"Azərbaycan
Avropa həyat tərzinə malik ölkədir"
Səfir Milan Layçak: "Siz ideoloji dini məhdudiyyətləri
olmayan, zəngin mədəni ənənələrlə dolu
dünyəvi ölkəsiniz"
Slovakiyanın Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Milan Layçakın "525-ci qəzet"ə
müsahibəsi
- Cənab səfir, söhbətə Slovakiyanın
Baş naziri Robert Fitsonun bu günlərdə Azərbaycana
etdiyi səfərlə başlamaq istəyirəm. İki
ölkənin əməkdaşlığının irəliyə
aparılması baxımından bu səfər hansı rolu
oynayacaq?
- Baş nazir Robert Fitso Azərbaycan Prezidentinin dəvəti
ilə ölkənizdə rəsmi səfərdə oldu. Bu, cənab
Fitsonun Baş nazir kimi ilk rəsmi səfəri və vəzifəyə
gəldikdən sonra Avropa İttifaqı hüdudlarından kənar
ilk xarici səfəri idi. Səfər əlaqələrimizin
inkişafı baxımından mühüm əhəmiyyət
kəsb edir. Birincisi, biz strateji tərəfdaşlıq
haqqında Birgə Bəyannamə imzaladıq. Slovakiya Azərbaycanla
belə starteji razılaşma imzalayan sayca 10-cu Avropa
İttifaqı ölkəsi oldu. Bu o deməkdir ki, biz əlaqələrin
inkişafında elə səviyyəyə
çatmışıq ki, bunu artıq sənədləşdirməyi
zəruri hesab etdik. Bu sənəd bizim potensialımızı
və əməkdaşlığımızın əsas
istiqamətlərini əks etdirir.
Strateji tərəfdaşlıq sazişi üç əsas
hissəni - siyasi, iqtisadi, mədəni, eyni zamanda elm, təhsil,
turizm, insanlar arasında əlaqələrin qurulmasını əhatə
edir. Bu istiqamətlər əməkdaşlığı
inkişaf etdirmək istədiyimiz əsas vektorları, həmin
sahələrdə potensialımızı necə mübadilə
edəcəyimizi və konkret addımlarla əlaqələrimizi
inkişaf etdirəcəyimizi təsdiqləyir.
İki ölkənin liderləri çox yaxşı əlaqələrə
malikdirlər. Səfər həm də onu göstərdi ki,
ölkələrimiz arasında qarşılıqlı
anlaşma, qarşılıqlı hörmət mövcuddur.
Biz bir-birimizin daxili işlərinə qarışmırıq.
İqtisadi sahəyə xüsusi diqqət yetirməklə,
biz qarşılıqlı maraqlar çərçivəsində
bütün sahələrdə əlaqələrin
inkişafında maraqlıyıq. Bütün bunlar birlikdə
ölkələr arasında çox yaxşı dostluq
mühiti və münasibətlərin gələcəyi
üçün müsbət zəmin yaradır.
Slovakiya nümayəndə heyətinə baş
nazirin müavini və eyni zamanda müdafiə naziri, baş
nazirin müavini və eyni zamanda iqtisadiyyat naziri, xarici və
Avropa işləri naziri daxil idi. Bakıda, həmçinin
40-dan çox iş adamının iştirakı ilə biznes
forum da keçirildi.
Bu səfər çərçivəsində
imzalanan sazişlər iqtisadi əlaqələrin
inkişafı üçün mühüm əhəmiyyət
kəsb edir.
- Hazırda iki ölkə üçün əsas
prioritet istiqamətlərdən biri iqtisadi, eyni zamanda da
energetika sahəsidir. Qeyd edilən mövzularda hansı yeni
inkişaflar var və perspektiv imkanlarını necə qiymətləndirirsiniz?
- Azərbaycanla Slovakiya arasında çox
yaxşı bir-birini tamamlayan iqtisadi bazalar mövcuddur. Bizim
istehsal sahələrimiz ölkəniz üçün
maraqlıdır.
