Aktrisanın şirin-acı həyat hekayəti

 

 

(Əvvəli ötən çərşənbə sayımızda)

 

Göründüyü kimi, mənim ötüb-keçən ömrüm o qədər uzun olmasa da, mürəkkəbliyi, çətinlikləri, dəyişkənliyi ilə seçilir. Mən hələ yeniyetməliyimdən sevgi axtarışlarının obyekti olmuşam və xoşbəxtəm ki, onlar taleyimdə xoşagəlməz bir rol oynaya bilməmişlər. Xoşbəxtlikdən son və ömürlük tapıntım, oxucuya da məlum olduğu kimi, Rafiqdir və bir də ki, əlbəttə ki, teatrdır. Teatrı ərimdən əvvəl tapmış və ona sədaqət andı içmişəm. Ərimlə də teatrın qapısı ağzında tanış olmuşam. Beləliklə, teatr mənim üçün təkcə populyarlığıma yol açan varlıq olmayıb, həm də xeyirxah diləyimin baş tutmasının yeganə məkanıdır. Mən teatrı təxəyyülümdə ulduza bənzədirəm, orada əbədi məskunlaşmaq, yəqin ki, nadir adamlara qismət olur. Mən isə  teatrımızı, onu rəmzləndirilən ulduzdan daha parlaq olmasını arzu edirəm, qoy o, öz gur işığı ilə lap Qütb ulduzu ilə rəqabətə girsin.

 

 Sara Bernar yolu

 

Mən yaşa dolur, gəncliyimlə vidalaşıram, bir az sonra qocalacağam. Lakin səhnə, ekran məni qocalmağa qoymur, mənim fiziki və ruhi gözəlliyimi, gəncliyə məxsus olan məğrurluğumu qoruyub saxlayır. Valideynin, ərin edə bilmədiyini səhnə edir və bununla ərimin də cavan arvadına görə lovğalanmasına şərait yaradır.  Bilirəm ki, qocalıq bədəndəki qüsurları böyüdür, hansı ki, gənclik onları əsasən gizlətməyə müvəffəq olurdu. Qocalıq çirkinlərlə daha qəddarcasına davranır, əvvəlki eybəcərlikləri ikiqat artırır. Özümə gəldikdə, mənim belə bir qorxum yox idi.

 Ərimin mənə, bəs qocalanda nə edəcəksən sualına, belə cavab verdim:

 - Qorxma, biznesinə qatılıb, səni ziyana salmayacayam. Çünki uşaqlıqdan özümə söz vermişəm ki, başım çıxmayan işlə heç vaxt məşğul olmayım. Fransız aktrisası Sara Bernar XIX əsrin son rübündə qoca yaşında Hamleti bir neçə dəfə oynamışdı. Mən də qocalanda onun kimi məşhur kişi rollarının təsvirinə keçəcəyəm. Qocalıq heç də sevinc gətirmir, məhəbbət də soyuyur, lakin istedad qığılcımı qalırsa, alov güclü alınmasa da, ondan son anda da istifadə etmək lazımdır. Məşhur rus aktyoru İqor İlyinski cavanlığında komediya aktyoru kimi şöhrət tapmışdı, ölümü yaxınlaşanda, qocalığa görə tam əldən düşsə də, onun sönməz qabiliyyəti zəif enerjisinə də qalib gələrək, Moskvanın Malıy Teatrında L.N.Tolstoyun obrazını məharətlə canlandırmışdı. Mən də öz son qu quşu nəğməmi onun kimi heyranedici qaydada oxumağa çalışacağam. Yəqin sən Edit Piafın mahnılarını tez-tez eşidirsən, kim indi onun tək belə gözəl oxuya bilir, kimsə onu ölmüş hesab edirmi? Onun ölümündən isə artıq 60 il keçir. Edit Piaf bir əsrə yaxındır ki, Fransanın simvolu olaraq qalır, heç bir fransız müğənnisi onun fəth elədiyi zirvəyə yaxınlaşa da bilmir.

