Ədəbi köşk: Nə var,
nə yox?
Bizi biabır edənlər kimlərdi?
Beynəlxalq festivallara gedənlərin siyahısında
nadir hallarda dəyişikliklər olur; bəlli simaların
müxtəlif ölkələrdən şəkilləri
mütəmadi sosial şəbəkələri, saytları bəzəyir.
Onların arasında layiqliləri az deyil. Amma...
Ammasını Ulucay Akif yazıb: "Çox
xahiş edirəm, beynəlxalq tədbirlərdə,
festivallarda ölkəmizi təmsil etməyə "tupoy"
adamları göndərməyin. Heç olmasa ölkəmiz
haqqında məlumat verəndə, danışanda
kağızdan oxumasınlar. Ayıbdı axı. Adam vərəqə-zada
baxmadan öz ölkəsinə aid on sanballı cümlə
deyə bilmirsə, nə iti azıb beynəlxalq festivalda? Niyə
bizə tupoy kimi baxmalıdır xaricilər? Ayıbdı!
Dünya görüşü olan, çox demirəm, heç
olmasa 5-10 kitab oxumuş adam göndərin göndərəndə..."
lll
Şəklimizin arxaya vurulmağının tarixçəsi
Son illərin nəşrlərində müəllifin
şəkli kitabın arxasına vurulur. Köhnə kitablarda
isə şəkillər, adətən, əvvəldə
olurdu. Bunun səbəbini düşünürdüm.
Həmid Piriyevin nəql etdiyi əhvalat bu dəyişikliyin
həm qəmli, həm də yumoristik tarixçəsidir:
"Qılman İlkin danışırdı ki, mən
"Azərnəşr"in direktoru olanda Əlağa Vahidin
"Qəzəllər" kitabı çap olunmuşdu.
Kitab çıxanda Vahid yanıma gəldi. Soruşdu ki, kitaba
nöş şəklimi vurmayıblar? Dedim, bilmirəm.
Kitabın rəssamını çağırtdırdım.
Rəssam girdi kabinetə. Soruşdum ki, Vahidin kitabına
nöş şəklini vurmamısan? Vahid üzü mənə
tərəf oturmuşdu deyə, rəssam onu görmədi.
Dedi ki, əşi o əntərə oxşayır, nə
şəklini vurum? Vahid ona tərəf dönüb dedi ki, əntərəm,
onda şəklimi kitabın qabağına yox, dalına
vuraydın".
Vahid, indi hamımızın şəklini kitabın
dalına vururlar...
lll
Çağdaş poeziyamızın
"qoca"Imış gənc şairləri...
Son zamanlar deyinənlər arasında Tural Cəfərlinin
də yaşıl işığı yanıb. Xub... Amma bu da
qocalmaq əlamətidi, gərək, unutmasın... Bu dəfə
cavanların ahıl şeirlər yazmasından bəhs edib:
"Baxırsan, istedadlı, məlumatlı, bir az da
diribaş bir cavan şairdir, ancaq yaşına, başına,
həyat təcrübəsinə uyğun olmayan müdrik
şeirlər yazmağa çalışıb. Oxuyursan və
anlayırsan ki, adam diqqət çəkmək istəyir,
cavan yaşında "müdrik" olduğunu göstərmək
istəyir. Ancaq bu işin də öz həddi var axı. Nəyə
lazımdı özünü dolaşığa, düyünə
salasan. Axı sən hələ cavansan, bu nə tələskənlikdi,
bu nə qaçaqaçdı? Olmur, belə olmur. Akademik
yazmaq hər yer üçün uyğun deyil. Şeir sadə,
həm də səmimi, təbii, müəllifin əyniyə-başına
uyğun olmalıdır".
"Yuxu" filmi yadıma düşdü:
"Baş üstə, ağa naçalnik, bundan sonra yuxu
görəndə sizdən icazə alarıq".
lll
Dərdi gözdən salan yazıçılar...
Babək Məmmədli gec gəlib güc gələnlərdəndi.
Müşahidələri də amansızdı. Üç
kateqoriyadan bəhs edib. Üçündə də həqiqət
payı var: "Ortabab yazıçılarla dostluq etməyin.
Siz onlara dərdinizi danışacaqsınız, onlar
üçün içinizi qarsayan bu kədər hansısa
ortabab hekayə detalıdır. Yazıb o cür dərdi də
gözünüzdən salacaqlar. Bacarın, böyük
yazıçılarla dostluq edin; Sabir Əhmədli kimi,
İsi Məlikzadə kimi, Mövlud Süleymanlı, Yusif Səmədoğlu
kimi. Onlar səni sadəcə dinləyəcəklər.
Böyük yazıçılara sənin banal, sentimental
duyğuların yazı predmeti kimi görünmür. Ən
yaxşı halda bu dərdə dərman ola biləcək
bir-iki cümlə söz şəfqətlərini əsirgəməzlər.