Qeyd edim ki, Azərbaycan qəpikləri Slovakiyada istehsal
olunur. Biz Sumqayıt şəhəri ətrafında və
Heydər Əliyev Beynəlxalq Aeroportundan şəhərədək
avtomobil yolunun iki hissəsini inşa etdik, həmçinin
siqnalizasiya cihazları quraşdırdıq. Minatəmizləmə
avadanlığı, heliportlar üçün mobil qüllələr,
hava limanının idarə edilməsi üçün proqram
təminatının modernləşdirilməsini təmin
etmişik, həmçinin Slovakiyada lokomotivləriniz təmir
olunur, vaqonlarla təchizatı həyata keçiririk.
Gələcək əməkdaşlığın
perspektivlərindən danışsaq, hazırda bizim
üçün qarşılıqlı maraq doğuran
beş sahəni qeyd etmək istərdim.
Birincisi, energetika sahəsidir. Biz Azərbaycan
qazını almaqda çox maraqlıyıq. Bu, əlbəttə
ki, asan deyil. Ötən ilin aprelində "Həmrəylik
halqası" adlı sənəd imzalandı. Bu, Azərbaycan
qazının Slovakiya bazarına nəqli üçün
imkanlar yaradıb. Biz onun vasitəsilə qaz xətti
açmağı planlaşdırırıq. Bu layihənin
icrası maliyyələşmə problemi ilə üzləşir.
Biz problemi başqa vasitələrlə həll etməyin
yollarını tapmalıyıq. Slovakiya çox sıx qaz kəmərləri
şəbəkəsinə malik Avropa ölkələrindən
biridir.
İndiyə qədər qazı Rusiyadan gətirirdik.
"Qazprom"la Ukraynanın "Naftoqaz" şirkəti
arasında müqavilə bu ilin dekabrında başa
çatır. Heç kim bilmir ki, Rusiya qazının Avropaya
nəqli davam edəcək, ya yox. Bunu davam etdirmək bizim
üçün vacibdir, bu, təkcə tələbatla
bağlı deyil. Bizim tələbatımız o qədər
də böyük deyil, bu, 5 milyard kubmetrə yaxındır.
Bununla belə, Qərbi Avropa qaz kəmərləri Slovakiyadan
keçir. Söhbət çox böyük və
güclü qaz kəmərlərindən gedir. Slovakiya vasitəsilə
qazın nəqli davam edərsə, bu, digər ölkələrin
tələbatını ödəyəcək.
Bizi maraqlandıran ikinci sahə müdafiə sahəsində
əməkdaşlıqdır. Bakıda bununla bağlı iki
sənəd imzalandı. Hesab edirik ki, bir ölkənin
özünü müdafiə etmək üçün kifayət
qədər potensialı yoxdursa, o, təcavüzün hədəfinə
çevrilə bilər. Gəlin, Ukrayna nümunəsinə
baxaq...
Hərbi sənayenin, müdafiə sənayesinin
yaradılması mühüm əhəmiyyət kəsb edir,
çünki bu, ölkələrin suverenliyinin qorunmasına
kömək edir.
Slovakiyanın hərbi texnika istehsalında çoxdankı
ənənələri var və Azərbaycan bu texnikaya maraq
göstərir. Bununla bağlı iki ölkə arasında
müxtəlif səviyyələrdə danışıqlar
aparılır, hətta müdafiə sənayesində birgə
istehsalın yaradılması imkanları da nəzərdən
keçirilir.
Mayın ortalarında Slovakiyada hərbi və
müdafiə sənayesi ilə bağlı
"İDEB2024" sərgisi keçirildi. Sərgidə Azərbaycan
Müdafiə Nazirliyinin və Azərbaycan Müdafiə Sənayesi
Nazirliyinin nümayəndələri də iştirak etdilər.
Biz sentyabrda Bakıda keçiriləcək "ADEX2024" sərgisində
iştirak edəcəyik. Heç kim müharibə istəmir.
Müharibədən qaçmaq üçün
özünü müdafiə etməli və
potensialını nümayiş etdirməlisən. O zaman
müdafiə sənayesi də öz məqsədinə
çatacaq.
