"Yüzlərin,
minlərin anası..."na gəncliyin baxışı
Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin
bir qrup tələbəsi Azərbaycan Mətbuat
Şurasında təcrübə proqramı keçir.
Şuranın sədri Rəşad Məcid tələbələrlə
növbəti görüş zamanı onlara milli mətbuatımızın
banisi Həsən bəy Zərdabinin və onun
ömür-gün yoldaşı Hənifə xanım Məlikovanın
bu sahədəki misilsiz xidmətlərindən
danışıb. R.Məcid təklif edib ki, tələbələr
görkəmli alim, professor Vilayət Quliyevin Hənifə
xanıma həsr edilmiş "Yüzlərin, minlərin
anası..." adlı məqaləsini oxuyub öz fikirlərini
qələmə alsınlar. Beləliklə, tələbələrin
sözügedən məqalədən yaranan düşüncələrini
təqdim edirik.
Xalidə Vəlizadə:
- Professor Vilayət Quliyev Hənifə xanımın həyatını
dərindən araşdıraraq öyrənib, onun
maarifçi və xeyriyyəçi kimi fəaliyyətini olduqca ətraflı şəkildə,
təsirli formada qələmə alıb. Məqalədən
çıxan önəmli nəticələrdən biri budur
ki, Azərbaycan qadınlığının tarixinə parlaq
səhifələr yazmış Hənifə xanım
dövrünün çətinliklərinə baxmayaraq,
davamlı mübarizə aparan, daim öz fikirləri ilə
seçilən fəal, maarifçi qadın olub. Bu
baxımdan o, Azərbaycan qadının nümunəvi
obrazı sayıla bilər.
Böyük mütəfəkkir, vətənsevər
ictimai xadim Həsən bəy Zərdabi ilə ailə həyatı
quran Hənifə Məlikova Azərbaycan xalqının ilk
maarifçi qadınlarından biri olub. Hənifə xanım
1875-1877-ci illərdə Həsən bəylə birlikdə
"Əkinçi" qəzetinin nəşrində
yaxından iştirak edib. 1881-ci ildən başlayaraq Zərdabdakı
evlərində pulsuz məktəb açıb, insanlara elm,
savad öyrədib. Həsən bəy uzun illər Bakıda
müsəlman qız məktəbinin
açılmasını arzulamışdı. Hacı
Zeynalabdin Tağıyevin dəstəyi, sərmayəsi ilə
bu təşəbbüs baş tutub. Məktəbin müdiri
təhsilli türk xanımı olmalı idi və Hənifə
Məlikova 1901-1905-ci illərdə Bakıda ilk müsəlman
qız məktəbinin müdiri vəzifəsini icra edib.
H.Məlikova Azərbaycan qadınlarının taleyində
çox mühüm rol oynayıb. Belə ki, onun təşəbbüsü
ilə Nicat Cəmiyyətinin bir şöbəsi kimi Bakı
xanımlarının ilk təşkilatı yaradılıb. Həyatı
çətinliklər, əziyyətlərlə dolu olan Hənifə
Məlikova heç vaxt mübarizədən yorulmayıb, sonadək
öz fədakar, ləyaqətli obrazını qoruya bilib. Hənifə
xanım hər şeydən öncə təhsilin vacibliyini
vurğulayaraq deyib: "Əgər kişi ailənin
başçısıdırsa, qadın onun zəmini,
bünövrəsidir. Ailə ocağı ilə bağlı
bütün qayğılar, ilk növbədə isə
uşaqların tərbiyəsi qadının üzərinə
düşür. Əgər müsəlman ana savadsız və
cahildirsə, o zaman verdiyi tərbiyə nə olacaq?
