ÖLÜMDƏN
BAKIYA QAYIDIŞ
O, elə parlaq idi ki, göz qamaşdıran bu
işıq gendən görünməyə bilməzdi. Ancaq
hansı daha üstün, hansı daha əngin qabiliyyətlərə
sahib olduğunu, əlbəttə ki, onun özü kənardan
baxanların hamısından daha yaxşı bilirdi. Dahilərin,
tarixdəki müstəsnaların ömürlərini izləyib
bəzən özləri haqqında təvazökarlıqdan
uzaqlıq kimi qəbul edərək hansısa
özünüöymələrə rast gəlsəniz,
onları qınamayın. Axı heç kəs aysberqin
görünməyən daha böyük qatını
onların özlərindən artıq bilə bilməz.
İstedadla daşan Hüseyn Ərəblinski də
agah idi ki, içərisində hələ zühur etməmiş
hansı fırtınalar qaynamaqdadır. Ona görə də
indi xeyli uzaqlarda qalmış günlərdə - 1907-ci ildə
baş vermiş bir əhvalatı nəql etməyin yeri var.
Körpümüz -olmuşların birbaşa şahidi, XX
yüzilin əvvəllərinin həvəskar aktyorlarından
və Ərəblinskinin silahdaşlarından olan, sonralar Azərbaycanda
Əmək qəhrəmanı kimi tanınmış Murad
Muradovun qələmə aldığı xatirələrdir
ki, bizi Bakıdakı rus teatrında Şillerin
"Qaçaqlar"ının oynanacağı axşama
aparır. Ərəblinski səhnə yoldaşları Mehdi bəy
Hacınski, Əbülfət Vəli və Muradı da
götürərək teatrın premyeri Petrov-Krayevskinin
baş rolda çıxacağı həmin tamaşaya
baxmağa yollanır (XX yüzilin ilk onilliklərinin ən məşhur
rus aktyoru olmuş Yevgeni Petrov-Krayevski 1875-ci il təvəllüdlü
idi və mükəmməl də təhsil
görmüşdü, 1989-cu ildə dram məktəbini məşhur
Vladimir Nemiroviç-Dançenkonun sinfində bitirmişdi,
1899-cu ildə isə artıq Yaroslav şəhər
teatrının truppasında fəaliyyətdə imiş,
1908-ci ildən Peterburq Xalq Evinin dram qrupunun aktyoru idi və
1924-cü ildə Rusiyada ilklərdən biri kimi Əməkdar
artist adına layiq görülmüşdü. 1937-ci illərdə
şiddətlənən siyasi repressiyaların qurbanlarından
olduğu yazılan, xalqının teatr və kino tarixində
silinməz izləri qalan bu görkəmli rus tragiki bir ara
Bakıdakı rus teatrında da bir-birindən cazibəli surətlər
yaratmışdı. Yəni bu qafilədən olan, mükəmməl
məktəb görmüş güclü rus aktyorları və
rejissorlarının o zaman Bakı teatrları ilə əməkdaşlığı,
şəksiz ki, səhnəmizin və sənətkarlarımızın
inkişafı üçün bir töhfə idi. Xatirələrin
anlatdığı bir həqiqət də budur ki, teatrla
bağlananlarımız XX yüzilin
başlanğıcında bu münasib girəvədən bəhrələnməyə
həvəslə can atırmışlar).
Murad Muradov yada salır ki, onlar həmin günlərdə
Qoqolun "Evlənmək" pyesini
hazırlayırlarmış, məşqləri rus rejissoru
Valentinov aparırmış və "Qaçaqlar"ı
seyr etmələrinin sabahı arada həmin tamaşa ilə
bağlı söhbət edirlərmiş, Ərəblinski
inamla Valentinova deyir ki, mən Frans rolunu Krayevskidən pis oynamazdım.
Bu, yetərincə dikbaş iddia idi və artıq
Ərəblinskinin qabında nələr olduğuna bilavasitə
iş gedişatından bələdliyindən Valentinov əsla
ifrat özündənrazılıq kimi qəbul etmir.
Qayıdır ki, yaxşı olardı bu əsəri siz də
tamaşaya qoyasınız, amma kim tərcümə etsin? Mehdi
bəy Hacınski dərhal: "Mən edərəm!" -
deyə əsəri dilimizə çevirməyi öhdəsinə
götürür və Ərəblinski ilə Valentinovun
müştərək rejissorluğu ilə
"Qaçaqlar" ilk dəfə Azərbaycan səhnəsinə
çıxır. Frans Ərəblinski olur, Kralı
Hacınski oynayır, təfərrüatları bizə
çatdıran Muradovsa Şpigelberqi ifa edir. Şahid Muradovun
bu ikicə cümləsinin çəkisi çox
ağırdır: "Tamaşa gözəl keçdi.
Fransın rolunu Ərəblinski böyük usta kimi apardı.
Petrov-Krayevski gəlib onu təbrik etdi".
İftixar edin, əziz vətəndaşlarımız.
Bu, heç bir teatr məktəbi görməmiş, yolunu
çətinlikləri adlaya-adlaya yeni-yeni irəliləyən
milli teatrımızın gənc artistinin müstəsna
hünəri idi ki, yaxşı məktəb, böyük səhnələr,
bir-birindən qüvvətli aktyorlar görmüş məşhur
rus sənətkarı Petrov-Krayevski onun qüdrətini etiraf
edirdi. Petrov-Krayevski Azərbaycan dilini bilmirdi, bizim
aktyorların hazırladığı "Qaçaqlar"a
baxmağa gəlmişdisə, bu, ya rejissor Valentinovun, ya
Ərəblinskinin, ya da elə hər ikisinin birgə dəvəti
idi. Valentinov Petrov-Krayevskinin də Fransını
görmüşdü, ondan pis oynamayacağını bəyan
edən Ərəblinskinin də sözü yadında idi,
tamaşanı özü hazırladığından öncədən
bilirdi ki, Ərəblinskinin təqdim edəcəyi rol
hansı səviyyədədir, ona görə nəticə
sarıdan irəlicədən arxayın idi. Nəticə də
bu idi ki, dili bilməyə-bilməyə əsl peşəkar
olaraq məşhur rus tragiki cavan Azərbaycan tragikinin
istedadı qarşısında baş əymişdi!