Üçüncü məsələ Qarabağda əməkdaşlıqdır.
Slovakiya Qarabağda "Ağıllı kənd" layihəsini
həyata keçirən dünyada ilk ölkələrdən
biridir.
Ağdam rayonunun Qərvənd kəndinin yenidən
qurulması Slovakiya şirkəti tərəfindən həyata
keçiriləcək. Aprel ayında işlərə
başlanılan layihə 6 mərhələdən ibarətdir.
Bunun nə vaxt başa çatacağını dəqiq deyə
bilmərəm. Tikinti işləri Azərbaycan şirkətləri
ilə birgə aparılır, layihə təqdim etdik və
o, təsdiqləndi. Layihə Ağdamın bütün
memarlıq ənənələri nəzərə
alınmaqla hazırlanıb.
Biz Qarabağda, həmçinin kiçik su mənbələrinin,
su elektrik stansiyalarının bərpasında
maraqlıyıq. Bu istiqamətdə müvafiq tərəfdaşlarla
danışıqlar aparırıq.
Dördüncü sahə - informasiya kommunikasiya
texnologiyaları (İKT) sahəsidir. Slovakiya innovativ proseslər
və texniki tətbiqlər üçün böyük
potensiala malikdir. Keçən il biz hava limanlarının idarə
edilməsinin müasirləşdirilməsinə dair saziş
imzaladıq.
Hazırda Gəncənin elektrikləşdirilməsi və
Bakıda xəbərdarlıq sistemləri ilə bağlı
layihələr üzərində işləyirik.
Bir sıra digər proqram təminatı tətbiqləri
hazırlanmaqdadır. Slovakiyanın təklifi ilə Azərbaycanın
bu sahədəki tələbi bir-birini çox gözəl
tamamlayır.
Biz İKT sərgi zalının yaradılması
üzərində işləyirik. İş forması hələ
tam müəyyənləşməsə də, o, çevik
fəaliyyət göstərəcək. Təqdimatlar və s.
işlər planlaşdırılır. Təcrübəmiz
deyir ki, bu uğurlu layihə olacaq.
Beşinci istiqamət olaraq qeyd edim ki, Azərbaycan
avtomobil sənayesinin inkişafında çox
maraqlıdır. Slovakiya bütün dünyada avtomobil istehsalı
ilə tanınır. Yay aylarında Azərbaycandan biznes
nümayəndə heyətinin səfəri gözlənilir.
Biz öz təcrübəmizi təqdim edəcəyik və
şirkətlərimizlə əməkdaşlığı nəzərdən
keçirəcəyik. Azərbaycan avtomobil sənayesi qurmaq
istəyir və Slovakiyanın belə imkanları var.
Bundan əlavə, iqtisadiyyat naziri Mikayıl Cabbarov
apreldə Slovakiyada olarkən əzcaçılıq sənayesi
ilə də maraqlandı. Bu sahə demək olar ki, Azərbaycanda
mövcud deyil, bütün dərmanları idxal edilir. Ona
görə də bu, çox faydalı ola bilər.
Azərbaycan ötən il Slovakiyada səfirliyini
açdı. Sizin artıq nümayəndəniz var və onun
əsas vəzifələrindən biri iqtisadi əlaqələrin
inkişafıdır. Hesab edirəm ki, bu istiqamətdə təkcə
paytaxta diqqət yetirmək lazım deyil, həm də
regionlarla mütəmadi olaraq işləmək lazımdır.
Harda ki, Azərbaycana təklif ediləcək yüksək
innovativ potensial var.
Digər əməkdaşlıq sahələri kimi
qida sənayesi, kimya məhsulları və bu kimi kiçik
gündəlik tələbat mallarını qeyd etmək istərdim.
Başqa bir məqam da odur ki, sizin Avropa bazarlarına çıxmaq
üçün köməyə ehtiyacı olan çox
istedadlı tələbələriniz var. Biz sizə müəyyən
universitetlərdə informasiya tədqiqatları sahəsi
üzrə ikili diplom təklif etmək variantını nəzərdən
keçiririk. Çünki tələbələriniz bu
diploma sahib olsalar, Avropa bazarlarında onunla işləyə və
təcrübə qazana biləcəklər.
