Rauf
Şeyxzamanlı: "Nizami Gəncəvinin nəslindən
olduğum üçün öyünmürəm"
Müsahibimiz AMEA Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi
şöbəsinin böyük elmi işçisi Rauf
Şeyxzamanlıdır.
"O, Nizami Gəncəvinin nəslindəndir".
İlk dəfə eşidəndə xeyli təəccüblənmişdim.
Nəzərə alsaq ki, söhbət az qala min il öncə
yaşamış şairdən gedir, məncə, tərəddüdümə
haqq vermək olar. İstənilən halda suallarıma cavab
tapmaq üçün onunla görüşməli idim.
İki illik isrardan sonra nəhayət, müsahibəmiz
alındı. İlk sualım da Nizami Gəncəvi ilə
qohumluğuna dair oldu. Ancaq Rauf bəy əvvəlcə
araşdırmaları haqqında danışmağı
münasib bildi.
- Mən heç vaxt bununla öyünməmişəm,
hardasa deməmişəm ki, Nizami Gəncəvinin nəslindənəm.
Gərək adam öz əməlləri ilə hörmət
qazansın, kiminsə adı ilə yox.
- Sizin həm də Nizami ilə bağlı
kitablarınız, araşdırmalarınız var.
Yaxşı olar ki, söhbətimizə elə burdan
başlayaq.
- Hazırda üzərində işlədiyim mövzu
Nizamiyə aid edilən bir beytlə bağlıdır. "Mən
mirvari kimi Gəncə dənizində qərq olsam da,
özüm Qum şəhərinin dağlıq yerindənəm".
Çox vaxt məhz bu beytə istinad edib deyirlər ki,
Nizaminin nəsli Gəncədən yox, Qumdan olub. Bu söhbət
ilk dəfə on yeddinci əsrdə açılıb. Həmin
dövrdə yaşayan Əmin Əhməd Razinin "Həft
iqlim" təzkirəsində bu barədə deyilir. Bu fikir
sonralar da bəzi təzkirələrdə qeyd olunur. Ən məşhuru
isə Lütfəli bəy Azər Bəydilinin "Atəşkədə"
təzkirəsidir. Orda yazılır ki, Nizaminin ata-babası Təfrişdən
Gəncəyə köçüblər. Təfriş Qumda
yerləşir. Sovet dövründə bu iddia dəfələrlə
təkzib olunub. Hətta İranın Səid Nəfisi, Bərat
Zəncani kimi alimləri də yazırlar ki, sözügedən
beyti katiblər sonradan əlavə ediblər. Ancaq heç kim
konkret sübut göstərmir. Üstəlik, bu beytin hansı
nüsxədə qeyd olunduğu deyilmir. Siz bilirsiniz ki,
Nizaminin dünyada 3500-ə qədər əlyazması var.
Qısası, 3500 nüsxənin içərisində bu beyt
olmalıdır. Bizdə Nizamiyə aid olan 37 əlyazma var.
Bundan savayı, Mirzə Fətəli Axundov adına Azərbaycan
Milli Kitabxanasında 207 nüsxənin pdf variantı
saxlanılır. Ümumilikdə, 250-dən çox əlyazma
nüsxəsinə baxmışam. Onların heç birində
həmin beyti tapa bilmədim. Hələ tədqiqatı davam
etdirirəm.
- Sovet dövründəki təkzibləri qeyd etdiniz.
Söhbət açılmışkən, biz bilirik ki, sovet
dövründə Nizamiyə münasibət digər şairlərdən
fərqli olub, az qala onu bolşevik çıxarsınlar. Sizcə,
niyə məhz Nizami?
- Otuzuncu illərdə belə bir qərar
alındı ki, hər millətin ədəbiyyatda böyük
bir nümunəsi olmalıdır. Azərbaycan
üçün də Nizamini seçib, bütün diqqəti
ona yönəltdilər. Deyilənə görə, Stalin
özü də Nizamini oxuyub və sözügedən qərarda
da bu amilin rolu olub. Beləcə Nizamidən yazdılar, film
çəkdilər, heykəlini qoydular... Fikir verin, o biri
şairlərə qarşı eyni münasibət göstərməyiblər.
Məsələn, Əfzələddin Xaqaniyə bu diqqəti
görə bilməzsiniz. Halbuki Xaqanini farsdilli ədəbiyyatda
ən yaxşı qəsidə yazan sayırlar. Təəssüf
ki, Xaqani lazımi şəkildə tədqiq olunmayıb.
