Hamamda sərgi  

 

 

Tarixi Qədim Romalılara qədər gedib çıxan, sadəcə təmizlik üçün deyil, zövq və səfa üçün də istifadə edilən hamamlar Türk kültüründə xüsusi yerə malikdir. Ələlxüsus da, Osmanlı dönəmində məşhur kisəçiləri ilə sərhədləri aşan və şəfa qaynağı olaraq qəbul edilən hamamlar, fiziki təmizliyi əyləncə kültürünə çevirən məkanlar olaraq qarşımıza çıxır. Bu günün özündə gəlin hamamı kimi rituallar az da olsa davam etdirilir, ancaq ümumilikdə bu ənənə təəssüf ki, tarixə qarışmış görünür. Keçmişdən günümüzə gəlib çıxan miraslar, xüsusilə tarixi hamamlar artıq muzey, sərgi salonları, sənət tədbirlərinin keçirildiyi yer kimi istifadə edilir. Bunlardan biri İstanbulun Fatih səmtində yerləşən Kiçik Mustafa Paşa hamamıdır.

Fateh Sultan Mehmet dönəmində, Sultanın baş vəzirlərindən olan Kiçik Mustafa Paşa tərəfindən 1477-ci ildə inşa etdirilən bu hamam, Osmanlı dönəminə aid ilk memarlıq abidələrindən biri hesab edilir. Biri kişilərin, digəri qadınların istifadəsi üçün nəzərdə tutulan və buna görə dizayn edilən hamam, 2000 metrlik ərazidə 1256 metrlik yeri əhatə edir.

Qübbəli hamam

Hamamın qarşısında dayanıb baxanda üstündə bütün əzəməti ilə ucalan qübbəsi insanı təəccübləndirir. Heç bir hamamda qübbənin olmadığı çoxğumuza məlumdur. Özü də bu cür görkəmli, gözoxşayan, düşündürən qübbə... Məsələ burasındadır ki, bina inşa edilərkən ibadətxana kimi fəaliyyət göstərəcəyi nəzərdə tutulub. Lakin sonradan hamama çevrilib. Özü də bura "halvet" bölümü olan hamam olub. Açığı bu faktı öyrənəndə, hansı dövr olursa olsun, neçənci əsrdə yaşayırıqsa yaşayaq, dini əqidənin dünyəvi həzzin üstünə çıxa bilmədiyi ağlıma gəldi. Nəfs kontrolunun da bir nöqtəsi var, ora çatdıqdan sonra yeni "cümlə" başlatmağa ehtiyac duyulur. Əslində, bu cür məsələləri biz dramatikləşdirib, həddən artıq böyüdürük, ancaq burada qeyri-adi nəsə yoxdur, çünki insanlar da buqələmunlar kimidir; vəziyyətə görə "rəng" dəyişməkləri yaradılışlarında var.

Ölümdən 30 il sonra gələn ləqəb

1481-ci ildə Sultan Mehmetin vəfatından sonra oğulları Bəyazid və Cem Mustafa paşa arasında  gərginlik yaranmağa başlayır. Həmin ərəfələrdə İstanbuldakı yeniçərilər Bəyazidin tərəfdarları idi. Mustafa Paşanın Cem Sultanın tərəfdarı olduğunu düşündüklərinə görə, onu öldürürlər. Yeri gəlmişkən, Kiçik Mustafa Paşa adındakı "kiçik" ləqəbi, özündən 30 il sonra baş vəzir olan Böyük Mustafa Paşa ilə qarışdırılmaması üçün ona sonradan verilir.

Qeyd edim ki, bu hamam 1920-ci illərdə Vəqiflər İdarəsindən alınaraq xüsusi mülkiyyətə keçir. İnşa edildiyi tarixdən 1993-cü illərin ortalarına qədər hamam olaraq istifadə edilir. Daha sonra tələb görmədiyi üçün qapadılır və boş qaldığı illər ərzində xeyli zərər görür. 1996-cı ildə iş adamı Suha Mərmərçi tərəfindən cüzi miqdar qarşılığında alınır, özlərinə məxsus "Mərməriş Holding" tərəfindən restavrasiya edilir və xarabaya çevrilməyinin qarşısı alınır. Bu proses 6-7 illik zaman alır və beş milyon dollara yaxın vəsait xərclənir.

Hər şey ziddiylə mövcuddur

Hamama gəldikdə isə, içəriyə ilk addımı atdığın andan etibarən özünüzü zaman tunelində hiss edirsən. Tavandakı kiçik yumru boşluqlardan içəriyə sızan günəş şüası keçmişdən günümüzə gəlmiş bu möhtəşəm abidəyə daha mistik bir ab-hava qatır. Hətta sənə elə gəlir ki, gözünü modern dünyada yumub, Osmanlı dönəmində açmısan. Əvvəl heç hamamda olduğunu da düşünmürsən, qədim çağlardan qalma bir mağarada olduğun da ağıla gəlir. Lakin içəriyə daxil olub, bir az irəlilədikdən sonra qarşına çıxan ilk qapını keçdiyin zaman hamamda olduğunu anlayırsan. Çünki hər bir küncdə yaşı yüz, iki yüz, üç yüz ili keçən qırılmış, parçalanmış yuyunma yerlərini görürsən. İçəridə başını tavana doğru qaldıranda sanki məscidin qübbəsinə baxırsan, aşağı əyəndə hamamda olduğunu anlayırsan. Bir az ziddiyyətli yerdir. Məncə, onu bu qədər əsrarəngiz edən aşağısı ilə yuxarısının, sağı ilə solunun bir-birinin əksi kimi görünməsidir.