Mədəniyyət sahəsi də maraq doğurur. Bəzən
mədəniyyəti həqiqətən də lazımınca
qiymətləndirmirik. Amma mədəniyyətin rolu çox
önəmlidir. Çünki mədəniyyət vasitəsilə
biz ölkələrimizi insanlara tanıdırıq. Ona
görə də biz ölkəmiz haqqında daha çox təqdimatlar
etmək, sərgilər, konsertlər keçirmək istəyirik.
Keçən il belə tədbirlərimiz oldu. Bu il əsas
diqqət COP29-a yönəlib və intensiv hazırlıq
işləri gedir. Düşünürəm ki, mədəni
tədbirləri gələn il keçirmək daha yaxşı
olar.
- Cənab səfir, Slovakiyanın azad edilmiş ərazilərdəki
bərpada iştirakı ilə bağlı yeni təşəbbüsləri
olacaq?
- Bəli, bilirik ki, Qarabağ zonası yaşıl
enerji zonası olacaq. Bizim kiçik su elektrik
stansiyalarının (SES) tikintisi və bərpası ilə bağlı
böyük potensialımız var.
Azərbaycan da bu təcrübədən və
texnologiyadan istifadə etməkdə maraqlıdır.
Kiçik su elektrik stansiyaları yeni layihədir. Onların
sayı onlarla ola bilər. Biz artıq bu stansiyalarla
bağlı birgə məsləhətləşmələrə
başlamışıq.
Eyni zamanda, Qarabağda artıq bir neçə aeroport
tikilib və tikilir. Bizim kiçik aeroport tikintisi və modernləşdirmə
ilə bağlı potensialımız var. Bununla bağlı təkliflərimizi
vermişik və cavab gözləyirik.
Biz, həmçinin Azərbaycana Kəlbəcərdə
yerləşən geotermal enerjidən istifadə
üçün Slovakiya texnologiyalarından istifadə etmək
imkanını təklif edirik. Slovakiya öz geotermal suları
ilə bütün dünyada məşhurdur. Slovakiyada
çoxlu geotermal və mineral isti su mənbələri var.
- Bu il Azərbaycan COP29-a ev sahibliyi edəcək.
Slovakiyanın Baş naziri də tədbirə dəvət
olunub. Siz yaşıl enerji sahəsində iki ölkənin əməkdaşlıq
potensialını necə görürsünüz?
- Bəli, Baş nazirimiz bu tədbirə dəvət
edilib. İyunun 15-də Slovakiyanın yeni Prezidenti and içəcək.
Düşünürəm ki, yeni Prezidentimiz də tədbirə
dəvət olunacaq. COP sammitində əsasən dövlət
başçıları kimi prezidentlər, yaxud baş nazirlər
iştirak edirlər. Mən Prezidentin, yoxsa Baş nazirin
iştirak edəcəyini dəqiq deyə bilmərəm, bu,
onların qərarından asılı olacaq.
Yaşıl texnologiyalar sahəsində əməkdaşlığa
gəldikdə, mən Slovakiya haqqında bir şey demək
istəyirəm. Bizim enerjimizin 60 faizindən çoxu nüvə
enerjisindən alınır. Nüvə enerjisi ekoloji cəhətdən
təmizdir və emissiyaları sıfırdır. Əgər
yeni reaktor tikilsə, biz təxminən 80 faiz təmiz enerji əldə
edəcəyik. Enerjimizin 22 faizi günəş, külək,
su və bioloji kütlədən daxil olur.
- Turizmlə bağlı soruşmaq istəyirdim.
Qarşılıqlı olaraq iki ölkə bu sahənin
inkişafı üçün nələr edə bilər?
- Turizmin inkişafı üçün bir sıra
amillər vacib əhəmiyyət kəsb edir. Onların
arasında, məsələn, vizasız rejim, ucuz təyyarə
biletləri, yolların və görməli yerlərin ingilis
dilində işarələri, ucuz mənzillərin olması,
keyfiyyətli xidmətlər, qonaqpərvərlik və s.
vurğulamaq olar.
