ÇÖRƏK İMTAHANI  

 

Bəlkə də bu sözlər - bir aktyorun pərvanəyə bənzədilməsi "gül-bülbül" silsiləsindən olan köhnə Şərq təşbihlərini yada salacaq. Ancaq bu məqamda tam yerindədir və pərvanənin etdiyini edəni necə pərvanə adlandırmayasan?!

Onlar, həqiqətən, özlərini teatr şamının oduna çırpan sənət pərvanələri idilər.

Mir Mahmud Kazımovski həmin qafilədən olan sənətkarlardan bircəsidir ki, XX yüzilliyin başlanğıcında Azərbaycan teatrının ayaq üstə daha inamlı dayanması, daha böyük yüksəlişlərə çatması naminə hər fədakarlığa hazır olub.

O, Hüseyn Ərəblinskini ən köhnə tanıyanlardandı - uşaqlıq yoldaşı olmuş, sonra illərcə yanaşı addımlamışdılar. Hüseyn Ərəblinski 1881-ci il təvəllüdlü idi, Mir Mahmud Kazımovski 1882. Kazımovski yazırsa ki, Hüseynlə 13-14 yaşında tanış olmuşuq, deməli, bu, təxminən 1894-1895-ci illərə düşür. Eyni məhəllədə yaşasalar da, tanış deyillərmiş. Tanışlıqlarının başlanğıcısa dava-şavalı olubmuş - Mir Mahmud günlərin birində bazardan balıq alıb evə gedirmiş, deyir, gendən gördüm ki, elə təqribən mənimlə yaşıd - başında qazamatı papaq, əynində çuxa oln bir gənc qollarını yelləyə-yelləyə gəlir; gəlib tuşuma çatanda qolu dəydi mənə, büdrədim, səkidən azacıq aşağı düşdüm. Ancaq mənim söz deməyimin əvəzinə o, hirslə dilləndi ki, korsan, görmürsən adam gəlir?

Mir Mahmud sözü yemir, dərhal cavab qaytarır ki, kor özünsən, görmürsən əlimdə yük gəlirəm?!

Yada salırdı ki, beləcə sözümüz çəpləşdi, tutuşduq, başladıq süpürüşməyə, elə bu vaxt yoldan bir müəllim keçirdi, dalaşdığımızı görüb ayaq saxladı, bizi ayırdı, sakitləşdirdi, barışdırdı, sağollaşıb getdi; ancaq üstündən üç-dörd gün keçəndən sonra küçədə savaşdığım həmin oğlanla təzədən rastlaşdıq, gülümsündü, salam verdi, mən də gülümsündüm, salamın aldım, tanış olduq və ondan sonra dostluğumuz başladı - bu, gələcəyin Ərəblinskisi - Hüseyn Xələfov idi.

Mir Mahmud Kazımovski xatırlayırdı ki, o yaxınlaşan, daha ayrılmadıq, sonra daim qoşa addımladıq, Zərgər bazardakı üçüncü məktəbə eyni ildə getdik, orada bir qədər oxuduqdan sonra Mixaylovski məktəbinin üçüncü sinfinə girdik, yeyib-içməyimiz çox vaxt bir yerdə idi, cibimizdə olanı bir-birimizdən əsirgəməzdik.

Məhz Mixaylovski məktəbində oxuduqları çağlarda başlarına teatr sevdası qonmuşdu, Kazımovski yada salırdı ki, "Ərəblinskinin və mənim səhnəyə qayət həvəsimiz olduğu üçün xəyalımız bu idi ki, gedib artistlik dərsi oxuyaq". Mixaylovski məktəbində onlara dərs deyən ağsaqqal müəllim, milliyyətcə gürcü olan Dmitri Yakovleviç yaxşı oxuduqları üçün onları çox istəyirmiş. "Artistlik dərsi oxumaq barədə ona müraciət edib məsləhət istədikdə o, çox şad olub dedi ki, siz müsəlmanlardan heç kurs qurtarmış artist yoxdur, mən yazıb məktəbdən oranın proqramını alaram, hərgah mümkün olarsa, sizi məccani olaraq hazırlayıb Peterburqdakı məktəbə daxil etdirərəm".

Ancaq bir neçə gün sonra Dmitri Yakovleviçin verdiyi xəbər onları pərişan edir: "Oğlanlarım, əfsus ki, siz bəy balası, birinci gildli tacir balası, yaxud azı bir zabit övladı deyilsiniz, hərgah olsaydınız, 3-4 ay ərzində sizi o məktəbə hazırlardım".

Müəllim bunu da deyir ki, vədim qüvvədədir, bu gün olmasa da, gələcəkdə mən sizi orada gedib imtahan vermək üçün pulsuz-parasız hazırlamağa hazıram. Ancaq sizin indi Peterburqa gedib orada ali aktyorluq təhsili almağınızın yalnız bircə yolu var ki, Tiflisdə Yunkerlər məktəbində 4 il oxuyasınız, bitirəndən sonra 3 il də mütləq qulluq edəsiniz, yalnız bundan sonra oxumaq istədiyinizi deyərək xidmətdən azad edilərək artistlik məktəbinə daxil ola bilərsiniz.