Ancaq bununla bitmir. Ərəblinskinin məhəlli
çərçivələrə
sığmadığı, onun yalnız Azərbaycan deyil,
teatr həyatı o çağlarda xeyli irəli getmiş
Rusiyanın, Avropanın səviyyəsində qüdrətə
malik aktyor olması haqda həmin Murad Muradovun başqa bir xatirəsi
də qalıb. 1910-cu ildə üç illik
hazırlıqdan sonra Azərbaycan səhnəsində ilk dəfə
"Otello" oynanmışdı. Rollar hələ 1907-ci ildən
bölünübmüş və baş rolda çıxacaq
Ərəblinski məşqlərin getdiyi üç il ərzində
dövrün məşhur artistləri, o çağlar
Bakıdakı rus teatrında mütəmadi
çıxış edən və rus səhnələrində
Otellonun ən mahir ifaçılarından sayılan Mamont Dalski
(əsl soyadı - Neyelov. 1865-1918-ci illər arası
yaşamış bu görkəmli aktyor Rusiyanın məşhur
Aleksandr adına İmperator Teatrında aparıcı artistlərdən
olmuşdu, XX əsrin əvvəllərindən etibarən bir
çox əyalətlərə qastrollara getmiş, bir
müddət Bakıda da çalışmışdı),
Yevgeni Petrov-Krayevski, Konstantin Şorşteyn (doğum tarixi bəlli
olmayan bu məşhur rus aktyoru Dalski kimi hüquq təhsili
alsa da, səhnəni seçmiş, 1922-ci ilədək davam
edən həyatını teatra bağlamışdı. Yolunu
Voronej Dram Teatrından başlayan Şorşteyn sonralar
Rusiyanın bir çox səhnələrində
çıxış etmiş, Orta Asiyada ilk rusdilli dram
teatrını qurmuş, Bakıda da fəaliyyət göstərmişdi),
Robert Adelheym (Robert və Rafael Adelheymlər iki
qardaşmışlar və onların Bakıdakı
çıxışlarından unudulmaz Əfrasiyab Bədəlbəyli
heyranlıqla danışar, misilsiz başqalaşma
istedadlarını xüsusi vurğulayardı. Robert 1860-1934,
Rafael 1861-1938-ci illər arası yaşadı. Hər iki məşhur
qardaş 1888-ci ildə Vyana Konservatoriyasını dram
teatrı sinfi üzrə əla bitirmiş, Avstriyanın, Almaniyanın,
İsveçrənin bir çox teatrlarında işlədikdən
sonra 1890-cı ildə Rusiyaya qayıtmış, rus teatrı
tarixinə parlaq imzalar atmağa müvəffəq olmuş,
Bakıda da vaxtaşırı çıxışlar
etmişlər) bu rolu necə yaratmalarını diqqətlə
izləmişdi. Bunu da Murad Muradov təsdiqləyir,
çünki Ərəblinskinin o qəbil tamaşalara
çox zaman özüylə apardığı digər
aktyor yoldaşlarının arasında o da olarmış:
"Üç ilin ərzində bunlar kimi bir çox artistlərin
oyununa tamaşa elədik. Hüseyn onların bütün oyun
xüsusiyyətlərini nəzərdən keçirirdi. Ancaq
1910-cu ildə bu rolu bütün öz fikri ilə, öz
mizanları ilə oynadı".
1910-cu ilin o payız günü
dünyagörmüş ədib Nəcəf bəy Vəzirovu
kövrəldəcək qədər köksəsığmaz
fərəhlə doluymuş. Tamaşaçılar o qədər
riqqətə gəliblərmiş ki, sadəcə
alqışlamaqla ürəkləri soyumurmuş, hələ
tamaşa bitməmiş minnətdarlıqlarını ifadə
etməkçün pərdə ardına gəlibmişlər.
Bunlar Murad Muradovun gözləri qarşısında baş
vermişdi: "Bu əsərin tamaşasına Bakıda olan
rus, erməni artistləri gəlmişdilər. Bütün
yerli qəzet müxbirləri, ziyalılar, Haqverdiyev, Nəcəf
bəy Vəzirov və qeyriləri də burada idilər.
Üçüncü şəkildən sonra bu adamların
çoxu səhnə arxasına gəldilər. Nəcəf bəy
ağlayırdı, əlində dəsmalı göz
yaşını silirdi. "Yaşayın-yaşayın!"
deyə qrim otağına daxil olub Hüseyni qucaqladı və
onun üzündən öpdü. Hüseynin üzü qara rənglə
qrimlənmişdi. O rəng Nəcəf bəyin
dodağına keçdi. O, ağ dəsmalı ilə
dodağındakı rəngi sildi".
Mən çox arzulayıram ki, var olduğu
bütün müddətcə müxtəlif künclərə
qısılmış, indiyədək də öz şərəfli
və zəngin irsinə layiq ayrıca binada yerləşməyən
Azərbaycan teatrı muzeyinin haçansa özünə
yaraşan əzəmətli iqamətgahı olacağı
günlərdə üstü qara ləkəli bir ağ dəsmal
ekspozisiyada ən görümlü yerdə qərar tutsun. Gələnlərin,
qarşısında dayanaraq, millətin mədəniyyət
tarixindəki bəxtiyar bir hadisəni göz yaşları ilə
qarşılayan, teatrımızın təməl
qoyucularından olan Nəcəf bəyi, qocaman ədibə və
xalqa zamanında belə hüdudsuz sevinclər
bağışlamağı bacarmış Ərəblinskinisayğı
və məhəbbətlə, salam və rəhmətlə
anmaq üçün!
