Elm kəhkəşanında türk
sancağı
Nobel mükafatçısı Əziz Sancarla
görüşdən təəssüratlar
İlk görüşün tarixçəsi
Bu böyük şəxsiyyətlə ilk dərin
tanışlığım "Naxçıvan"
Universitetinin vasitəçiliyi ilə olmuşdu. Universitetin
rektoru, dosent Anar Kazımovun şəxsi səy və təşəbbüsü
ilə ali məktəbdə Nobel mükafatçısı,
ABŞ-nin Şimali Karolina Universitetinin professoru Əziz
Sancarın onlayn iştirakı ilə keçirilən, UNEC
rektorunun müşaviri, dosent, iqtisad üzrə fəlsəfə
doktoru Elşən Bağırzadənin Türkiyə
Cümhuriyyətinin 100 illik yubileyinə ithaf olunmuş
"Əziz Sancardan elm və milli inkişaf haqqında aforizmlər"
adlı kitabının təqdimatı zamanı... Ona yaxın
ölkədən alimlərin də onlayn qoşulduğu bu tədbir
Naxçıvan elm və təhsilinin dünyaya
açılan, gələcək böyük hədəflərə
hesablanmış xoşməramlı yelkəni idi. Heç
şübhə etmirəm ki, Əziz Sancarın
çıxışı, sualları cavablandırması,
elm, milli və bəşəri dəyərlər, sülh, tərəqqi,
hümanizm, türkçülük, vətənpərvərlik,
təhsil strategiyası ilə bağlı düşüncələrini
nəfəs dərmədən, təşnəliklə dinləyənlərin
hamısı bu tədbiri ən əlamətdar hadisə,
xoş xatirə kimi minnətdarlıq duyğusu ilə
xatırlayır.
Məni isə hər şeydən öncə bu
böyük insanın qeyri-adi Vətən sevgisi, millət təəssübkeşliyi,
türkçülük heysiyyət və qüruru valeh
etmişdi: "Mən Nobel mükafatını alanda, sadəcə,
özümü deyil, Türkiyə
Respublikasını deyil, bütün Türk
dünyasını təmsil etdiyimi hiss edirdim. Biz qeyri-adi mədəniyyətlər
yaratmış böyük bir türk millətiyik".
Universitet illərində dərslərdə məşhur
dünya alimlərinin tədris olunmasına həsədlə
yanaşan alim təəssüflə xatırlatdı ki,
"onlara rəğmən, Uluqbəy, İbn Sina, Əl Biruni,
Alparslan, Nəsrəddin Tusi və sair türk alimləri tədris
edilmirdi. İllər sonra Qərb
yazıçılarının əsərlərini oxuyanda
başa düşdüm ki, həqiqətən, 750-1350-ci illər
arasında Türk dünyası elm dünyasının mərkəzi
idi. Həqiqətən, biz böyük mədəniyyətlər
yaratmışıq". Zənnimcə, bütün elm fədakarlığına
rəğmən, onu Nobel zirvəsinə yüksəldən də
elə bu türkçülük heysiyyət və
qürurudur. Bəlkə də illər öncə Amerika Birləşmiş
Ştatlarında yaşamağa başladığı ilk
aylarda - 1979-cu il mayın 19-da (19 May Türkiyə dövlətinin
qurucusu Mustafa Kamal Atatürkün Samsunda Qurtuluş
savaşını başlatdığı tarix Türkiyə
dövlətinin təməlinin qoyulduğu gün kimi tarixə
düşüb və böyük təntənə ilə
qeyd olunur) evinin damından Türkiyə bayrağını
asdığı üçün polis bölməsinə
aparılanda nə özünün, nə də Amerika
polisinin ağlına belə gəlməzdi ki, vaxt gələcək
o, bu ay-ulduzlu türk sancağını dünyanın elm xəritəsindəki
yenilməz bir zirvəyə ilk və əbədi sancacaq! Vaxt
gələcək sivilizasiyanın beşiyi Naxçıvanda,
