Mirzə Möhsün İbrahiminin böyük cəhdi  

950 İLLİYİ QEYD OLUNAN "DİVANU LUĞAT İT-TÜRK"ÜN TƏRCÜMƏSİ YOLUNDA MÜHÜM BİR ADDIM

 

Ankaradakı Qazi Universitetinin professoru Fatma Açık zəng vurmuşdu. Hal-əhval tutduqdan sonra istəyini dilə gətirdi: "Hocam, "Divanu luğat it-turk"ün (Əsər ərəb dilində yazıldığı üçün biz də məqaləmiz boyu kitabın adını ərəb dilinin yazı qaydalarına uyğun olaraq "Divanu luğat it-turk" şəklində veririk - Ə.Ş.) yazılmasının 950 illiyi münasibəti ilə bir kitab hazırlayırıq, xahiş edirik, Mirzə Möhsün İbrahimi haqqında məqalə göndərəsiniz".

Mirzə Möhsün İbrahiminin kim olduğunu yadıma sala bilmədiyimdən fikrə getdim və ona xahişini yerinə yetirə bilməyəcəyimi söylədim. Fatma Açık heyrətlə: "Hocam, nasıl olur, Mirzə Möhsün İbrahimi xatırlamırsınız? "Divanu luğat it-turk"ü dilimizə ilk çevirmək istəyən kişi haqqında sizin bildirinizdən oxumuşuq!" - dedi. Ondan fikirimi toplamaq, yazılarımı gözdən keçirmək üçün vaxt istədim.

Mirzə Möhsün İbrahimini yadıma sala bilmədim. Yazılarım olan bilgisayarda axtarış versəm də, heç nə gəlmədi. 1920-ci illərə aid kitab və məqalələri gözdən keçirdim, dövrün araşdırıcıları olan tanışlara zəng vurdum. Lakin bir nəticə əldə edə bilmədim. Həmişə olduğu kimi, yenə son ümid yerim olan Ədalət Tahirzadəyə zəng vurdum. O, məni dinləyəndə gülür, atmacalarından qalmırdı. Vəziyyətdən çıxış yolu tapmadıqda dedi: "Yaxşı, onda Misir Mərdanovla mənim birgə yazdığımız "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitab)" kitabının 3-cü cildinə bax, sonra söhbət edərik".

Ədalət Tahirzadə kitablarını mənə bağışladığından kitabxanaya getməyimə ehtiyac qalmadı. Kitabın 411-412-ci səhifələrində Mirzə Möhsün İbrahimi haqqında dəyərli bilgiyə rast gələndə huşsuzluğuma bəs qədər güldüm. Ədalət bəy məqaləsinin sonunda yazmışdı: "Tanınmış filoloq alim Əli Şamil Mirzə Möhsün xanın Mahmud Kaşğarinin "Divanu luğat it-turk" əsərinin Azərbaycan türkcəsinə çevrilməsindəki rolunu araşdırıb. O, dəyərli yazısında göstərib ki, Kaşğarinin bu əsəri Türkiyədə ilk dəfə basılandan həmən sonra onun türkcəyə çevrilməsində ilk addım atanlardan biri məhz Azərbaycan alimi İbrahimzadə olub. O, "Mirzə Möhsün", "M.M.İbrahimov", "Mirzə Möhsün İbrahimov" və b. imzalarla çox qiymətli elmi məqalələr dərc etdirib".

Bu cümləni oxuyanda Ədalət Tahirzadənin telefonda danışarkən nədən güldüyünün səbəbini anladım. Yenidən öz yazılarımı gözdən keçirdim. 2008-ci ilin oktyabr ayının 17-19-da Rize şəhərində keçirilən "Doğumunun 1000 yılı dolayısıyla uluslararası Kaşgari Mahmud sempozyumu"nda oxuduğum məruzədə Möhsün İbrahimidən də söz açmışdım. Məruzə mətn-ləri elə həmin il də nəşr edilmişdi.

Ədalət Tahirzadənin gülə-gülə verdiyi bilgi mənə yolgöstərici oldu. Qaynaqlar yadıma düşdü. Yenidən onları gözdən keçirdim.