İmkanlı müsəlmanlar bu həqiqəti yaxşı
başa düşürlər. Ona görə də ya
savadlı qadınlarla evlənməyə can atır, ya da
övladlarının təlim-tərbiyəsi
üçün dayələr, quvernantlar tuturlar. Sadə xalq
isə aydın məsələdir ki, bunu edə bilmir. Gələcəyimiz
naminə biz oğlanlarla birlikdə qızlarımızın
da təhsil almalarının qayğısına
qalmalıyıq".
Fikrimcə, professor V.Quliyevin bu məqaləsi H.Məlikovanın
timsalında, bir sıra ilklərə, işıqlı əməllərə
imza atmış qadınlarımızın xatirəsini daha da
ucaldan, onların fəaliyyətini sonrakı nəsillərə,
gələcəyə
ötürməyə xidmət edən çox dəyərli
əsərdir.
Nəzrin Əhmədli:
- Tariximizdə ən sayılıb-seçilən
qadın simalardan biri kimi öz yerini tutmuş Hənifə
xanım Məlikova barədə professor Vilayət Quliyevin
"Yüzlərin, minlərin anası..." məqaləsini
məndə böyük qürur, məmnunluq hissi oyatdı. Fəxr
etdim ki, Azərbaycan tarixində belə bir maarifçi, alicənab
qadın olub. məmnunluq hissi oyatdı. Bu məqalə bizim
üçün çox faydalı mənbədir.
Çünki məqalədə Hənifə Məlikovanın
keçdiyi maraqlı və çətin həyat yolu, onun
hamımıza nümunə olan fəaliyyəti detallı
şəkildə, cəlbedici dillə təqdim edilir.
Əsərdən öyrənirik ki, Hənifə
xanım ziyalı ailədə böyüyüb, onun təlim-tərbiyəsində,
dünyagörüşündə elmin, maarifin rolu çox
böyük olub. H.Məlikovanın dövründə qadınların oxuması, elm
öyrənməsi kifayət qədər radikal
qarşılanırdı, lakin onun atası hər iki
övladının maariflənməsi üçün əlindən
gələni əsirgəməyib və Hənifə xanım
yüksək təhsil alıb. Xoşbəxtlikdən, o, dahi Həsən
bəy Zərdabi ilə ailə həyatı qurub.
Bu evlilik Azərbaycan maarifçilik tarixinin möhtəşəm
hadisələrinə yol açıb. Çünki hər
iki maarifçinin ürəyi vətən, millət eşqi
ilə döyünüb. Onların amalı xalqın
gözünü açmaq, gəncləri, eləcə də
qadınları elmə cəlb etmək olub. Bu amal uğrunda
onlar çox mübarizə aparıb, çox maneələri
dəf ediblər. Hənifə xanımın qətiyyəti,
sınmaz iradəsi onların bu yolda irəliləməsinə
çox müsbət təsir göstərib. Bugün
qadınlarımız fəaldırlarsa, bilgi sahibidirlərsə,
bunda Hənifə xanımın göstərdiyi əzmli fəaliyyətin mühüm rolu var. Hənifə
xanım ömrünü qadınların maariflənməsinə
həsr etmişdi. Sərt mühitin
qadınlarımızı əzməsinə, kimlərinsə
onlara xor baxmasına etirazını bildirən Hənifə
xanımın gördüyü işlər sayəsində Azərbaycanda
təhsil alan qızların sayı getdikcə artdı. Bu da
xalqımızın qurtuluşu üçün mühüm
hadisə idi. Qadınlarımız indi azad şəkildə təhsil
alır və daim zirvələrə doğru
addımlayırlar.