onun üçün çox doğma olan azərbaycanlı xələflərinə
Nobel mükafatı almağı ilə bütün türk
dünyası adına qürur duymasından, bu zaman dahi
Avstriya bəstəkarı V.A.Motsartın "Türk
marşı"nın səsləndirilməsindən
keçirdiyi qeyri-adi xoşbəxtlik hissindən
danışacaq. Bəhs etdiyim tədbirdə Naxçıvana
səfər etmək arzusunu dilə gətirən Nobel
mükafatçısı, bu canlı əfsanə ilə
Naxçıvan Dövlət Universitetində keçirilən
görüş Naxçıvan elmi ictimaiyyəti
üçün əsl bayram oldu. Bununla həm də
AMEA-nın prezidenti, görkəmli akademikimiz İsa Həbibbəylinin
hələ Naxçıvan Dövlət Universitetində
rektor kimi fəaliyyət göstərərkən tez-tez
söylədiyi "Ən böyük arzum Nobel
mükfatçısının Naxçıvana gəlməsinə
nail olub elmin bu Everest zirvələrindən biri ilə sizi
yaxından tanış etməkdir" arzusunu gerçəkləşdirmişdi.
Bu görüş həm də Naxçıvan Muxtar
Respublikasının yaranmasının 100 iliyinə təsadüf
etməsi ilə də əlamətdar səciyyə
daşıyırdı.
Türk dünyasının qüruru ikinci doğma Vətənində
Artıq iki gün idi ki, Azərbaycan elmi ictimaiyyəti
akademik İsa Həbibbəylinin dəvəti ilə öz əziz
qonağını ağırlayıb əzizləyirdi. Nobel
mükafatçısı Əziz Sancarın Azərbaycan Milli
Elmlər Akademiyası vasitəsilə Azərbaycan elminin
inkişaf səviyyəsi ilə tanışlıqdan
müsahibəsində məmnunluqla söz açması,
dünyanın bir çox mükafatlarına layiq
görülmüş bu elm nəhənginin AMEA-nın fəxri
üzvü seçilməsindən Vətən
mükafatı kimi doğmalıq və sevinclə
danışması hər birimizdə qürur doğurdu.
Naxçıvan Dövlət Universitetində yüksək təşkilatçılıqla
keçirilən görüşdə isə böyük
alimin gözlərindəki qeyri-adi sevinc işartısından
da sezilirdi ki, Nuh yurdu, türk dünyasına Heydər
Əliyev kimi düha bəxş edən, böyük Mustafa
Kamal Paşanın "Türk qapısı" deyə əmanət
etdiyi, Kazım Qarabəkir Paşanın bu əmanətə
türk ləyaqətilə sahib çıxdığı
Naxçıvanda, dahi kimyaçı alim Yusif Məmmədəliyevin
doğulduğu torpaqda olmanın məmnunluğunu
yaşayırdı. Böyük alim Naxçıvan Muxtar
Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli
nümayəndəsi Fuad Nəcəfli ilə
görüşdən, Azərbaycan Milli Elmlər
Akademiyası Naxçıvan Bölməsi ilə
tanışlıqdan, Naxçıvan Dövlət
Universitetindəki tədbirdən sonra bu təəssüratlarını
belə ifadə edəcəkdi: "Naxçıvanda bu qədər
diqqət görəcəyimi gözləmirdim. Azərbaycanlıları,
naxçıvanlıları yaxından tanıdım.
Hamınız bizim qardaşlarımızsınız.
Hamınızı çox sevdim. Ən türkçü
insanları Azərbaycan - sizin torpaqlar yetişdirib".
Akademik İsa Həbibbəylinin, Naxçıvan Dövlət
Universitetinin rektoru Elbrus İsayevin tədbirdəki təqdimatları
məni bu böyük alimin hər kəsə örnək ola
biləcək ömür yoluna, elm dünyasına bir daha xəyali
səyahətə apardı.