(Mir Mahmud Kazımovskinin xatirəsindəki bu təfərrüatı iqtibas etməyim səbəbsiz deyil. Ali sənət təhsili almaq üçün qoyulan şərtlərin ağırlığı düşündürür. Olsun ki, bu məhdudiyyətlər hansısa fitri istedad sahibi olan və kasıb ailədən çıxmış gəncin yolunu insafsızca bağlayırdı, ancaq belə sərt tələblərin müəyyənləşdirilməsi həm də aktyor peşəsinə qoyulan yüksək qiymətin göstəricisidir. Yəni belə bir seçmə ixtisasa yiyələnməkçün gərək ehtiyacsız olaydın, təmin olunmuş ailədən çıxaydın. XX yüzilin əvvəllərində Rusiyada qüvvətli aktyorlar nəslinin yetişməsi və sonralar həmin ənənənin sovet quruluşu çökənədək davam etməsi də xeyli dərəcədə həmin möhkəm təməllərlə əlaqədardır).

Mir Mahmud Kazımovski xatırlayırdı ki, Hüseynlə oturub fikirləşdik, baxdıq ki, bu yol həddindən artıq uzundur, bizimsə içərimiz qaynayırdı, istəyirdik lap tez teatrla hər gün bir yerdə olaq.

Mir Mahmud Kazımovski ilə Hüseyn Ərəblinskinin həmin illərdən - təhsil çağlarından yadigar qalan bir fotosu da var. Kazımovski şəklin necə yaranmasının tarixçəsini də yazıb və o hekayəti oxuduqca fikirləşirsən ki, nə yaxşı, o zaman xəsislik eləməyiblər. Deyir, şəklin çəkilməsi üçün 2 manat 50 qəpik vermək lazım idi, 50 qəpik Hüseynin cibində vardı, iki manat məndə, üst-üstə qoyub verdik fotoqrafa, gimnazist formasında şəklimizi çəkdi.

Peterburqa gedib mükəmməl sənət təhsili almaq arzumuzun baş tutmayacağını anlayandan sonra Bakının gündəlik teatr həyatı ilə daha sıx bağlanmağa can atırlar. Kazımovski bunu da yada salırdı ki, tezliklə Hüseyn, mən, Əbülfət Vəli, Kərim Məlikov, Mahmud Məlikov, Məmməd İsmayılov, Murad Muradov, Cahangir Zeynalov, Hüseynqulu Rzayev (Sarabski), Mahmud Bədəlbəyli, Rəhim Məlikov və qeyrilərindən ibarət bir truppa düzəltdik, Hüseyn də bizim rejissorumuz idi.

(Mir Mahmud Kazımovskinin sadalamış olduğu adlardan birini də ixtisar etmədim. Axı bu, tarixdir. Axı bu insanların hər birinin mədəniyyət tariximizdə az, ya çox, amma heç vəchlə unudulmamalı əməyi var!).

Onların sənət pərvanəliyinin, teatra təmənnasız məhəbbətlərinin saysız sübutlarından biri budur ki, nə ad-san, şan-şöhrət umublar, nə hansısa təmənna güdüblər. Zavallıların bir çoxu o çağın proqramlarında, afişalarında üstüörtülü, dəyişkən təxəllüslərlə göstərildiyindən onillər ötüncə heç əsl adları yada da düşməyib. Sonra teatr mülkümüz qüdrətlə ucalıbsa, 1930-40-50-60-70-ci illərdə "qızıl onillər"ini yaşayıbsa, bu uğurlarda onların da halal şərikliyi, bu parlayışlarda o pərvanələrin hər birinin danılmaz payı var.

Yolu başladıqları, Hüseyn Ərəblinski ilə birgə olduqları çağlardan onillər ötəndən sonra artıq ahıl çağlarında Mir Mahmud Kazımovskini çalışdığı Opera teatrında işdən çıxarıblarmış. Ancaq bunu evdə demirmiş. Hər gün səhər, həmişəki kimi, qalxırmış, səliqə ilə geyinirmiş, dünənki, srağagünkü, daha əvvəlki illərdə və günlərdəkitək işə yollanırmış. Gəlib çatırmış teatrın binasına. İşdən xaric etmişdilər, teatrın qapısı artıq onunçün qapalı idi. Ancaq Kazımovski teatrsız qala bilmirdi. Başlayırmış teatr binasının ətrafında addımlamağa. Bir çevrə vururmuş, iki dövrə vururmuş, üç dəfə dolanırmış. Beləcə, səhərdən-axşamacan, iş gününün axırınacan teatrın başına fırlanırmış - əsl pərvanə kimi!..

Teatrımızı, səhnəmizi, mədəniyyətimizi bu cür sevmiş, mənəviyyatımıza bütün varlığı ilə dayaq olmuş belə pərvanələri elə həmin cür məhəbbətlə də sevməmək, unutmaq olarmı?!

O pərvanələrdən, səhnədən ayrılandan sonra axıracan teatrı içərilərində daşımış, tərcümeyi-hallarıyla, qoyduqları izlərlə, xatirələriylə dünənlə sabah arasında mötəbər körpülərə çevrilmiş o unudulmamalılardan biri də İbrahim İsfahanlı idi. O, 1897-ci ildə anadan olmuşdu, 1967-ci ildə həyatdan getdi. Gürcüstanın Xalq artisti idi, amma Azərbaycan aktyoru idi. Həm aktyor, həm rejissor, həm teatr təşkilatçısı kimi Gürcüstandakı Azərbaycan teatrını irəlilədən, yaşadanlardan biri olmuşdu. Öz ömür yolu bir tərəfə, ancaq bu qəbil insanların qiyməti bir də ondadır ki, onlar yaddaş keşikçisi olur, vaxt ötdükcə qızıla bərabər nadir bilgilərin daşıyıcıları - xəzinə adamlara çevrilirlər.