  Sonra üzümü Rafiqə tutub, ona bir sirrimi də açmaq istədiyimi bildirdim. Bu sirr də mənim rejissor kimi ilk böyük metrajlı kinofilm çəkmək arzumdur. Mən buna müəyyən hazırlıq da görmüşdüm. Böyük yapon yazıçısı Akutaqavanın Naqasaki katolik kilsəsində işləyən gənc rahib Lorentsonun acı həyatı barədəki "Xristianın ölümü" adlı məşhur hekayəsi çox xoşuma gəldiyindən, onu ekranlaşdırmağı qərara almışdım. Bu məqsədlə hətta ssenarini də yazıb hazırlamışdım. Rafiq hekayə ilə maraqlandığına görə, mən onun məzmununu qısaca danışdım. Yeniyetmə yaşlı yapon gənci ağır maddi vəziyyətinə görə şəhərlərindəki katolik kilsəsində rahib işləməyə başlayır. Lakin kilsəyə tez-tez gələn bir qız onun əhval-ruhiyyəsini korlayır. Qız bu qəşəng oğlanı sevdiyinə görə, onunla yaxınlıq etmək istəyir, hətta bir dəfə guya təsadüfən ona badalaq vurub, oğlanı yıxır. Rahib isə onun istəklərinə heç bir cavab vermir. Bir azdan qız hamilə olur və uşaq doğur. Uşağın atasının gənc rahib olduğunu iddia edir. Kilsə rəhbərliyi dini qanunu - tselibatı pozduğuna görə onu kilsədən qovur. Rahibin yenidən ağır günləri başlayır.

  Naqasakidə tez-tez yanğınlar baş verirdi, dənizdən əsən külək onun şiddətini artırırdı. Axırıncı bir yanğın qızın atası ilə bir yerdə yaşadığı məhəlləni bürüyüb, məhv edirdi. Atası ilə qız yanan mənzillərindən qaçıb xilas olmuşdular. Tələsdiklərindən uşağı yaddan çıxarıb, yanan evdə qoymuşdular. Heç kəs alovlanan evə girməyə cəsarət etmirdi. Oğlan bu xəbəri eşidib ora tələsdi və birbaşa yanan evə girib, qucağında uşağı çıxartmaqla, körpəni ölümdən xilas etdi. Hamı düşünürdü ki, öz uşağı olduğuna görə o, belə fədəkarlıq göstərmişdir. Onun bədəni çox yerdən yanmışdı və o, tamamilə taqətdən düşmüşdü. Ona görə də yolun qırağında uzanmışdı. Adamlar gəlib ona baxanda, heyrətdən qışqırdılar. Onun köynəyi xeyli yandığından, sinəsində açıq qalmış bakirə qız döşləri görünürdü. Deməli, rahib çıxılmaz vəziyyətinə görə oğlan paltarı geyinməklə kilsədə işə düzəlibmiş, qızları isə burada rahibəliyə götürmürdülər. Qız ona şər atdığını boynuna aldı, məlum oldu ki, uşağın atası onlarla qonşuluqda yaşayan tacir imiş.

  Hekayədə personajların çoxunun yalnız adı çəkilir, mən isə belə böhtanda iştirakı olanları və onların şərinə inanan keşişləri canlandıracaq, gənc yaponu ədalətsiz olaraq qınaq obyektinə çevirənləri ifşa edəcəyəm. Filmə rejissorluq etməklə yanaşı, baş qəhrəmanı - gənc bədbəxt rahibin rolunu özüm oynayacağam. Filmin uğurlu və real alınması xatirinə, sənin çox sevdiyn döşlərimi də ilk dəfə ekranda göstərəcəyəm. İndi sponsor tapmaq məsələsi qalır, çünki maketləri quraşdırmaqla birlikdə filmin çəkilişi böyük xərc tələb edəcəkdir. Həm də ən istedadlı aktyorları, operatorları, rəssamı yaradıcı qruppamıza cəlb etmək istəyirəm.

Rafiq fikirə getdi, indiyədək bunu ondan gizlətməyimə məəttəl qalmışdı, həm də incimişdi. Mən onu haqlı sayırdım. Nəhayət dilə gəldi:

- Sponsorlar barədə sənin narahat olmağa ehtiyacın yoxdur. Hamı, birinci növbədə mən özüm də sənə bu böyük və çətin işdə kömək etməliyəm. Dostlarımla birlikdə sponsorluğu mən edəcəyəm. İstərdim ki, xərcimizi çıxarda bilək, bu, mümkün olmasa da, biz narazı qalmayacağıq. Böyük riskə görə uduzmağın özü də qəbahət sayılmır. Film yaxşı alınsa, biz onu Türkiyəyə, Rusiyaya, Avropanın katolik ölkələrinə, lap Yaponiyanın özünə də sata bilərik. Bu, həm də kommersiyada ilk böyük bir addım olardı. Rafiqin biznesmenliyi yenə özünü büruzə verdi.  

  Ərim mənim xəyallarıma və planlarıma məəttəl qalmışdı ki, mən sənətdə novatorluq etmək, həm də daim yaşamaq istəyirəm. Bu sözləri eşitdikdən sonra mənə vurğunluğu daha da artdı və özünü saxlaya bilməyib, sənət fədaisi olan arvadını qucaqlayıb, bərk-bərk öpdü. İlk dəfə idi ki, o, uşaqlarının yanında belə hərəkət edirdi.

