Qədim İskit türklərinin Naxçıvanda qalan izləri

 

(Əvvəli ötən sayımızda)

 

Yazılan kitablardan məlumdur ki, 1926-cı ildə Azərbaycanı öyrənən cəmiyyətin təşkilatçılığı və şəxsən İ.İ.Meşşaninovun Naxçıvana arxeoloji səfəri təşkil olunur. Bu 1895-ci ildən sonra Naxçıvadakı Qızılburuna arxeoloji tədqiqata gələn ilk ekspedisiya idi. Akademik N.Marr Rusiya Dövlət Maddi Mədəniyyət Tarixi Akademiyasının sədri Roqdayevə məktub yazıb. Həmin məktubda deyilir: "Əziz yoldaş Roqdayev, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi yanındakı Zaqafqaziya Elmi Assosiasiyasının təşkil etdiyi ekspedisiyasının, hansı ki, professor A.A.Miller rəhbərlik edəcək, smeta layihəsini tamamilə bəyənirəm. Ekspedisiyada qeyd edilmiş yerli mütəxəssislərdən savayı, mənim tələbəm, Qafqaz Xaldey mixi yazılarının oxunması üzrə mütəxəssis, arxeoloq İ.Meşşaninovun iştirakını lazım bilirəm. Ümid edirəm ki, bu işdə ona maddi köməklik etmək Sizə çətin olmaz.

Sizin sədaqətli N.Marr".

Qeyd edək ki, İ.Meşşaninov həm də urartuşünas alim idi. N.Marr belə hesab edirdi ki, qədim şəhər ərazisindəki nekropolda urartu mixi yazılarına da rast gəlinə bilər. Yeri gəlmişkən deyək ki, bu günün özündə də ermənilər Urartunu öz əcdadlarının vətəni hesab edirlər. Amma tarixi sənədlərdən heç biri bunu təsdiqləmir. Məsələn, Rusiyanın görkəmli şərqşünası, bibliyaşünas, semitoloq, şumeroloq və urartuşünas, həm də Rusiya assuriyaşünaslığının banisi sayılan Mixail Vasilyeviç Nikolski (1848-1917) özünün "Van padşahlarının mixi yazılarındakı imzaları" əsərində yazır: "Qeyd edim ki, qədim perslər urartunun (Ararat vilayəti) sakinlərini ərminlər adlandırırdılar. Bunlar indiki ermənilər deyillər". Böyük şərqşünas özünün elmi əsərlərində dəfələrlə bu məsələyə aydınlıq gətirib.

Qeyd edək ki, urartulular ərminlər deyillər. Ermənipərəst alimlər urartuluların köklərini və dillərini erməniləşdirməyə çalışsalar da, buna nail ola bilməyiblər. Çünki onlar tamam ayrı xalqdırlar və assuriyalılarla qonşuluqda yaşayıblar. Onlara Urartu adını assurlar vermişlər. Heç xaldeylər də deyillər. Bu, tamam ayrı bir yazının mövzusudur.

Qayıdaq mətləbə. 1926-cı ilin iyun ayında Qızılburunda (Qızılvəngdə) İ.Meşşaninov qazıntılara başlayır. Bu haqda Q.İsmayılzadənin, B.İbrahimlinin "Qızılburun nekropolu" kitabında ətraflı məlumat verilib.

Tapılan arxiv sənədləri içərisində professor Millerin 2 ədəd məktubu və axtarışların nəticələrinə aid iki sənəd də vardır.