Tamaşa günü "Teatralnoye obozreniye"
jurnalı yazmışdı ki, müsəlman artistləri tərəfindən
"Qaçaqlar" və "Müfəttiş"in
oynanması Avropa səhnəsinə sübut etdi ki, gənc
olsa da, müsəlmanlarda da lazımi səhnə qüvvələri
vardır. Bu həqiqət oktyabrın 29-da Tağıyev
teatrında "Nicat" cəmiyyətinin artistləri tərəfindən
Haşım bəy Vəzirovun tərcümə etdiyi
"Şekspir "Otello"sunun oynanması ilə təsdiq
edildi".
Həmin Valentinov ki Ərəblinskinin cəsarətlə
sinəsinə döyərək "Fransı Petrov-Krayevskidən
pis oynamaram" sözlərini eşitmişdi, aktyorun vədinə
necə əməl etdiyinə də şahid kəsilmişdi
və indi də onun Otellosunu görürdü və içərisində
bu Otellonu qabaqlar tamaşa etdikləri ilə tutuşdururdu,
1910-cu ilin 29 oktyabr axşamında həddən ziyadə təsirlənibmiş.
O həyəcanlı anlarında nə söylədiyini də
tarix üçün yenə Murad Muradovun xatirəsi qoruyub
saxlayıb: "Hüseyn, əgər mənim imkanım
olsaydı, səninlə hər yanı gəzər və
bütün sənət aləminə Otellonu necə oynamaq
lazım gəldiyini göstərərdim".
Görən, o məşhur rus aktyorlarından
hansısa Ərəblinskinin Otellosuna baxmışdımı?
Bu barədə köhnə mətbuatda və xatirələrdə
bir soraq tapmırıq. Amma bundan az əvvəl - 1908-ci ildə
rus premyeri, üstün Otello ifaçılarından olan
Şorşteynin başqa bir etirafı olmuşdu. Rus artisti
S.Lanskoyun süjetini Dağıstan həyatından alaraq
yazdığı "Hürriyyət uğrunda qəzavat"
pyesi Bakıda rus teatrında oynanıbmış və baş
surəti - Əhməd bəy Şamxalı o zaman Azərbaycanda
işləyən Şorşteyn ifa edibmiş. Murad Muradov
yazır ki, birinci tamaşaya yenə Hüseynlə birgə
getmişdik və baxandan sonra Ərəblinskinin sözü bu
oldu ki, yox, Əhməd bəyin rolunu belə oynamaq olmaz, mən
bu rolu ayrı cür oynayardım".
Elə sabahı günü pyesi Lanskoydan alıb
Əbdürrəhim bəy Haqverdiyevə çatdırır
ki, tərcümə etsin.
Və 1908-ci il noyabrın 28-də şəhər teatrında
"Nicat" dram artistləri Ərəblinskinin
rejissorluğu və baş rolda oyunu ilə "Qəzavat"ı
göstərirlər.
Murad Muradov xatırlayır ki, premyera gecəsi
Şorşteyn və tanınmış rus aktrisası
Azarevskaya tamaşaçılar arasındaymış və
Şorşteyn pərdə son dəfə bağlanınca gəlir
səhnə arxasına: "Cənab Ərəblinski, Əhməd
bəy rolunu necə yaratdığınıza görə mən
sizin qarşınızda təzim etməliyəm. Siz bu rolu məndən
qat-qat yaxşı oynadınız. Bir çox momentləri və
hərəkətləri mən sizdən öyrənməli və
oyunuma əlavə etməliyəm".
Bir daha təkrarlayıram ki, Şorşteyn XX
yüzilin əvvəllərində Rusiyanın ən
adlı-sanlı aktyorlarından idi və bu qiymətvermənin
də mənası çox dərindir.
...Teatr ömrü boyunca səhnələrdə
Hüseyn Ərəblinski çox surətlər yaradıb.
Amma bəlkə də öz sözü ilə demək daha dəqiq
olardı. Onun söylədiyidir ki, "səhnədə
oynamazlar, səhnədə yaşayırlar". Ona görə
də Ərəblinski səhnədə həmin surətlərin
hər birini yalnız yaratmayıb, həm də
yaşayıb. Amma bu silsilədə bir obraz da var ki, onun
yanından sakitcə keçmək olmaz.
1914-cü il dekabr ayının 21-də iki müxtəlif
qəzetdə - "İqbal"da və "İqdam"da
iki yazı çıxıb, hər ikisi də eyni tamaşa
haqqındadır. Dekabrın 19-da Tağıyev teatrında
Şəmsəddin Sami bəyin "Gave-yiahəngər"i
oynanmışdı. Bu, Firdovsinin "Şahnamə"sindən
alınmış bir süjetdir ki, ahəngər -dəmirçi
Gavə döşlüyünü çıxararaq bayrağa
döndərmiş, xalqı ardınca apararaq güclü bir
etiraz hərəkatına rəhbərlik etmişdi. Yəni
mahiyyətcə "Gave-yiahəngər" inqilabi əsər
idi və "İqbal" qəzeti də xəsislik etmədən
Hüseyn Ərəblinskinin bu ifası haqqında əvvəllərdə
oynadığı rollardan da daha yüksək tərifləri
yağdıraraq qeyd edirdi ki, əgər əsərin müəllifi
Şəmsəddin bəy tamaşanın getdiyi əsnada zalda
olsaydı, Hüseyn Ərəblinskinin ifasını görsəydi,
Gavəni belə görüb yazmış olduğunu mütləq
etiraf edərdi.
Və qəzet həmin məqaləni belə
tamamlayırdı ki, tamaşa çox parlaq keçdi, bundan
gözəlini tələb eləmək olmaz.
"İqdam" qəzetinin məqaləsi də
valeh təəssüratı bölüşərək
yazırdı ki, Hüseyn Ərəblinski o qədər roluna
girmişdi ki, səhnədə bir qızmış pəhləvana
bənzəyirdi, hətta hiddətindən ağzı belə
köpüklənməkdə idi.
