Zərif cinsə qarşı ağır cinayətlər

və ya rəqəmlərdən boylanan qorxunc gerçəklik

 

Ötən il 49 qadın ailə münaqişəsi və qısqanclıq zəminində törədilən cinayətin qurbanı olub. Onlardan 47-si qəsdən adam öldürmə cinayətinin, 1-i özünü öldürmə həddinə çatdırılma, 1-i isə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin hədəfinə çevrilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, ötən il gender əsaslı zorakılıqla bağlı 860 saylı Dəstək Xəttinə 302 müraciət daxil olub, onlardan 175 nəfəri münasibətdə olduğu şəxsin zorakılığına məruz qalıb. Müraciət edənlərin 237 nəfəri qadın, 65 nəfəri kişi olub. Dəstək xəttinə edilən müraciətlərin sayı 2022-ci illə müqayisədə 12,3 faiz artıb. Müraciətlərin əksəriyyəti psixoloji (288) və fiziki zorakılıq (146), həmçinin cinsi zorakılıqla (6) bağlı olub. Şikayət edənlərin əksəriyyəti zorakılığın bir neçə növünün qurbanı olub və onlardan 175 nəfəri münasibətdə olduğu şəxs tərəfindən zorakılığa məruz qalıb. Keçən il ərzində qəbul edilən zənglərin təhlilinə əsasən müəyyən edilib ki, müraciət edənlərin əksəriyyəti evli, orta təhsilli, işsiz şəxslərdir.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, son illər məişət zorakılığı, xüsusən qohumlar arasında zorakılıq aktları, ailə münaqişəsi zəminində yaralanma, ölüm halları çoxalıb: "Ailədə zorakılıq hallarının artmasında səbəb sosial-psixoloji faktordur. Kütləvi deqradasiyaya səbəb olan filmlər, seriallar, lazımsız teleşoular ailə münasibətlərinə ciddi zərər vurur. Ailədə abır, ismət, həya, qarşılıqlı hörmət kimi vacib amillər yoxa çıxıb. Daha çox kim qışqırırsa, hökm edirsə, o, qalib hesab olunur. Ailə münasibətlərində qalib olmamalıdır. Ailə münasibətlərində qarşılıqlı hörmət - nüfuz və anlaşma olmalıdır. Zorakılığın artımına təsir edən amillərdən biri də kişinin öz varlığını zorakılıq, şiddət yolu ilə təsdiq etməsidir. Müşahidələr göstərir ki, zəif kişilər qadını qorxu altında saxlamaqla özünə tabe etmək yolunu seçməyə üstünlük verirlər. O, qadının şəxsiyyətini aşağılamaqla onu özünə tabe etdirmək istəyini ortaya qoyur. Bir-biri ilə hiss və düşüncələrini bölüşməyən insanlar arasında aqressiya daha çox artır. Evliliyin məcburi olması da hər iki tərəf arasında daxili natamamlıq hissini formalaşdırır. Ailə quran şəxslər arasında nikaha şüurlu girmək halı çox azdır. İnsanlar anlamalıdır ki, nikah böyük məsuliyyətdir. Təəssüf ki, bizdə nikah sadəcə, nəsilartırma prosesidir. Ailə üzvlərinin bir-birinə qarşı kifayət qədər məsuliyyətli ola bilməməsi zorakılığa rəvac verir".

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili, professor Hicran Hüseynovanın sözlərinə görə, əfsuslar olsun ki, zorakılıq, xüsusən də, qadınlara qarşı zorakılıq halları müasir dövrün qlobal problemlərindən biri olaraq qalmaqdadır.

Ümümdünya Səhiyyə Təşkilatının təhlillərinə əsasən qadınlara (15-49 yaş arasında) qarşı zorakılığın yayılma nisbətləri Qərbi Sakit Okeanı Bölgəsində 20 faiz, Avropa Bölgəsinin yüksək gəlirli ölkələrində 22 və Amerika Bölgəsində 25, Afrika bölgəsində 33 faiz arasındadır. Şərqi Aralıq dənizi Bölgəsində 31% və Cənub-Şərqi Asiya Bölgəsində 33 faiz təşkil edir. Azərbaycanda da qadınlar məişət zorakılığına məruz qalır. 2020-ci ildə hər 100 min qadına nisbətdə ailə münaqişəsi və məişət zorakılığı cinayətlərinə məruz qalmış qadınların sayı 17 nəfər təşkil edib. Bu rəqəm digər ölkələrlə, xüsusilə, inkişaf etmiş ölkələrlə müqayisədə çox aşağıdır. Statistika göstərir ki, qanunun işlək olduğu Avropa ölkələrində belə, qadın hüquqları pozulur və belə hallar şərq ölkələrinə nisbətdə daha çoxdur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada təxminən hər üç qadından biri (% 30) həyatı boyunca yaxın partnyoru və ya başqa bir şəxs tərəfindən fiziki və ya cinsi zorakılığa məruz qalır. Avropa Birliyinin Statistika İdarəsinin (Eurostat) 2017-ci il məlumatlarına görə, Fransa qadınların qətlə yetirilməsi üzrə AB-də liderdir. 2017-ci ildə Fransada 601, Almaniyada 380, İngiltərədə 227, İtaliyada 130, İspaniyada 113 qadın öldürülmüşdür. Nəzərə alsaq ki, COVİD-19 Pandemiyasının davam etdiyi bu son 2 ildə məişət zorakılıqlarının sayı artıb: "Burada bir məsələni də qeyd etmək istərdim ki, dünyagörüşü və patriarxal mədəniyyət bütün dünyada baş verən zorakılıq hallarına öz təsirini göstərməkdədir. Çox maraqlıdır ki, qadınlar bir sıra hallarda döyülməyə haqq qazandırırlar. Məsələn, ABŞ - 13 faiz, Rusiya - 25, Türkiyə - 25, Fransa - 7, İsveçrə -16, Polşa - 10, Rumıniya - 11 faiz qadınlar bu halı normal qarşılayırlar. Azərbaycan gəldikdə isə qeyd etmək istərdim ki, aparılan təhlillər zamanı kişilərin 41, qadınların 34,7 faizi bildirib ki, "Qadın öz ailəsini qoruyub saxlamaq üçün zorakılığa dözməlidir". Bütün bunlar bir daha onu göstərir ki, zorakılığa münasibət bir çox hallarda patriarxal mədəniyyətin və dünyagürüşünün nəticəsində formalaşır. Bu yanaşmanı aradan qaldırmaq uzun bir prosesdir".