Qızılburunda arxeoloji tədqiqat aparılanlardan biri də professor A.A.Millerdir. Rusiyalı arxeoloq, etnoloq, rəssam və muzeyşünas Aleksandr Aleksandroviç Miller 27 avqust 1875-ci ildə Yekaterinoslav quberniyasının Luqansk şəhərində doğulmuşdu. İbtidai təhsilini evdə alan Miller sonralar Novoçerkassk kadet korpusunda (1886-1893-cü illərdə) və Sankt-Peterburqdakı Nikolayevski Mühəndislər məktəbində (1893-1893) təhsil almışdı. Məktəbi bitirəndən sonra 4-cü Dəmiryol batalyonuna hərbi xidmətə göndərilmişdi. Hərbi işi sevməyən Miller 1889-cu ildə istefaya çıxmış və rəssamlıq təhsili almaq üçün Parisə getmiş və orada sosial elmləri öyrənməkdən əl çəkib, tamamilə rəssamlıqda oxumuş və 1906-cı ildə artıq bir rəssam kimi məşhurlaşmışdı. Qeyd edək ki, o, hələ 1901-ci ildə Antropologiya məktəbinə daxil olub. 1904-cü ildə həmin məktəbi bitirib. 1906-cı ildən Miller bütün həyatını arxeologiyaya həsr edib. 1907-ci ildə Peterburqdakı Rus muzeyinin antropoloji şöbəsinə işə dəvət olunub. Uğurlu elmi ezamiyyətlərdən sonra onu həmin muzeyin "Qafqaz" şöbəsinə müdir təyin edirlər. 1908-ci ildən başlayaraq arxeoloji axtarışlarda iştirak edir. Miller əsasən Don çayının sol sahilində skif dövrünün nekropollarında arxeoloji qazıntılar aparır və 1914-cü ildə qazıntıları başa çatdırır.

1914-1916-cı illərdə Miller Rus Muzeyinin Etnoqrafiya şöbəsinin təşkili ilə məşğul olur. Birinci Dünya müharibəsi davam etdiyindən onu 1916-cı ildə hərbi xidmətə çağırırlar. Amma əlüstü muzeyin sərəncamına göndərirlər. 1917-ci ildə o Taqanroq şəhərində idi. Avqustun axırlarında Petroqrada qayıtdı. Oktyabr inqilabından sonra onu bir köhnə zabit kimi orduya xidmətə çağırırlar. O, mütəxəssislərin komplektləşdirilməsi imtahan komissiyasının sədri idi. 1918-ci ildə Milleri Petroqradda Rus muzeyinin direktoru seçirlər. 9 sentyabr 1933-cü ildə Miller Şimali Qafqazdan növbəti ekspedisiyadan qayıdanda onu həbs edirlər, faşizmin təbliğatını aparmaqda günahlandırırlar. 1934-cü ildə Leninqrad vilayətinin Siyasi İdarəsinin xüsusi iclasının qərarı ilə Qazaxıstana 5 illiyə sürgün edilir. Arxeoloq-alimin vəfatı ilə bağlı dəqiq məlumat yoxdur. Rəsmi məlumata görə, o, 12 yanvar 1935-ci ildə Karlaqda ürək çatışmazlığından vəfat edib. 28 noyabr 1956-cı ildə ona Leninqrad Hərbi dairəsinin Hərbi Tribunalının qərarı ilə bəraət verilib.

1908-1910-cu illərdə A.Miller Fransanın Coğrafi, Arxeoloji və Tarixəqədərki Cəmiyyətlərinin həqiqi üzvü seçilib. Çar hökuməti zamanında Müqəddəs Anna, Müqəddəs Stanislav və Müqəddəs Vladimir ordenlərinin müxtəlif dərəcələri ilə təltif edilib.

Sonralar Qızılburun nekropolu haqqında Azərbaycan TTC-nin Naxçıvan şöbəsinin 1926-cı il 22 fevral tarixli iclasında məlumat verən sonralar repressiyaya uğramış Cabbar Əmirov olub. Bu gün də həmin məbədin yerində heç vaxt arxeoloji qazıntı aparılmadığına çox təəssüflənirik. Bundan tariximiz itirdi, qızılaxtaranlar isə qazandılar.