...Ömrünü milli mədəniyyətimizin öyrənilməsinə, qorunmasına və tanıdılmasına həsr etmiş Əli Əmirinin 1914-cü ildə köhnə kitablar satılan mağazadan aldığı əlyazma onun adını əbədiləşdirmişdir. Zərgər qiymətli daşların dəyərini necə bilirsə, Əli Əmiri də əlyazmaların dəyərini o cür bilib. 11-ci yüzildə yaşamış Mahmud Kaşğarinin "Divanu luğat it-turk" (Əsər ərəb dilində yazıldığı üçün biz də məqaləmiz boyu kitabın adını ərəb dilinin yazı qaydalarına uyğun olaraq "Divanu luğat it-turk" şəklində verəcəyik) əsəri Türk dünyası üçün almaz külçə rolunu oynadı.

"Divanu luğat it-turk"ün Əli Əmiridə olması tezliklə İstanbul aydınlarının diqqətini çəkdi. Lakin heç biri bu kitabı ondan alıb oxumağı, nəşr etdirməyi başarmadı. Odur ki işə Osmanlı höku-mətinin Baş naziri Tələt Paşanı işə qatdılar. Birinci Cahan savaşının dünyanı caynağına aldığı, Osmanlı dövlətinin də bütün diqqəti savaşa yönəltdiyi bir dönəmdə Tələt Paşa kitabın dəyərini, məsələnin ciddiliyini başa düşərək Əli Əmiridən xahiş edir ki, kitabın oxunmasına, üzünün köçürülməsinə və nəşrinə icazə versin.

Çox ölçüb-biçdikdən sonra Əli Əmiri tanınmış alim Rifət Kilislinin "Divanu luğat it-turk"ün üzünü köçürməsinə və nəşrə hazırlamasına icazə verir. Rifət Kilisli 1915-17-ci illərdə əsər üzərində işləyib onu nəşr etdirir.

İnsanlar talelərinin necə olacağına, günlük ruzularını necə qazanacaqlarına daha çox diqqət yetirdikləri bir vaxtda türk aydınları öz tarixlərinə, milli kimliklərinə sahib çıxaraq "Divanu luğat it-turk"ü oxuyur, araşdırır, təbliğ etməyə başlayırlar. Savaşlar, inqilablar isə insanları, şəhər və kəndləri, yolları və s. dağıtmaqla qalmır, əlaqələri də kəsir.

Azərbaycan 100 ildən çox idi Rusiya imperiyasının əsarəti altında inləyirdi. Birinci Dünya sava-şında isə Azərbaycan Osmanlı dövləti ilə savaşan Rusiya imperiyasının tərkibində olduğundan azərbaycanlıların Osmanlı dövlətinin ərazilərinə getmələri məhdudlaşdırılmışdır. Savaş başa çatdıqdan sonra iqtisadi və mədəni əlaqələr yenidən dirçəlməyə başlamışdı.

Mahmud Kaşğarinin "Divanu luğat it-turk" əsərinin Azərbaycanda ilk nəşrinə nail olmuş böyük türkoloq Ramiz Əsgər "Mahmud Kaşğarinin "Divanü lüğat it-türk" əsəri üzrə biblioqrafik və qrammatik göstərici" kitabında yazır: "Yalnız onu demək kifayətdir ki, "Divan"ın Azərbaycan dilində nəşri işi bizdə Türkiyədəkindən təqribən 60 il, özbəklərdən 40 il, uyğurlardan 20 il, qazaxlardan 10 il sonra yerinə yetirilmişdir. Halbuki "Divan"ın Azərbaycan dilində nəşr olunmamış ilk tərcüməsi ötən əsrin 30-cu illərində başa çatdırılmışdır. Həmin dövrdə DLT haqqında bəzi tədqiqatlar da aparılmışdır. Hələ 1924-cü ildə tanınmış ədəbiyyatşünas Hənəfi Zeynallı "Divan" və Mahmud Kaşğari haqqında öz mülahizələrini bildirmişdir. 1926-cı ildə Bakıda keçirilən Birinci Ümumittifaq Türkoloji Qurultayda Bəkir Çobanzadə (1893-1937) DLT-nin materialları əsasında türk ləhcələrinin yaxın qohumluğu haqqında məruzə ilə çıxış etmişdir. O, Fərhad Ağayevlə birlikdə yazdığı türk qrammatikasından bəhs edən kitabında da yeri gəldikcə "Divan"dan söz açmışdır".

