İmtinanın anatomiyası
Esse
Dünyadakı bütün dillərdə insanlara
xitab edirsiniz. Kitabları, qəzet parçalarını,
musiqi mətnlərini misra-misra, sətir-sətir oxuyursunuz.
Adamları söhbətə tutur, onları dinləyir,
eşitdiklərinizi çantanızda
daşıdığınız kiçik qeyd dəftərçəsinə,
ya da gündəliyinizə
köçürürsünüz. Bir gün
tapacağınız o cümlənin sizi xoşbəxt edəcəyini
düşünürsünüz. Və həmin gün o
cümləni (gəlin belə təsəvvür edək)
yaşlı bir taksi sürücüsünün dodaqları
arasından kağıza çəkirsiniz. Məhz həmin
andan sonra içinizdə qara dəliklər boyda geniş,
sonsuz bir boşluq yaranır və siz xoşbəxt olmursunuz.
İllərinizi onu tapmaq üçün sərf
etdiyiniz yol, sizi doğru ünvana gətirmir. Ya da lap başdan
siz düzgün ünvanı seçməmişdiniz. Bu, sizə
Martin İdeni xatırlada bilər. Qoy xatırlatsın.
Mövzunun ilkin olaraq nə olduğunu açıqlamaq
üçün Martin İden obrazı da bəs edir. Ancaq
xoşbəxtlik axtarışı daha böyük bir
xarakterin arxasında dayanır. İnsanların min illərdir
Tanrı axtarışının, güc
axtarışının, yaxşı yaşamaq
axtarışının, hökmranlıq etmək istəyinin
də, mədəniyyət yaratmaq düşüncəsinin də
indi səsləndirəcəyimiz o sehrli sözün içərisində
olduğunu anlayırsınız.
İmtina. İmtina etmək... İnsan olmaq
yaradıcılığınızın təməl probleminə
çevriləndə siz ondan (insan olmaqdan) qurtulmaq, ya da yeni
insan olmaq (postinsan kimi yox) ehtirasını sinənizə
çəkdiyiniz ağır payız havasıyla bərabər,
yazı olaraq barmaqlarınızın ucundan çıxarmaq
istəyirsiniz. Sonsuz düz xətləri andıran həyatınızı
"mətn" adlanan yerdən - nöqtədən
qırırsınız. Beləliklə, o nöqtədən
geridə qalanlardan qurtulmuş olursunuz, o nöqtədən
sonra gələnlərdən imtina etmiş
sayılırsınız. İstəmirsiniz. Sizi gözləyəcəklərin
sizi xoşbəxt edəcəyi yəqininə inanmaq zamanı
aldatmaqdan başqa bir şeyə çevrilməyəndə
siz qırdığınız nöqtədən yeni bir xətt
çəkir və həyatınızı oradan davam
etdirirsiniz. Başqalarına qeyri-müəyyən, sizə
müəyyən olan bir dünya absurd dünyadır. Siz o
dünyanın içərisindən istənilən qədər
sizi xoşbəxt edəcək mətnlər, ya da hadisələr
çıxarırsınız. Çünki orada heç nə
məntiqə hesablanmayıb. Siz bütün fiqurların
yerini dəyişsəniz belə, orada çox gözəl
bir incəsənət nümunəsi yaranacaq. Absurd incəsənət.
Absurd ədəbiyyat. Absurd kino. Sizin istədiklərinizin
baş verdiyi səhnələr.
Bəs imtina ilə absurd arasındakı hansı
yaxınlıq var?!
Məsələ, sizin özünüzü absurd
dediyimiz həqiqətin içərisinə atarkən
bütünlükdə həqiqi olan hər şeydən
qopmağınızdır. Sizin olan hər şeyi burada
qoyursunuz. Onlar sizə absurdun içərisində lazım
olmayacaq. Daha doğrusu, onların dəyəri
sıfırlanacaq.
İşinizdən, ailənizdən, çevrənizdən,
zamandan, məkandan imtina edib özünüzü yazı
masasına bağlayır və sırayla düzülən
bütün xatirələri sorğu-suala çəkirsiniz.
Heç nə qazanmadan. Sizin qazandıqlarınız axı
sizi xoşbəxt etməyə də bilər. Necə ki,
Martin İden xoşbəxt ola bilmədi.
Bir gün bir qoca dostumuz evini, ailəsini atıb
çantasına Dostoyevskinin "Karamazov
qardaşları"nı qoyub dəmiryoluna çıxır
və qışın sümüyə işlədiyi bir
havada ağır-ağır qar üzərinə
addımlarının rəsmini çəkir.
