"Ömrü
sözə verdim": etik və intellektual yetkinlik faktı
İlham Məmmədlini tanıdığım ilk
vaxtlardan indiyəcən onu yalnız bir sifətdə - həlim,
daim fikir və duyğulara qərq olmuş insana dəyər
verməyi bacaran, Qarabağ sevgisini içində
daşıyan, özünün bütün hallarda müsbət
mənəvi-əxlaq keyfiyyətlərini təbiətincə
nümayiş etdirən mərifət və ağıl sahibi,
insanlıq mücəssəməsi kimi qəbul etmişəm.
Onun publisistikaya, ədəbiyyata, bədii-poetik sözə dəyər
verib, onları öz baxış bucağından oxuculara
çatdıranda da abır-ismətilə yanaşı, həm
də yana-yana yazdığını görmüşəm.
Sözə vurğunluq İlham müəllimin
iç dünyasından gəlir. Təsadüfi deyil ki, orta məktəb
illərindən yazmaq-yaratmaq istəyi onu Bakı Dövlət
Universitetinin Jurnalistika fakültəsinə gətirib. Məhz
burada o, publisist sözünün, bədii ifadə və ibarənin
sehrinə düşüb. Təhsilini başa vurduqdan sonra
müxtəlif mətbu orqanlarda - "Həqiqət",
"Azərbaycan aqrar elmi", "Bərəkət",
"Həyat", "Respublika", "Hər gün",
"Azərbaycan XX əsr", "Himayədar" kimi
müxtəlif qəzet və jurnallarda müxbir, redaktor və
baş redaktor kimi çalışmaqla yanaşı, həm də
elmi-tədqiqat sahəsində araşdırmalar aparıb,
2009-cu ildə "XX əsr Kəlbəcər ədəbi
mühiti" mövzusunda dissertasiya müdafiə edərək
filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə
yiyələnib. Hazırda AMEA-nın Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda aparıcı elmi
işçi kimi fəaliyyət göstərməklə, həm
də elmlər doktoru dissertasiyası üzərində
çalışmaqdadır.
İlham Məmmədlini tanıyandan onun poetik fikrə
və nəzəri düşüncəyə yaxın
olduğunu müşahidə etmişəm. 2023-cü ildə
mənə yenicə işıq üzü görmüş
"Ömrü sözə verdim" kitabını hədiyyə
edəndə çox sevindim. Bu kompakt və maraqlı bölmələri
əhatə edən "Mənim həyat yolum, mənim
söz yolum...", "Yurd ağrılı misralar",
"İllərdi hüsnünə həsrət
qalmışam...", "Mən dünyayla dil
tapmadım...", "Bir yarpaq da sevgidən...",
"Dünya həmən dünyadı...", "Kəlbəcərli
günlərim...", "Bu adamlar, adamcıqlar...",
"Qarabağım - Sinə dağım" kimi rubrikalarda
yer almış nümunələr müəllifin sözə
verdiyi fərdi dəyərin aqibəti və onun ləngəri
ilə sıx bağlıdır.
Kitab çeşidli rubrikaları özündə əks
etdirsə də, onun başlıca leytmotivi məhz yurd-yuva,
doğma ocaq, Vətən qayğısıdır. Elə
"Yetmədim mənzil başına" şeirində
olduğu kimi:
Tanrım vüsalına yetəm,
Dolanam yurdum başına.
Torpağını gözə təpəm,
Üz sürtəm çopur daşına.
Yağı düşmən ayrı saldı,
İblis ürəyimdən çaldı.
Dağlarım düşmənə qaldı,
Düşdüm zamanın qışına.
İlhamın vətəndaşlıq mövqeyini və
vətənpərvərlik hisslərini tərənnüm edən
bu misralarında doğma torpaq, yurd yerləri, onun çopur
daşı hər şeydən əziz görünür.
Doğma torpaqla bağlı şairin düşüncələri
mühüm mövzu kimi onun poetik qayğılarını əhatə
edir, özünün xüsusi hisslərinə bələnməklə
ruhu, intuisiyası ilə ondan kənarda özünü hiss
etmir.
