Öz havasına
köklənən ürəyin sevgi çələngi
Mənim inancıma görə, hər yeni kitab təzə
doğulan övladdır. O kitabın içərisində
hansı mövzunun olmasından aslı olmayaraq, mən onu
doğrudan-doğruya övlad kimi qəbul edirəm. Əgər
bir anlıq kitabı ailə kimi qəbul etsək, deməli,
biz hər birimiz bu kitabdakı bir mövzuyuq. Yazanımız
da müəllifdir. Təbii ki, bizim müəllifimizin
timsalında Allahdır. Deməli, Yaradan öz missiyasından
bir az da valideynlərə veribdir. Onlar da yaradır. Həm
övlad, həm də həyatda yaşam üçün zərrə
olan hər şey. Bu mənada söz adamı da yaradır. Həm
öz iç duyğularını kitaba çevirmək
müstəvisində, həm də oxucuya
çatdırdığı yeni kitabın özünün
ifadə etdiyi çalarların fonunda. Bir az da qısa və
konkret desək, yaradılan, çap olunan, oxucuya
çatdırılan kitab da cəmiyyətə təqdim
olunan övladdır. Sadəcə burada bir nüans var.
Övladin qüsurunu və yaxud bütün parametrləriylə
öz tamlığını ortaya qoymasıdır. Kitaba münasibətdə bu o deməkdir
ki, oxucu o kitabı qəbul edəcəkmi? Onu axtaracaqmı,
ondan yararlanacaqmı? Bir sözlə, təzə söz
dünyaya gəlibmi?
Bax bu suallar artıq yeni kitabın təkcə gəlişi
yox, həm də nə gətirməsidir. Deməli, mən də
öz payımı həmişə təqdimatında
iştirak etdiyim, müəllifindən qəbul etdiyim, kitab
mağazasından aldığım hər bir ədəbi
nümunəyə məhz həmin sualların konteksindən
yanaşram...
Bu günlərdə köhnə dostum, şeirləri
ilə gənclik illərindən tanış olduğum
şair Tahir Rza özünün növbəti kitabını
avtoqrafla mənə bağışladı. Təbii ki, bu dost
hədiyyəsi və bir də mənim kitaba olan sevgimə,
marağıma uyğun bir müəllif tərbiyəsi idi.
Tahir müəllim hər bir kitaba mənim necə həvəslə
yanaşdığımı, necə sevgiylə
qarşıladığımı bilən və dəyərləndirən
dostdur. Ona görə də hələ kitab çap prosesində
olanda o, mənə bu xəbəri vermişdi. Mən də
onun “yeni övladını” səbirsizliklə gözləyirdim.
Kitabın adını oxuyanda içimdən qəribə bir
hiss keçdi. Və məni hər dəfə sorğu-suala
tutan həmkarlarımın önündə deməyə bir
sözüm də yaranmışdı. Çünki müəllifi
olduğum sevgi şeirləri ilə bağlı mənə
zarafatla “söz atanların” qarşısında bu ktab həqiqi
mənada əlavə bir “silah” idi mənim üçün.
Xüsusi ilə ona görə ki, kitabın adı “Sevgi əbədidir”.
Deməli, həqiqətən sevginin yaşa dəxli yoxdur. Bu
pak hissi yalnız yaşamaq və onun
ağrı-acısını, sevinc- kədərini, həsrət
və vesalını dəyərləndirməyi bacarmaq
lazımdır. Onda yaş ikinci plana keçəcəkdir.
Şair Tahir Rzanın dediyi kimi:
Sev, sev qəlbinin istəyi artsın,
Sevgiyə, qayğıya möhtacdı cahan.
Sev ki, sevilənlər
kamına çatsın,
Sevəndə özünü anlayır insan.
Və yaxud
Ay bəxtəvər, bu
gözəllik səndə
var,
Görənləri inan dərdə salacaq.
Ürəklərdə oyanacaq duyğular,
Sevənlərin ağlın başdan alacaq.
Gənclik, ömür ötəridir onu bil,
Xoş gün üçün gözəllik də
şərt deyil.
Həyatı duy, insan kimi sev, sevil,
Ancaq sevgi əbədidir, qalacaq!