1919-1926-cı illərdə İstanbul Darilfününda oxuyan və "Azəri Türklərinin ədəbiyyatı" mövzusunda dissertasiya yazan Əmin Abid də istər Türkiyədə olarkən yazmağa başladığı 6 cildlik "Azərbaycan Türklərinin ədəbiyyatı tarixi" əsərinin birinci cildində, istərsə də Bakıda nəşr etdirdiyi "Heca vəzninin tarixi (Ədəbiyyat teoriyası haqqında)" (Əmin Abid, 1927, sayı 3 (23), 4 (24), 6-7 (26-27) və "Türk xalqları ədəbiyyatında mani nevi və Azərbaycan bayatılarının xüsusiyyətləri (Beş bin bayatı-mani üzərində yapılmış bir tətöbbənamədir)" (Əmin Abid, 1930, sayı 4-5 (9-10) məqalələrində Mahmud Kaşğarinin "Divanu luğat it-turk" əsərlərindən qaynaq kimi istifadə etmişdi.

Əmin Abid istər ata sözlərini, istər mani-bayatıları, istər Alp Ər Tunqa dastanını təhlil edərkən "DLT" yararlanmışdı. Həmin dövrdə "DLT" Azərbaycanda türkcəyə çevrilməmişdi. Nümunələrdə verilən qaynaqlardan bu qənaətə gəlmək olur ki, mətnləri Əmin Abidin özü tərcümə etmişdi.

Möhsün İbrahimi 1924-cü ildə Bakıda latın əlifbası ilə çap olunan "Yeni yol" qəzetində Mirzə Möhsün imzası ilə nəşr etdirdiyi beş məqaləsindən araşdırıcının  Mahmud Kaşğari və "DLT" tanıtmaqla kifayətlənmədiyi, "DLT"ü tərcümə etməyə başladığı qənaətinə gəlmək olur. Bu, Azərbaycanda "Divanu luğat it-turk"də tərcümələr edilməsinə ilk cəhddir.

 

MİRZƏ MÖHSÜN İBRAHİMİ KİMDİR?

 

Mirzə Möhsün İbrahiminin ömür yolu və yaradıcılığı haqqında bilginin az olmasının bir səbəbi həmişə KQB basqısı altında olmasıdırsa, ikinci səbəbi isə özünü və əsərlərini tanıtmağa meyilli olmamasıdır.

19-20-ci yüzil tariximizi sənədlər əsasından araşdıran Ədalət Tahirzadə "Azərbaycan müəllimi" qəzetinin 3 fevral 2012-ci il sayındakı "Yazardan bir neçə söz" məqaləsində yazır: "Adı bir sıra sənədlərdə "Mövsün", "Mövsüm", "Mirzə Mövsüm xan", "Mirzə Möhsün xan" kimi də qeyd edilmiş İbrahimzadə kimi görkəmli filoloqumuzun həyat və fəaliyyəti haqqında, təəssüf ki, indiyədək ayrıca heç bir yazı ortaya qoyulmayıb".

Azərbaycanda imzaların dəyərli araşdırıcısı Qulam Məmmədli 1977-ci ildə nəşr etdirdiyi  "İmzalar" kitabında (2010-ci ildə bu kitabın təkmilləşdirilmiş nəşrini Afaq Əliyeva nəşr etdirmişdir) Möhsün İbrahiminin bir neçə məqaləsinin çap olunduğu nəşrləri göstərmişdi.

Möhsün İbrahimi haqqında ən dəyərli bilgiyə hələlik Ədalət Tahirzadənin yazılarında rast gəlirik. O yazır: "İbrahimzadə Paris Universitetini bitirib. İlk və son fəaliyyəti haqqında əli-mizdə bilgi yoxdur. Bildiklərimiz aşağıdakılardan ibarətdir. Azərbaycan Cümhuriyyəti dönəmində o, xalq maarif naziri Həmid bəy Şahtaxtinskinin 10 fevral 1920-ci il tarixli 52 saylı əmri ilə Bakı Darülmüəlliminində (kişi müəllimlər seminariyasında) 3 fevraldan müəllim təyin edilib və bu haqda ona 15 fevralda 2226 saylı bildiriş məktubu göndərilib. O, 10 yanvar 1921-ci ildən Bakıdakı müəllimlər hazırlayan fars kursunun müəllimi işləyib.