Şairin "Allah",
"Üşüyür", "Qalıb",
"Dağlara", "Bu tayda "qaspodin", o tayda
"ağa", "Dərdim", "Vətən
ağrısı", "Keçir", "Məni",
"Ya Qarabağ, ya ölüm" və başqa bu kimi
şeirlərində biz müəllifin vətənpərvərlik
ovqatının ən yüksək nöqtəyə
çatdığını görürük.
"Üşüyür" şeirində onun içində
qaynayan Vətən, yurd həsrəti hissinin şahidi oluruq:
Yenə payız gəlib bizim dağlara,
Obasız, ellərsiz Murov üşüyür.
Tənhalıq qorxusu sarıb canımı,
Saçlarıma düşən qırov
üşüyür.
...Yurdu yağmalanıb, eli qalmayıb,
Gülşəni sovrulub, gülü qalmayıb,
Dərdim ağlamağa dili qalmayıb,
Qaçqın yurdlarında hər ev
üşüyür.
İlham Məmmədlinin şeirlərində Vətənin
taleyi ilə bağlı nostalji düşüncələr
daim içini didib-dağıdan fikirlərlə müşayiət
olunur. Xilası isə şair Allaha müraciətdə
görür:
Qışın boranında yanıram, Allah,
Özümü atəşdə sanıram, Allah,
Yayın ortasında donuram, Allah,
İsti ocağımda alov üşüyür,
- deyərək səsi-ünü göylərə
bülənd olur.
Qeyd etdiyimiz nümunələr sübut edir ki,
İlham Məmmədlinin yaradıcılığının
ideya-bədii dominantası vətənpərvərlikdir. Bir
şeyi nəzərə almaq lazımdır ki, ədəbiyyat,
xüsusilə poeziya xalq həyatında baş verən proseslərin
yaradılmasında ən mühüm vasitələrdəndir.
Vətənə məhəbbət isə şairin dərin bəşəri
hissi yaşantısı olmaqla onun şəxsiyyəti ilə
uzlaşır, doğulduğu kiçik Vətənlə birləşir.
Onun etik və intellektual yetkinliyinin mühüm əlamətinə
çevrilir. İlham Məmmədlinin
yaradıcılığının ideya-məzmun planında
önə çıxan vətənpərvərlik, vətəndaşlıq
və tarixilik onun poetikasındakı
obrazlılığı, ritmikanı, yanğı
strixiyasını görməyə və hiss etməyə
şərait yaradır.
İlham müəllimin yaradıcılığında
vətənpərvərlik mövzusunun bədii təcəssümünün
ən mühüm şərti onun poetik düşüncəsinin
təkamülünün necə getdiyini izləməyi ortaya
çıxarır. Kəlbəcər obrazının poetik
transformasiyası, şairin istifadə etdiyi obrazlı-poetik
vasitələr "eli qalmayıb", "gülü
qalmayıb", "dili qalmayıb" kimi ifadələrlə
müxtəlif zaman və məkan müstəvisində
keçmişə ekskurs etməklə yaradılır. Lirik təhkiyənin
nüvəsində isə Kəlbəcərin taleyinə
görə dərin həyəcan hissi dayanır. Şairin
daxili həyəcanı getdikcə artır. Bunu biz onun 1995-ci
ildə qələmə aldığı "Dağlara"
şeirində daha yaxşı görürük:
Bəlkə yuxularda qovuşam deyə,
Yatanda yatıram yönüm dağlara.
Hər gecə Tanrıya yalvarıram ki,
Bir quşa çevrilib dönüm dağlara.
Zaman sinəsindən silib izimi,
İllər ayrılığı qırıb dizimi.
Çatdıra bilmirəm ürək
sözümü,
Yetişmir harayım, ünüm dağlara.