Bacarın ortabab şairlərlə dostluq edin heç
olmasa. Onlar istədikləri şeiri alındırana kimi bu dərdə
gecə səhərə yüz dəfə səmimi
ağlayacaqlar.
Hibrid tiplər də var; Həm şair, həm
yazıçı olanlar. Onlar adamı karuseldə
fırladırlar, konkret".
lll
Rafiq Tağıdan bixəbər alim...
Ən yeni dövr Azərbaycan nəsri ədəbiyyatşünaslığın
predmetinə çevrilmir. Təbii ki, bir sıra istisnalar var.
Ümumi mənzərə ürəkaçan deyil. Yəqin,
bunun üçün həmin mətnlər qocaman alimlərimizin
yaşına çatmalıdır. Fəqət onda da "ən
yeni dövr" adını itirəcək. Köhnə mətnlərdən
bəhs etməklə yanaşı, öz müasirlərini də
heç oxumurlar. Bəs nə edirlər?..
Rasim Qaraca yazır: "Bu gün sərgidə bir
xanımla tanış oldum, elmi dərəcəsi var,
müasir Azərbaycan ədəbiyyatını
araşdırır. Əlimin altında Rafiq Tağının
kitabları olduğu üçün maraq naminə
soruşdum, Rafiq Tağını tanıyırsızmı?
Bir az fikirləşdi, yox, tanımıram dedi. Heç
adını da eşitməmişdi. Hal-hazırda nəyin
üzərində işlədiyini də soruşdum. Şəhidlər
haqqında kitab yazıram dedi. Məncə, bu epizod Azərbaycan
elminin bugünkü mənzərəsini aydın göstərir.
Qadının ümumiyyətlə mövzudan xəbəri yox
idi. Ancaq mötəbər bir elmi institutda işləyirdi..."
Təəssüf...
lll
Yazan çox, oxumağa heç nə
tapılmır...
Hüquqşünas dostumuz Rəhim Xoyskinin bir statusunu
oxudum: "Neçə gündür axşamlar
çağdaş yazarlarımızı oxuyuram. Gəldiyim qənaət
odur ki, oxuduqlarımın əksəriyyəti mütaliə
etdiyindən çox yazır. Əlbəttə, yaxşı
nümunələr də var.
Pis demək olmur, "wow" da deyil. Hiss olunur ki,
mövzularda azadlıq yoxdur. Sanki seçim qoyulmuş
mövzularda məcbur yazırlar. Yazarın ideologiyası
yoxdursa, mənə elə gəlir ki, deməyə
sözü də yoxdur. Mesaj nədir, nə demək istəyirdi,
mücərrəd qalır".
Mark da çoxbilmişdi. Bu statusun həmən
ardınca İradə Tuncayın fikirləri
göründü: "Yazanlar çoxdur. Çoxunuz təsdiq
edərsiniz, işdə, evdə, küçədə, bacada
tanış-bilişlə rastlaşanda hərə
üstü təmtəraqla yazılmış bir kitab
uzadır. İndi hamı kitab yazır. Hər kəsin ürəyində
yazdıqlarıyla əbədiyyətə qovuşmaq arzusu
var. Çünki son zamanlar yazdıqlarından tək-tək
adamlar pul qazana bilir. Şöhrət olmaq şansı da ki,
çox azdı. Demək, bu insanlar gələcəyə
arxayındılar. Sən də bu kitabları
götürüb ürəyində fikirləşirsən ki,
onsuz da oxumayacam, üstünə toz yığılacaq,
növbəti maklatura. Heyif kağızdan. Və həm də
fikirləşirsən ki, bizdə nə vaxt nəşriyyat
işi formalaşacaq, zövqlü naşirlər yetişəcək
ki, kitabın üstündə müəllifdən əvvəl
nəşriyyatın loqosunu görüb arxayın olasan - hə,
bu, ciddi bir ədəbi nümunədir, oxumaq olar. Bu da mənim
gələcəyə yönəlik arzularım".
Gözəl arzudur, İradə xanım, özü də
çox gözəl...
lll
"Artıq sən bayağı şeylər yaza bilməzsən!.."
İlham Əziz 50 yaşına yaxın ədəbiyyata
gəlib. Bu gecikmiş gəlişin kəm-kəsirini 3-4 ilə
bağlamaq arzusundadı. Odur ki, dayanmadan mütaliə edir və
fikirlərini bölüşür: "Uilyam Folknerin
"Avqust işığı" romanını oxuyanda
yazıçının mətndə Allah kimi
yaratdığına əminliyi məni valeh edir. Məşhur
məsələ var, deyir ki, sən təxəyyülü
reallıq, reallığı təxəyyül kimi yazanda əsər
dəyərli olur. Bu kişidə haqq-hesab ayrı
cürdü. Bu mətni diktə edir, sənə oxutdurub təsdiq
etdirir. Hər cümlə ibadət kəlmələri, dua
kimi alt şüura hopur. Folkner yazıçı qorxudan sənətkardı.