Qeyd edək ki, Qızılburun qəbiristanlığı Naxçıvan Muxtar Respublikasında tunc və ilk dəmir dövrlərinə (e.ə.2-ci minillik - 1ci minilliyin əvvəlləri) aiddir. Buradakı daş qəbirlərdə meyitlər bükülü, bəzən oturdulmuş halda dəfn edilmişlər. Qəbirlərdən küpə, çölmək, kasa, vaza, çaydan tipli qablar, tunc xəncərlər, dəvəgözündən ox ucluqları, toppuzlar, dəmir alət və silahlar, qızıl bəzək əşyaları və sair tapılıb.

Arxeoloqların yazdıqları məqalələrdən və kitablardan məlum olur ki, İ.İ.Meşşaninovun və A.A.Millerin Qızılburunda apardıqları tədqiqat işləri genişmiqyaslı olmayıb. Burada A.A.Millerin kəşfiyyat qazıntısı nəticəsində iki daş qutu qəbir açılmışdı. Tunc dövrünün qırmızı rəngli qabları qara və qəhvəyi, yaxud qara və qırmızı boyalarla çəkilmiş həndəsi naxışlarla, bəzən insan və heyvan şəkilləri ilə bəzədilib. İlk Dəmir dövrünə aid qablar qırmızı boya ilə nisbətən enli xətlərlə naxışlanıb. Qızılburun boyalı qabları Naxçıvan Mədəniyyətinə aiddir. Bu mədəniyyətin sahibləri patriarxal-icma quruluşunda yaşamış, əkinçilik və maldarlıqla məşğul olmuşlar.

Professor A.Miller 18 iyul 1926-cı ildə arxeoloji axtarışlar apardığı yerdən - Don dairəsinin Aksay stansiyasında Zaqafqaziya Elmi Assosiasiyasının rəhbərliyinə məktub yazmışdı. Məktubunda o, axtarışlar aparacağı Qızılvəng (Qızılburun) nekropolunun və ərazidəki qədim məbədin vacibliyindən söhbət açıb. Hətta Muxtar Respublika ərazisində yerləşən Kültəpə arxeoloji abidəsinin də çox ciddi qorunmasını önə çəkib.

1926-cı il dekabr ayında Azərbaycan Arxeoloji Komitəsi Tiflisə-Zaqafqaziya Assosiasiyasına ¹12-li məktub göndərib: "Professor A.A.Miller 1926-cı ilin payızında Naxçıvan ölkəsinin Qızılvəng ərazisində apardığı qazıntıların haqqında hesabatı Sizə verməli idi. Bu haqda Azərbaycan Arxeoloji Komitəsinə xəbər verməyinizi xahiş edirik.

Arxeoloji Komitənin sədr müavini:   İmza

Elmi katib:      İmza".

1927-ci il yanvarın 4-də Zaqafqaziya Elmi Assosiasiyası aşağıdakı məktubla Bakıya cavab yazır:

"Azərbaycan Arxeoloji Komitəsinə

Keçən ilin 29 dekabrında yazdığınız 1292 nömrəli məktuba cavab olaraq xəbər veririk ki, professor A.A.Millerin Qızılvəngdə apardığı qazıntıların hesabatı hələ ki, Assosiasiyaya təqdim olunmayıb. Ona görə də bu işlər haqqında Komitəyə heç nə xəbər deyə bilmirik.

Assosiasiyanın katibi: İmza".

Bu yazılan məktublardan aydın olur ki, professor A.A.Millerin ortalıqda Qızılburun nekropolunda qazıntı apardığı haqda hesabat yoxdur. Burada çox ciddi bir sual ortalığa çıxır. Tiflisdə belə bir hesabatın hazırlanmasına kimlər maneçilik törətmişlər? Çünki A.A.Millerin Naxçıvanda 1926-cı ilin 25 sentyabrında etdiyi tarixi çıxışın mətni Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivində qorunur.

