“Laləli çəmənlik”
“Bir rəsmin dedikləri” rubrikasının budəfəki
qonağı sənətşünas Seyranə Musayevadır.
Onunla məşhur fransız rəssamı Klod Monenin “Laləli
çəmənlik” əsərindən
danışmışıq.
Klod Mone 1840-cı ildə Parisdə anadan olub. Əvvəlcə
qara karandaşla çəkdiyi cizgilərlə tanınan rəssama
məşhurluq gətirən ilk əsər 1866-cı ildə
çəkdiyi “Yaşıl paltarlı qadın” olub.
Əsasən mənzərə, natürmort, portret
janrında əsərlər işləyən Mone impressionizm
dövrünün görkəmli rəssamlarındandır.
Monenin işıq və rəng vurğunluğu onun
çoxillik tədqiqat və eksperimentlər aparmasına səbəb
olub. Təbiətin çox sürətlə, bir anda dəyişən
çalarlarını kətan üzərində çəkmək
rəssamın əsas məqsədi idi. Mone hava şəraitində
daimi və lokal rənglərin olmadığını
aşkar etmişdi.
Rəssam 5 dekabr 1926-cı ildə vəfat edib.
- “Laləli çəmənlik” Mone
yaradıcılığının hansı dövrünə
aid edilir?
- Klod Monenin “Laləli çəmənlik” tablosu
impressionist rəssamların ilk sərgisində təqdim olunan
əsərlərdəndir. Tablo 1873-cü ildə kətan
üzərində yağlı boya ilə çəkilib.
İmpressionist üslubdadır.
- Əsərin kompozisiyası necədir?
- Rəsmdə ağaclar arasında çəkilmiş
ev üfüq xəttində yerləşir. Onun dam
örtüyü tablonun arxa və ön planını bir-biri
ilə əlaqələndirir, divarları isə
tünd-yaşıl çəmən və səma
arasında fərqi yumşaldaraq, sanki yüngül rəng
keçidi əmələ gətirir. Arxa plandakı fiqurlar
vasitəsilə hərəkət hissini çatdırmaq istəyən
Mone təpənin başında daha iki fiqurun təsvirini verib.
Onlar çəmənlikdə çətinliklə
görünən cığır vasitəsilə ön
plandakı fiqurlarla əlaqələndirilib. Tabloda Mone
qırmızı rənglərə üstünlük versə
də, sarı cizgiləri, sarı gülləri bütün
kompozisiya boyu həm ön plandakı lalələr
arasında, həm də arxa planda təsvir edib.
- Bəs əsərdə rəng həlli ilə
kompozisiya necə tamamlanır?
- Rəsmdə sönük tonlardan istifadə olunub.
Əsərin böyük hissəsində fırça ilə
yaxılmış kiçik yaxmalar sanki görünmür.
Lakin bu hissədə olan sönük tonlar əlvan, al
qırmızı cizgilərlə qabardılıb. Klod Mone
tabloda qırmızı lalələr və yaşıl otlar
arasındakı rəng kontrastına
heyranlığını göstərir. Lalələrin onda
oyatdığı təəssüratı çatdırmaq
istəyən Mone çiçəkləri dəqiqliklə
çəkmədən, onları perspektivdən uzaq,
kiçilən qırmızı yaxmalarla göstərir. Rəssam
ön plandakı oğlanın üz cizgilərini üç
nöqtə ilə qeyd edib. Onun şlyapasındakı lenti
Mone eynilə lalələrin rəngi kimi qırmızı
boyayıb. Xanımın əlindəki göyümtül-bənövşəyi
rəngli çətir solğun otun fonunda əlvan və
aydın seçilir.
- “Laləli çəmənlik” tablosu rəssamın
o biri əsərlərindən hansı xüsusiyyətləri
ilə seçilir?
- Fərqlər əsasən mövzu və motivdədir.
“Laləli çəmənlik” əsəri adından da
göründüyü kimi, lalə tarlalarını təsvir
edir. Mone adətən, çiçəklər və
bağlarla bağlı əsərlər yaratmış olsa
da, bu əsərində lalələrə xüsusi diqqət
yetirib. Lalələr Fransanın müəyyən bölgələrində
geniş yayılıb. Rəssam
bu gözəlliyi təsvir edir. Mone “Laləli çəmənlik”
əsərində canlı və parlaq rənglərdən
istifadə edib. Lalələrin fərqli rəngləri və
onların təbiətdəki harmoniyası əsərdə
aydın şəkildə əks olunur. Bu, onun digər əsərlərindəki
rəng oyunlarına bənzəsə də, lalələrin
müxtəlif rənglərini vurğulaması bu tablonu fərqləndirir.
- İşıq və kölgə oyunları də əsərə
xüsusi rəng qatır.
- Ümumiyyətlə, Mone işıq və kölgə
oyunları ilə tanınır. “Laləli çəmənlik”
əsərində də günəş
işığının lalələrin üzərinə
düşməsi və kölgələrinin meydana gəlməsi
təsvir olunub. Bu, əsərə xüsusi bir dərinlik və
reallıq qatır. Mone bu tabloda impresionist texnikalarını
istifadə edib. Qısa və sürətli fırça
vuruşları, rənglərin bir-birinə
qarışması və ümumi təəssürat yaratma
xüsusiyyətləri ilə bu əsər, impresionizm
üslubunun ən gözəl nümunələrindən
biridir.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Mone bütün ömrü boyu impressionizmin əsas
qaydalarına sadiq qalaraq yaratdığı müasir həyat
səhnələrini, mənzərələri açıq
havada plenerdə işləyib. “Laləli çəmənlik”
əsəri də Monenin təbiətə olan sevgisindən və
rənglərlə oynamaq bacarığından xəbər
verir.
Aytac SAHƏD
525-ci qəzet .- 2024.- 5 iyun,¹98.-S.13.