Şəhriyar Məmmədyarova niyə
təşəkkür düşür?
Ötən həftə şahmatçı Şəhriyar
Məmmədyarovun yutub kanalında yayımlanan
"Persona" verilişində qadınların çox sahədə
kişilərdən zəif olması barədə səsləndirdiyi
fikir sosial şəbəkələrdə sərt tənqid hədəfinə
çevrildi və gender bərabərliyi konsepsiyasına zidd düşüncə
kimi qiymətləndirildi.
Bəlkə də başqa vaxt, tutalım, 5-6 il
öncə mən də Şəhriyar Məmmədyarovu tənqid
kampaniyasına qoşulardım, hətta onu "linçləyənlərdən"
biri olardım. Lakin yaş, həyat təcrübəsi baş
verənləri, emosiyalardan arınaraq, küysüz, soyuqqanlı
təhlil etmək imkanı verir. Bu mənada
şahmatçının qadınlar haqda ümumiləşdirilmiş
fikirləri məni bir qadın kimi nəinki narahat eləyir, hətta
mühafizəkar baxışını publik şəkildə
dilə gətirdiyinə görə ona minnətdarlığımı
bildirmək istəyirəm.
Ona görə ki, fərqli fikirləşənləri
sosial şəbəkələrdə linçləyən,
psixoloji zorakılığa məruz qoyan
"liberallar"ın cəmiyyətdə qol-qanad
açmamasından ötrü, onların standartlarıyla uyğunlaşmayan əks
fikirləri ucadan söyləmək mütləq şəkildə
vacibdir. Ona görə ki, "liberallar" "hamı eyni qəlibdə,
düşüncədə olmalıdır" kimi təhlükəli
virus yayırlar. Ona görə ki, onların mövqeyini dəstəkləməyən
fikirlərə dözümsüzdürlər, normal polemika
aparmaq əvəzinə infantil isterika nümayiş etdirirlər,
özlərini hamıdan mənəvi cəhətdən üstün
sayırlar, müxtəlifliyi həzm edə bilmirlər. Nəticədə
Qərbdə elə vəziyyət yaranıb ki, ən
nüfuzlu intellektual belə "liberalların" mövqeyilə
razılaşmayanda susmağa məcburdur, ona görə ki,
kütləvi hücumdan, işini itirməkdən, cəmiyyətdən
qovulmaqdan çəkinir. Dəfələrlə
olub ki, istər xaricdə, istərsə də bizdə
hansısa ictimai şəxs sosial şəbəkələrdə
mühafizəkar fikir səsləndirəndə, feministlər,
gender bərabərliyi tərəfdarları məntiqli, mədəni
müzakirə aparmaq əvəzinə, həmin adama
qarşı emosional, psixoloji basqı göstəriblər.
Yaxud, mühacirət edən azərbaycanlılar şəxsi
yazışmalarında Qarabağın işğaldan azad edilməsinə
sevinsələr də, "liberalizmin" basqısı ilə
sosial şəbəkə paylaşımlarında
sığınacaq aldıqları ölkələrdən
deportasiya olunmamaq üçün müharibəni lənətləyirlər.
Belə davranış, nasizmin "liberal" libasda meydana
çıxmış yeni formasıdır. Və bizim
"liberallar"ın virtual dünyadan reallığa
çıxmasına mane olan faktorlardan biri cəmiyyətdə
mental düşüncənin, mühafizəkarlığın
dominantlığıdır.
Jurnalist kimi mən aktiv fəaliyyətə "525-ci
qəzet"də başlamışam. Fəaliyyətim dövründə
mühafizəkar dəyərlərə,
ağsaqqal-ağbirçək təsisatına qarşı
xeyli tənqidi, üsyankar məqalələr yazmışam.
Lakin müasir "liberalizmin" sırtıqlığı,
fikir müxtəlifliyini axtalama cəhdləri ilə bağlı
müşahidələrim, oxuduğum analitik yazılar zamanla
məni bu üsyankarlıqdan çəkindirdi...
Şəhriyar Məmmədyarovu fikirlərinə
görə seksist, ibtidai düşüncəli insan kimi dəyərləndirən
adamların əsas qismi qəzəbli mətnlərində,
onun gender bərabərliyinə hörmətsizliyini
vurğulayırlar. Şəhriyar Məmmədyarovun
müsahibəsindən həmin hissəsini dinlədim; o, təmkinlə,
təhqiramiz tona yol vermədən fikirlərini
bölüşür, qadınların təhsil almaq,
arzuladıqları sahələrdə özünü realizə
hüququna qarşı çıxmır, sadəcə, bir
ümumiləşdirmə aparır.