1924-cü ildə onu Azərbaycan Kişi Müəllimlər İnstitutunun fars ədəbiyyatı tarixi müəllimi kimi görürük. Əlimizdə 15 oktyabr 1926-cı ildə Ali Pedaqoji İnstituta müəllim qəbul edilməzdən öncə doldurduğu "şəxsi kartoçka"sı və "şəxsi vərəqə"si var. Onlardan öyrənirik ki, Mirzə Möhsün İbrahimzadə (İbrahimi) 1878-ci ildə Təbrizdə doğulub; türkdür; ana dili türkcədir; ana dilindən başqa, fars, fransız, ərəb dillərində yaxşı danışır, fars, fransız, alman, ingilis, rus dillərində yazır; 2 il elmi tədqiqat və məşğuliyyət üçün əcnəbi məmləkətlərdən Avstriya, Almaniya, İsveçrə, Belçika, Hollandiya, Fransa və İngiltərədə bulunub; ictimai mənşəcə qulluqçu və sənətkardır; alitəhsillidir; Fransada "Alyans Fransız"da ali fəlsəfə və hüquq kurs-larında oxuyub; ümumən fəlsəfə, hüquq, ədəbiyyat və lisaniyyat öyrənib; ixtisası ədəbiyyat və lisaniyyatdır; həmin ixtisas üzrə 28 il çalışıb (onlardan 20 ili Bakıda); Ali Pedaqoji İnstituta gəlməzdən öncə Darülfünunda çalışıb; vəzifəsi müəllimdir; evlidir, 2 nəfərdir; Böyük Minarə küçəsi (indiki Asəf Zeynallı küçəsi) 12-də yaşayır; indiyədək heç bir partiyada olmayıb; inqilabi və ictimai işlərdə iştirak etməyib; 1920-ci ildən Maarif Xadimləri İttifaqındadır; İran təbəəsidir.

Azərbaycan Xalq Maarif Komissarı Mustafa Quluyevin 20 noyabr 1926-cı il tarixli 119 saylı əmri ilə "yoldaş Mirzə Möhsün İbrahimzadə" 15 oktyabrdan Ali Pedaqoji İnstitutda kitabxana müdiri təyin edilib".     

 

"DİVANU LUĞAT İT-TURK"Ü ÇEVİRMƏYƏ İLK CƏHD

 

Mirzə Möhsün "Divanu luğat it-turk"ü çevirməyə başlayanda Azərbaycan Kişi Müəllimlər İnstitutunun fars ədəbiyyatı tarixindən dərs deyirdi. Ona "Divanu luğat it-turk"ü çevirmək üçün heç bir təşkilatda tapşırıq verilməmişdi. Öz istəyi ilə bu işə başlamışdı. Necə deyərlər, ictimai fikri formalaşdırmaq, aydınların və elmi qurumların diqqətini bu əsərə yönəltmək istəyirdi. O yazırdı: "Ərəbcə yazılmış əsər, fərddən istifadə edə bilən azəri türklərinin az olduğunu nəzərə alaraq ümümi bir istifadə sərçeşməsi olsun deyə bu dəyərli əsərin ən mühüm yerlərini türkcəyə çevirməyə qərar verdim".

Sual yarana bilər ki, nədən Mirzə Möhsün əsəri tam tərcümə edəcəyini yazmır. Onun biliyi, bacarığı və çox dil bilməsi imkan verirdi ki, "Divanu luğat it-turk"ü çevirsin. Lakin dövrün şərtlərini nəzərdən keçirdikdə görürük ki, buna texniki, maddi imkan yox idi. Azərbaycanda ərəb əlifbasını latın əlifbası ilə əvəzləmək üçün qızğın müzakirə gedirdi. Yalnız "Yeni yol" qəzeti latın əlifbası ilə nəşr edilirdi. Başqa qəzetlərdə isə bəzi məqalələr, bəzən bir səhifə latın qrafikalı əlifba ilə çap olunurdu. Bakı mətbəələrinin hamısında "Divanu luğat it-turk"ü nəşr etməyə lazımi şirif çatışmırdı. "Yeni yol" qəzeti Mirzə Möhsünün "Mahmud Kaşğari" məqaləsinin birinci hissəsini 1924-cü il iyulun 26-da çap olunan 21-ci sayında yazırdı: "Mətbəədə məzkur həriflər mövcud olmadığından (məqalənin ardı - Ə.Ş.) buraxılmadı".

Məqalənin ardı şiriflər əldə edildikdən sonra 1924-cü il avqust ayının 11-də çap olunan 23-cü sayda nəşr edilir. Mirzə Möhsün yazır ki, "Divanu luğat it-turk"dən türkcəmizə tərcümə edib də, elmi qaydalarla maraqlanan kəlam sahiblərinə təqdim edirəm. Elmi əhəmiyyətini nəzərə alaraq göstərdiyim nümünələrdə əski imlanı eynilə mühafizə edərək lazımi yerlərdə bir kərə dəxi yeni imla ilə yazdım.

Araşdırıcıya görə, aşağıdakı 18 hərf bütün türk ləhcələrini ifadə edir.