Millət vəkili Tamam Cəfərovanın dediyinə görə, zorakılığa qarşı  maarifləndirmə işlərinin aparılması lazımdır. Qızların öz hüquqlarını daha yaxşı bilmələri, zorakılıqla mübarizədə özlərini daha düzgün müdafiə etmələri üçün ilk növbədə qızların təhsil almaları, hər hansı sənət əldə etmələri çox vacibdir. Bu, həm də qadınların gələcəkdə iqtisadi müstəqilliklərini təmin edir. Maarifləndirmə işində müvafiq dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutları da fəaliyyətlərini daha da gücləndirməlidirlər və maarifləndirmə işi ümummilli səviyyədə aparılmalı, cəmiyyətin bütün təbəqələrini, xüsusilə risk qruplarını əhatə etməlidir: "Təəssüf ki, bu gün Azərbaycan cəmiyyətində zorakılığa məruz qalan tərəf şikayət edəndə qınanıldığı halda, zorakılıq edən, şiddət törədən tərəf qınanılmır. Və bəzi hallarda hüquq-mühafizə orqanları da bu məsələlərdə yetərincə həssaslıq göstərmir. Yaxşı olardı ki, belə hallarda qadınların müraciətinə qadın polislər baxsın. Bunun üçün qadın polislərin sayının artması çox vacibdir".

Millət vəkilinin sözlərinə əsasən, qadınlara qarşı zorakılıq qadının həyatının istənilən mərhələsində baş verə bilər və bu zorakılığa uşaq yaşında baş verən erkən nikahdan tutmuş cinsi zorakılıq, məişət zorakılığı, hüquqi ayrı-seçkilik və istismara qədər bütün zorakılıq formaları daxil ola bilər. Qadınlara qarşı zorakılıq insan hüquqlarının kobud şəkildə pozulması olmaqla, qadınların öz hüquq və azadlıqlarından istifadə etməsi və dünyada prioritet olan gender siyasətinin həyata keçirilməsi yolunda ən ciddi maneədir. Statistikaya görə, dünyada hər 3 qadından biri nə vaxtsa zorakılığa məruz qalıb. Hər 3 dəqiqədən bir zorakılıqdan ən azı bir qadın dünyasını dəyişir: "Zorakılıq təkcə qadınların inkişafına mane olmur, o, həm də qadınların həyatı və sağlamlığı ücün böyük təhlükə yaradır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəyinə görə, qadınlara qarşı zorakılıq qadınlar arasında ölümün və onların əmək qabiliyyətinin itirilməsinin, xərçəng xəstəliyi kimi, ciddi səbəblərindən biridir. Mütəxəssislərin hesablamasına görə, qadınlara qarşı zorakılıq nəticəsində dəyən ziyanlar milyardlarla dollarla hesablanır".

Millət vəkilinin fikrincə, qadınlara qarşı zorakılığın ən geniş yayılmış forması məişət zorakılığıdır. Qadınlar məhz öz evlərində ən yaxınları: ataları, qardaşları, ərləri, birlikdə yaşadıqları kişilər tərəfindən zorakılığa məruz qalırlar. Baxmayaraq ki, məişət zorakılığı hallarını ciddi və təkrarlanan qanun pozuntusu hesab etmək olar, onların ciddliyi çox zaman kifayət qədər qiymətləndirilmir ("ailə konfliktləri") və günahkarlar nadir hallarda məsuliyyətə cəlb edilirlər. Məişət zorakılığı təkcə qadınlara qarşı zorakılıq deyil, ailənin digər üzvlərinə qarşı və həmçinin digər üzvləri tərəfindən törədilə bilər. Lakin bütün dünyada statistikaya görə, məişət zorakılığı ən çox (90 faiz) qadınlara qarşı törədildiyi üçün, məişət zorakılığı dedikdə, məhz qadınlara qarşı zorakılıq ağla gəlir. Zorakılıq həmişə zorakılığa məruz qalmış qadınların uşaqlarına da təsir edir, hətta onlar zorakılığın qurbanları deyil, şahidləri olduqda belə. Bu cür ailələrdə uşaqlar zorakılıq mühitində yaşayırlar. Amerika tədqiqatçılarından birinin fikrincə, qadınların zorakılığa məruz qaldığı halların 70 faizində uşaqlar da zorakılığın qurbanları olurlar. Bu rəqəmlər göstərir ki, qadınlara qarşı zorakılıq, təkcə neqativ psixoloji nəticələrə deyil, həmçinin böyük iqtisadi və sosial ziyanlara səbəb olan ciddi sosial problemdir".

 

Sevinc QARAYEVA

525-ci qəzet .- 2024.- 5 iyun,№98.-S.15.