Ancaq bunu bir anda bütün sahələrdə
gözləyə bilmərik, problemlər çoxdur. Səmanız
rəqabət üçün kifayət qədər
açıq deyil. AZAL sanki biznesini itirməkdən qorxur. Amma
bunu etmək lazımdır. Biletlərin qiyməti
ucuzlaşsa, səyahətçilərin sayı da artacaq. Səyahət
etməyi sevən gənclərimiz çoxdur, onlar ucuz bilet
axtarırlar. Deməli, bu istiqamətdə nəsə etmək
lazımdır. İnsanlar ölkəyə səyahət edirsə,
təkcə Azərbaycanı deyil, Cənubi Qafqazı da
görmək istəyirlər. Bu sahədə
Gürcüstanla Azərbaycanın əməkdaşlıq etməsi
yaxşı olardı, münasibətlər
normallaşdıqdan sonra isə Ermənistanın da daxil
olduğu turpaket hazırlana bilər. Bakı turistlərin qəbulu
üçün yaxşı hazırlanıb, amma bir az da irəli
getsən, magistral yollarda ingilis dilində işarələr
yoxdur.
İnsanlar avtomobil icarəyə götürüb
özləri səyahət edəndə hardasa yolu itirmələrindən
narahat olmalı deyillər.
Slovakiya olaraq biz də azərbaycanlı turistlərə
SPA sənayesini təklif edə bilərik. Ölkəmizdə
kurort turizmi çox inkişaf edib. Çox məşhur və
eyni zamanda ucuz kurortlarımız var. Çoxlu xarici turistlər
müalicə üçün gəlirlər, çünki
bizim unikal mineral sularımız var.
- Cənab səfir, Slovakiya Avropa İttifaqının
üzvüdür, amma bəzən də onun siyasəti ilə
razılaşmayaraq tənqid edir. Ölkənizi əsasən
hansı məqamlar narazı salır?
- Avropa İttifaqı (Aİ) daxilində tənqid
normal prosesdir. Avropa İttifaqı daxilində müzakirələr
çox açıqdır. Biz Aİ-ni hər şeydə
yox, bir neçə aspektdə tənqid edirik. Hesab edirik ki,
Aİ bəzən əhəmiyyətsiz məsələlərlə
məşğul olur və əsas olanları unudur. Həm də
tez-tez üzv ölkələrin iqtisadiyyatının zərərli
sahələrini aradan qaldıran qərarlar qəbul edir.
Aİ yerə daha yaxın olmalı, insanların real problemlərinə
və Avropa iqtisadiyyatındakı real vəziyyətə daha
çox bağlı olmalıdır.
Məsələn, tullantılarla mübarizə ilə
bağlı. Biz hamımız planetimizə kömək etmək
və onu təhlükəli istiləşmədən xilas etmək
istəyirik. Amma bu o demək deyil ki, bunun üçün sənayemizi,
xüsusən də Avropada iki əsrdir qurduğumuz avtomobil sənayesini
məhv edən belə radikal addımlar atmalıyıq.
Qlobal çirklənmə baxımından Aİ-nin
payı cəmi 20% təşkil edir və bunun yalnız 2%-i
avtomobillərin tullantılarının payına
düşür. Əgər biz Avropa İttifaqında elə
sabah Avropada bütün benzin və dizel avtomobillərindən
istifadəni dayandırsaq, qlobal tullantıları cəmi 2
faiz azaldardıq. Eyni zamanda, yadda saxlamaq lazımdır ki,
avtomobil sənayesinin elektromobillərə keçməsi
üçün avtomobil akkumulyatorları üçün
qiymətli xammalın çıxarılması xərcləri
çox yüksəkdir və onların hasilatı ətraf
mühiti yüksək dərəcədə çirkləndirir.
Slovakiya bir avtomobil gücüdür, avtomobil sənayesi
Slovakiya iqtisadiyyatının onurğa sütununu təşkil
edir və bu transformasiya bizdən böyük səylər tələb
edir.