İbrahim İsfahanlı da Hüseyn Ərəblinskini uşaqlıq, yeniyetməlik çağlarında görənlərdən idi. Hüseyn Ərəblinskinin Tiflisə ilk qastrol səfəri 1908-ci ildə baş tutmuşdu. Bu minvalla İbrahimin o vaxt 11 yaşı varmış. Ancaq artıq elə həmin dövrdən teatr aludəsi imiş və bu səngiməz həvəsi də nəhayətdə gətirib onu səhnəyə, teatra biryolluq bağladı.

Hüseyn Ərəblinskinin rəhbərlik etdiyi Azərbaycan teatrı 1908-ci ildə Tiflisə qastrola gəlibmiş və o günlərdə bu balaca uşağın zalda deyil, səhnə arxasında oturub, özü demiş, "hayıl-mayıllıqla" seyr etdiklərinin hamısı an-an hafizəsinə həkk olunmuşdu və illər keçəndən sonra düşüncəsində, yaddaşında qalanları da kağıza köçürmüşdü: "Qarşımda əynində ipək əba, başında papaq, uzun saqqallı bir kişi dayandı. Məni titrəmə tutdu, dedim, indicə qovacaq. Düşündüyümün əksi oldu. O, başımı sığalladı, məni başqa bir tərəfə aparıb dedi ki, burda otur, burdan səhnə yaxşı görünür. Sonra da bərk-bərk tapşırdı ki, burdan bir yana tərpənmə ha! Diqqətlə baxanda tanıdım ki, bu, Əşrəf dayıdır" (Əşrəf Yüzbaşov 1880-ci ildə Şamaxıda doğulmuş, Tiflisdə yaşamış, 1938-ci ildə başa çatan ömrünün sonunadək Gürcüstandakı Azərbaycan teatrının aparıcı aktyorlarından olmuşdu).

Ancaq tamaşa günü yetişənəcən gərgin saatlar da yaşanıbmış. Bakıdan gələn aktyorların verəcəyi ilk tamaşa Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd Şah Qacar"ı idi, afişalarda yazılmasına görə, Hüseyn Ərəblinski Qacarı, Əbülfət Vəli İraklini oynamalıydı. "Şərq-irus" qəzetinin baş mühərriri Məhəmməd ağa Şahtaxtı, "Molla Nəsrəddin"in redaktoru Cəlil Məmmədquluzadə afişaların yayılması, biletlərin satılmasıyla bilavasitə məşğulmuşlar. Bunun nəticəsində bir həftəyə bütün biletlər satılıb qurtarır. Ancaq o əsnada çox ciddi bir sıxıntı onları narahat eləməyə başlayır - tamaşanın göstərilməsinə bir həftə qalsa, biletlərin hamısı satılsa da, hələ ki məşq etməyə yerləri yoxdu. İbrahim İsfahanlı xatırlayırdı ki, o vaxt Şeytanbazarda "Naxçıvan" deyilən qonaq evi vardı. Həmin qonaq evinin sahibi lütfkarlıqla ən böyük otaqlardan birini məşq etməkçün Bakıdan gələn aktyorların ixtiyarına verdi. İbrahim İsfahanlı, Tiflisdəki "Kazyonnı teatr"da verilən, hafizəsinə bir nağıl, əfsanə kimi çökmüş və müqəddəratını da həll etmiş, gələcəkdə həyatını səhnə ilə bağlamasının əsasına çevrilmiş o tamaşa gününü belə yada salırdı ki, zal ağzınacan dolu idi, ayaq üstə dayananlar da vardı, azərbaycanlılardan başqa xeyli gürcü ziyalılar da gəlmişdi.

O çağlar Tiflisdəki Azərbaycan mədəni həyatı qaynayırdı. XX yüzilliyin başlanğıcında yalnız Tiflisdə yaşayan türklərin (o çağlar indi bizi nişan verən "azərbaycanlı" sözü hələ dövriyyədə deyildi) sayı 100 mindən artıqdı. İbrahim İsfahanlının yadında tamaşanın necə bitməsi, "Kazyonnı teatr"ın alqışlara qərq olması da qalmışdı. Məhəmməd ağa Şahtaxtı, Mirzə Cəlil, Eynalı Sultanov, bir neçə gürcü ziyalısı səhnəyə qalxıblarmış, Hüseyn Ərəblinskini qucaqlayaraq təbrik ediblərmiş. Bir neçə gün sonra Ərəblinskinin rəhbərlik etdiyi truppa "Nadir şah"ı oynamışdı.

Və o gün Ərəblinskinin o tamaşada necə oynaması haqqında İbrahim İsfahanlının illər keçəndən sonra dediyi sözlər insanı riqqətə gətirir: "Nadir şah - Hüseyn Ərəblinski səhnədə üzünü övladına tutaraq təsirli səsi ilə "Bədbəxt oğlum, sən bu millətə atandan artıqmı xidmət edəcəkdin, bu fikirlərə düşdün?" - söyləyirdi. Və bunu elə deyirdi ki, adamın əti sümüyündən ayrılırdı".

Ərəblinskinin ifasının təsir gücünü tam ürəyi istəyən kimi nişan verməkçün özü də aktyor olan, özü də insanlara təsir etmək qabiliyyətinə malik İbrahim İsfahanlının ağlınabundan sərrast ifadə gəlməmişdi - "Adamın əti sümüyündən ayrılırdı!"