Hamamda sənət

Hamam başlı-başına bir aləmdir. Əgər şanslısınızsa, muzey kimi fəaliyyət göstərən bu məkanda  maraqlı sərgilərlə qarşılaşma ehtimalınız da var. Gənc sənətçilərə dəstək verən bir dostumun "maraqlı sərgi təşkil edilib, hətta sərgi olmasa da, o hamamı görməlisən" dediyi üçün getdim.

"My best of" adlı sərgi vardı. Trexit Salvadorun kuratorluğu ilə açılıb.

Salvador, təqib etdiyi, keçmişdə nə iş gördüyü, gələcəyinə inandığı gənclərin, sənətçilərin bəyəndiyi işlərini burada bir araya gətirib. Xüsusilə, əsərləri tanınmayan sənətçilərin görünməyi, tanınan və tanınmayan sənətçilərin işlərinin bir yerdə olması fikri bu sərginin ərsəyə gəlməsinə səbəb olub.

Gələnlər sadəcə bu sərgini ziyarət etmirlər, eyni zamanda 500 illik keçmişi olan, xaraba vəziyyətdən çıxarılaraq təkrar mədəniyyətə qazandırılan bu məkanı kəşf edir, məkanın içində bir-birindən fərqli üsluba, tərzə, dinə, dilə sahib 80-ə yaxın sənətçinin fərqli dönəmlərdə yaratdıqları əsərləri ilə tanış ola bilirlər.

Sərgidə Özgə Akdeniz, Erdağ Aksel, Bruno Catalano, Pelin Çağlar, Enes Debran, Ahsen Əroğlu, Kemal Ertuğ, Tom Fellows, Erman Gürcüm, Ergin İnan, Fatih Kahya, Yaz Kocacıklıoğlu, Tamer Nakışçı, Gönül Nuhoğlu, Şeyda Özdamar, Ardan Özmenoğlu, Günnur Özsoy, Cem Öztürk, Esra Turam Pacal, Uzay Çöpü və digərlərinin əsərlərini görmək mümkündür.

Varla yox arasında...

Yadımda qalan, xeyli əsərlər oldu. Onlardan biri Şeyda Özdamara məxsus olan Fürruğ Fərruhzadın şeirindən seçilmiş "Kuş ölür, sen uçuşu hatırla" adlı misrası ilə sərgilənən sərçə kompozisiyasıdır. Əslində quş, uçuş, azadlıq, sürgün, ölüm, yaşam haqqında düşündürən, görülməyə dəyər xeyli əsərlər var. Sərgi boyu mənə bələdçilik edən, hazırda rəssamlıq üzrə təhsil alan, 22 yaşlı Cansu oldu. Xeyli söhbət etdik, bir ara sərginin kuratoru Trext Salvadorun kim olduğu ilə maraqlandım, bilmədiyini, hətta heç kimin tanımadığını, kimliyini gizli saxladığını dedi. Təbii ki, təəccüblü gəldi.

Sən demə, "Trext Salvador" kuratorun özünə seçdiyi ləqəb imiş. Avropada yaşayır, oradakı ölkələrdən birinin vətəndaşıdır. Türkiyə sənət dünyasına girişi özünə açdığı bir sosial şəbəkə profili ilə başlayıb. Sonra paylaşımlar edərək bu ölkədə məşhurlaşıb. Əslində sənətçi olan bu şəxs, sosial şəbəkədə özünə aid heç bir əsər paylaşmayıb. Sərgiyə gələnlərin çoxu, "hamını bu qədər tənqid edən adamın təşkil etdiyi sərgi necədir" deyə maraq edənlərdir. Məsələ burasındadır ki, Trext Salvadoru yaxından təqib edirlər, sənət məkanlarında mütəmadi olaraq adı keçir, köşə yazılarında ondan bəhs edilir, amma kim olduğunu bilən yoxdur. Sərgini də uzaqdan təşkil edib, necədir, nədir, görən olmayıb.

Bu qədər maraq görməyinin səbəbi, sənət dünyasında demək olar ki, filtirsiz olaraq hər kəsi, hər insanı, hər qurumu istisnasız tənqid etməyidir. Amma bunu qüsursuz bir mizah ilə edir. Çağdaş sənətin tənqid mərkəzində olduğu acımasız bir mizahı var. Bu məsələdə kimsəyə güzəştə getmir. Həqiqi kimliyini ölüm kimi gizli saxlayır. Bu da ona bir az rahatlıq bəxş edir. Hətta Trexit, yaxın günlərdə ilk sərgisini açacağına dair sosial şəbəkə vasitəsi ilə məlumat paylaşanda da çoxları ona inanmaq istəməyib. Hər zaman etdiyi zarafatlarından biri olduğu düşünülüb. Ancaq gedişatla bağlı daha ətraflı paylaşımlar ediləndə vəziyyət dəyişib. Çünki hər kəsi tənqid edən insanların ortalığa iş çıxarması çox da alışılmış hal deyil. Yaxşı, ümumən bəyənilibmi?

Əksəriyyət bəyənmədiyini deyir. Hesab edirlər ki, özünə yaxın hesab etdiyi, sənətdə çoxda bəyənilməyən sənətçilərin əsərlərinə müraciət edib. Görünən odur ki, insanlar, hər kəsi tənqid edən birindən daha artıq və daha yüksək performans gözləyirlərmiş. Mənə gəldikdə isə, palçığın içində belə marağımı çəkən nəsə tapıb onunla bağlı düşünə bilərəm.

Sərgi gələn həftənin sonunadək davam edəcək.

 

Türkan TURAN

525-ci qəzet .- 2024.- 1 iyun,№96.-S.21.