Həmin tamaşada Pərviz surətini yaratmış
Abbas Mirzə Şərifzadənin oyununa da qəzet yüksək
qiymət verirdi: "Şərifzadə cənabları
öhdəsinə aldığı rolu o qədər gözəl
və o qədər mahiranə oynadı ki, Avropa səhnəsi
görmüş bir artist haman rolu ancaq Şərifzadə kimi
oynaya bilərdi".
Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə,
Mirzağa Əliyev, Hüseynqulu Sarabski və o
çağın digər böyük aktyorlarının
heç biri xüsusi teatr təhsili almamışdı və
hazırlıqlı tamaşaçıları da, mütəxəssisləri
də, kənardan gəlib onları seyr edən tanınmış
rejissorları, aktyorlarıda mat qoyan o idi ki, belə kamilliyə
yalnız istedadla yetişmək mümkünsüzdür. Və
tam haqlı idilər! Allahın bəxş etdiyi vergi, fitri
qabiliyyətlər, ilham öz yerində, ancaq bu fədakarlar
gecə-gündüz usanmadan çalışırdılar.
Hüseyn Ərəblinski də və o çağın
"Ərəblinskilər" adlandırıla biləcək
digər fədakar aktyorlarının coşqun istedadı
alın təriylə yoğrulmasaydı, belə zirvələrə
yetilməzdi!
...XIX əsrin sonları, XX yüzilliyin əvvəlləri
həm də Azərbaycan kinosunun yaranıb inkişafa
başladığı çağlardı. Bu, iftixar edilməli
bir tarixdir ki, 1895-ci ildə Parisdə Ogüst və Lui
Lümer qardaşları kinematoqrafı ixtira edəndən
üçcə il sonra - 1898-də artıq Azərbaycanın
özünün kinosu var. 1916-cı ildə isə Azərbaycanın
ilk bədii filmi də yaranır. İbrahim bəy Musabəyovun
povesti əsasında çəkilmiş "Neft və
milyonlar səltənətində"də (rejissor Boris
Svetlov) baş rolda (Lütfəli bəy) Hüseyn Ərəblinskidir.
Doğrudur, kino hələ lal idi və Hüseyn Ərəblinskinin
də bir aktyor kimi ən qabarıq güclərindən biri elə
onun səsi idi. Ancaq o ilk səssiz Azərbaycan bədii filminə
baxanlar lal kadrlar arxasından Ərəblinskinin sirayətedici
səsini də eşidirmişlər. Həm məcazi mənada
- çünki bu doğma səs artıq səhnələrdən
əksəriyyətin beyninə hopmuşdu, amma həm də
elə müstəqim anlamda - maestro Niyazinin anası
Böyükxanım bir dəfə Zülfüqar bəylə
həmin filmə baxdıqlarını, o gün Hüseyn
Ərəblinskinin də, Cabbar Qaryağdıoğlunun da,
Qurban Pirimovun da orada olduqlarını, Cəlil bəyin toy səhnəsinin
səssiz kadrları görünəndə (bu anın fotosu da
qalır) xanəndənin oxuduğunu, müəyyən hissələrdə
isə Ərəblinskinin ayrı-ayrı parçaları
söylədiyini unutmamışdı.
XX əsrin əvvəllərində yaranan, dönə-dönə
maraqla baxılan səssiz filmlərimizdən biri də
"Qız qalası" idi. Rejissor Vladimir Ballyuzekin
1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsində
çəkdiyi və 1924-cü ildə ekranlara çıxan
bu film doğulanda çoxdan idi ki, Ərəblinski həyatda
yox idi. Həmin kinoşəkildə baş rolda o illərin ən
məşhur teatr və kino aktyorlarından biri, əslən
İstanbuldan olan Vaqram Papazyan çəkilmişdi. O,
İstanbuldan Parisə köçərək bir müddət
orada yaşamış, teatrlarda uğurla oynamış, qabil
aktyor kimi ad çıxarmışdı və 1907-ci ildə
Fransadan da ayrıldı, bir ara Azərbaycanda yaşadı,
sonra da digər Qafqaz respublikalarında. Yeganə aktyordur ki, hər
üç Qafqaz respublikasının Xalq artisti adına layiq
görülmüşdü və eyni zamanda da SSRİ Xalq
artisti idi. Zamanının çox şöhrətli sənətkarı
olmuş, yalnız Sovet İttifaqında deyil, sərhədlərin
qapalı zamanlarında da bir çox xarici ölkələrdə
böyük sənətkar kimi adı dillərdə
dolaşmış o erməni aktyoru bu yerdə
anmağımıza səbəb onun Hüseyn Ərəblinski
ilə bağlı xatirələridir. Təmaslarından 30-40
il sovuşandan sonra da onun Ərəblinskini necə məftunluqla
xatırlaması düşündürücüdür.
Yazırdı ki, 1907-ci ildən - Bakıya gəldiyim ilk
vaxtlardan lap əvvəlinci tanış olduqlarımdan və
tanış olduğum gündən də heyran
qaldıqlarımdan birincisi Hüseyn Ərəblinski idi.
Bildirirdi ki, sonralar Azərbaycan səhnəsinin bir
güclü aktyorlarını görsə, onların xeylisi ilə
eyni səhnəni bölüşsə, tərəf-i
müqabil olsa da, Ərəblinskini Azərbaycan
teatrının bir nömrəli aktyoru sayır. "Bu qəşəng
gəncin ürəyi odlu lavaya bənzəyirdi. Mənim ən
yaxın dostum və əzizim olan Ərəblinski zamanın
amansız qanununa - qocalığıma baxmayaraq, indi də
xatirimdədir. Onun Fransı və "Hamlet"dən bəzi
səhnələr nadir ifaçılıq sənəti və
aktyorun obraza necə nüfuz etməsi kimi müsbət keyfiyyətlər
mənim xatirimdə dərin iz buraxmışdır. Ondan sonra
Azərbaycan səhnəsində çox uğurları
görüb sevinmişəm, çoxları ilə
dostlaşmışam, onlardan heç birini unutmamışam.
