbiyyat
bizə anlatmırmı?! Yaxud pis xisləti,
barbarlığı biz ədəbiyyatda
görmürükmü?! Keçmişin,
həyatın sıfır nöqtəsinə belə gedib
çatan, gələcəyi bizə göstərən ədəbi
nümunələrə necə?! Siz əlavə
edin, nə var ki, ədəbiyyatda ona rast gəlinməsin?!
- Heç nə.
Gəlin başqa bir nöqteyi-nəzərdən
sözün əsas tutulduğu ədəbiyyata diqqət yetirək. Elə bir
dövr olubmu ki, sözün dəyərinə, onun sənətinə
fikir verilməsin, laqeyd münasibət bəslənilsin?!
Uzağa getməyə ehtiyac yoxdur, öz ədəbiyyatımıza
nəzər salaq. Qədim dövr Azərbaycan
ədəbiyyatının əsas hissəsi sarayla
bağlı olmamışdırmı?! Hökmdarlar
söz sənətkarlarını yanlarına çəkmək
üçün (bu və ya digər səbəbdən),
onlardan faydalanmaq naminə nələr etməmişlər?!
Nizaminin hökmdarlara əsərlər ithaf etməsi,
Şirvanşah Axistanın Nizamiyə ona əsər ithaf etməsi
üçün sifariş göndərməsi, Füzuliyə
"Rum zərifləri" tərəfindən "Leyli və
Məcnun" əsərini yazmaq təklifinin göndərilməsi
və Qərbin "Möhtəşəm Süleyman"
adlandırdığı Sultan Süleyman Qanuniyə həsr
edilməsi - bunlar hamısı ədəbiyyata göstərilən
böyük inam və yanaşmanın bir neçə
nümunəsidir. Bir az daha yaxın
keçmişə də qayıda bilərik. Zamanında
dünyanın super gücü olan (əslində isə
böyük tarix səhnəsində saman çöpü
kimi bir andaca yanıb-sönən) və insanları, hətta
onun düşüncəsini buxovlayan sovet imperiyası da
sözün - ədəbiyyatın əhəmiyyətinə
vara bilməmişdimi?! Belə olmasa idi,
şair-yazıçı-dramaturqlar niyə bu qədər
sıxma-boğmaya salınardılar?! Cavid, Cavad,
Müşfiq kimi ülvi hisslər
daşıyıcıları repressiyaya məruz
qalarlardımı?! Əlbəttə,
qalmazdılar, əgər ədəbiyyat ictimai şüura, cəmiyyətə
bu qədər təsiretmə gücünə malik olmasa idi.
Düşünün ki, bir neçə misradan
ibarət olan "Göygöl" şeiri nəhəng
imperiyada qorxu yarada bilmişdi, hələ böyük əsərləri
demirəm. Vaxtında bir çoxları tərəfindən
Allah (tövbə əstəğfürullah)
adlandırılan Stalin söz sənətində mədhə
ehtiyac duyardımı?! Ədəbiyyat sadəcə ədəbiyyat
olsa idi, bu qədər əsər
(kiçikli-böyüklü) niyə istənilərdi ki,
qılıncının dalı da,
qabağı da kəsən o sovet rəhbərinə həsr
edilsin?!
Ədəbiyyat, bəli, sadəcə ədəbiyyat
deyil. O həyatdır,
həyatın düz özü, onu yazana, haqqında
danışdığı (ithaf olunduğu) şəxsə,
mövzuya əbədilik qazandıran qüdrətli "vasitədir".
Ədəbiyyat həm də mənəm, sənsən,
bizik... Bu söz sənətinin
çatmadığı ünvan, açmadığı qapı
yoxdur. Sözün böyük sehrinin dərinliyinə
varanlar da, dünyanı söz ordusu ilə fəth edənlər
də bu mənada az deyil. Sözün
böyük (hətta mən deyərdim dinüstü)
imkanları, dahi ustadların (filosofların) sözün
imkanlarından istifadəsi haqqında çox şeylər
danışmaq, demək mümkündür.
ƏDƏBİYYAT -
SÖNMƏYƏN HUMANİZM MƏŞƏLİ
İnsanlıq tarixinin ən qədim nöqtəsinə
- başlanğıca qədər gedib çıxdıqda
müharibəni görmək mümkündür. Dava-dalaş, xeyir və
şərin mübarizəsi, deməli, insanlıq tarixi qədər
qədim olub, əhali sayı artdıqca, insan
dünyasının arealı böyüdükcə o da
çoxalıb, miqyasına görə böyüyüb və
nəticədə Birinci və İkinci Dünya müharibələri
kimi dağıdıcı müharibələr meydana
çıxıb. Bu müharibələrdə
də tarix boyu milyonlarla insan qırılıb, mədəniyyətlər
məhv edilib. Nəticədə isə
millətlər və xalqlar arasındakı düşmənçilik
daha da dərin kök salıb, yeni-yeni nifaq toxumları cücərməyə
başlayıb (bu gün də davam edir, daha güclü, daha
dəhşətli).