İkinci məqalə "Divanu luğat it-turk"dən tərcümədir. Burada türk dilində olan tələffüzdə bulunub da yazıda bulunmayan 7 hərfin izahı tərcümə edilir. Onun ardınca "müstək və mozi isimlər bölməsi çevrilib. Bu bölmədə a, c, ş, ğ, q, k, g, l, m və v hərfləri haqqında aydın və anlaşıqlı bir dillə bilgi verilib.

Mirzə Möhsün üçüncü məqaləsində türk qəbilələri və türk dilləri haqqında bölmədən parça, dördüncü məqaləsində türk lüğətlərinin ixtilafı haqqında, beşinci məqalədə isə sərf (qrammatika) qaydaları haqqında bölmələrdən parçalar çevirib.

Tərcüməçinin çevirib qəzetdə nəşr etdirdiyi parçalardan aydın görünür ki, o, "Divanu luğat it-turk"də qrammatikadan çox türk ləhcələrinə və onları bir-birindən fərqləndirən cəhətlərə önəm veri

 

Heyif ki, Mirzə Möhsünün min bir zəhmətlə hazırladığı çevirmələr gözlədiyi nəticəni verməmişdi. Onun çevirisi sükütla qarşılanmışdı.

Mirzə Möhsün İbrahimi ali məktəblərdə dərs deməklə kifayətlənməmiş, elmi araşdırmalar aparmış, tərcümələr etmişdi. Onun Əlişir Nəvai haqqında 1925-ci ildə nəşr etdirdiyi məqalə bu gün də elmi əhəmiyyətini itirməyib. Bədii tərcümə ilə də məşğul olan araşdırıcının Əbdülqasım Firdovsidən çevirdiyi dastan 1934-cü ildə Vəli Xuluflunun ümumi redaktorluğu altında Bakıda "Azərnəşr"in çap etdiyi "Şahnamə: seçilmiş dastanlar" kitabında verilmişdi.

Mirzə Möhsün İbrahiminin arxivi qorunmadığından onun "Divanu luğat it-turk"ün tərcüməsi üzərində sonralar da işləyib işlənmədiyi haqqında bilgi əldə edə bilmədik.

1978-ci ildə Təbrizdə doğulan Möhsün İbrahimli haqqında 1926-cı ildən sonra heç bir qaynağa rast gəlmədik. 1927-ci ildə Azərbaycanda repressiya şiddətlənməyə başlamışdı. Mirzə Möhsün də İran vətəndaşı olduğuna və Avropada təhsil aldığına, bir neçə dil bildiyinə görə Sovet KQB-sinin nəzərində cəsus və əks-inqilabçı idi. Buna görə də onun həbs olunması, güllələnməsi və ən yaxşı halda Azərbaycandan İrana deport olunması mümkün idi.

1929-cu ildə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun yaranması respublikada araşdırmalarla məşğul olan kadrların bir mərkəzdə toplanmasına şərait yaratdı. İnstitut 1932-ci ildə SSRİ EA Zaqafqaziya Filialının Azərbaycan şöbəsinə, 1935-ci ilin oktyabrında SSRİ EA Azərbaycan Filialına çevrildi. Həmin il Mahmud Kaşğarinin "Divanu luğat it-turk" əsəri akademiyada işləyən məşhur dilçi, İstanbul Darülfününün məzunu, milliyətcə özbək türkü olan Xalid Səid Xocayevə tapşırıldı. O, bu əzəmətli işi şərəflə başa vuraraq 1937-ci ilin iyununda Leninqrada  rəyə göndərməyə hazırlaşırdı. Həbs olunması işi yarımçıq qoydu. Sonrakı illərdə əsərin üzərində müxtəlif araşdırıcılar işləsələr də, çap etdirə bilmədilər. 1980-ci illərin ortalarında bu əsər yoxa çıxdı. Araşdırcılar onu tapmağa cəhd etsələr də, mümkün olmadı. 2023-cü ildə Akademiyanın Dilçilik İnstitutuna direktor gələn Nadir Məmmədli Xalid Səid Xocayevin çevirdiyi və başqalarının da üzərində işlədiyi, "Divanu luğat it-turk"ü tapdı və 2024-cü ildə üç cilddə nəşr etdirdi.

Bunu Mirzə Möhsün İbrahiminin başladığı böyük işin uğurlu nəticəsi adlandırmaq olar.

 

Əli ŞAMİL

ali-shamil@yahoo.com

525-ci qəzet .- 2024.- 4 iyun,№97.-S.10;11.