İbrahim İsfahanlı və o çağın digər bir çox Tiflisdəki Azərbaycan aktyorlarının xatirələrindən anlaşılan bir həqiqət də budur ki, Gürcüstandakı Azərbaycan ədəbi mədəni mühitinin inkişafında, Gürcüstandakı Azərbaycan teatrının yüksəlişində Hüseyn Ərəblinski o başlanğıc mərhələdə mühüm xidmətlər göstərib. Onun təkançı, gücverici, ilhamverici olaraq bütövlükdə Azərbaycan teatrının təşəkkülü və tərəqqisi naminə əməklərini hər zaman minnətdarlıqla anmaqla yanaşı, milli teatrımızın bu vacib qanadının da yüksəlişlərində əməyi əvəzsizdir. Ərəblinski haqqında 1939-cu il avqustun 15-də yazaraq Bakıya, Teatr muzeyinin direktoru Ağakərim Şərifova yolladığı xatirələrində bu böyük sənətkarın sadəcə Gürcüstandakı Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışmağı az hesab edir və dəqiqləşdirirdi: "Ərəblinski Azərbaycanda olduğu kimi, Zaqafqaziyanın mərkəzi olan Tiflisdə yaşayan Azərbaycan xalqına və onun kulturasına az xidmət etməmişdir. Daha doğrusu, Hüseyn Ərəblinskini Tiflis teatrının inkişafı uğrunda mübarizə edən banilərdən saymaq olar". Və əlavə edirdi ki, "Ərəblinskinin sayəsində Tiflis səhnəsində bir sıra kadrlar əmələ gəlmişdir ki, birisi də mənəm".

İbrahim İsfahanlı 1910-cu ildə Hüseyn Ərəblinskinin rəhbərliyi ilə Tiflisə gələn truppanın tərkibindəki aktyorları da bir-bir sadalayırdı - Sidqi Ruhulla, Hüseynqulu Sarabski, Əbülfət Vəli, Cahangir Zeynalov, Xəlil Hüseynov, Mehdi bəy Hacınski, Şura Olenskaya (Aleksandra Olenskaya). Aralarında bir erməni də varmış - Məlik Şahnazaryans. Varmışsa, demək, o da dilimizi sərbəst bilirmiş və əslində bu soyadlılar hamısı kökcə albanlardır ki, bu, ayrı söhbətdir, indi bizi mətləbdən aralı salar.

Ancaq İbrahim İsfahanlı müqayisə edirdi ki, 1910-cu ildə vəziyyətimiz 1908-ci ildəkinə nisbətən yaxşı idi. Balaca, darısqal da olsa, Azərbaycan teatrının Tiflisdə artıq öz binası vardı. Yəni məşq eləmək üçün kiməsə ağız açmağa ehtiyac qalmırdı. Bunu da deyib keçirdi ki, ayrıca teatr binasını əldə eləyənə qədər Tiflisdəki Azərbaycan teatrının aktyorları ya Mustafa Mərdanovgildə, ya da Məmmədtağı Ələsgərovgilin mənzilində məşq edirlərmiş.

İbrahim İsfahanlının Hüseyn Ərəblinski ilə əlaqədar, oçağkı teatr həyatımızla bağlı xatirələrinin hər məqamı maraqlıdır. Afişaların tərtibindən yazır və görürsən ki, burada da hər məsələni müzakirə edirlərmiş, axıracan dəqiqləşdirirlərmiş. O aktyorlar ki camaat onları tanıyırdı, adlarını açıq və bütöv göstərirmişlər, daha məşhurların adları digərlərinə nisbətən iri hərflərlə yazılırmış, ancaq çox da məlum olmayan aktyorların adlarının qarşısında "n.m." yazılırmış. Nabələd adam bu zənnə də düşə bilər ki, "n.m" kiminsə adının, soyadının baş hərfləridir. Çünki o dövrdə mətbuatda belə gizli imzalarla çıxış etmək də varmış. Ancaq əski əyyamlarda müəllifi bilinməyən şeirlərin altında "Laədri" yazılan kimi,"n.m" işarəsi də əslində "naməlum" kəlməsinin qısaltmasıymış.

İbrahim İsfahanlının xatirələrindən bu da anlaşılır ki, Ərəblinski tamaşalarda Bakıdan gətirdiyi aktyorlarla yanaşı, yerli həvəskarlardan da istifadə edirmiş və tamaşaları müştərək şəkildə təqdim edirlərmiş. İbrahim İsfahanlı bunu da xatırlayır ki, 1912-ci ildə Ərəblinski yenə Tiflisə gəlmişdi, amma truppa ilə yox, təkcə. Nəriman Nərimanovun "Dilin bəlası, yaxud Şamdan bəy" pyesini səhnəyə hazırlayanda bakılı aktyorların böyük hissəsi İrəvanda qastrolda idi, Ərəblinski rolları bölüşdürəndə Şamdan bəy surətini İbrahimə tapşırır və aktyor etiraf edirdi ki, "ömrümdə o cür sevinməmişdim", ancaq elə məşqlərin getdiyi günlərin birində qapı açılır, Sidqi Ruhulla əlində balaca çamadan girir içəri. "Onun gəldiyini görəndə Hüseyn Ərəblinski üzünü çevirdi mənə ki, İbrahim, artıq Sidqi gəldi, Şamdan bəyi o oynayacaq, amma narahat olma, sənə başqa bir surət verəcəyik".

