Azərbaycan obrazı xarici siyasi diskursda

"MÜSTƏQİLLİK DÖVRÜNDƏ İNGİLİSDİLLİ MƏTBUATDA AZƏRBAYCAN OBRAZI" KİTABI AKTUAL NƏŞR KİMİ XÜSUSİ ÖNƏM KƏSB EDİR

 

Məlumdur ki, xalqın milli dünyagörüşünü və dünya duyumunu formalaşdıran, onun mədəni-sosial həyatını əks etdirən konseptlər arasında ölkənin obrazının təqdim olunması olduqca vacib məsələlərdən biridir. Hər şeydən əvvəl "ölkənin obrazı" anayışı ictimai təfəkkürdə formalaşan informasiya və mühakimələr vasitəsilə milli icma və onun üzvləri haqqında ideyalara vasitəçilik edən simvolik modeldir. O, heç də həmişə işlərin real vəziyyətinə və milli inkişafın obyektiv göstəricilərinə uyğun gəlmir. Məhz obrazın yaradılması vasitəsilə "ölkənin daxili" siması ölkənin hüdudlarından kənarda qavranılmasına müəyyən təsir göstərir.

Media - televiziya, mətbuat və onlayn - dünyada baş verənlərin ictimaiyyətə çatdırılmasında mərkəzi rol oynayır. İnsanların baş verənlər haqqında bilavasitə informasiyaya və ya təcrübəyə malik olmadığı hallarda, onları məlumatlandırmaq üçün xüsusilə mediaya etibar edirlər. Bu o demək deyil ki, media sadəcə bizə nə düşünəcəyimizi deyir - insanlar heç də hər zaman media mesajlarını tənqidi şəkildə qəbul etmirlər. Lakin onlar gündəmlərin müəyyən edilməsində və ictimai müzakirələri məlumatlandıran arqumentlərin və perspektivlərin dairəsini məhdudlaşdırmaq üçün fəaliyyət göstərən xüsusi mövzulara ictimai marağın yönəldilməsi üçün əsasdır.

Bu baxımdan Azərbaycan Dillər Universitetində akademik Kamal Abdullanın rəhbərliyi ilə "Azərbaycanşünaslıq" Elmi Mərkəzinin əməkdaşlarının iştirakı ilə tərtib olunmuş "Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı" məqalələr toplusunun müstəsna əhəmiyyəti vardı.

Kitabda toplanan məqalələrin əsas mahiyyəti Azərbaycan obrazının, o cümlədən, müstəqillik illərində bu obrazın yaradılmasının əsas siması olan Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyasının təşəkkülü və formalaşması haqqında ölkənin hüdudlarındakı təsəvvürü ortaya çıxarmaqdır. Təqdim olunan toplu Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı hazırlanıb.

Qeyd etmək lazımdır ki, "Azərbaycan obrazı"nın xarici siyasi diskursda təqdim olunmasının təhlili böyük əhəmiyyət kəsb edir. Kommunikasiya prosesinin çoxölçülü modelindən istifadə edərək bu kitabdakı məqalələrə əsasən ölkəmizdə ictimai inam və münasibətlərin qurulmasında medianın rolunu və onun sosial dəyişikliklərlə əlaqəsinin araşdırılması faydalı hesab oluna bilər. Bu problemlərin araşdırılması, o cümlədən, bir sıra empirik tədqiqatların nəticələrinin müzakirəsi vasitəsilə ölkənin lideri Ulu öndər Heydər Əliyevin müstəqillik illərində siyasi arenaya daxil olması medianın ictimai müzakirələri və inanc modelindəki dəyişikliklərin necə formalaşması üzə çıxarıla bilər. Məsələn, kitabda verilən məqalələrin birində Qarabağda gedən müharibənin gedişatı haqqında söhbət açılır. Ölkənin acınacaqlı durumu, qaçqınların vəziyyəti təsvir edilir. Qeyd olunur ki, "Qaçqınların əvvəlki dalğaları regiondakı məktəblərdə və digər ictimai binalarda mümkün olan bütün yerləri tutub və yeni qaçqınlar Azərbaycan və İran arasındakı sərhəddə yerləşən Araz çayından şimaldakı ərazilərdə düşərgə salmağa məcbur olublar".