Amma Ərəblinskini doğma sənət qardaşım kimi
qəlbimin dərinliyində yaşadıram".
Hüseyn Ərəblinskini tanımışların,
görmüşlərin hamısı, sözləşiblərmiş
kimi, onu "qeyri-adi aktyor" adlandırmışlar.
Sıravi tamaşaçıların belə heyrətlə dəyərləndirməsi
təəccüblü deyil. Ancaq Ərəblinski o nadirlərdən
idi ki, ona istisnasız olaraq bütün sənət
yoldaşları da, böyük sənətkarlar da heyran idilər.
Sultan Məcid Qənizadə hələ müəllimlik etdiyi
cavan çağlarında Hüseynbalanın əlindən
yapışıb onu səhnəyə gətirən adam idi.
Nağıl edirdi ki, 1905-ci ildə işləriylə əlaqədar
köçüb Tiflisə gedəndən sonra xeyli müddət
Ərəblinskini nə səhnədə görüb, nə
də haqqında yazılanları oxuyubmuş, 1908-ci il
martın 26-da Azərbaycan teatrı Tiflisə qastrola gələrək
Kazyonnı teatrda tamaşalar verəndə ilk göstərdikləri
"Ağa Məhəmməd şah Qacar" olur. Boynuna
alırdı ki, teatrdan başı çıxan şəxs
kimi "Ağa Məhəmməd şah Qacar"ın nə
təhər mürəkkəb əsər olduğunu, həm
də burada hansı tələbkar auditoriya qarşısında
nümayiş etdiriləcəyini bildiyindən ifanın bəlkə
də yaxşı alınmayacağına içərisində
müəyyən şübhələr yaranıbmış.
Bunu da açıq yazırdı ki, başlanğıcdan
daxilən əks fikrə köklənmişdim.
Fəqət baxmışdı və səhnədə
cərəyan edənlər onda büsbütün başqa qənaət
oyatmışdı: "Hüseynin bu rolu lazımınca
oynayacağını güman etməzdim. Ona görə də
tamaşaya tənqid nəzəriylə baxmağa mail idim.
Lakin səhvdə olduğumu iqrar etməli oldum. Əvvəllərdə
gördüyüm napüxtə (yetişməmiş, bişməmiş
-R.H.) Hüseyn indi sənətdə mahir və ifadədə
təmkinli bir aktyor idi ki, onun haqqında təhsindən savay
bir sözüm yox idi".
Sultan Məcid Qənizadə yada salırdı ki,
sabahı gün Hüseyn mənim yanıma gəlmişdi,
gileylənirdi ki, qohum-əqrəbası onu çox incidir, səhnəyə
çıxmasına, aktyorluq etməsinə görə ondan
çox narazıdırlar, ona həqarətlə
"bığıqırxıq" deyirlər.
Sultan Məcid Qənizadə ədəbiyyata,
dramaturgiyaya, teatra dərindən vaqif idi, təkcə
yaxşı ilə pisin yox, yaxşıyla daha
yaxşının fərqini incəliklə duyan idi.
Azərbaycan teatrının Tiflisdə qastrolda
olduğu günlərin növbətisində yenə həmin
Kazyonnı teatrda aktyorlarımız "Qaçaqlar"ı
göstərmişdilər. Ərəblinski bu dəfə Karl
Mooru oynamışdı. Həmişəki kimi suflyorsuz, hər
zamankı sayaq ürəklə, şövqlə ifa
etmişdi. Və Sultan Məcid Qənizadə qiymət verirdi.
Təsdiq edirdi ki, "nəhayət əzəmətlə
oynayırdı", hayıl-mayıllıqla, həm də
bir müəllim fəxri ilə "Mübaliğə hesab
olunmasa, deyə bilərəm ki, səhnə məktəbi və
ya sair bir studiya görməmiş bir azərbaycanlı
oğlu alman dahisinin nəqşiyyəsini Qərb artistlərinin
çoxundan doğru oynamağa müvəffəq olurdu".
Beləcə, Hüseyn Ərəblinski göz
qabağında durmadan yüksəlişdə idi. Ancaq elə
lap əvvəldən də onu löyün-löyün
qaratikanlar, qart qanqallar əlini-ayağını dalamaqla
müşayiət etməkdə idi. Belə fitnəkarlıqların
ən iyrənclərindən biri 1908-ci ilin noyabrında
törədilmişdi. Ərəblinskinin aktyor həyatında
əlamətdar bir hadisə gözlənilirmiş - ilk dəfə
benefisi təşkil olunurmuş. Şeyx Şamil və
silahdaşlarının çarizmə qarşı mübarizələrindən
bəhs edən "Qəzavat"ın tərcüməçisi
Əbdürrəhim bəy bir para başqa səbəblərlə
bərabər, elə yaxınlaşan benefisi də nəzərə
alaraq əlyazmanı aktyora təqdim edəndə yuxarı
başdan bir cümlə də artırmışdı ki,
"Hüseyn Ərəblinskiyə ithaf olunur". Tamaşa
Hüseyn Ərəblinskinin həm rejissoru, həm aktyoru
olduğu "Nicat" Maarif Cəmiyyətində
hazırlanırdı, lakin haradansa bir mərdimazar
pırtlayıb ortaya çıxır və
götürüb Bakıda yaşayan ləzgilərə məktub
göndərir ki, Şeyx Şamilin əleyhinə olan, onu
ifşa edən bir əsər tamaşaya hazırlanır,
ayıq olun. Bu bədxahlığı edən də oçağkı
Bakı mətbuatında qərəzli yazıları ilə
tez-tez könül bulandıran Mustafa bəy Əlibəyov
imiş. Bakıda yaşayan bir dəstə nüfuzlu, hörmətli
ləzgi həmin məktubu alınca hiddətlənərək
üz tutmuşdular "Nicat"a. Ərəblinski onları təmkinlə
qarşılayır, quruca izahlardansa təklif edir ki, əyləşsinlər,
indicə başlanacaq məşqə baxsınlar.