Nərgiz İsmayılova:
- Professor Vilayət Quliyevin fədakar, xeyirxah, yüksək
insani dəyərlərə malik olan Hənifə Məlikovanın
həyat və fəaliyyətini maraqlı tərzdə
yazıya alması, məncə, ilk növbədə, müəllifin
tariximizə, milli şəxsiyyətlərimizə sonsuz məhəbbət
və ehtiramından irəli gəlir. Hənifə Məlikova
məhz belə şəxsiyyətlərdən olub. Məqalədən
məlum olur ki, Hənifə xanımın atası Aslanbəy
Abayev qızının rus dilində dünyəvi təhsil
alaraq gələcək həyata daha da hazır olmasını
istəyir və bunun əhəmiyyətini yaxşı
anlayır. Hənifə xanım bu yolda addımlayan ilk
qafqazlı müsəlman qızlardan idi. Həyat onu Həsən
bəy ilə qarşılaşdırır və onlar
maarifçilik yolunda uğurlu, inamlı addımlar atmağa,
bu yolda birgə çalışmağa başlayırlar. Hənifə
xanım Həsən bəy Zərdabinin dönməz, qətiyyətli
mübarizə yoldaşı olub. Təsadüfi deyildi ki, Hənifə
xanımın adı, maarifçilik fəaliyyəti
Zaqafqaziyanın demokratik dairələrində xeyli məşhurlaşmışdı.
İnkişaf üçün mübarizə aparanın həyatı
asan olmur. Hənifə xanımın da həyatı əziyyətlərlə,
sınaq və təqiblərlə keçib. Lakin o heç
vaxt mübarizədən yorulmayıb, dəyərli fəaliyyətini
uğurla davam etdirib.
Aida Həsənova:
- "Yüzlərin, minlərin anası..."
adlı məqalə son zamanlar oxuduğum ən gözəl və
faydalı əsərlərdəndir. Məqalə müəllifi
professor Vilayət Quliyev önəmli bir tarixi dövrdən bəhs
edir. O, Azərbaycanın görkəmli maarifçi
qadınlarından Hənifə xanım Məlikovanın obrazını
çox ustalıqla gözlərimiz önündə
canlandırır. Həmin dönəmdə maarifçilik ənənələrini
yaşadan ziyalılarımızın hansı çətinliklərdən
keçdiyini oxucuya çatdırır.
Azərbaycanda qadınların təhsil almasında
müstəsna xidmətləri olmuş Hənifə xanım
bu əsərdə millət anası kimi bir ali missiyanın
daşıyıcısı olaraq yüksək dəyərləndirilib.
Onun gələcək nəsillərin taleyində böyük
rol oynadığı diqqətə çatdırılır.
Mənim üçün bir maraqlı məqam da budur
ki, kürəkəni olan, müstəqil Azərbaycanın
qurucularından biri Əlimərdan bəy Topçubaşov
ona Ana deyərək müraciət edib. 1929-cu ildə Hənifə
xanım vəfat etdikdən sonra, uzaq Parisdə mühacirət
həyatı yaşayan Topçubaşov Hənifə
ananın anım günlərin keçirib. Elə həmin
dönəmdə sovetləşmiş Azərbaycanda da Hənifə
xanımın vəfatı ilə bağlı mərasimlərə
respublika rəhbərliyində təmsil olunan şəxslər
qatılıb. O dövrün ictimai-siyasi xadimlərindən Qəzənfər
Musabəyov H.Məlikova haqqında deyib: "Bu gün biz iki,
üç, hətta beş-on deyil, yüzlərlə, minlərlə
uşaq tərbiyə etmiş bir Ana itirmişik. Onun xeyirxah əməli
xalqın yaddaşından heç zaman silinməyəcək!"
Aradan uzun zaman keçib. Bu gün müstəqil Azərbaycanda
təhsil, o cümlədən, qızların təhsili
geniş vüsət alıb. 19-cu əsrin sonlarında
qızların təhsil alması problem idisə, bu gün
qızlar təhsildə öncüldür. Tarix boyu bunun
üçün çalışan, həyatını bu
müqəddəs işə həsr edən insanlar hər
zaman ehtiramla anılır: xalqının övladlarına mənəvi
analıq etmiş Hənifə xanım Məlikova kimi!
525-ci qəzet .- 2024.- 1 iyun,№96.-S.19.