Şəhriyar Məmmədyarova opponentlik edənlərin
başlıca arqumenti budur ki, əsrlər boyu kişilər
qadınlara bərabər imkanlar yaratmadığından onlar
öz istedadını, güclü tərəflərini
göstərə bilməyiblər. Söhbət sənətdən
gedirsə, kinotənqidçi kimi deyim: digər incəsənət
növləri ilə müqayisədə kinematoqrafiya çox
gəncdir. Kinodilinin təkamül tapdığı, ciddi sənət
kimi qəbul edildiyi illərdə artıq qadınların
çox hüquqları tanınmışdı və onlar bu
sahədə fəaliyyət göstərirdilər.
Dünyanın on, iyirmi, lap əlli ən yaxşı
kinorejissoru siyahısını tərtib eləsəm, ora
heç bir qadın rejissorun adını salmaram. Əlbəttə
ki, filmoqrafiyasında əla filmlər yer alan qadın
rejissorlar var: Kira Muratova, Larisa Şepitko, Şantal Akerman,
Liliana Kavani, Marqareta fon Trotta, Anyes Varda, Aqneşka Holland və
digərləri. Lakin adını çəkdiyim qadın
rejissorların hamısının birlikdə
yaradıcılığı sənət, kinodili, interpretasiya
meyarları ilə baxsaq, elə təkcə Bunuelin və ya
Antonioninin yaradıcılığına uduzur. Yaxud da aktyorluq
sənətində onlarla parlaq aktrisanın adını
çəkə bilərəm. Hətta maraqlı bir
detalı deyim ki, Karl Dreyerin "Janna Darkın
iztirabları" filmində baş rolu canlandıran Rene
Falkonettinin oyunu bu gün də kinoda ən yaxşı ifa kimi
qiymətləndirilir.
İndi kinoda gender bərabərliyini təmin etməkdən
ötrü vacib festivallara istedadı oldu-olmadı qadın
rejissorları dürtüşdürürlər. Nəticədə,
"Titan", "Hadisə" kimi sözün əsl mənasında
səviyyəsiz, sənətə dəxli olmayan filmlər
mükafat alır...
Cinslər arasıda bərabər imkanların
yaradılmasından söhbət gedirsə, qadınlar da hərbi
xidmətdə olmağı, ağır işlərdə
çalışmağı gözə almalıdırlar. Bu
zaman onlar arasında bioloji, anatomik, fizioloji xüsusiyyətlər
də nəzərə alınmayacaq. Necə ki yaxınlarda
Niderlandda gender bərabərliyi əsas götürülərək
qadınların da orduya cəlb edilməsi barədə qanun
qüvvəyə mindi. Bu gedişlə vəziyyət o həddə
çatacaq ki, qadınlar gender bərabərsizliyindən yox,
gender bərabərliyindən əziyyət çəkəcəklər.
Hər şeydə seksizm əlamətləri axtarmaq
artıq absurdluq həddində təzahür edir. Qərbdə
bir qadın, ona ağır yükü daşımaqda kömək
edən kişini acılayır, bunu şəxsiyyətinin
alçaldılması, hüquqlarının pozulması kimi
başa düşür. Bir qisim qadına isə elə gəlir
ki, onlar kişi kimi davrananda, kişilərin maneralarını
təkrarlayanda gender bərabərliyi yaranır.
Gender bərabərliyinə lazımsız aludəçilik
nəticəsində qadınlar və kişilər təbiətlərinə
xas təbii xüsusiyyətləri itirirlər, gender bərabərliyini
cinssiz bərabərliyə çevirməyə
çalışırlar, tibb elmi isə transgender
qadının (qadına çevrilmiş kişi) doğa bilmək
bacarığına yiyələnməsi üçün
baş sındırır.