Elm fədailəri sevib əzizləyir
Bu böyük insan əsl elm fədaisi idi,
qazandığı uğurlara məhz öz zəhmətkeşliyi,
prinsipiallığı, qətiyyəti ilə nail olmuşdu.
Əziz Sancarın kimyaya olan marağı, taleyin yönəltdiyi
tibb təhsili sonda Uca Yaradanın şah əsəri olan insan
yaranışının möcüzəsi olan genetikanı,
insan sağlamlığına, əsrin bəlası olan xərçəng
xəstəliyi ilə mübarizəyə yönəlmiş
biokimyaçı tədqiqatçılığında birləşir.
Əldə etdiyi elmi nəticələri ilə dünya
miqyasında tanınan Ə.Sancar 2005-ci ildə dünyanın
ən nüfuzlu elm təşkilatlarından olan Amerika Milli
Elmlər Akademiyasının, 2006-cı ildə Türkiyə
Elmlər Akademiyasının həqiqi üzvü seçilir.
Bu gün müasir gənclikdə çox az rast gəldiyimiz
elmdə prinsipiallıq, səbir, iradə,
dözümlülükdür ki, 1997-ci ildən bu günə
qədər ABŞ-nin Şimali Karolina Çapel-Hill
Universitetində biokimya və biofizika fakültəsində
müəllim işləyən professor Ə.Sancar Amerikaya getdiyi
ilk vaxtlarda universitet laboratoriyasında gündə 16-18 saat tədqiqat
aparmaqla məşğul olub, barəsində rektorluğa
şikayət edilib və ona mövcud qanunların buna icazə
vermədiyi izah olunub. O, xatirələrində söyləyir
ki, qürbət ölkədə üzləşdiyi bir
sıra çətinliklərə baxmayaraq, heç vaxt ruhdan
düşməyib, hətta ilk vaxtlar özündə
eksperimental təcrübələr üçün
istedadın olmasına inamını itirib, yaxşı həkim
olmaq ümidi ilə yenidən səhiyyəyə qayıtmaq
istəyib, lakin elmə olan sevgi və marağı hər
şeyə üstün gəlib. DNT bərpa, hüceyrə
sıralaması, xərçəngin müalicəsi və
bioloji saatla əlaqədar işlərinə davam edən
Sancar, 415 elmi məqalə və 33 kitab müəllifi kimi
nadir akademik uğurlardan birinə imza atıb.
Professor Əziz Sancar 1984-cü ildə Amerika
Prezidentinin Gənc Araşdırmaçı, 2004-cü ildə
Amerika Elm və Sənət Akademiyasının, 2005-ci ildə
Amerika Milli Elmlər Akademiyasının, 2006-cı ildə
Türkiyə Elmlər Akademiyasının, 2007-ci ildə
Türk Koç, 2009-cu ildə Texas Universitetinin
"Seçilmiş məzunlar", 2014-cü ildə "Dəvət
olunmuş ən yaxşı professor" mükafatlarına
layiq görülüb. Xaricdəki elmi
araşdırmalarına görə, Amerika Beynəlxalq Elmlər
Akademiyasına üzv qəbul edilən 3 türk alimdən
biridir.
Əziz Sancar 45 il alim həmkarları ilə birgə əsasən
bakteriya hüceyrələri üzərində tədqiqat
aparıb. 2015-ci ildə amerikalı Pol Modriç və
isveçli Tomas Lindal ilə birlikdə DNT-nin bərpası
işinə görə Kimya üzrə Nobel mükafatına
layiq görülüb. "Bu mükafat göydən gələn
mükafat deyil, zəhmətin və yaxşı təhsilin nəticəsidir.