İbrahim İsfahanlı işlərin belə gedişinə çox mütəəssir olduğunu, lakin Ərəblinskinin onun qəlbini qırmayaraq başqa rol verməsinə toxtadığını və istənilən halda bu cür tanınmış sənətkarlarla bir səhnədə çıxış edə bilməsinə görə uçmağa qanadı olmadığını yazırdı.

İbrahim İsfahanlı çıxış etdiyi həmin tamaşanın indi arxivdə qalan afişasını əziz yadigar kimi ömrünün axırınacan saxlayırdı. Hərçənd o afişada heç "İbrahim İsfahanlı" sözləri yoxdur. Afişada onun adı "Həsənov Həsənzadə" kimi göstərilib. Özü xatirələrində bunu da dəqiqləşdirir ki, yalnız 1916-cı ildən sonra İbrahim İsfahanlı olub.

İbrahim İsfahanlının başqa bir xatirəsi 1914-cü il Tiflisinin şərqili-muğamlı bir axşamına aparır. İran şahının saray xanəndələri Əbülhəsən xan Azər İqbal Soltan, Dərviş xan, Tahirzadə, Bağır xan, Əbdulla Dəvami Qafqaz canişinliyinin baş şəhərində, Tiflisdə iki konsert veirlər. Həmin dəstəyə rəhbərlik edən, tarixdə qalan Azərbaycan xanəndələrinin ən müstəsnalarından olan Əbülhəsən xanı və yoldaşlarını birinci dəfə "Kazyonnı teatr"ın səhnəsinə çıxmağa Ərəblinski hazırlayır və onlar tamaşaçılar qarşısında Avropa tipli geyimdə - frak, vizitka, sürtukda görünürlər. İbrahim İsfahanlı şöhrətli iranlı musiqiçilərin çalıb-oxumasından öncəki pərdəarxası məqamları xırdalayır: "Ərəblinski hər iki konsertdən qabaq İran xanəndələrinə lazımi məsləhətlər verir, onlara frakda və vizitkada olarkən səhnədə necə davranmağı, tamaşaçılara necə təşəkkür etməyi öyrədirdi".

Özü çoxlarına ustad olmuş Əbülhəsən xan Ərəblinski ilə o görüşlərini, Tiflisdəki konsertlərini bu səfərdən 30 ildən də artıq vaxt keçərkən belə unutmamışdı. Unudulmaz tarzənimiz Bəhram Mansurov 1944-cü ildə böyük bir dəstə ifaçı ilə İrana müharibə dövründə ikinci dəfə ezam olunmuş və Tehran, Təbriz, Qəzvin, Rəşt, Ənzəli, Ərdəbil, Nəmin, Sərab, Mərənd, Xoy, Şapur, Miyanə, Marağa, Azərşəhr kimi şəhərlərdə sovet əsgərləri və yerli camaat qarşısında konsertlər vermişdi. Növbəti çıxışlarından birindən sonra Əbülhəsən xanla görüşmüşdülər və Bəhram ustad o məşhur xanəndənin Azərbaycandan iki nəfəri xəbər almasını xatırlayırdı. Deyirdi ki, bir Tiflisdə rastlaşıb dinlədiyi, oxusunu çox bəyəndiyi Seyid Şuşinskini xəbər aldı, bir də Hüseyn Ərəblinskini: "Seyidə salam göndərdi, mən də gətirib çatdırdım. Ərəblinskininsə lap çoxdan həyatda olmamasına çox təəssüflənərək dedi ki, baba, o biçarə axı çox cavan idi, amma yaşca bizdən kiçik idisə də, başca, ağılca bizdən üstün idi".

Əbülhəsən xangilin Tiflisdəki konsertlərində ifalar arasındakı fasilələrdə səhnəyə Ərəblinski çıxıbmış, birinci konsertdə Hamletin, ikinci konsertdə Otellonun son monoloqunu söyləyibmiş.

Necə söyləyibmişsə, üstündən onillər ötəndən sonra da İbrahim İsfahanlı həmin təsirdən ayıla və ayrıla bilmirdi.

Və 1914-cü ilin teatr mövsümündə Hüseyn Ərəblinskinin Tiflis səhnəsində oynadığı başqa bir surət və macəralı tamaşa haqqında da İbrahim İsfahanlının xatirəsi qalır.

Köhnə inqilabçılardan olan Kərim Şərifovun yazdığı "Məhəmmədəli şah, yaxud ləkke-yi Təxt-i Kəyan" pyesini oynayırlarmış, həmin tamaşada Ərəblinski səhnəyə Səttarxan rolunda çıxıbmış, Məhəmmədəli şahı Məmmədtağı Ələsgərov, rus konsulunu Mirseyfəddin Kirnmanşahlı, baş vəziri Mirzəli Abbasov, Ceyranı Tərlan xanım, Şeyx Siqqətülislamı Əşrəf Yüzbaşov, Mənuçöhrü isə İbrahim İsfahanlı oynayırmış. Pyesə tamaşa etməyə Tiflisdəki İran konsulluğunun əməkdaşları da gəlibmiş. Tamaşa rəvan gedirmiş, baxanlar məmnunmuş, tamaşaçılar məftunluqla seyr edirmiş və qəfildən zala vəlvələ düşür, aləm dəyir bir-birinə. Müəllif öz inqilabçı təbiətinə uyğun olaraq əsərə etirazçı məqamları da daxil edibmiş, ancaq səhnəyə gəlməzdən qabaq senzuradan keçdiyindən mətndə qıcıq oyadacaq parçalar yer almırmış. İbrahim İsfahanlı xatırlayırdı: "Yeddinci şəkildə Səttarxan rolunda çıxış edən Ərəblinski səhnədə Məhəmmədəli şahın üzünə tüpürərkən senzor Mirzə Şərifin göstərişi ilə pərdə salındı və salondakı tamaşaçılar "bu nə biabırçılıqdır, Hüseyn Ərəblinskini tutmaq lazımdır" deyə bağırdılar. Lakin bu çaqqalların bağırtısına baxmayaraq, qəhrəmancasına mübarizə edən böyük sənətkar Hüseyn Ərəblinski tamaşanın sona qədər davam etməsinə müvəffəq oldu. Sabahı günü çar jandarması tərəfindən Hüseyn Ərəblinski istintaq olunduqdan sonra Tiflisi tərk etməsi əmr olundu".