Ağsaqqal-qarasaqqal ləzgilərdən kimlər gəliblərmişsə
oturub tamaşa edirlər, təsirli yerlərdə
ağlayırlar və onlara göstərilən hissələr
tamamlanınca ayağa qalxıb öz dərin təşəkkürlərini
bildirirlər. Ərəblinski ləzgilərdən soruşur
ki, burada Şeyx Şamil həzrətlərinə toxunan bir
şey varmı? Birağızdan cavab verirlər ki, "Yoxdur,
əsla yoxdur" və başlayırlar israr etməyə ki,
"Qardaşlar, deyin görək, biz sizə nə
bağışlayaq?"
Bu macəra mətbuata da çıxır və ləzgilərin
seyr elədikləri məşqdən nə qədər məmnun
qaldıqları "Tərəqqi" qəzetinin ayrıca məqaləsində
də əksini tapır. Bu minvalla benefisə
qanqaraçılığı qata biləcək təhlükənin
qarşısı alınır.
"Tərəqqi"
qəzeti 1908-ci il noyabr ayının 26-da xəbər verirdi
ki, bu axşam "Nicat" cəmiyyəti xətti ilə
Tağıyev teatrında Hüseyn Ərəblinskinin benefisi
olacaq, "Qəzavat" oynanacaq. Qəzet əvvəlcə
Hüseyn Ərəblinskinin tərcümeyi-halını verir,
onun sənət yolundan bəhs edir və əlavə edirdi ki,
dünyanın qabaqcıl ölkələrində mədəni
xalqlar bu cür müqtədir sənətkarların benefislərini
əsl xalq bayramına çevirir, toplanan vəsaitin
böyük hissəsini də həmin aktyora hədiyyə
edirlər. Ona görə də qəzet əhalini
axşamkı benefisdə zalı tamaşaçı ilə
doldurmağa səsləyirdi.
Benefis baş tutmuşdu, tamaşa uğurla
oynanmışdı və sonrakı günlərdə mətbuatda
- "Tərəqqi"də, "Bakinskaya Exo"da, "Tərcüman"da
və digərlərində təqdirli yazılar dərc
edilmişdi, "Qəzavat" tamaşası
bütövlükdə və rejissor işi, ayrı-ayrı
aktyorların ifası bitdə-bitdə təhlil edilirdi. Xəbislərin
pəl vura bilmədiyi bayram alınmışdı və bu təntənədə
mətbuatın məxsusi payı vardı.
Bu gün həmin əyyamların - XX əsrin əvvəllərinin
mətbuatını qaldırıb teatr xəbərlərini
oxuyanda istər-istəməz nigaran düşüncələrə
də dalmalı olursan. Saralmış qəzetləri vərəq-vərəq
çevirirsən, elə bir tamaşa yoxdur ki, hər dəfə
onun barəsində bir neçə yazı dərc edilməsin.
Məqalələr fərqlidir - dərini var, dayazı var, ədalətlisi,
bəzən insafsızı gözə dəyir, hansındasa
təhlillərdəki peşəkarlığa söz ola bilməz,
hansılarındasa qərəz sezilir. Lakin əsas olan budur
ki, mətbuat teatra biganə deyil, hər qəzet, jurnal öz
bacardığı səviyyədə çalışır
ki, tamaşaların, aktyorların qiymətini versin. Bu illərin
qəzetləri ona da şahidlik edir ki, hətta aktyor qüdrəti
yekdilliklə qəbul olunan Hüseyn Ərəblinski kimi nəhəng
haqqında da heç də həmişə yalnız müsbət
yazılar dərc edilməyib. Tutaq ki, "Nadir şah"
oynanıb, üzdən təsvir edib keçmirlər, hər
məqam ətrafında gəzişirlər, diqqət edirlər
ki, Ərəblinski ilk pərdələrdənecə
oynayırdı, son pərdələrdə necə idi. Bəzən
əvvəlki pərdələrdə olan ifa təriflənir,
aktyor göylərə qaldırılır, amma son pərdədə
oyunun nisbətən sönük olduğu da nəzərdən
qaçırılmır, işarə edilir ki, sanki bu, həmin
Ərəblinski deyildi. O çağın qəzetlərində
belə rəylər də var ki, suflyordan istifadə etməməyi
özü üçün bir xətt olaraq tutmuş
Hüseyn Ərəblinskini hansı tamaşadasa mətni
yaxşı mənimsəmədiyinə görə
qınayır. İnsandır, əlbəttə, ola bilərdi
ki, təzə əsərmiş, aktyorun vaxtı
çatmayıbmış, ya ayrı səbəblər
ucbatından hələ mətni yaxşı əzbərləyə,
həzm edə bilməyibmiş. Mətləb budur ki, mətbuat
güzəştə getmir, aktyoru daim məsuliyyətli, səfərbər
olmağa vadar edir ki, gendən baxan tələbkar gözlər
var, bir ləhzə də sustalmaq, tempdən düşmək
olmaz. Qəzetdə özü haqqında, öz ifası barədə
müsbət bircə cümlə oxuyanda aktyor fərəhlənirdi,
ikiqat ilhamla növbəti tamaşaya
hazırlaşırdı. Tənqidlərsə onları
özlərini yığışdırmağa, növbəti
tamaşalara daha ciddi hazırlaşmağa səsləyirdi. Mətbuat
bir barometr kimi idi, səmtləndirici, yolgöstərici idi.
Üstündən 100 ildən artıq bir zaman keçib,
inkişaf edərək haralara gəlib
çatmışıq! İndi teatrlarımız çox, hər
teatrımızda da nə qədər aktyor. Qəzetlərimiz,
saytlarımız da kefin istəyən qədər. Ancaq mətbuatın
teatra, sənətə bir əsr əvvəlki diqqəti ilə
indikini heç müqayisə etməkmi olar?!
Aktyorun, sənətkarın dərmanı, vəcd
qaynağı alqışdır. Mətbuat o
alqışın bir çeşididir, bəlkə daha təsirli,
daha vacib bir növü. XX əsrin əvvəllərinin mətbuatı,
o yazılanlar olmasaydı, bu gün biz Ərəblinski və
məsləkdaşlarını belə yaxından, belə
aydın görə bilərdikmi?!