"Mən dünyanın müxtəlif hissələrində çox qaçqının vəziyyətini görmüşəm", - Amerikanın müvəqqəti işlər üzrə vəkili Robert Finn 28 regiona səfərindən sonra deyib. "Bu, gördüyüm ən pislərindən biridir".

"Birləşmiş Millətlər Təşkilatı ağır döyüşlərin getdiyi bölgəni o dərəcədə təhlükəli elan edib ki, Qaçqınların İşi üzrə Agentliyin orada işləməsinə icazə verilmir".

Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonrakı xəbərlərdə oxuyuruq: "Azərbaycanın Prezidenti cənab Heydər Əliyev cənab Mütəllibovu5 xəyanətdə günahlandırıb. Onun və digər qiyamçı liderlərin "xalq mühakiməsi" ilə qarşılaşacaqlarını söyləyib.

Dünən Azərbaycan Parlamentinin xüsusi iclasında çıxış edən cənab Əliyev Azərbaycan Ordusunun pis vəziyyətdə olduğunu etiraf edib. O, ordunun əslində, "fərqli siyasi liderlərin komandanlığı altında olan qeyri-mütəşəkkil dəstələrdən ibarət olduğunu" deyib" (Müəllif: Robert Haupt Tarix: 27.08.1993 Mənbə: The Sydney Morning Herald (Avstraliya) Məqalənin adı: New Armenian blitz on Azeris www.smh.com.au ermənilərin azərbaycanlılar üzərinə yeni hücumu, yaxud da "H.Əliyevin müraciətində qoşun və hərbi texnika baxımından kömək göstərilməsi ilə bağlı xahiş öz əksini tapıb. Yeltsinin cavabı regionda təsir gücünü qorumaq üçün onun nə qədər irəliyə gedə biləcəyini göstərəcəkdir" (Müəllif: Deborah Seward Tarix: 09.09.1993 Mənbə: Pittsburgh Post-Gazette (ABŞ) Məqalənin adı: Turkish leader in Russia for talks on Caucasus war www.post-gazette.com Türkiyə lideri Qafqaz müharibəsini müzakirə etmək üçün Rusiyada).

Göründüyü kimi, göstərdiyimiz misallar əsasında ölkənin siyasi-ictimai durumunun əks olunması mövcud dəyişiklikləri təhlil etməyə zəmin yaradır. Ümumiyyətlə, bu tipli tədqiqat prosesində insanların bir sıra alternativlərdən xəbərdar olduqları zaman mesajı qəbul etmələri və ya rədd etmələri şərtləri təhlil etməyə imkan yaradır və dərindən müzakirə olunur. Ölkənin müvafiq durumunun müxtəlif rakurslardan münasibət durumlarının siyasi nəzər nöqtəsindən tədqiq etməyə şərait yaradan mənbə olaraq təqdim olunan kitab müzakirələrə də geniş yol açmaq imkanını yaradır. Bu baxımdan xəbəri aldıqdan sonra auditoriyanın inancları və anlayışlarının struktur dəstək ilə kəsişən fərdi davranışları tədqiq etmək daha geniş sosial dəyişikliklərin təsirini araşdırmaq imkanını əldə edir.

Bizim yanaşmamız hər hansı bir mübahisəli ərazidə hadisələri və onların tarixini izah etmək üçün rəqabətli yolların olacağı ehtimalına əsaslanır.