İbrahim İsfahanlının həmin tamaşanın axıracan davam etdirilməsini Ərəblinskinin qəhrəmanlığı adlandırması tamamilə haqlı yanaşmadır. Çünki İran konsulluğunun işçiləri tamaşa salonunda qara-qışqırıq salaraq "bu nə biabırçılıqdır, şahın da üzünə tüpürərlərmi?" çığıranda tezliklə oraya polis məmurları da gəlib çıxmışdılar, suflyorun əlindən pyesin mətnini alaraq yoxlamışdılar ki, doğrudanmı üzə tüpürmək remarkası orada var. Ərəblinski kitabı açaraq senzorun qolladığı mətndə həmin remarkanın olduğunu göstərmişdi. Ancaq burası var ki, pyesin mətnində əksini tapan hansısa ifadə, hansısa nəzərdə tutulmuş hərəkət də - istər bu pyes olsun, istər başqası - Ərəblinskinin ifasında elə ətə-qana dolur və sözdə görünməyən elə kəskin, qabarıq çalarlar qazanırdı ki, senzor bunları irəlicədən duymuş olsaydı, o mətnləri heç yaxına buraxmazdı.

Hamının oxuduğu mətndə heç də hamının görmədiyini görərək artıq hamının görüb dərk edəcəyi səviyyədə canlandırmaq Ərəblinskinin bir başqa istedadı imiş!

1914-cü ildə Tiflisdə göstərilən və Hüseyn Ərəblinskinin hazırladığı, özünün də rol aldığı sərgüzəştli "Məhəmmədəli şah, yaxud ləkke-yi Təxt-iKəyan" tamaşası İbrahim İsfahanlının yadında özgə bir cizgiylə də unudulmazlaşmışdı. Yada salırdı ki, o axşam sağımda-solumdakıların məşhur aktyorlar olduğunu düşündükcə, Ərəblinski kimi əzəmətin dayanıb mənə baxdığını fikrimdən keçirdikcə özümü tam itirdim, dilim qurudu, söz deyə bilmədim. Pərdənin arxasından məni izləyən, çaşbaş qaldığımı görən Ərəblinskinin amiranə səsini eşitdim: "İbrahim, başla!" Bu səsi eşidincə sanki mənə güc gəldi, başladım və mənə tapşırılan hissəni də babat oynadım.

İbrahim İsfahanlı yarım əsrə çatan sürəkli vaxt boyunca səhnədə qaldı, rollar oynadı, özü də tamaşalar hazırladı və bunu da həmişə xatırlayırdı ki, səhnədə, teatrda olduğum bütün illərdə həmişə Hüseyn Ərəblinskinin həmin hökmlü səsi qulağımdaydı. Ərəblinskinin "İbrahim, başla!" deyən sədası həmişə məni səfərbər etdi, həmişə mənə güc verdi, həmişə məni ilhamlı saxladı.

...Hüseyn Ərəblinskinin ömür yolunu göstərən film hələ ortada yoxdur. Ancaq böyük Azərbaycan aktyorunun səhnə həyatı, ömrü, mübarizələri haqqındakı həmin filmin sabah ssenarisi yazılaraq arzulanan keyfiyyətdə çəkilərsə, tamaşaçını həyəcanda saxlayacaq səhnələri yazıçının təxəyyül bahasına yaratmasına lüzum olmaz. Çünki ən böyük Ssenariçi səmada həmin ömrün ən dramatik səhnələrini özü artıq yazıb. İllərinin sayına görə gödək, içərisinin olmuşları ilə nəhəng olan Ərəblinski ömrü belə anlarla aşıb-daşır. Elə biri bu an - Azərbaycan aktyorları İstanbulda qastrol səfərindədirlər. Yox, Ərəblinski həmin dəstədə deyil. "Gave-yiahəngər" oynanacaq, az sonra səhnəyə çıxmalıdırlar, artıq hamı səhnə libaslarını geyinib, qrimini edib, hazırdı. İbrahim İsfahanlı xatırlayır ki, elə bu anda Möhsün Sənani başılovlu özünü çatdıraraq indicə aldığı müdhiş xəbəri verir: Bakıda Hüseyn Ərəblinskini qətlə yetiriblər!