Bundan əlavə, Avropa İttifaqının xarici
siyasətinə gəlincə, biz hesab edirik ki, qlobal məsələlərdə
daha çox öz kimliyimizi qorumalı və daha müstəqil
siyasətə can atmalıyıq. Baş nazirimiz açıq
şəkildə dedi ki, biz həmişə Atlantik
okeanının o biri sahilində deyilənlərə uyğun
hərəkət etməməliyik, xarici siyasətə öz
baxışımız olmalıdır. Yəni söhbət
Avropa İttifaqının qlobal məsələlərlə
bağlı daha suveren, avtonom, özünəinamlı siyasətindən
gedir.
Rusiya-Ukrayna müharibəsi ilə bağlı Baş
nazirimiz həmişə deyir ki, biz Ukraynaya müharibə
zamanı özünü müdafiə etməkdən daha
çox Ukraynada müharibənin bitməsini və problin
sülh yolu ilə həll olunması haqda düşünməliyik.
Buna görə də biz iyunun ortalarında İsveçrədə
keçiriləcək və Rusiya-Ukrayna münaqişəsinin
sülh yolu ilə həlli yolunu axtaracaq sülh
konfransını alqışlayırıq. Ümid edirik ki, bu
konfrans sonradan başqa yerdə davam etdirilərsə,
Rusiyanın orada iştirak edəcəyi bir vəziyyət
yaranar.
Nəhayət, Aİ-də onun gələcək
forması ilə bağlı debatlar davam edir və müxtəlif
müzakirələr aparılır. Hesab edirik ki, suverenliyi
qorumaq çox vacibdir, məsələn, veto hüququndan
istifadə etməklə. Çünki onu itirsək, bəzi
mühüm sahələrdə suverenliyimizi itirə bilərik.
Biz Aİ-nin suveren dövlətlərin suveren qrupu
olmasını istəyirik.
- Siyasətdən uzaqlaşıb, futbolla bağlı
sual vermək istəyirəm. Yəqin ki, futbolla
maraqlanırsınız. Sizin həmyerliniz, 59 yaşlı
Vladimir Vayss futbol üzrə Azərbaycan milli
komandasının baş məşqçisi vəzifəsinə
təyinat almaq üzrədir. Onun tezliklə Bakıya gələrək
rəsmi müqaviləyə imza atacağı gözlənilir.
Bu haqda hər hansı məlumata maliksinizmi? Necə düşünürsünüz,
Vayss Azərbaycan futboluna nə qazandıra bilər?
- Vayss təkcə regionda deyil, dünya səviyyəsində
tanınmış məşqçidir. O çox
yaxşı reputasiyaya malikdir. Bilirəm ki, Azərbaycanda da
tanınmış futbolçular, eləcə də
"Qarabağ" və "Neftçi" kimi yaxşı
klublar var. Sizin çox dinamik və istedadlı
oyunçularınız var. Düşünürəm ki,
Vladimir Vays Azərbaycan millisinə öz baxış tərzini,
taktiki düşüncələrini və ən əsası
motivasiya gətirəcək. Çünki hər oyundan
öncə yaxşı məşqçi
futbolçularına nə deməli olduğunu bilməlidir.
Motivasiya üçün psixoloji bacarıqlara malik olmaq
lazımdır. Vayssın təcrübəsi, taktiki
düşüncəsi və müşahidə qabiliyyəti
sizin komandanıza 100 faiz yeni keyfiyyətlər bəxş edəcək.
Azərbaycan və Slovakiya komandaları
qarşılaşacaq. Kimin qalib gələcəyini Allah bilir.
Yeri gəlmişkən, bizim güclü komandamız var. Vayss
Slovakiya komandasını yaxşı tanıyır. Bu o deməkdir
ki, o sizin komandaya bizim komandanın biliklərini gətirəcək.
Siz qalib gələ bilərsiniz. O ki qaldı nə vaxt gələcək,
dəqiq bilmirəm. Bildiyimə görə, şərtlər
müzakirə olunur. Yəni hansı şərtlər
altında işləyəcək. Hər şey yaxşı
yekunlaşsa, Vayss sentyabrdan komandanızla işləyəcək.