Fikrimizcə, Qızılburun nekropolunun İskit türklərinə məxsusluğu Tiflisdəki və Moskvadakı erməni alimlərini razı salmayıb. Millerin sonrakı faciəli taleyində əsas bu məsələ dayanır. Onun Naxçıvanda naxçıvanlılar qarşısında etdiyi tarixi çıxışı ona bağışlamırlar.

Amma Azərbaycan tarixşünaslığında bütün yüzilliklərdə Qızılburun nekropolunu parlaq məşəl kimi parıldadan aktual bir məsələ var. Bu A.A.Millerin Naxçıvanda etdiyi çıxışıdır.

25 sentyabr 1926-cı ildə Naxçıvan şəhərində Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin ümumi iclasında professor A.A.Miller Qızılvəngin (Qızılburunun) tədqiqi haqqındakı məruzə edir. Həmin məruzədən bir hissəni oxucularımızın diqqətinə çatdırırıq. Qeyd edək ki, Millerin məruzəsi ədəbiyyatşünas alim F.Xəlilov tərəfindən ilk dəfə aşkar edilmiş və onun "Naxçıvanı öyrənən elmi cəmiyyət" kitabında (Bakı: 2005, s. 51) çap olunmuşdu. 30 ¹-li protokolda Miller onu diqqətlə dinləyən cəmiyyət üzvlərinə və maraqlananlara (cəmi 200 nəfər) deyir: "Əvvəlcə mən bunu sizə deməliyəm ki, nə üçün Qızılvəngə tədqiqata gəldim. Mənim Qızılvəngə gəlməyimin əsl səbəbi budur ki, buranın mədəniyyəti dünya mədəniyyəti ilə əlaqədardır. Qızılvəng mədəniyyəti bir çox yerlərin mədəniyyətinə oxşardır. Babilistan-Şam və Ağdəniz sahillərinin mədəniyyəti bu Qafqazın mədəniyyəti ilə rabitəlidir. Mən Qızılvəngdən ümidsiz qayıtmıram. Bu qazıntıda tapdığım şeylər Qafqazın mədəniyyətli olmasını isbat etdi... Mən Cənubi Donda qazıntılar aparmışam. Orada yaşamış olan "İskit" türklərinin (skiflər - müəllif) mədəniyyəti ilə Qızılvəngin mədəniyyəti birdir. Hər iki məhəldə tapılan şeylər bir-birinə oxşayır...

Mənim Qızılvəng haqqında söylədiyim sözlər çox azdır. Günlərlə desəm, qurtarmaz. Buranın mədəniyyəti iki hissəyə ayrılır. Biri daş dövrünün mədəniyyətinə, ikincisi yeni mədəniyyətə aiddr".

Naxçıvanlılar professor A.A.Millerin maraqlı məruzəsini çox diqqətlə dinləyirlər və alqışlayırlar. Cəmiyyətin üzvlərinə və maraqlı olanların bir çox suallarına cavab verən professor A.A.Millerin məruzəsini cəmiyyət üzvləri kifayətləndirici və təqdir edirlər.

Qızılburun nekropolunda və Qədim Məbədin yerində aparılan arxeoloji axtarışlar, oradan tapılan mədəniyyət nümunələri və məşhur arxeoloq A.Millerin tarixi çıxışı Naxçıvanın qədim zamanlardan bəri iskit türklərinin vətəni olduğunu təsdiqləyir.

Xalqımızın tarixindən bəhs edən bir abidənin məhv edilməsi çox təəssüf yaratsa da, həmin ərazidə təkrarən ciddi arxeoloji axtarışların aparılması bu abidə haqqında yazılanları və yeni tapılanları bir yerə toplayar. Bu isə Qızılburun mədəniyyətinin həqiqi mövqeyini aydınlaşdırar.

 

Musa QULİYEV (RƏHİMOĞLU)

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

kuliyevm@yandex.ru

525-ci qəzet .- 2024.- 1 iyun,¹96.-S.23.