Həqiqətən, biz bir balaca narahatlıq hiss edənd
özümüzün qarşılaşdığımız
problemlərin içində yer tapa bilməyəndə az qala
hamımız eyni sözü təkrarlayırıq ki,
“dünya dəyişib, zaman dəyişib”. Amma bir az rahat
oturub dərin düşünəndə vallah, mən biləni
yer kürəsinin həcmi artmayıb. Elə həmin
dünyadır. Sadəcə elm və texnika inkişaf edir.
İnsanların hərslik hissi artır, tamah gözlərini
tutur və ən pisi də əxlaq aşılanır. Bilmirəm,
dahilərdən hansısa deyib ki, yüksək inkişaf vəhşiliyi
aparır. Görünür, bu, həqiqət imiş.
Çevrəmizə bir anlıq diqqət yetirsək,
harınlaşmışların əməlləri həqiqətən
vəşhilikdir. Kimi istəsələr tapdalayırlar, kimi
istəsələr haqqını yerirlər, kimi istəsələr...
Amma unudurlar ki, onları durdurmaq gücündə olan
Allah var. Onun iradəsini heç kim qıra bilməyib və
qıra da bilməyəcək. Deməli, Tahir müəllimin
yazdığı kimi havalanmaq gec-tez iynə
batırılmış şar kimi boşalmağa gətirib
çıxarır. Bunu unutmaq, insanlığı unutmaq kimi
bir şeydir:
Aldanıb dilinə, düşüb felinə,
Ağıllı adamlar getməz dərinə.
Tahiri qoymusan uşaq yerinə,
Ay dünya, nə yaman havalanmısan.
Az-çox oxumaq, yazmaq imkanı, dinləmək,
öyrənmək qabiliyyətinə malik olan insanlar bilir ki,
bizim yaddaşımıza Şeyx Nizaminin müdrik bir kəlamı
yazılıb. Şeyx Nizami yazırdı ki,
yarımçıq papaqçılıqdansa, kamil bir
palançı olmaq yaxşıdır. Bax bu aforizmə, bu
müdrik kəlama söykənən şair Tahir Rza da
vurğulayır ki, indiki zamanımız çox adət-ənənələri
həm ələyir, həm də üstündən
ağır tır- tırları ilə keçib gedir. Fərqinə
varmır ki, o tapdalanan bu millətin simvollarından biridir. Azərbaycan
kişisinin papağı həmişə başda, həmişə
uca yerdə olub. Hətta evin əl çatmayan, göz
önündə olan yerindən asılıb. Kimsə toxunub
yerə düşəndə çox böyük ehtiramla
qaldırıb, tozunu çırpıb yenidən asıblar
öz yerindən. İndi isə papağın qiyməti kimi
özü də az qala al-verə, bəzən də məsğərə,
gülünc yerinə çevrilib. Kişiciklər elə
papaqlar qoyurlar ki, onu uşağa da yaraşdırmaq olmur.
Papaqçılar elə papaq tikirlər ki, onu palançı
da tikmir. Papaq hörmətdən, urvatdan düşəndə,
kişilik də zədələnir. Bu, mənim qənaətimdir.
Ona görə də uca olanın aşağılanması yol
verilməzdir mənim üçün.
Deməli
Papağının qiymətini düşün bir
Hər yetənə papaq satma, papaqçı.
Papaq qədrin bilənləri seç, ayır
Gəl, ayranı yağa qatma, papaqçı.
***
Hər yetənə papaq satma, papaqçı
Haqq-hesab çək barı özün - özündən.
Yoxsa adsız, ləyaqətsiz papaq tək -
Tez düşərsən kişilədin gözündən.
Tahir Rzanın bu günlər tez-tez müraciət
etdiyi kitabında nəsihət və o nəsihətin
içindəki sevgi işığı o qədər
çoxdur ki, oxuduqca misralar sənə həm doğma gəlir,
həm də təsiredici olur. Şəxsən mən elə
bilirəm ki, müəllif mənə özünün
yaşadıqlarını nəsihət edir. Deyir ki, oxu,
öyrən, bil. Çünki bunlar həyat həqiqətləridir.