Yazdıqlarını, onun olanları geridə qoyub öz
tanrısını axtaran qoca bütün malik olduqlarından
imtina edir. Bir daha geri qayıtmır. Həyatını öz
dinini axtarmağa sərf edən dostum
"Etiraflarım"ı yazıb və orada hər şeyin
imtina etməkdən başladığını deyib.
Başqa bir dostumuz universiteti atır, atasından, əmisindən
qalan pulları kitablara xərcləyir, özünü bir
otağa kilidləyib, yaşaya bilmədiklərindən qisas
almaq üçün yazmağa başlayır. Zaman keçir
və o, imtina etdiyi hər şeyi hədiyyə olaraq geri
alır.
Kino çəkmək istəyən başqa bir
yaxın dostumuz öz xanımından ayrılır. Və
kamyusayağı anasının vəfatını
ağlının içindəkilərə
qarışdırmamağı bacarır. Öz ölkəsinin
ən yaxşı rejissoruna çevrilir.
Yaradıcılıq imtinadır.
İmtina mədəniyyəti
yaradıcılıqdır!
Yaradıcı olmayan adamlar imtina edə bilmir. Nədən
keçəcəklərini bilmədikləri
üçün. Niyə imtina edəcəklərini
anlamadıqları üçün. Bəzi adamlar həyatının
düz xəttini qırar. Amma qırılan nöqtədən
yeni bir xətt çəkməyi bacarmaz. Uduzar. Bu, imtina deyil.
Bu, nihilizmdir. Bizim olan hər şeyi mətnə çevirməkdir
imtina.
Adamlardan başlayın. Sizə,
yaratmağınıza mane olan adamlardan qopanda bunu
bacardığınızın fərqinə
varacaqsınız. Sonra lazım gələrsə, məkanlardan,
zamandan, sizin olan hər şeydən sakitcə, onları
oyatmadan əllərinizi çəkib cibinizə
qoyacaqsınız. Həmin günün gecəsi isə
yazacağınız mətn sizə əlinizi çəkdiklərinizin
hamısını yazı masasında qarşınıza
düzəcək. Və siz onlardan istədiyiniz kimi istifadə
edəcəksiniz. Bunları mənə qoca yazıçı
dostlarım və kino çəkən yaxın bir
yoldaşım demişdi.
Bu gün səhər etdikləriniz, axşam edəcəkləriniz
nə qədər önəmlidi?! Hansı sizi yolun kənarıyla
taxta, içində isti sobası olan, pəncərəsindən
xəzana açılan mənzərəli, içi kitab
qoxuyan evə aparacaq?! Oraya getmək üçün yola
çıxmalısınız. Yükünüz ağır
olmamalı. Tez çatasınız deyə. Kor bir kitabxana
müdiri kimi səsindən tanımalısınız sizin
olan adamları. "Səsi özünə bənzəmir"
dediyiniz adamlardan bir addım kənarda dayanıb içinizdəki
iniltilərdən itin ipindən tutub gəzən xanım
qız kimi yapışıb evinizə - Absurd məhəlləsi,
0 ünvanına dənizin kənarıyla yeriməlisiniz.
İmtina etdikləriniz arasında itirdikləriniz də
olacaq. İtirmək dünyanın ən mükəmməl
ağrısını yaşadır. Zəncirotu kimi hər
şey üzü günəşə tərəf uçur və
həyatınızın çəhrayi üfiqində yoxa
çıxır. Ancaq onu həmişə
görürsünüz. Əliniz çatır. Toxuna
bilmirsiniz. Eşidirsiniz. Danışa bilmirsiniz. Bir zaman sizin
olan indi sizin qarşınızda yaxınlaşdıqca
çata bilməyəcəyiniz ruha dönür. Çarəni
yenə öz ağlınızda qurduğunuz hekayələrdə
görürsünüz. Absurd. Evdə işıqlar
sönür və qaynar xəttə zəng edəndə
itirdiyiniz adamın səsini eşidirsiniz. Çevriləndə
onu divanda oturan görürsünüz. Bərabər şəkillərə
baxanda onun üzü sizə tanış gəlir. O və siz
şəkillərə baxıb onun haqqında yad bir adamdan
danışırmış kimi danışırsınız.
Sonra məlum olur ki, avtomobil qəzasında ölüb. Bu
cür yüzlərlə hekayə sizi yavaş-yavaş həyatdan
qoparır. Bu hekayələrin içinə girə bilməyənlər,
onları olduğu kimi qəbul etməyənlərə həyat
çətin olur və əsla xoşbəxt ola bilmirlər.