İstənilən uğura yalnız zəhmət və fədakarlıqla
nail olmaq mümkündür" deyən, bütün nailiyyətlərə
alın təri ilə sahib olduğu üçün həyatda
şansa inanmadığını söyləyən alimdən
vaxtilə onlayn görüşdə eşitdiyim "İstər
Amerika olsun, istərsə də başqa ölkələr,
dünyanın heç bir yerində zəhmətkeş
insanın qarşısında heç kim dura bilməz" qətiyyəti
isə sonrakı fəaliyyətim üçün (əminəm
ki, bunu dinləyən çoxları üçün)
böyük motivasiya olub. Bir maraqlı məqama xüsusilə
diqqət yetirmək istəyərdim ki, "Elmlə məşğul
olmaq genetik və yaxud zəka məsələsi deyil, ənənə
məsələsidir" deyir. Bunu ömrünün 45 ilini
DNT tədqiqatına, genetik araşdırmalara həsr edən
alimin dahilikdə irsiyyət amilini təkzib etməsi kimi dəyərləndirmək, məncə,
alimin fikirlərinə birmənalı yanaşmaq,
haqsızlıq olar. O, çoxuşaqlı, şəraitsiz,
orta imkanlı bir ailədən çıxan, özləri təhsilsiz
olsa da, övladlarına təhsil verməyə nail olan
valideyinlərin övladı olan, daim öz üzərində
işləməklə elm dəryasında qərq olmaqdan
usanmayan, okeanın o tayında, Vətəndən
çox-çox uzaqlarda Vətən sevgisi ilə onilliklər
boyu yuxusuz gecələr, gərgin elmi axtarışlar aparan
Əziz Sancar olaraq bu qənaətə gəlmişdir. O,
Amerikada amerikalılara elm öyrətməyə müyəssər
olan bir türk qətiyyəti ilə bunu deyirdi.
Nə mutlu türküm deyənə
Məncə, Əziz Sancarın bu kəşfinin həm
də ona görə əvəzi, dəyəri yoxdur ki, O,
bununla ən başlıcası məhz türk genofondunun nəyə
qadir olduğunu təsdiq etdi. O, türkün təkcə ədəbiyyatı,
mədəniyyəti, haqq savaşındakı igidliyi ilə
deyil, zəkası ilə də dünyaya meydan oxumağa,
öyünməyə haqqı çatdığını
isbatladı. Böyük alim bir türk yurdundakı
görüşdəki çıxışı,
bütün varlığı ilə bunu bir daha
xatırlatdı. Vaxtilə "Məni mükafatlara aparan
Atatürk və Türkiyə Cümhuriyyətinin elmdəki
inqilabıdır" deyərək Nobel mükafatının
medal və sertifikatını Atatürkün Anıtqəbir
muzeyinə bağışlayır. Hələ neçə nəsil
bu müqəddəs ziyarətgaha hər gəlişində
bu mükafatı gördükdə alimin özü demişkən
"Bu kəşfi bizdən biri etdi" - deyə fəxarət,
qürur duyacaq. Alimin Kaliforniya Universitetinin professoru olan
xanımı Gven Boles Səncər ilə birlikdə
yaratdığı "Əziz və Gven Sancar Vəqfi"
isə Türkiyəni okeanın o tayana sığdıracaq
munis, məhrəm bir dünyadır. Amerikada oxuyan türk tələbələrə
yardım göstərmək və Türkiyə-Amerika əlaqələrinin
inkişafına xidmət kimi xeyirxah məram
daşıyır. Böyük alimin türkçülük
qayəsini ifadə etməyə müsahibələrindən
birində dediyi "Nobel mükafatını, bütün elmi
uğurlarımı Türkiyədə sülh
üçün verərdim" cümləsi yetərlidir.
"Mən Azərbaycanı nə vaxtdan sevməyə
başladığımı bilmirəm. Çünki
özümü tanıyandan Azərbaycanı sevirəm"
Bu sözləri müsahibələrindən birində
dünya şöhrətli alim Əziz Sancar deyib. Etiraf edək
ki, Əziz Sancarı bizə əziz edən, onu Azərbaycana
sevdirən həm də onun Azərbaycan sevgisidir. Vaxtilə
çıxışlarında Azərbaycan elminə töhfə
vermək niyyətində olduğunu söyləyən alim,
"Azərbaycandan istedadlı tələbə gəlib
yanımda işləyə bilər"
çağırışı ilə də səslənib.