...Bu kimi situasiyalar ortaya çıxanda (Şəhriyar
Məmmədyarovun müsahibəsini nəzərdə tuturam)
rus teatr rejissoru Konstantin Boqomolovun bir neçə il öncə
xeyli müzakirələrə yol açan "Avropanın
oğurlanması 2.0. Bir rejissorun manifesti"nə təkrar
qayıdıram. Müəllifə görə, Qərbin
formalaşdırdığı "yeni etika"
ideologiyası hər kəsi politkorrekt danışmağa məcbur
edir, düşündüyünü deməkdən çəkindirir
və insanın mürəkkəb mahiyyəti - təbiətindəki
qaranlıq tərəfləri, qüsurları gözardı
edilir, duyğu azadlığı məhdudlaşdırılır
və nəticədə fərqliliyi, ziddiyyətləri
olmayan ruhsuz insan yaradılır:
"Nasizmin nəticələrini əqli və mənəvi
cəhətdən aşa bilməyən Avropa mürəkkəb
insanı xədim etmək qərarına gəldi. Qərb
özünü fərdi azadlıqların reallaşmasına
istiqamətlənmiş cəmiyyət elan edib. Əslində,
bu gün Qərb fərdə qarşı mürəkkəb və
ağır bir enerji ilə mübarizə aparır. Bu
mübarizədə məhkəmə, təqib və təcridetmə
funksiyaları aradan qaldırılmayıb, sadəcə
dövlətdən cəmiyyətə həvalə olunub.
Polis və təhlükəsizlik xidməti əməkdaşları
tərəfindən təmsil olunan dövlət "humanistləşdirilib"
"insaniləşdirilsə" də, dövlət fərqli
fikirliliyə qarşı effektiv mübarizəsini, hücum dəstələri
rolunu öz üzərinə götürmüş, şərti
mütərəqqi cəmiyyətin köməyi ilə
aparır. Müasir Qərb dünyası "yeni etika"
ideologiyası ilə Yeni etik reyx formalaşdırır.
Keçmişdə nasional-sosializm idi, indi isə
qarşımızda etik-sosializm, kvir-sosializmdir.
"Siemens", "Boss" və "Volkswagen Google", "Apple"
və "Facebook"a çevrilib, "nasistlər" isə
eyni dərəcədə aqressiv və dünyanın tamamilə
yenidən şəkillənməsinə susamış
kvir-aktivistlər, fem-fanatiklər və eko-psixopatların
qarışığı ilə əvəz olunub. Ənənəvi
totalitar rejimlər düşüncə
azadlığını boğurdu. Yeni qeyri-ənənəvi
totalitarizm isə daha da irəli gedərək, duyğuları
idarə etmək istəyir. Bir fərdin duyğu
azadlığının məhdudlaşdırılması -
Yeni etik reyxin inqilabi konsepsiyasıdır.
Nasist cəmiyyətində insan başqalarına nifrət
etsin deyə, it kimi məşqlərə məruz qalır, əhliləşdirilirdi.
Yeni etik reyxdə isə insan sərbəst nifrət etmək
hüququndan məhrum edilərək, sevməyə öyrədilir.
Sən artıq "bəyənmirəm...", "sevmirəm...",
"qorxuram..." deyə bilmirsən. Duyğularını
yalnız ictimai rəy və sosial dəyərlərlə uzlaşdırmalısan.
Sosial media bu yeni repressiv maşın üçün ideal
vasitə oldu. Onun şərti əməkdaşları -
hamısı "hörmətli" və "şəbəkədə"
aktiv vətəndaşlardır. Forma geyinmirlər,
dubinkaları və şok dəyənəkləri yoxdur, ancaq
qadjetləri, obıvatelsayağı iqtidar hərislikləri,
zorakılığa gizli ehtirasları və sürü
instinktləri var. Qanuni hüquqları yoxdur, ancaq mənəvi
üstünlük hüquqları var.
Şəbəkələr bu yeni təcavüzkarlara
anonimlik, təmassızlıq və nəticədə cəzasızlıq
qazandırdı. Virtual izdiham, virtual linç, virtual
qısnama, virtual zorakılıq və sırada addımlamayan
hər kəsin sosial təcrid olunması"...
Yeni etika onu da deyir ki, sən daxilində istədiyini
düşünə bilərsən, amma bunu ucadan səsləndirmək
qadağandır, içindəki senzura daim ayıq-sayıq
olmalıdır. Sən səhv etməməlisən, səhvə
yol verdiyin anda hər şeyini itirəcəksən.
İnsanın səhv etmək və ya inandığı dəyəri,
fikri səsləndirmək hüququnu tanımaq istəməyən
"liberalizm" Şəhriyar
Məmmədyarova bu günlərdə azərbaycansayağı məsləhət verirdi: bir
ziyalı, intellektual danışanda yüz ölçüb
bir biçməlidir, sözünün çəkisini bilməlidir
və s.
..."Ölçülü-biçili
danışmadığına", fərqli
düşündüyünə və əmin olduğu fikirləri
heç nədən çəkinmədən səsləndirdiyinə
görə isə Şəhriyar Məmmədyarova təşəkkür
düşür.
Sevda SULTANOVA
525-ci qəzet .- 2024.- 1 iyun,№96.-S.12.