Sən də qarşılaşacaqsan. Qaçılmaz olanlara
indidən hazır ol:
Şirin arzu kimi, dilək kimi qal,
Müqəddəs duz kimi, çörək kimi qal,
Alovlu, ümidli ürək kimi qal,
Tahirin qəlbində qalası olsan.
Həyatın ən işıqlı, ən diqqəti
çəkən və insanı yaşamağa kökləyən
tərəfi sevgidir. Həm torpağa, həm insanlara, həm
Allaha, həm də özün üçün seçdiyin sənətə,
peşəyə. Əgər bunların hər birinə
içində sevgi varsa, mütləq nəyəsə nail
olacaqsan. Çünki həqiqi sevgi səni inadkar edir,
mübariz edir. Çılpaq desəm, sevdiyin qıza
qovuşmaq üçün onun uğrunda bütün
addımları atırsan. Təbii ki, söhbət kişi
addımlarından, ləyaqət və qeyrət
addımlarından gedir. Ona görə də sevdiyin sənin
üçün mələk olur. Mələklər də
göy üzündədir, ona qovuşmağın bircə
yolu var, o da sevgidir. Ruhunu, ağlını və ürəyini
o sevginin qanadlarında pərvazlandırırsan. Və cisminlə
birlikdə Uçur sevgi mələyinə doğru:
İstərdim ki, ömrünün
Baharı, qışı olum.
Ürəyinin sevinci
Gözünün yaşı olum.
Eşqinin göz muncuğu,
Zəri, daş-qaşı olum..
Arzumsan, istəyimsən,
Sinəmdəki ürəksən,
Doğrudan da mələksən.
və yaxud
Çiçəklərin halı məndən də
betər,
Nərgizlər başını yerə əyibdir.
Sənin gözlərinə qonan qəm - kədər,
Mənim ürəyimdə pöhrələyibdir.
Elə sevgi mələyinin səndə
yaratdığı assosiasiya da səni havalandırır. Deməli,
sevgi də köhnə kişilərin dediyi Məcnunluq, yəni
dəlilikdir. Dəlilik də havalanmaq deməkdir. Çox istərdim
ki, hamı sevgidən havalansın:
Tahir nəğmə qoşsun, dinlə ahəstə,
Sözü tükənəndə canını istə.
Yorulsan gəl dincəl köksümün üstdə,
Ölsək də bir yerdə ölək beləcə.
və yaxud
Sinəmdə ətirli yaz havası var.
Kaman zümzüməsi, saz havası var.
Hər gülə, çiçəyə naz
havası var,
Tahir köklənibdir öz havasına.
Şair Tahir Rzanın iki fəsildən ibarət olan
bu kitabında qəzəllər xüsusi yer tutur. O qəzəlləri
oxuduqca qocaman xanəndələrimizin avazını da
xatıladım. Bu qəzəllərin onların nəfəsiylə
necə üst-üstə düşəcəyini də xəyalıma
gətirdim. Və gördüm ki, Tahir Rzanın qəzəlləri
həm nəsihətdir, həm də musiqi. Şair elə
bilki, həzin bir musiqinin dinləyə- dinləyə
pıçıldayır bu qəzəlləri. Ona görə
də bu qəzəllərdə muğam ovqatı var:
Daim ucalıb, şöhrətə çatsın Ana
Yurdum
Bu, ömrü-günü Tahirə çox görmə, İlahi!
və yaxud
Eşq bağında gül tək bitmək, sevənlərə
xidmət etmək,
Xalq yolunda qurban getmək, Tahir üçün səadətdir.
Mətbəə qoxusu hələ canından çəkilməmiş
“Sevgi əbədiri” kitabı barəsində isti-isti təəssüratımı
sizinlə bölüşərkən onu da demək istəyirəm
ki, kitabdakı şeirlərin lirik qəhrəmanı
Torpağımız, Vətənimiz və bir də Sevdiklərimizdir.
Məhz buna görə də şair Tahir Rzaya uğurlar diləyərək,
var olun deyirəm.
Əbülfət MƏDƏTOĞLU
525-ci qəzet .- 2024.- 4 iyun,¹97.-S.13.