İlham Məmmədlinin şeirlərində yerli təbiət
vətənə dərin məhəbbət hissi ilə birləşərək
vahid mühüm bütövə çevrilir. O, vətənin
hər qarışını yerli rənglərlə, qoxularla
vəsf edir, təbiət gözümüz önündə
bütün tərəfləri ilə canlanır, bərq
vurur.
Vətənpərvərlik konsepti şairin Vətənə
olan qızğın və sönməz münasibətində
predmetləşir. Müəllif Vətəninin başına
gələnləri koloritli və görümlı təsvir
etməyi bacarır. Vətənpərvərlik hissi şairin
"Vətən ağrısı" və "Mənim"
adlı şeirlərində yetərincə görümlü
ifadə olunur. Bu hiss İlhamın poetik arsenalında
mühüm sosiomədəni dominant dəyəri və onun
öz milli dünyagörüşünün nüvəsi
kimi, özünü müəyyən edən başlıca
komponent mentallığı və identikliyi ilə həmahəng
olan kateqoriya olaraq səslənməkdədir.
İlham Məmmədlinin poetik düşüncəsinin
funksionallığını dərk etmək üçün
"Ömrü sözə verdim" kitabına filologiya elmləri
doktoru, professor, ədəbiyyatşünas, orijinal nəsr
ustası Vaqif Sultanlının "Sözün və
sükutun harmoniyası" adlı "Ön
söz"ünü də mahiyyətincə nəzərdən
keçirməyə ehtiyac vardır. O, haqlı olaraq yazır
ki, "İlham Məmmədlinin mənsub olduğu, ədəbi-bədii
düşüncəsinin formalaşdığı mühit
folklor arealına söykənir. Elə bu... şeirlərinin
dilinə və üslubuna sadəlik, aydınlıq və xəlqilik
aşılayır... müəllifin yazılarında poetik mətnin
daxili strukturunu oluşduran cizgilər formanı şəkilləndirən
elementlərlə qovuşduğundan tamlıq yaradır...
Şairin düşüncələrinin əhatə və
yaylım ərazisi, hər şeydən öncə, vətənlə
bağlıdır. Doğulduğu yurdun uzun illər erməni
işğalı altında xarabazara çevrilməsi, pərən-pərən
düşən el-obasının, doğmalarının
qaçqın, köçkün, didərgin həyatı
yaşaması, vətəndə vətənsiz keçən
günlərin ağrı, acı və iztirabları, nəhayət,
işğalın bitməsi ilə həsrətə son
qoyuluşu, xalqın ümidinin, inamının
dönüşü, dirçəlişi onun poetik
axtarışlarının xronoloji tablosunu oluşdurur".
Bütün bu aspektlər İlham Məmmədlinin
poetik təfəkküründən süzülüb gələn
mövzuların aktuallığını göstərir. Odur
ki, şairin içini göyüm-göyüm göynədən
vətən hissi ilə paralel olaraq şeirlərində kədər
konsepti ilə bərabər, həm də başqa mövzular
"Bənövşə", "Lalə", "Nərgizim"lə
yanaşı, Tanrıya giley "Bağışla Tanrım,
bağışla", "Yaşamaq olmur", "Vardım
haqqın sorağına", "Yaşamadım" və
s. bərabər sevgi-məhəbbət mövzusunu çevrələyən
"Sənsiz keçən günlərim", "Var",
"Düşər", "Sən", "Son
görüş", "İçində", "Mən",
"Sən mənim olsaydın", "Qəfildən
çıxasan qarşıma, gülüm", "Nə
gözəl çəkib" və s. İlham Məmmədlinin
poetik təfəkkür diapazonunun genişliyini və rəngarəngliyini
sübut etməkdədir. Şairin əsərlərinin daha ətraflı
və çeşidli təhlillərini aparmaq
mümkündür. Zənn edirik ki, İlham Məmmədlinin
şeirləri bundan sonra da poetik təfəkkür
araşdırıcılarının diqqətini cəlb edəcək.
Nizami TAĞISOY
Professor
nizami.mamedov@mail.ru
525-ci qəzet .- 2024.- 4 iyun,№97.-S.14.