O köhnə aktyorlar zümrəsindən olan
Əlabbas Rzayev də vardı. Ömrünün
axırınacan həmin çağlarda
çıxmış "Qafqaz" qəzetinin bir nömrəsini
əziz yadigar kimi saxlayırdı. Orada heç adı da yox
idi, amma orada özünün olmasını ki bilirdi! Söyləyirdi
ki, Tiflisdə tamaşa oynayırdıq, sonra "Qafqaz"da
Hüseyn Minasazovun bu haqda məqaləsi dərc edildi.
Tamaşanı bütövlükdə tərifləyirdi,
yazmışdı ki, Hüseyn Ərəblinski də
yaxşı oynadı, amma qəribədir ki, onun
danışığında Bakı ləhcəsi aşkarca
hiss olunurdu, gərək belə olmayaydı.
Əslində Hüseyn Ərəblinskinin nitqi həmişə
təmiz ədəbi dildə olar, ifasında zərrəcə
şivə duyulmazmış, başqalarının da
ifasında belə məsələlərə hədsiz
vasvasılıqla yanaşanmış. Əlabbas Rzayev bu qəzeti
ona görə saxlayıbmış ki, həmin sözlər əslində
onun haqqında idi. Xatırlayır ki, həmin tamaşada
Ərəblinski rejissor idi, heç səhnədə deyildi,
rolu mən oynamışdım, afişada da adım
"Avarski" kimi yazılmışdı, yəqin, qəzetdəki
yanlışlığa da səhnə təxəllüslərinin
səslənişindəki oxşarlıq bais olubmuş.
Beləcə, hətta yanlışlıq ucbatından
adı qəzetə düşməyəndə də,
söhbətin ondan getdiyini bilən aktyor o illərin
yazılı sənədi olan qəzeti təbərrük kimi
qoruyub saxlayırdı. Çünki bunların hər biri
ömür qəlpələri, yaşanmış mübarizəli
həyatın səhifələri idi.
...Ərəblinskinin çox gur, təlqinedici,
aydın səsi varmış. Böyük arzusu imiş ki, bu
səs yalnız Azərbaycan səhnələrindən
ucalmasın. O dövrdə Rusiyanın müxtəlif şəhərlərində
məşhur teatrlar, o teatrlarda çalışan bir-birindən
qüdrətli aktyorlar vardı. Ürəyindən
keçirmiş və bunu da çox dostlarına söyləyirmiş
ki, rus aktyorlarla birlikdə həmin teatrlarda oynamaq, daha da tərəqqi
edib kamilləşmək istəyir. Özündən daha
cavanlara, səhnəyə yeni gələn gənclərə
tövsiyə edərmiş ki, ruscanı yaxşı öyrənin.
Deyirmiş ki, mən ruscanı daha yaxşı bilsəydim,
çoxdan o teatrlarda oynayardım, böyük aktyorlarla bir
yerdə işləməklə təcrübələrim,
biliklərim, qabiliyyətlərim daha da cilalanardı.
Gerçəkdə Ərəblinskinin ruscası rəvan idi və
rusca yazışmalarında da bu dili gözəl bildiyi görünməkdədir
- həmin məktubları qəşəng xətlə,
sağlam ruscada yazıb, rusca danışığı sərbəstmiş.
Ancaq özünə qarşı tələbkarlığı
elə yüksək idi ki, səhnədəki nitqini
bütün xırdalıqları ilə bir xalis rusun gözəl
tələffüzü səviyyəsinə
çatdırmağı umurmuş.
...Səhnədə olduğu müddətdə
Hüseyn Ərəblinski dəfələrlə ölüm təhlükəsi
ilə üzləşmişdi. Bir sürü nadan və rəzil
onu həyatdan götürəcəkləri ilə hədələyirdi.
Qorxutmağa çalışırdılar ki, teatrdan
aralansın, səhnəyə çıxmasın, aktyorluq eləməsin.
Aktyor yoldaşlarının birinin xatirəsi qalır. Deyir,
günlərin birində Ərəblinskigilə getmişdim.
Güzgünün aşağı hissəsində divarda bir
ovuq gördüm, soruşdum ki, bu nədir? Dedi ki, güllə
atmışdılar, məni öldürmək istəyirdilər,
onun çapığıdır qalıb.
Bu və buna bənzər ölüm təhlükələri
ilə dəfələrlə göz-gözə gəlmişdi,
amma 1913-cü ilin avqustunda həyat onu daha ağır
sınağa çəkir. Bu dəfə gerçək
ölüm təhlükəsi qarşısında qalır və
daha buna məhəl qoymamaq mümkün deyildi.
Ayrı-ayrı kəmşüur insanların hərbə-zorbalarını
qulaqardına vura bilərdi. Ancaq budəfəki "hədə"
elə həddə idi ki, ona laqeyd qalmaq olmazdı. Bu, təbiətin
vahiməli hədəsi idi. O, vərəm xəstəliyinə
tutulmuşdu.
1913-cü il avqust ayının 21-də "Səda-yi
həqq" qəzeti narahat məqalə dərc etmişdi:
"Səhnə qurbanı".
Və bu adın özündə artıq bir
ümidsizlik vardı. Həqiqətən də, vərəm o
dövrdə ən dəhşətli xəstəliklərdən
sayılırdı. Nəinki XX əsrin əvvəlində, hələ
sonrakı bir neçə onildə də vərəm
nicatsız azarlar sırasında idi. Babat imkanın
olmasaydı, güclü müalicə alıb gen-bol qidalanmasaydın,
vərəmin səni aparması labüd idi. Nə qarın
dolusu yemək üçün cibində pul vardı, nə
müalicə almaq üçün yetərli vəsaiti.
Yardım edən, güclü bir dəstək verən olmasa, əlbəttə
ki, xəstəlik axırına çıxacaqdı.