- Xalq Cümhuriyyəti dövründən
danışarkən Nağı bəy və Məmmədbağır
bəy Şeyxzamanlının adı xüsusi qeyd olunur. Sovet
dövründə Şeyxzamanlıların təqib
olunması, incidilməsi də məlum faktdır. Təkcə
böyük aktyorumuz Məmmədrza Şeyxzamanovun həyatına
baxanda bu nəslin başına gətirilənlərin
miqyasını aydın görə bilirik. Təbii ki, təqiblər
yalnız nəslin üzdə olan nümayəndələrini
əhatə etmirdi. Qohumlarınız bu haqda nə deyirdilər?
- O dövrdə yaşayan qohumlarım bu barədə
danışmaq istəmirdilər. Ancaq mən hələ erkən
yaşlarımdan bir çox şeyi dərk edirdim.
Anlayırdım ki, babam iyirminci ildə cavan oğlan idisə,
yəqin ki, Gəncədə ruslara qarşı üsyanda
iştirak eləyib. Amma heç vaxt bunun adını da
çəkmirdi. Bunu mənim yanımda desə, gedib məktəbdə
danışa bilərdim. Məndən soruşsaydılar ki,
hardan bilirsən, deyəcəkdim babam deyib. Bundan da o nəticə
çıxacaqdı ki, baba uşağa belə şeylər
öyrədir.
Bu əhvalatı isə mənə babamın
qardaşı Rza bəy danışıb. Deməli,
Nağı bəy Şeyxzamanlı ruslar bura gələndə
əvvəlcə Tiflisə, ordan da Türkiyəyə
köçür, ancaq ailəsini özü ilə apara
bilmir. Yeni hakimiyyət görəndə ki, Nağı bəyi
tuta bilmir, heyfini ailəsindən çıxırlar. Həmin
dövrdə hələ İranın konsulluğu burda idi.
Babam da həmin konsulla əvvəlcədən tanış
olduğu üçün bu məsələ ilə
bağlı ona müraciət eləyir. Belə qərara gəlirlər
ki, konsulluğun əməkdaşlarından biri formal olaraq
Nağı bəyin yoldaşı ilə kəbin kəsdirsin.
Burdan gedəndə də həm xanımı, həm də
Nağı bəyin uşaqlarını özü ilə
İrana aparsın. Belə də eləyirlər. Nağı
bəyin ailəsini əvvəlcə İrana, sonra da
Türkiyəyə göndərirlər.
- Qanlı-qadalı illərdə Şeyxzamanlı
soyadı ilə yaşamaq yəqin ki, asan olmayıb.
- Şeyxzamanlılar müxtəlif üsullarla təqiblərdən
qorunmağa çalışırdılar. Bəziləri hətta
soyadlarını dəyişdirmişdilər. Bir dəfə
təsadüfən qohumlarımızın basdırıldığı
qəbiristanlıqda tanımadığım
üç-dörd nəfərlə
qarşılaşdım. Məlum oldu ki, onlar da
Şeyxzamanlılardandır. Biri mənə danışdı
ki, sovet hökuməti qurulandan sonra babasına yaxşı bir
yerdən iş təklif ediblər. Ancaq şərt qoyublar ki,
gərək bu soyadı dəyişəsən ki, vəzifəyə
keçə biləsən. Çünki
Şeyxzamanlıların adı pisə çıxıb,
onlar Şura hökumətinə qarşı olublar. Həmin
adam da çox düşünüb, qohum-əqraba ilə məsləhətləşib.
Nəhayət, qərara gəlib ki, Nizaminin nəslindən
olduğu üçün soyadını Şeyx Nizamiyə dəyişsin.
Sabahı gün qərarını həmin adamlara bildirəndə
ona cavab veriblər ki, "a kişi, problem elə
"şeyx" sözündədir, əsas onu
çıxarmaq lazımdır, "Zaman"la kimin nə
işi var?"
Əksəriyyəti Müsavat tərəfdarı
olduğu üçün sovet dövründə
Şeyxzamanlılar çox təqib ediliblər. Ona görə
də soyadını dəyişdirənlər az olmayıb.
Çoxu da Şıxzamanov edib. Bəziləri sonradan əvvəlki
soyadını bərpa etdi, bəzilərində isə hələ
də Şıxzamanov qalıb.
- Şeyxzamanlıların Nizami ilə qohumluğunu təsdiq
edən hər hansı bir sənəd varmı?
- Xeyr, belə bir sənəd yoxdur. Tarixən, şəcərə
kağızı əsasən seyidlərdə olub.
