Bakı Enerji Həftəsi
başlayır
BEYNƏLXALQ SƏVİYYƏDƏ BÖYÜK MARAQ
KƏSB EDƏN BAKI ENERJİ HƏFTƏSİ BÜTÜN
DÜNYANIN ENERJİ SƏNAYESİ SAHƏSİNİN
LİDERLƏRİNİ BİR ARAYA GƏTİRİR
Bu gün Azərbaycanda Bakı Enerji Həftəsi
öz işinə başlayır. Regionun enerji sahəsində
mühüm hadisəsi olan tədbir 4-6 iyun tarixlərində
baş tutacaq. Beynəlxalq səviyyədə böyük
maraq kəsb edən Bakı Enerji Həftəsi bütün
dünyanın enerji sənayesi sahəsinin liderlərini bir
araya gətirir və bununla da diqqəti Azərbaycanın
üzərinə cəmləşdirir.
Qeyd edək ki, Bakı Enerji Həftəsi özündə
üç mötəbər tədbiri birləşdirir.
Bunlar 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi
“Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və
Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı
Enerji Forumudur.
“Caspian Oil&Gas” və “Caspian Power” sərgiləri
Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə
ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində
təşkil ediləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Bakı Enerji Həftəsinin
açılış mərasimində iştirakı bu tədbirin
yüksək statusunu təsdiqləyir.
Bakı Enerji Həftəsi çərçivəsində
keçirilən tədbirlərə Azərbaycan
Respublikasının Energetika Nazirliyi dəstək göstərir,
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
(SOCAR) isə baş tərəfdaş qismində
çıxış edir.
Builki Bakı Enerji Həftəsində 37 ölkədən
300-dək şirkət iştirakını təsdiq edib.
Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya,
Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş
Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük
Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa,
Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç,
İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan,
Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya
Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya,
Türkiyə, Ukrayna və Yaponiya iştirak edir. Bu ölkələr
arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər
ilk dəfədir ki, tədbirə qatılırlar. Builki sərginin
tərkibi iştirakçıların ümumi sayının
15 faizini təşkil edən yeni şirkətlər
hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın
yaşıl enerji sahəsinə yüksək maraq göstərən
xarici iştirakçılardır. Sərgi sahəsinin 40
faizi isə tanınmış şirkətlərə, sərgilərin
daimi iştirakçılarına məxsusdur.
2024-cü ildə Bakı Enerji Həftəsi bir
sıra əlamətdar hadisələrə təsadüf edir.
Belə ki, bu il respublikanın neft tarixində yeni
dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin
imzalanmasından 30 il ötür. Bu əlamətdar hadisə
Bakı Enerji Həftəsinin proqramında da öz əksini
tapıb. Azərbaycanın yeni enerji strategiyasının
müəllifi, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü
və iştirakı ilə imzalanan "Əsrin müqaviləsi"
Azərbaycanın dünyanın neft
ixracatçılarından birinə çevrilməsində
mühüm rol oynayıb.
Azərbaycan Prezidenti İlham Əliyev ötən il
Bakı Enerji Həftəsi çərçivəsində
keçirilən 28-ci Beynəlxalq Xəzər Neft və Qaz -
“Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika
və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin
açılışında çıxışı
zamanı bu məqama toxunaraq deyib ki, 1994-cü ildə ilk
neft-qaz sərgisi keçirildi və həmin il məhz
“Əsrin müqaviləsi” imzalandı ki, o, ölkəmizdə
vəziyyəti kökündən dəyişdi, sərmayələr
cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və əlbəttə
ki, Azərbaycanın firavan gələcəyinin təməli
qoyuldu.
Dövlət başçısı bildirib ki, o zaman
Azərbaycan olduqca riskli bir məkan sayılırdı,
müstəqilliyini yeni əldə etmişdi, müstəqilliyimizin
3 yaşı var idi və əlbəttə ki, bir çox
insan Azərbaycan haqqında məlumata malik deyildi, ölkəmizin
harada yerləşdiyini bilmirdi və ölkəmiz keçid
dövründə idi, sovet sistemindən bazar iqtisadiyyatına
keçid dövrünü yaşayırdı: “Bununla
yanaşı, ərazilərimizin işğalı, bir milyondan
artıq qaçqın-köçkün, vətəndaş
qarşıdurması – bütün bunlar, əlbəttə
ki, sərmayəçiləri bir növ qorxudurdu. Ona görə
də bir çox səylər tələb edildi ki, biz tərəfdaşlarımızı
buraya dəvət edə bilək. Məsələn, bizim BP
kimi 30 illik tərəfdaşımızı və ilk
konsorsiumun ovaxtkı üzvlərini də buraya dəvət
etmək üçün olduqca böyük səylər
lazım oldu. Bizim neft kəmərlərimiz yox idi,
infrastrukturumuz yox idi, hətta ölkədə mülki
infrastruktur da geridə qalmışdı. Ona görə də
1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması
yeganə addım idi ki, o, Azərbaycana dayanıqlı
inkişaf, iqtisadi müstəqillik və bunun nəticəsində
də siyasi müstəqillik gətirdi”.
Bu il Beynəlxalq Xəzər Neft və Qaz “Caspian
Oil&Gas” sərgisinin təsis edilməsindən də 30 il
ötür. Belə ki, ilk dəfə 1994-cü ildə
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə Azərbaycanın neft-qaz sənayesində ilk
ixtisaslaşdırılmış sərgi təşkil olunub
və həmin dövrdən etibarən, “Caspian Oil&Gas” sərgisi
neft, qaz və energetika sahəsində aparıcı peşəkarların
görüş yerinə çevrilib.
Sərgi və forum iştirakçılarına
ABŞ, Böyük Britaniya və Türkiyə dövlət
başçılarından təbrik məktubları göndərilib.