"Səda-yi həqq" qəzeti məlum Ərəblinskini
bir dətanıdırdı. Yazırdı ki, Hüseyn Ərəblinski
yaxşı aktyorların Avropada çatdığı səviyyəyə
yetişmiş bir sənətkardır. Qəzet xalqa üz
tuturdu, millətin kömək etməyə gücü
çatanlarına səslənirdi ki, Ərəblinskiyə
dar macalda yardım eləmək lazımdır. Yazırdı
ki, Hüseyn Ərəblinski indi Suxumda, ya Abastumanda
yaxşı müalicə olunarsa, əlbəttə ki,
sağala bilər. Ona görə də imkanlı adamlar
köməyini əsirgəməsin.
Bu həyəcanlı günlərdə digər qəzetlər
də, Azərbaycan ziyalılığı da səs-səsə
vermişdilər. "İqbal" qəzeti də bir daha
Ərəblinskinin kimliyindən söz açırdı. Onun
Azərbaycan səhnəsi və Azərbaycan mədəniyyətində,
Azərbaycan insanlarının gözünün
açılmasında hansı böyük xidmətləri
olmasından ətraflı bəhs edirdi. "İqbal" qəzeti
1913-cü il 25 avqust sayında yazırdı ki, Hüseyn
Ərəblinskinin Abastumanda, ya Suxumda müalicə alaraq tamam
sağalmasından ötrü 700 manat pul lazımdır.
Xeyriyyə cəmiyyətlərinə, qeyrətli azərbaycanlılara
sual eləyirdi ki, doğrudanmı bir böyük sənətkarı
xilas etmək üçün bu vəsaiti tapmaq mümkün
olmayacaq? Növbəti sayında "İqbal" qəzeti həmin
mövzuya bir də qayıdırdı. Yazırdı ki, bizim
biganəliyimizin nəticəsidir ki, Sabir kimi bu qəbil nəhəng
övladlarımızı itirə-itirə gedirik.
Elə həmin avqust günlərində rusca
çıxan "Baku" qəzetində Hüseyn Minasazov da
böyük aktyorun xəstəliyi ilə bağlı təşvişini
əks etdirən məqalə yazmışdı, ürəkgöynədən
bir məqama da toxunurdu ki, sən demə, hətta Hüseyn
Ərəblinskinin ölüm ayağında olduğu o
günlərində də hansısa idbarlar yenə mətbuatda,
ayrı-ayrı dairələrdə onun əleyhinə cürbəcür
dedi-qodular, qeybətlər yaymaqda davam edirlərmiş.
Hüseyn Minasazov ad çəkmədən o xəbislərə
üz tuturdu ki, Ərəblinskinin işi-peşəsi
yaratdığı parlaq obrazlar vasitəsilə Azərbaycan
insanını dünya ədəbiyyatının ən
gözəl nümunələri ilə tanış etməkdən
ibarət olub, sizin o nəcibliyin müqabilində minnətdarlığınız
budurmu? Töhmətləyirdi ki, yaraşarmı bir
ayağı burada, bir ayağı o dünyada olan insan
haqqında belə günlərin içərisində də
bu cür sözlər yazırsınız?
Və o illərin mətbuatını qaldıranda
ürəksevindirən bir cəhətə hər halda
şahid oluruq. Qəzetlərin böyük əksəriyyətində
həmrəylik var. Əksər ziyalılar Hüseyn Ərəblinskini
ölümün cəngindən xilas etməyə
çağırırlar və 1913-cü il avqust
ayının 31-də "Baku" qəzetində Hüseyn
Ərəblinskinin özünün balaca bir yazısı dərc
edilir. Hüseyn Ərəblinski bu məşum günlərdə
dəstək göstərən, narahatlığını
ifadə edən bütün insanlara təşəkkürünü
izhar edir və ardınca da yazır ki, artıq məsələ
həll olunub. Murtuza Muxtarov cənabları 700 manatı ödəməyi
öhdəsinə götürüb və bunu da vəd edib
ki, sonrakı müalicə xərclərini də
qarşılayacaq.
Və onun müalicəsini başa vuraraq Bakıya
sağ-salamat qayıtması haqqında da qəzetlərdə
soraqlar var. "İqbal" qəzeti 1913-cü il dekabr
ayının 19-da ayrıca məqalə dərc etmişdi:
"Hüseyn Ərəblinskinin Bakıya vürudi".
Yazırdı ki, Hüseyn Ərəblinski müalicəsini
başa vuraraq, tamamilə sağalaraq Bakıya qayıdıb,
hətta bir az kökəlib. Və yaxın günlərdə
yenidən səhnəyə çıxmaq əzmindədir.
Hüseyn Ərəblinski Suxuma müalicəyə
sentyabrın 1-də getmişdi. Əvvəlcə vəziyyəti
ümidsiz kimiymiş, çünki o dövrün qəzetlərində
ilk günlərdə vəziyyətinin ağır olması
haqqında da xəbərlər dərc edilir. Ancaq ayın 20-də
artıq durumu nisbətən yüngülləşir. Elə
azacıq dirçələn kimi Bakıya məktub göndərir.
Hüseynqulu Sarabskiyə yazır ki, sizdən ötrü
çox darıxıram. Bir-bir bütün aktyor
yoldaşlarını soruşur.
Ərəblinski səhnəyə elə bağlı
idi ki, onu teatr həyatından yalnız heysiz vücudunu
çarpayıya yıxan ağır xəstəlik ayıra
bilərdi. İndi o xəstəliklə də məhz ən əvvəl
yenidən teatra qovuşmağın xatirinə ikiqat mübarizə
aparırdı.
Sentyabrın 20-də, həmin məktubu
yazdığı vaxt hələ sağalması çox
uzaqdadır. Ancaq yenidən səhnəyə çıxmaq,
yenə sevimli rollarını ifadə etmək eşqi bu məktubun
hər sətrində duyulmaqdadır.
30 may 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2024.- 1 iyun,№96.-S.14-15.