Nəsri adama oxu deyir, yazma deyir. Oxuduqca elə bilirsən
dünyada bir mətn var, o da bu mətndi. Amma bir duyğu da
içimə yayılır ki, belə nasirləri oxumaq ruhunda
redaktor yaradır, artıq sən bayağı şeylər
yaza bilməzsən. Ədəbiyyat nəfisdir, gözəldir".
lll
Bir hərfin qondarmalığı haqqında
Türkiyə türkcəsinin təsirinə
düşən qələm adamlarımızın dili
çox vaxt korlanır. Baxırsan ki, sözlər
hamısı azərbaycancadır, amma ümumilikdə cümlə
türkcədir. Türkcənin sintaksisi, intonasiyası bəzən
mətnin ecazına, quruluşuna xələl gətirir. Yersiz
ifadələr qulaq deşir.
Orxan Həsəni də "filan-falan" mətləbi
barədə söhbət açıb: "Dil prosesdir. Daim hərəkətdədir.
Uzun sürən zaman içində nələrsə alır,
itirir. Buna təbii axar kimi baxmalıyıq. Lakin son illər
dildə "filan" sözünün "falan"a
çevrilməsi mənim çox acığıma gəlir,
qanım qaralır. Dərd azmış kimi bir də bu
"filan".
Səbəb Türkiyə türkcəsinin dilimizə
təsiridir. Hərdən-hərdən mən də bu dilin təsirini
danışığımda hiss edirəm. Təəssüf
ki, oxuduğum kitabların 60, baxdığım filmlərin 90
faizi Türkiyə türkcəsindədir. İstər-istəməz
təsirlər görünür.
Bəzən düşünürəm ki, bir hərflə
nə dəyişəcək? "Filan" deməyək
"falan" deyək və bu vaxta qədər hansı əsərdə,
yazılı materialda "filan" varsa, dəyişək,
"falan" olsun. Molla Pənah Vaqifin möhtəşəm
bir şeiri çıxdı qarşıma və başa
düşdüm ki, bu, mümkün deyil. Xalqa və ya xalq
dilinə yaxın müəllifin ruhundan qopan bircə hərfi
də dəyişmək iqtidarında deyilik. Estetika həmən
pozulur. Uzun illərin məntiqi nəticəsi kimi dilə hopan
qanunların dəyişməsi yenə zaman istəyir. Vaqifin
bəndi aşağıdakıdır:
Başına döndüyüm, toy adamları,
Siz də deyin toya gələn oynasın.
Adını demirəm eldən ayıbdır,
Filankəsin qızı, "filan" oynasın.
Və ya Füzuli "Leyli və Məcnun"da
yazır:
Bihudədir ol qamu fəsanə; Kim, aşiqdir
"filan" filanə.
Di gəl, burdakı "filan"ları
"falan"a çevir. Mümkün deyil. Dil ecazkar hadisədir.
Doğrudan da, belədir".
lll
Təzə nə var?
Puşkinin 225 illiyi Azərbaycan Yazıçılar
Birliyində qeyd olunub.
lll
"Crescent Mall"ın dördüncü mərtəbəsində
"Əli və Nino" mağazası fəaliyyətə
başlayıb. "Əli və Nino" mağazalar şəbəkəsinin
rəhbəri Nigar Köçərlinin sözlərinə
görə, mağazada uşaqlar üçün oyun-əyləncə
guşəsi də unudulmayıb.
700 kvadratmetrlik mağaza "Əli və Nino"
şəbəkəsinə daxil olan ən böyük
mağazadır.
Uğurlar!
lll
Firuz Mustafanın sualı var:
"Düzü, mən bilmirəm özlərini yazar
adlandıran bu bəzi cahil canlılarda bu qədər
kin-küdurət, nifrət, qəzəb, bir sözlə,
sağalmaz azar haradan qaynaqlanır... Bəlkə siz biləsiz,
dostlar".
Mən bilmirəm. Bəlkə siz bilirsiz?
lll
Allahşükür Ağa sosial xora öz təbirincə
cavab verir:
"Baxıram ki, hamı şeir yazır. Lap
yaxşı eləyir. Əcəb eləyir. Əlinin
içindən gəlir. Sənə nə?"
Həqiqətən də... Bacarırsan, sən də
yaz...
lll
Rəbiqə Nazimqızının sualı isə lap
çətin oldu:
"Feysbukdakı şəkillərdə nə qədər
şair var (Vurğu ikinci sözə düşür).
Baxıram ki, hamısı da festivallardakı
çıxış saatlarını reklam eləyirlər.
Vallah, paxıllıq eləmirəm, sadəcə,
maraqlıdı, şair varsa, şeir hanı?.."
Axtarışa hardan başlayaq?
Hazırladı: Nadir YALÇIN
525-ci qəzet .- 2024.- 1 iyun,№96.-S.13.