Çünki xüms, zəkatın yarısı seyidlərin
arasında bölünürdü. Həmin payı almaq
üçün kağız lazım olduğuna görə,
bu sənəd nəsildən-nəslə
ötürülürdü. Nizami ilə qohumluq maddi cəhətdən
kiməsə nəsə vermədiyi üçün belə
bir kağızı saxlamağa ehtiyac duymayıblar. Mən hələ
eşitməmişəm, kimsə gəlib bizə desin ki, siz
yalan danışırsınız. Gəncənin tarixindən
məlumatlı olan kimdən soruşsanız,
Şeyxzamanlıların Nizami ilə
bağlılığını təsdiqləyəcək.
Bilirsiniz ki, Gəncədə böyük və qədim
nəsillər çoxdur: Rəfibəylilər, Xasməmmədlilər,
Ziyadoğlular, Topçubaşılar və başqaları.
Ancaq bu nəsillərin heç biri Nizami ilə qohumluğunu
iddia etmirlər. Əksinə, etiraf edirlər ki, Nizami Gəncəvi
Şeyxzamanlılardandır. Hələ o vaxt I Şah Təhmasib
dövründə İmamzadə qəbiristanlığının
ərazisi bizim nəslə vəqf olunmuşdu. On doqquzuncu əsrdə
ruslar gələndə bütün müsəlman vəqflərini
ləğv elədilər, o cümlədən də,
İmamzadəni bizim əlimizdən aldılar. Ancaq ona kimi bu ərazilər
Şeyxzamanlılara aid olub. Məlum məsələdir ki,
Nizaminin nəslindən olduğumuza görə, oranı bizə
vermişdilər. Əslində, Şeyxzamanlılar o qədər
də dövlətli nəsil olmayıb. Eşitməmişəm
ki, bizim mülklərimiz haqqında danışsınlar. Ancaq
savada həmişə böyük əhəmiyyət veriblər.
Bu gün də tanıdığım qohumlarımızın
əksəriyyəti öz sahəsində tanınmış
adamlardır
- Bəs sizi Gəncədən Bakıya gətirən
səbəb nə olub?
- Mənim babam vaxtilə Bakıya ali təhsil almaq
üçün gəlib. Sonra da birdəfəlik bura
köçüblər. Mən Bakıda
doğulub-böyümüşəm.
- Nizamidən bəhs edən iki kitabınız var. Bu
kitablar qohum təəssübkeşliyi ilə yazılıb,
yoxsa həqiqətən də Nizami
yaradıcılığını sevirsiniz?
- Bəli, Nizami yaradıcılığı mənim
üçün çox maraqlıdır. Şeirlərini də
sevirəm. Nizaminin əsərlərindən elmin müxtəlif
sahələri, dövrün ictimai münasibətləri
haqqında geniş və dəqiq məlumat almaq olar. Şair
nədən yazırdısa, dəqiq yazırdı.
Nizamidən bəhs edən iki kitabım var. Bu
kitabların ikisi də 2021-ci ildə, yəni Nizamı ilində
işıq üzü görmüşdü. Kitablardan biri əslində
kataloqdur. Adı "Nizami əlyazmalarının Bakı
nüsxələri"dir. Mən onu institutun təcrübəli
əməkdaşı Mustafa Əliyevlə
hazırlamışdım. Kataloqda Əlyazmalar İnstitutunun
xəzinəsində saxlanılan 37 Nizami nüsxəsi barəsində
müfəssəl məlumat verilib. Digər kitabın
yazılmasında mənim həmmüəllifim Azərbaycan
Dövlət Musiqi Mədəniyyəti muzeyinin direktoru, sənətşünaslıq
elmləri doktoru Alla xanım Bayramova oldu. Bu əsəri
yazmağı mənə AMEA-nın Gəncə bölməsinin
sədri akademik Fuad Əliyev təklif etmişdi. Demişdi ki,
Nizami ilində onun nəslinin nümayəndəsi də
öz töhfəsini verməlidir. Mən də Alla
xanımın mənə dəfələrlə Nizaminin
yaradıcılığı ilə əlaqədar məsləhət
üçün müraciət etdiyini yada salıb ona yeni
kitab yazmağı təklif etdim. "Musiqi Nizami "Xəmsə"sinin
səhifələrində".
- Deyirlər, Nizami də ucaboylu olub, elə sizin kimi.
- Əlbəttə, Nizamini görmədiyimiz
üçün dəqiq şəkildə nəsə demək
mümkün deyil. Ancaq qalan sümüklərə əsasən
boyunun 192 sm olduğu qeyd olunur. Mənim babam da, babamın
qardaşı da ucaboylu olublar
Görkəmli nizamişünas alim Xəlil Yusifli həmişə
deyirdi ki, məni görəndə sanki Nizamini görür...
Aytac SAHƏD
525-ci qəzet .- 2024.- 1 iyun,№96.-S.17.