Həmin səfərə qatılanlardan, o axşamkı tamaşada çıxış edənlərdən olmuş İbrahim İsfahanlı xatırlayırdı ki, birimiz cavan, birimiz nisbətən yaşlı olsaq da, artıq müəyyən səhnə yolu keçmiş insanlardıq, səhnəyə çıxıb rollarımızı oynayanda bütün şəxsi qayğılarımızı, həmin anacan olan ən daşqın hisslərimizi belə cilovlamağı bacarırdıq, çalışırdıq ki, əsər nə tələb edirsə, həmin ovqatı, həmin əhval-i ruhiyyəni də tamaşaçılara çatdıraq. Ancaq həmin axşam müstəsna axşam idi, istisnasız olaraq hamımız o saatlarda özümüzü idarə edə bilmirdik. Sanki sözlər ağzımızdan çıxmırdı, hərəkət etməkdə aciz qalmışdıq, düçar olduğumuz ağlasığmaz müsibət - Ərəblinski itkisi hamımızı sarsıtmışdı...

Teatr tariximizdən, Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə kimi zirvələrdən hər dəfə söz açılanda mütləq unudulmaz mədəniyyət xadimimiz, diplomsuz həqiqi alim Qulam Məmmədli minnətdarlıqla anılacaq. Onun düzəltdiyi ömür salnamələri dünənimizə işıq salır, tariximizi, tarix yaratmış simalarımızı bizə aydınlığı ilə göstərir. O işləri ki Qulam Məmmədli yerinə yetirib, onları başqa bir adamın, hətta bir adamın da deyil, böyük bir dəstə ciddi araşdırıcının o səviyyədə ortaya çıxarması ağlabatan deyil. Onun özünün də həyatı XX yüzilliyin əvvəllərindən Azərbaycan mətbuatı, Azərbaycan teatrı ilə bilavasitə bağlı olmuşdu. Özünün də tərcümeyi-halının bir parçası olan, özünün də içərisindən keçib gəldiyi o tarixi yaşatmağın vacibliyini Qulam Məmmədli ömrü boyu düşünürdü və ona görə də bu salnamələri yaradırdı. 1967-ci ildə onun Hüseyn Ərəblinskinin həyat və yaradıcılığını dolğunluğu ilə canlandıran "sənədlər məcmuəsi" nəşr edildi. O kitab olmasa, Hüseyn Ərəblinskini biz bu gün belə rahat və belə aydın görə, o sənədlər sırasına təzələrini belə arxayınlıqla əlavə edə bilməzdik. Hüseyn Ərəblinski haqqında onu görənlər, onunla oturub-duranlar, aktyor yoldaşları, dostları xatirələrini yazıblar. Ancaq həmin xatirələri də, yaxşı bildiyi mətbuatın soraqlarını da, proqramları, afişaları da qaldıraraq Qulam Məmmədli Hüseyn Ərəblinskinin əvvəldən-sonaqədərki həyat yolunun bütöv bir mənzərəsini həmin mənbələrdəki yanlışlıqları da təshih etməklə bərpa etməyə çalışıb. Və həmin gedişatda Qulam Məmmədlinin gördüyü bir faydalı iş də olub. Elə xatirələrə də əsaslanıb ki, onlar daha əvvəl yazılmamışdı, onları məhz Qulam Məmmədli sifariş eləyib, məhz bu kitab üçün yazdırıb. Həmin xatirələrdən biri də Qulam Məmmədlinin sifarişi və xahişi ilə köhnə maarif, mədəniyyət xadimi Hüseyn Quliyevin qələmindən çıxandır. Qulam müəllim kimdən nə istəməyi gözəlcə bilirdi və agahdı ki, Hüseyn Quliyev 1916-1918-ci illərdə Hüseyn Ərəblinski ilə, aralarında yaş fərqi olmasına baxmayaraq, dostluq edib.

Hüseyn Quliyev xatirələrini belə başlayır ki, biz Kamenisti küçədə yaşayırdıq, Hüseyngilin evi bizdən bir küçə arxada - Serkovnıda idi. Odur ki, ara-sıra Hüseyn Ərəblinskini elə məhəlləmizdə görürdüm. Aktyorlardan Bağır Cabbarzadə də bizim tərəflərə tez-tez baş çəkərdi və vaxtaşırı gəlişinin də səbəbi bu idi ki, həm qohumu, həm də peşə yoldaşı olan İbrahim Atakişiyev bizim küçədə yaşayırdı. Bağır Cabbarzadə çox ünsiyyətcil bir adamdı, küçədəki cavanların hamısıyla münasibəti vardı, hər gələndə dayanıb küçədəki uşaqlarla da xeyli söhbət edər, onlara teatrdan danışardı, həm də bu uşaqları, o cümlədən, məni teatrdakı kütləvi səhnələrə iştiraka cəlb edərdi. Hüseyn Quliyev günlərin birində Cabbarzadənin ona yaxınlaşaraq "sənin xəttin yaxşıdır, bir pyes verəcəm, köçürdəcəksən, ancaq sənə ödəyəsi pulum yoxdur, zəhmətinin müqabilində teatra gələndə istənilən tamaşaya havayı baxmağına kömək edərəm" deyir.

Hüseyn bu tapşırığı tezliklə yerinə yetirir və heç ağlına da gəlmir ki, məhz bu pyes köçürmək işi onun məşhur adaşı ilə - Ərəblinskiylə tanışlığına körpü olacaq.

Yəqin ki, həmin pyesköçürmə barədə Cabbarzadə Ərəblinskiyə danışıbmış ki, günlərin birində Hüseyn məhəllələrində o iki dostla rastlaşanda elə iki-üç dəqiqəlik təmasdan sonra Ərəblinski xahiş edir. Deyir, Ərəblinski qayıtdı ki, bir pyes var, bir az xətti qarışıqdı, onu köçürmək lazımdır, vaxtın olsa gələrsən bizə, məşğul olarsan bu işlə. Bunu da söyləyir ki, iş həcmcə bir az çoxdur, ona görə də muzdu nə qədər olarsa deyərsən, verərəm.