Başqa bir kinematoqraf dostum demişdi ki, xoşbəxt
olmaq üçün mütləq dəli olmalısan. Dəli
olmaq üçün hər gün çoxlu şəkil
çəkməlisən. Keçən payız onu torpağa
tapşırıb evə qayıdanda rejissorluğunu etdiyi bir
filmə baxıb ağladım. Orada balaca bir qız
adamların şəklini çəkir, sevinir. Filmin sonunda məlum
olur ki, bu adamlar - çəkdikləri müharibədə
itirdiyi əzizləridir.
Yenidən başlamaq üçün olduğun yerdən
çəkilməlisən. Oraya yenidən
qayıtmamalısan. Ümumiyyətlə unutmalısan.
Yaddaşının kirayəsinə verməlisən.
Yazmağa başlayanda onu çıxara bilərsən.
Paltarın kola ilişəndə keçirdiyin
narahatlıq kimi bir hisslə çarpayıdan oyanıb bu
gün də Zamza ola bilməmisənsə, deməli, hələ
ki həyatın içindəsən. Onu
üst-başından çırpa bilməmisən. Əllərindən
yuya bilməmisən. Saçlarının dibində ilişib
qalıb. Absurd həyat olmur. Absurd düşündüyümüz
hadisələr olur. Məsələn, hər kəs
fotoalbomdakı şəkillərə baxa bilər. Amma
fotoalbomdakı şəkil sizin şəklinizdisə,
öldü deyə ağlayırsınızsa, bu, absurddur. Bir
gün belə bir şey olsa, onsuz da siz onun anormal
olmadığının fərqində olacaqsınız.
İndicə bir hekayə uydurmaq üçün
küçədə gəzmək istəyiniz də vaxt
itkisidir. Siz hekayənin içindəsiniz. Küçəyə
hekayənin orada baş verən hadisələrini görmək
üçün çıxa bilərsiniz. Borxesin hekayələrindəki
kimi. Güzgüdə təkcə özünüzü
görürsünüzsə, həyatdasınız.
Güzgüdə heç nə görmürsünüzsə,
mətndəsiniz. Güzgüdə çoxlu adamlar və rəngarəng
şarlarla oynayan uşaq görürsünüzsə, həyatın
və mətnin xaricindəsiniz və oradan həyatınız
üçün də, yazdıqlarınız
üçün də xammal götürə bilərsiniz.
Absurd yaşamaq öncə qazanmağın Martin
İden misalından, sonra itirməyin Zamza üsulundan və
imtina etməyin Tolstoy yolundan ibarət olur. Bütün
bunları bilmək və yazmaq o qədər də vacib deyil.
Belə olarsa, absurd deyildir deməkdir.
İkinci Dünya müharibəsilə hər şey
dəyişdi. Dəyişdi və ədəbiyyata
çevrildi. Adamlar on-on beş il əvvəl
hesabladıqları xoşbəxtliyi alman
qırıcılarının səsində itirdilər.
Dünyanın o başından bu başına bombalar
atıldı. Cəbhələr yer kürəsinin mərkəzi
oldu. Müharibə bitəndə yazmaq üçün sadəcə
tüstülər, dəmir parçaları, bayraqlar,
yanmış simalar qalmışdı. Hər şeyi
olduğu kimi yazmaq bir az da kədərli ola bilərdi.
Dünyanın ümidsizliyə qapıldığı bir
vaxtda bunu etmək cinayət idi. Ondansa heç olmamış,
heç olmayacaq nələrsə qələmə
alınmalı idi. Detallar seçilməli idi. Onlarda ilişib
qalmalı idi kitab oxuyanlar. Ayağının birini cəbhədə
itirən əsgər divanda kitab oxuyanda tapmalıydı onu. Ya
da elə hiss etməliydi ki, adamlar uça bilir. Oğlu
şizofren olan ana belə bir xəstəliyin Tanrı vergisi
olduğuna özünü inandırmalıydı. Kasıblar
pulu lazım olan qədər saymalı idilər. Varlılar
kasıblar olan dünyanın mövcudluğuna
inanmamalıydılar. Absurd olardı deyilmi? Elə də oldu.
Ədəbiyyatın və kinonun absurd həyatı buradan
başladı.
"Etiraflarım"ı yazan böyük Tolstoy da,
kor kitabxana müdiri, ədəbiyyatın yeni izini
salmağı bacaran Borxes də, bir otağa çəkilib
dövrünün yazıçısı olmağı bacaran
Orxan Pamuk da bu həyatın bir parçası oldu.
Rəvan CAVİD
525-ci qəzet .- 2024.- 1 iyun,№96.-S.18.