Bu metod müəyyən bir mövzuda ictimai müzakirədə mövcud olan arqumentlərin çeşidini müəyyən etməklə başlayır. Daha sonra xəbər mətnlərini təhlil edilməsi, xəbər proqramlaşdırması və mətbuatda işıqlandırma axınında hansı proseslərin baş verməsi ortaya çıxarılır. Tədqiqat zamanı məlum olur ki, bəzi xəbərlərə yalnız ara-sıra və ya keçid zamanı istinad edilə bilər, digərləri isə xəbər başlıqlarında və ya müsahibə suallarında və ya redaksiya məqalələrində daha çox üstünlük təşkil edir. Məsələn qaçqınlıq probleminin mediada işıqlandırılması zamanı bəzi arqumentlər və onların ehtiva etdiyi fərziyyələr - məsələn, qaçqınların "çoxlu sayda" olmasının "təhlükə" təşkil etməsi - xüsusi xəbərlərin strukturunun əsasını təşkil edə bilər. Qaçqın insanların həyatı ilə bağlı yazılan tədqiqat əsərlərində hadisənin hərtərəfli anlaşılması üçün verilən xəbərin müxtəlif elementləri, məsələn, müsahibə verənlər, sitat gətirilən məlumatlar, şəkillərin seçilməsi və redaksiya şərhi, bütün bunları əsas mövzu kimi işləyib hazırlamaq və qanuniləşdirmək vacib məsələlərdən sayılır.

Xəbərlər bəzən xaotik məlumat axını və debat kimi görünə bilər, lakin o, həm də sosial münasibətlər və onların necə başa düşülməsi ilə bağlı əsas fərziyyələrlə dəstəklənir. Bunların əsasında motivlər, səbəb və nəticə, məsuliyyət və nəticə ilə bağlı inanclar dayanır. Beləliklə, sığınacaq istəyən insanlar haqqında bir qəzet xəbəri bunların hər biri ilə bağlı fərziyyələr irəli sürə bilər. Gələn insanların "əsl" motivi onların daha yaxşı həyat və ya iqtisadi üstünlük axtarmaqları ilə bağlı ola bilər.

İctimaiyyətə təqdim olunmuş "Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı" kitabı əsasında tədqiqatçılar xəbərlərdə izlənilən əsas mövzu sahələrini müəyyən etmək üçün dərc olunmuş məqalələr üzərində iş aparıb onları əsaslandıran izahlı çərçivələri hazırlayaraq düzgün nəticələr əldə edə bilər. Bu keyfiyyətli yanaşma başlıqlardakı əsas izahedici mövzuların, xəbər proqramlarının və qəzet məqalələrinin mətninin ətraflı təhlilini əhatə edir. Biz bəzi arqumentlərə üstünlük verilməsini araşdırırıq ki, onlar jurnalistlər tərəfindən vurğulanır və ya xəbərlərdə dəfələrlə istifadə edilir və ya istinad edilir. Beləliklə, verilmiş məqalələri təhlil edərək üzə çıxarmaq olar ki, Azərbaycan ərazisində erməni zorakılığın geniş şəkildə işıqlandırılmasına baxmayaraq, təbiəti və səbəbləri ilə bağlı çox az təhlil aparılıb. Xəbərlərin çoxu üstüörtülü şəkildə status-kvonu ifadə edirdi - sanki problem və zorakılıq ermənilərin hücuma başlaması ilə başladı, buna azərbaycanlılar "cavab verdi".

Mahiyyət etibarilə çap olunmuş kitab bir çox sahədə yeni-yeni tədqiqat əsərlərinin meydana çıxmasına mükəmməl mənbədir. Bu araşdırma ölkə perspektivlərinin müzakirədə effektiv şəkildə üzə çıxarılmasında və ölkənin siyasi və sosial durumunun da işıqlandırılma prosesindəx üsusi əhəmiyyət kəsb edir.

 

Ülviyyə RƏHİMOVA

"Azərbaycanşünaslıq" Elmi Mərkəzinin baş elmi işçisi, dosent

525-ci qəzet .- 2024.- 4 iyun,№97.-S.12.