Hüseyn də elə bəri başdan adaşından zəhməthaqqı olaraq pul deyil, Ərəblinskinin özünün oynadığı tamaşalara baxmağa ya bilet, ya icazə təşkil etməsini arzulayır, Ərəblinski bu şərti məmnuniyyətlə qəbul edir. Hüseyn Quliyev xatırlayırdı ki, sabahısı gün getdim evlərinə, Ərəblinski artıq o dövrdə mənim də, digər yaşıdlarımızın da nəzərində zirvə idi, ona aşağıdan yuxarı, qeyri-adi insan kimi baxırdıq. Ancaq girdim evlərinə, gördüm ki, sadə, sadə də deyil, sadədən-sadə, əşyaları nimdaş olan bir mənzildə, kasıbyana komada yaşayır. O böyük aktyorla, təsəvvürümüzdəki həmin nəhəng şəxsiyyətlə bu mənzili heç cür uyğunlaşdıra bilmədim. Ərəblinski qayıtdı ki, mənim işlərim çoxdur, ancaq bu dəftərləri sənə verə bilməyəcəm. Gərək bizdə oturub bunu köçürəsən. Mən oldum-olmadım, hər gün gəl, vaxtın olan qədər otur, işlə, köçür, növbəti gün də davam elə.

Deyir, beləcə, Ərəblinskigilə gedib-gəlməyə başladım, bəzi günlərdə özü də evdə olurdu, hərdən məni çaya saxlayırdı, şirin söhbətlər edərdik, mənə teatr həyatından, başına gələnlərdən, digər məşhur aktyorların ömründən maraqlı əhvalatlar nəql edərdi. Hüseyn Quliyev yazırdı ki, Ərəblinskinin köçürməkçün verdiyi qalın dəftərdə "Sultan Süleymani Kəbir və yaxud Macarıstan müharibəsi" adlı pyes yazılmışdı və Ərəblinski də rica edibmiş ki, səliqə ilə köçür, surətlərinin sayı çox olsa da, bu əsəri tamaşaya qoymağa çalışacağam.

Hüseyn Quliyev xatırlayır ki, bu pyesi köçürdüyüm günlərdəki ünsiyyətlərimiz bizi bir-birimizə çox yaxınlaşdırdı, Ərəblinski ilə dostlaşdıq, ayağım onların evinə açıldı, növbəti gəlişlərimizdən birində gördüm ki, Ərəblinski qonağı ilə söhbətini yekunlaşdırır. Onu yola salandan sonra dedi ki, bu gələn Məmmədəli idi, "Akif bəy" adlı çox maraqlı bir pyes gətirib, bunu da köçürmək lazımdır, həm də obirindən fərqli olaraq, bunu tamaşaya hazırlamaq xeyli asandır, çünki pyesdə vur-tut dörd surət var.

Hüseyn Quliyev əsəri köçürüb təqdim edir, pyes tezliklə səhnəyə də gəlir, çoxlu tamaşaçı da yığır, Ərəblinski də əlinə gələn puldan ayıraraq aparır baqqala, dükana olan borclarını ödəməyə və bu yerdə Hüseyn Quliyev qonşuluqda yaşayan tanışı mühəndis Sadıq İbrahimovun şahidi olub ona danışdığı kədərli bir əhvalatı nəql edirdi ki, sonrakı Poluxin (indi Murtuza Muxtarov) və Şors (indi Bəşir Səfəroğlu) küçələrinin tinində Qarı nəvəsi İsgəndər adlı küçə baqqalı vardı, Hüseyn ondan nisyə ərzaq alardı, borcunu vaxtında verə bilmədiyi üçün bu baqqal and içibmiş daha onlara nisyə mal buraxmayacaq. Həmin mühəndis danışırmış ki, baqqalın məhəlləmizdəki dükanına girmişdim, elə bu vaxt Ərəblinskinin yoldaşı Asiya xanım da gəldi, nələrsə götürmək istəsə də, dükançı "siz hələ köhnə borclarınızı qaytarmamısınız" deyə imtina etdi. Çox keçmir, dükana Ərəblinski özü gəlir və deyir ki, a kişi, heç insafın yoxdur?! Ət vermədin, bir dənə çörəyin üstünə bir az pendir qoyub verə bilməzdin? Axı evdə acdırlar, mən ki sənin pulunu kəsməmişəm".

Bu, çılpaqlığı ilə soyuq üzlü həyatın özü idi.

Bu, səhnədə yerə-göyə meydan oxuyan böyük aktyor Hüseyn Ərəblinski idi.

Daha gözəl etmək istədiyi dünya, daha xoşbəxt olmalarıma çalışdığı insanlar onu çörəklə belə imtahana çəkirdi.

Həyatdakı bu səhnə teatr səhnəsində qəhrəman olan Ərəblinskinin çörək imtahanı qarşısında mağmun qalaraq növbəti dəfə kəsilməsi idi. Amma yalnız səhnədə deyil, həyatda da əsl qəhrəman olmasının sübutu da o idi ki, amansız güzəran imtahanından belə kəsilməklər nə onu ruhdan salmaq, nə məsləkindən döndərmək gücündə idi.

 

31 may 2024

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet .- 2024.- 5 iyun,№98.-S.10-11.