Bakı Enerji Həftəsinə əlaqədar dövlət
strukturlarının, enerji sahəsində fəaliyyət
göstərən şirkətlərin rəhbər şəxsləri,
xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin
başçıları qatılır. Bu il də Bakı
Enerji Həftəsində yüksək rütbəli
qonaqların iştirakı gözlənilir. Onların
arasında Birləşmiş Ərəb Əmirliklərinin
sənaye və qabaqcıl texnologiyalar naziri, Abu-Dabi Milli Neft
Şirkətinin (ADNOC) idarəedici direktoru, “Masdar” şirkətinin
sədri, COP28-in prezidenti Sultan Əhməd Əl Caber,
Türkiyənin enerji və təbii sərvətlər naziri
Alparslan Bayraktar, Macarıstan xarici işlər və ticarət
naziri Piter Siyyarto, Macarıstanın energetika naziri Csaba Lantos,
ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları
Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə
baş müşaviri Harri Kemian, Neft İxrac Edən Ölkələr
Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays,
Beynəlxalq Enerji Agentliyinin (IEA) İcraçı Direktoru
Fatih Birol, Avropa Komissiyası Energetika üzrə Baş
İdarənin direktoru Kristina Lobillo Borrero, Qaz İxrac Edən
Ölkələr Forumunun baş katibi (GECF) Mohamed Hamel, Beynəlxalq
Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Baş direktoru
Françesko La Kamera, Beynəlxalq Enerji Xartiyası Baş
katibinin səlahiyyətlərini müvəqqəti icra edən
Atsuko Hiroşe, Dünya Enerji Konqresinin Baş katibi və
icraçı direktoru Angela Vilkinson, İraq
Respublikasının neft nazirinin enerji məsələləri
üzrə müşaviri AbdulBaqi
K. AlSalait, Sloveniya Respublikasının Ekologiya, İqlim və
Energetika Nazirliyində energetika üzrə dövlət katibi
Tina Sersen, Əlcəzairin Energetika və Mədən
Nazirliyinin baş katibi Abdelkrim Aouissi və bp Qrupunun Hasilat və
Əməliyyatlar üzrə icraçı vitse-prezidenti
Qordon Birrell var.
Ənənəvi enerji resursları sənayesini
inkişaf etməkdə olan “yaşıl enerji” istiqamətləri
ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə
irəliləyişlərə və ən yaxşı təcrübələrə
zəmin yaradır. Belə ki, 2024-cü ildə Bakı Enerji
Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf
edir. Prezident İlham Əliyevin sərəncamı ilə
2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik
ili” elan edilib. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin
tədbirlər proqramında əks olunub.
Məlumdur ki, bu il ölkəmiz həm də BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyası – COP29 kimi mötəbər tədbirə ev
sahibliyi edir. Belə genişmiqyaslı hadisə ərəfəsində
enerji sektoru nümayəndələrini bir araya gətirən
Bakı Enerji Həftəsi Azərbaycanın enerji
sektorundakı rolunu və dünya enerji təhlükəsizliyinə
verdiyi töhfəni bir daha vurğulayacaqdır.
Bakı Enerji Həftəsi isə öz növbəsində
enerji sektorundakı aktual məsələlərin müzakirə
edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin
bir araya gəldiyi bir platformadır. Bu tədbir dünya
miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyatı
və digər əhəmiyyətli məsələləri
müzakirə etmək üçün beynəlxalq nümayəndələri
və təşkilatları cəlb edir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, enerji təhlükəsizliyi
təkcə marşrutların şaxələndirilməsi
deyil, bu, mənbələrin şaxələndirilməsidir.
Qeyd edək ki, Xəzər regionunun əsas neft-qaz
layihələri və regionda enerji təhlükəsizliyi
“Caspian Oil&Gas” sərgisində müzakirə olunacaq. Sərginin
əhatə etdiyi mühüm bölmələrə neft və
qaz yataqlarının işlənməsi, neft və qazın nəqli
və hasilatı, telekommunikasiya və İT, neft və qaz
emalı, enerji sektorunda tikinti-quraşdırma işləri,
innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt,
qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının
istehsalı və saxlanması ilə bağlı yeniliklər
də təqdim olunacaq.
Xəzər Beynəlxalq Energetika və Yaşıl
Enerji “Caspian Power” sərgisində isə beynəlxalq və
yerli şirkətlərin energetika və bərpa olunan enerji mənbələrinin
inkişafı və istifadəsi sahəsindəki yeniliklər
və bununla bağlı təkliflər gündəmdə
olacaqdır. Sərgidə günəş enerjisi, külək
enerjisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi,
maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat
vasitələri və elektromobillər, enerji və resurslara qənaət
edən texnologiyalar və digər sektorlar üzrə məhsul
və xidmətlər, eləcə də yeni layihələr
nümayiş olunacaq.
Bakı Enerji Həftəsi çərçivəsində
təşkil ediləcək daha bir mötəbər tədbir
isə Bakı Enerji Forumudur. Forumda həm Azərbaycan, həm
də Xəzər regionu üçün vacib olan enerji məsələləri
gündəmdə olacaqdır. Ənənəvi olaraq, foruma
600-dən çox nümayəndənin qatılacağı
gözlənilir.
Ekoloji problemlər və bu problemlərin Yer kürəsi
üçün yaratdığı təhlükələr,
onların qarşısının alınması yolları, eləcə
də yaşıl enerji kimi mövzular Bakı Enerji Həftəsi
çərçivəsində keçirilən tədbirlər
proqramında xüsusi yer tutur.
Pərvanə
525-ci qəzet .- 2024.- 4 iyun,¹97.-S.5.