Şuşada Zeynəb oxuyurdu

 

Esse

 

 

Hər kəsə doğulub böyüdüyü kənd, şəhər və ən əsası torpaq əzizdir. Bələyə bükülüb kənara qoyulan yeni doğulmuş körpənin qeyri-adi baxışlarını, maraqla ətrafa göz gəzdirdiyini çox görmüşəm. İlk dəfə göz açıb gördükləri nə olursa olsun şüuraltına yerləşir, odur ki, sonra harda yaşamasından asılı olmayaraq hey dünyaya gəldiyi yerə can atır. Amma elə yerlər var ki, o, hamıya əzizdir, doğmadır. Dağların başında çiçəklərdən toxunmuş çələngi xatırladan Şuşa kimi... Adı gələndə illərlə için-için qovrulmuşuq, mənfur düşmənlərin tapdağı olanda tüstümüz təpəmizdən qalxıb, ah çəkib üzü dağlara sarı boylanmışıq...

    Nəhayət, o əziz şəhərin şad vaxtı gəldi, xalqımızın yenilməyən birliyi, Müzəffər Ordumuzun gücü, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı doğru siyasəti sayəsində azadlığa qovuşdu. Gün gəldi ki, Şuşaya yollar da açıldı, həsrət gözlər dolub boşaldı, güclü əllər yaralı şəhərin yaralarını sarıdı. Tikinti-quruculuq işləri aparılmaqla birgə, illərlə adət halını almış mədəni tədbirlər də yenidən bərpa edildi. Şuşa qollarını geniş açıb əsl sakinlərini bağrına basdı... Və dünyanın düz mərkəzində yeni bir ŞUŞA doğuldu!.. Mənim də qələmim Şuşa yazdı, dilim Şuşa oxudu...

 

...Ətrini gətirir külək,

Uzaqdan Xarıbülbülün,

Şuşanın yarı bülbülün,

Yarı gül, yarı bülbülün...

Nə olsun ki, payızdı...

 

Bir neçə gün irəli Şuşada, Cıdır düzündə keçirilən 7-ci "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının və "Şuşa-İslam dünyasının mədəniyyət paytaxtı 2024" ilinin açılış mərasimi sevincimizə bir də sevinc qatdı. Tədbirin açılış konsertində səhnədə yer alan musiqiçi və müğənnilərin ifasında səslənən mahnılar, yerli və xarici musiqilər Şuşanın dağlarında əks-səda verdi. Dağlar, daşlar sevindi, ağaclar qolboyun olub yallı getdi...

Bir də o möhtəşəm səhnədə Azərbaycanın "Büllur səsli müğənni"si, "Dünyanın Zeynəbi" oxudu, səsi havalanıb illərin həsrətini əritdi. Əlləri də, saçları da, cismi, ruhu da "Sıralanıb dağ kimi, gəlin verək əl-ələ" dedi, "Gəl bacım, gəl qardaşım, bir olaq, yumruq olaq" söylədi, "Yaşa, yaşa Azərbaycan, yaşa a mənim xalqım" deyə hayqırdı...

Bu görüntüləri televiziya ekranından seyr edərək eyni həyəcan və sevgiylə belə bir səhnəni uzun illər öncə fikrimdə canlandırıb Zeynəbin adına bağladığım şeir dəmətini xatırladım. Artıq 2000-ci illər idi, Qarabağ əldən getmiş, Şuşa da əsarətdə idi, məcburi köçkün olan soydaşlarımız isti ocaqlarından didərgin düşmüşdülər. Hamımızın ürəyi yaralıydı...

Bizim də rayonda Qarabağın müxtəlif bölgələrindən olan insanlar məskunlaşmışdılar, aralarında şuşalılar da vardı. Onlar yerli camaatdan nə qədər mehribanlıq. diqqət və qayğı görsələr də, üzlərində, gözlərində daimi bir qəm kölgəsi olurdu. Heç nəyə ürək dolusu sevinə bilmirdilər. Suyumuzu suları, havamızı havaları ilə müqayisə edir, həsrətlə köks ötürürdülər. "Cah-cəlal qoyub gəlmişik" - deyirdilər və o cah-cəlal təkcə ev-eşik deyildi, həm də dağların saf havası, bulaqların sərin suyu, göylərin açıq üzü və yaz-payız yağmur yağan pəmpə buludları idi!..

Onlar bir gün doğma torpaqların geri alınacağına inanır və bu ümidə söykənib yaşayırdılar. Əmin idilər ki, açarını götürüb gəldikləri evlərinə mütləq qayıdacaqlar... Belə dəmlərdə Zeynəbi dinləyirdim...

 

"...Ağlama Yanıq Kərəmi,

 

Qalmaz belə, qalmaz dünya..." deyirdi Zeynəb, səsi həsrət ürəklərə su çiləyirdi, inanırdı, inandırırdı... Amma hələ ki, "Şuşanın dağları başı dumanlı"ydı...

Şairlər Allahın yerdəki elçiləridir deyirlər, deməli, az, ya çox öncə hissetmə qabiliyyəti də olmalıdı. Günlərlə xəyala dalır, düşünür,  gözlərim önündə o gələcək möhtəşəm günlərin canlı təsvirini yaradırdım. Budur, Qarabağ azaddır, vüqarlı dağlar, şəhər və kəndlər yenə sevinc içindədir... Şuşa - əlləri Allaha çatan şəhərdən yenə musiqi, çal-çağır səsləri ucalır... Zeynəb oxuyur! Duyğuların selləmə yağışında sevgili müğənnimizi vəsf elədim, arzularımı şeirə çevirib bu gün üçün həm Şuşaya, həm də Zeynəbə ərməğan etdim...

 

...Bir ulduzdu, kəhkəşana yaraşır,

Bir çiçəkdi gülüstana yaraşır,

Şöhrət ona, o şöhrətə yaraşır,

Pozulmasın bu növrağı Zeynəbin,

Elin böyük sənətkarı Zeynəbin...

 

Şəlalə tək gur çağlasın qoy səsin,

Ürəklərdə ucalıbdı heykəlin.

Şah nəğməsin Şuşamızda söyləsin,

Başa yetsin arzuları Zeynəbin,

Elin böyük sənətkarı Zeynəbin!

 

Və o gün arzuların çin olduğu gün idi... Zeynəb Şuşada, Cıdır düzündə oxuyurdu, gur səsi dağları, daşları da dəlib keçir, dünyanın hər yerinə yayılırdı. Bəxtəvərcə oxuyurdu, xoşbəxtcə oxuyurdu, inamla oxuyurdu. Sanki hər avazında "Şuşa mənim öz elim, öz obamdı, kimin buna sözü var!?" - deyə şəkk edənlərə şifrəli mesaj göndərirdi. Oxu, elin böyük sənətkarı, daha kimin sözü ola bilər ki!..

 

Şahnaz ŞAHİN

525-ci qəzet .- 2024.- 4 iyun,№97.-S.8.