Mən özüm futbol, tennis, qolf, voleybol
oynamışam və təbii ki, futbolla maraqlanıram. Amma
daha özüm oynamıram.
- Azərbaycan və Slovakiyanın futbol milliləri
yenidən UEFA Millətlər Liqasında eyni qrupda yer
alıblar. 2 il əvvəlki mübarizədə Bakıda
Slovakiya millisi, Trnavada isə Azərbaycan millisi qələbə
qazanmışdı. Bu dəfə hansı nəticələri
gözləmək olar?
- Bu o deməkdir ki, komandalarımız son nəticələr
baxımından demək olar ki, eynidir. Amma komandamızda olan
futbolçular müxtəlif Avropa klublarında - İtaliya,
Almaniya, Polşa, Çexiya, İspaniyada oynayırlar. Yəni
çox təcrübəlidirlər. Bir slovak olaraq Slovakiya komandası
üçün barmaqlarımı çarpaz saxlayacağam.
Lakin Slovakiyanın Azərbaycandakı səfiri kimi, hər iki
tərəfi razı salmaq üçün heç-heçəni
dəstəkləyəcəyəm
- Cənab səfir, son olaraq, siz xeyli müddətdir Azərbaycandasınız.
Sizin üçün Azərbaycan nə deməkdir?
- Slovakiyada Azərbaycan haqqında çox şey
bilmirlər. Düşünürəm ki, Azərbaycanda
Slovakiya ilə bağlı eyni haldır. Sizin ölkəniz, mənim
fikrimcə, Avropa həyat tərzinə malik ölkədir.
Qadınlar hicab taxmır, avtomobil idarə edirlər, müasir
geyinirlər, sərbəst şəkildə gəzirlər.
Parlamentin sədri xanımdır, qadınlar parlamentdədir,
biznesdədir. İnsanlar axşamlar müxtəlif əyləncə
məclislərinə çıxırlar, Bakı
sözün əsl mənasında axşam sosial həyatını
yaşayır. Hər addımda dadlı yeməklər, pivə,
yaxşı şərab tapa bilərik. Siz ideoloji dini məhdudiyyətləri
olmayan və zəngin mədəni ənənələrlə
dolu dünyəvi ölkəsiniz. Qonaqpərvərlik möhtəşəmdir,
insanlarınız da, mətbəxiniz də. Sizin
xalqınız qürurlu xalqdır və mən sizin
torpaqlarınızın işğaldan azad olunmasını
xalqın necə sevinc və ruh yüksəkliyi ilə
qarşıladığını, bayram kimi qeyd etdiyini
görmüşəm. Yeri gəlmişkən mən musiqi ilə
məşğulam, muğamı, cazı çox sevirəm.
Burada olmaqdan çox məmnunan, şadam ki, burda olmaq
şansım yaranıb. Ümid edirəm ki, hələ 1-2 il
də Azərbaycanda olacağam. Gürcüstanda olmuşam,
amma Azərbaycan daha inkişaf edib. Ermənistanda çoxdan,
30 il əvvəl olmuşam, ona görə də müqayisə
etmək çətindir. Ölkənizdə yaşam səviyyəsi
Cənubi Qafqazda ən yüksəkdir. Sizin bir çox yerlərdə
peşəkar bacarıqlı insanlar işləyir, dövlət
qulluqçularının təxminən 90 faizi ingilis dilində
danışır. Çoxları xaricdə təhsil alıb
və zəngin təcrübəyə malikdir. Hesab edirəm
ki, gələcək inkişaf maraqlarına uyğun olaraq orta
və kiçik sahibkarlığın inkişafına daha
çox diqqət yetirilməlidir. Bu həm də yeni iş
yerləri deməkdir. Bir sözlə, siz çox şeyə
nail olmusunuz və böyük potensiala sahibsiniz.
Pərvanə SULTANOVA
525-ci qəzet .- 2024.- 1 iyun,№96.-S.10-11.