Elə görüş zamanı da bu sevgini duymaq çətin
deyildi. "44 günlük Qarabağ savaşını
yaxından izləyirdim. 44 gün heç bir işlə məşğul
olmadım. Bütün günü kompüter arxasında xəbər
saytlarını, sosial media hesablarını və
televiziyaları izləyirdim. Qarabağ zəfəri Türkiyənin
qurtuluş savaşından sonra Türk dünyasının ən
böyük zəfəridir" deyən alim
torpaqlarımızın günbəgün,
qarış-qarış azad edilməsi sevincini bizimlə təkrar
yaşadı. Təsadüfi deyil ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
dünya şöhrətli alimin Vətən müharibəsi
zamanı Azərbaycanın haqlı mövqeyini şəxsən
dəstəkləməsini yüksək qiymətləndirərək
onu "Azərbaycan Respublikası Prezidentinin fəxri
diplomu" ilə təltif etmişdir. Əziz Sancar
Şuşaya səfəri zamanı keçirdiyi hissləri
görüş zamanı sevgi ilə dilə gətirdi. "Mən
söz vermişdim ki, qələbədən sonra
Şuşaya gedib orada iki rükət namaz qılacağam.
Çox şükür ki, bu arzumu yerinə yetirə
bildim" deyən alimin həmin səfərdən olan fotosu əziz
bir xatirə kimi onun Amerikada yaratdığı "Türk
evi"ni zinətləndirir, xalqımızın qələbə
əzmini təbliğ edir.
Qüvvət elmdədir... İnsanlıq isə
bütün elmlərin fövqündə dayanır
Bunu dünya şöhrətli alim, Nobel
mükafatçısı Əziz Sancarın şəxsi
timsalında bir daha aydın gördük. Elmi
araşdırmaları nəticəsində
qazandığı uğurları çox
çalışmağa borclu olduğunu bildirən alim "Biz
dünya ilə yarışmaq üçün elmlə məşğul
olmalıyıq, çünki elm inkişafın əsasıdır",
- deyə gənclərə dəyərli tövsiyələr
verdi. Eyni zamanda "Texnologiya nə qədər müasir
dövrümüzə nüfuz etsə də, insanların təməl
elmləri öyrənməsi daha vacibdir. Eyni zamanda bütün
elmlərin əsasında insanlıq durmalı, oxuduğun, tətbiq
elədiyin elm sahəsi bütün insanlığa faydalı
olmalıdır".
Həmin gün gəncliyimiz Prezidentimiz cənab
İlham Əliyevin də dediyi kimi, həm alim, həm vətəndaş,
həm türkçü, həm vətənpərvər
insan kimi örnək olacaq elm dünyasının bu canlı əfsanəsini
daha yaxından tanıdı. Kim bilir, bu böyük insan
İkinci Qarabağ müharibəsi zamanı Gəncəyə
raket hücumları nəticəsində hər iki valideynini
itirmiş, təhsil xərcləri üçün yardım
ayırdığı Xədicə Şahnəzərova,
Universitet Elmi Şurasının Nobel
mükafatçısı Əziz Sancarın adına təsdiq
etdiyi tələbə təqaüdünü şəxsən
təqdim edib bağrına basdığı Tibb fakültəsinin
III kurs tələbəsi Nəzrin Həsənova kimi neçələrinin
gələcək elm yolunda mayak olacaq. Elmin nahamar, iztirablı,
məsuliyyətli yolunun bəhrəsinin nə qədər əziz,
şirin, əvəzsiz olduğunu xatırlatmaqla!.. Vətən
sevgisinin, bəşəri dəyərlərin bütün
elmlərin fövqündə dayandığını
yansıtmaqla!..
Mehriban SULTAN
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan
Muxtar Respublikasının Əməkdar jurnalisti
525-ci qəzet .- 2024.- 5 iyun,№98.-S.8;9.