İnsan cəmiyyətini xoşbəxt etmək, ictimai
mühitdə ədaləti bərqərar qılmaq və bu
kimi müharibələrdən qorumaq üçün
İlahi qüvvə bir nizam qoymalı idi. Beləliklə,
səmavi dinlər - Yəhudilik, Xristianlıq və nəhayət,
ən mükəmməl din kimi İslam meydana
çıxıb. Hər üç dinin
kökündə sülh, əmin-amanlıq və ədalətli
cəmiyyət prinsipli çağırışlar dayansa da,
dünya sülhə qovuşa bilmədi ki, bilmədi. Mahiyyətcə eyni olmalarına baxmayaraq (hər
üç din təkallahlılığı təbliğ
edir), bu üç dinə sitayiş edənlər bir
çox hallarda bir-birləri ilə, hətta eyni dindaşlar
özləri arasında müharibələr etdi və qanlar
tökdülər (bu gün də davam edir). Hətta dinlərarası korlanan münasibətlər
dünyanın bir çox regionunda fobiyaların (qorxuların)
yaranmasına da gətirib çıxardı. Bu isə dinlərin dünyanı və
insanlığı sülhə, əmin-amanlığa
qovuşdurmaq misiyasına maneçilik törədir. Belə olan halda insanlığı birləşdirəcək,
onun həyatını sönməyən humanizm məşəli
ilə aydınlada biləcək yeni bir vasitəyə ehtiyac
duyulurdu. Elə bir vasitə ki,
bütün dünya əhalisi, müxtəlif mədəniyyətlərdə
yaşayan insanlar heç bir tərəddüt olmadan onu qəbul
etsin. Bu vasitə isə ədəbiyyatın
düz özü idi.
Burada bir haşiyə çıxmaq lazım gəlir. Biz ədəbiyyata
dinüstü mahiyyət qazandırmırıq. Belə bir fikrimiz də yoxdur (hətta bunu qəbul
da etmirik). Sadəcə olaraq bunu əminliklə
deyirik ki, hər birimiz bu və ya digər ölkənin, millətin-xalqın
söz sənətkarını asanlıqla mütaliə edə
bilirik, fərqi yoxdur, o hansı dini, mədəniyyəti təmsil
edir. Ədəbiyyatı dinlərdən fərqli
qılmağımıza gəldikdə onu da deməliyik ki,
söz sənətinin kökündə dayanan humanizm, ədalət
prinsipi, eləcə də cəhalətə, geriliyə,
ümumiyyətlə, hər cür şərə
qarşı nifrət və mübarizə, bir növ, səmavi
dinlərin özündə ehtiva etdiyi məsələlərin
təzahürü və fəqli şəkildə (amma
özündə eyni olan) meydana çıxmasıdır. Sadəcə olaraq insanlar ədəbiyyatı daha tez
qəbul edə, fobiya olmadan onun
çağırışlarına cavab verə bilirlər.
Bəli, bu da onu fərqli qılan əsas
xüsusiyyətdir.
Gəlin
bir az daha məsələnin mahiyyətinə
varmağa çalışaq. İslam dininə sitayiş edənlərin
95 faizdən çox olduğu ölkəmizdə (dünyada ən
tolerant ölkəsi olmağımızı bir kənara
qoyuram) müsəlmanlar üstünlük təşkil etsə
də, biz, məsələn, Tolstoyu, Viktor Hüqonu, nə
bilim, Teodor Drayzeri, Cek Londonu, Robindranat Taqoru və başqa sənətkarları
oxuduqda onun hansı dinə sitayiş etdiyinə, hansı mədəniyyətin
nümayəndəsi olduğuna heç fikir veririkmi?! Əlbəttə, yox. Sadəcə
olaraq onların fikirləri, insanlıq
qarşısındakı fəaliyyətiləri bizim
üçün maraqlıdır və həmin fikir və fəaliyyətləri
biz asanlıqla qəbul edə bilirik. Başqa bir
deyişlə, "Tövrat"da, "İncil"də və
"Quran"da söylənilənləri qeyri dinə inanan
insanlar asan qəbul edir, ya qeyd etdiyim söz sənətkarlarının
yazdıqlarını?! Yaxşı olardı ki, dinlərin
qardaşlığına bütün dünya inansın, necə
ki bizim hamımız Adəm övladıyıq, Məhəmməd
Hüseyn Şəhriyar demişkən "İnsanın Vətəni
yer kürəsidir", onda süni müharibələr,
lüzumsuz konfliktlər nəyə gərəkdir?! Bütün bunları nəzərə aldıqda ədəbiyyatın
böyüklüyünün və birləşdiriciliyinin
heç ağla gəlməyəcək qədər nəhənglikdə
olduğunu qəbul etmək asanlıqla mümkün olur.
Yuxarıda qeyd etdiklərimizə əsaslanıb deyə
bilirik ki, bəli, ədəbiyyat insanları,
insanlığı daha gözəl dünyaya
çağırır. Elə bir dünya ki, orada insanlar xoşbəxtdir,
onlar qardaşcasına yaşaya bilirlər. Söz sənətkarları yazdıqları əsərlərində
bu motivlər, belə çağırışlar çoxluq
təşkil edir. Dünya şeiriyyətinin ən
böyük zirvələrindən olan Hüseyn Cavidin
insanları həmrəyliyə çağıran, bu dəyərli
varlığa ölüm yox, yaşamaq daha layiqdir
anlayışını ortaya qoyduğu "Bir fəzilətsə
öldürüb-ölmək, canavar bizdən əşrəf
olsa gərək" və yaxud insanın içindəki
şər xisləti ölüdürməyə
çağırış motivinin əksini tapdığı
"İblis nədir? - Cümlə xəyanətlərə
bais! Ya hər kəsə xain olan insan nədir?
- İblis!" misralarını, eləcə də bəşər
övladını bir istiqamətə - ədalət,
qardaşlıq, birlik yoluna üz qoymasının vacibliyinə
nəzər salan böyük demokrat Mirzə Cəlilin
"...adamlar niyə hərə bir yana gedir?..
Niyə hamısı bir yerə getmir, niyə hərə
bir tərəfə gedir?" kimi dərin düşüncələrini
qiymətləndirmək lazımdır.
(Ardı var)
Anar QASIMOV
Naxçıvan
525-ci qəzet 2024.- 31 iyul,№(134).-S.15.