Vaxtilə məbədlər öz kahinlərinin, buna bütün həyatlarını həsr etmələrinə görə qocalmalarına imkan vermirdi. Mən katolik kilsələrdə müasir yaşlı Qalateyaları, bənizi süd rəngində olan rahibələri görmüşəm. Onlar Leonardo da Vinçinin, Rafaelin madonnalarına, Sandro Bottiçellinin qratsiyalarına bənzəyirlər, həm də üzlərindən nur tökülür. Kilsəyə gələnlər onlara göydən yerə enmiş və Allaha sədaqətini pozmayan mələklər kimi baxırlar.

Biz səhnə adamları da, teatr adlanan məbədə daim sədaqətli olmalıyıq, çünki o, bizə ikinci həyat bəxş etmiş və onu uzatmağa çalışır. Aktrisanın şirin-acı həyatından söhbət gedəndə, şirinlik teatrdadır, hətta ondakı uğursuzluq da adamın bədbinliyə qatılmasına imkan vermir, acılıq isə şəxsi həyata aiddir. Həyatı yaşadığımız səhnələrə bölmək vacib deyildir və o bütün xeyiri və şəri ilə vahid olaraq mövcuddur. Ona görə də böyük yunan şairi, bizim eradan əvvəl 600-cü ilə yaxın yaşayıb, yaratmış, Lesbos adasından olan Sapfonun "şirin-acı" ifadəsi yadıma düşdü. Sapfonun anlamında məhəbbət "ondan müdafiəsi olmayan şirin-acı əjdahadır". Biz aktrisalar da bəxtimiz gətirəndə, bu şirin-acı əjdaha ilə təmasdan həzz alırıq, təbiət bunu şəxsən mənə bolluqla bəxş etmişdir. Axı bizim digər məhəbbət obyektimiz də vardır və bunu heç də kiçik əjdaha adlandırmağa adamın dili də gəlmir, bu, teatrdır.  Əgər müqəddəsliyə sitayiş, təzim edilirsə, mən bunu ilk növbədə teatra aid edirəm və ona azacıq müddətdə də olsa xidmət etdiyimə görə özümü çox xoşbəxt hesab edirəm.

 

Ölkənin teatr işçilərinə müraciət

"Əziz həmkarlarım və rəfiqələrim!

 

Biz artistlər sayca azıq və çox vaxt sakit davranışımızla seçilirik. Ona görə də biz bir-birimizi qorumalıyıq. Bizi sənət həmrəyliyi birləşdirməlidir, o vaxt qısqanclıq da, paxıllıq da hökmən yaddan çıxacaqdır, yalnız səhnə rəqabəti və qarşılıqlı rəğbət qalacaqdır. Sayca az olsaq da, təsirimiz böyükdür, həm də çiyinlərimizdə ağır yükü -  teatrın yaşaması və inkişaf etdirilməsi məsuliyyətini daşıyırıq. Bizi sevənlər də var, bizimlə öyünənlər də, lakin zallarımızın boş qaldığı anlar da olur. Öz gücümüzlə döyüşən orduya bənzəyirik, hücum edə bilməsək də, buna imkanımız da yoxdur, daim bizə həvalə edilmiş böyük sərvət xəzinəsini bütün imkanlardan istifadə etməklə qorumalıyıq. Qədim Romadakı Vesta qızları müqəddəs borc kimi onlara etibar edilmiş odu sönməyə qoymayan kimi, biz də teatr işığının nəinki sönməsinə, hətta azacıq da olsa zəifləməsinə imkan verməməliyik. Bəşəriyyət mövcud olduqca, teatr da yaşamalıdır. Bizim xalqın da güclü teatra ehtiyacı vardır, biz bu vəzifənin öhdəsindən gəlib, reallığa çevirməliyik. Uğurlu nəticə tək biz sənət adamlarını deyil, bütün xalqı sevindirəcəkdir.

Unutmayaq ki, biz adamların mənəvi tərbiyəsində mühüm rol oynayırıq. Artist səhnə fəaliyyəti ilə əlaqədar ayrıca xüsusiyyətlərə və fərdi adətlərə malikdir, çox hallarda mürəkkəb şahmat problemləri ilə üzləşən şahmatçılara bənzəyir, daim uduşa aparan gediş etməyə çalışır. Biz adamlara həyat fəlsəfəsini öyrənməkdə köməklik göstəririk. Tamaşaçını dilemma qarşısında qoymağa çalışırıq ki, onlar özləri kulminasiya nöqtəsini qursunlar və bundan asılı vəziyyətdə qalsınlar. Onların düşüncəsi təəccüblərlə və intriqaya xas olan qarışıqlıqlarla doludur. Tamaşa hətta sadə görünsə də, tamaşaçını həyatda baş verənlər barədə düşünməyə vadar edir, onları yeni ideyalarla silahlandırır.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet .- 2024.- 5 iyun,¹98.-S.14.